2022-ci ildə dünyada hərbi xərclər rekord həddə yüksələrək 2.24 trilyon dollara çatıb. “Soyuq müharibə” dövründən bəri Mərkəzi və Qərbi Avropada ən böyük illik sıçrayış qeydə alınıb. Ötən ilin fevralından Rusiyanın işğalına məruz qalan Ukraynanın hərbi xərcləri isə görünməmiş səviyyəyə qalxıb.
Birləşmiş Ştatlar, Rusiya və Çin dünyada hərbiyə ən çox vəsait xərcləyən ölkələrdir, qlobal hərbi xərclərin 56 faizi onların payına düşür. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yaydığı hesabatda o da deyilir ki, Ukraynaya hərbi yardım və Rusiyadan təhdidin artması bir çox başqa ölkələrin xərclərinə təsirini göstərib. Şərqi Asiyada gərginlik də sözünü deyib.
SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının aparıcı tədqiqatçısı Nan Tian qeyd edir: “Son illər qlobal hərbi xərclərdə davamlı artım dünyamızın getdikcə daha təhlükəli hal almasının əlamətidir. Ölkələr pisləşən təhlükəsizlik mühitinə cavab olaraq hərbi güclərini artırırlar, yaxın gələcəkdə yaxşılaşma gözləmirlər”. SIPRI-nın hesablamasına görə, ötən il Rusiyanın hərbi xərcləri 9.2 faiz artaraq 86.4 milyard dollara çatıb. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 4.1 faizi deməkdir. 2021-ci ildə isə bu göstərici ÜDM-nin 3.7 faizi qədər idi. SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının direktoru Lüsi Bero-Sudro qeyd edir: “Rusiyanın 2022-ci ildəki büdcə planları və faktiki hərbi xərcləri arasındakı fərq onu göstərir ki, Ukraynanın işğalı Rusiyaya proqnozlaşdırıldığından daha baha başa gəlib”. Ukraynanın ötənilki hərbi xərcləri isə 44 milyard dollara çatıb k, bu da 640 faizlik artım deməkdir. Hesabata görə, bu, SIPRI-nın məlumat bazasına düşən, bir ölkənin hərbi xərclərində ən yüksək illik artımdır. 2021-ci ildə Ukraynanın hərbi xərcləri ÜDM-nin 3.2 faizini təşkil edirsə, ötən il bu 34 faizə yüksəlib. ABŞ yenə də hərbi məqsədlər üçün xərclər üzrə dünyada birinci yerdədir. 2022-ci ildə Birləşmiş Ştatların müdafiə xərcləri 877 milyard dollar olub ki, bu, ümumdünya xərclərinin 39 faizi və Çinin xərclərindən üç dəfə çox vəsait deməkdir. Çin əvvəlki kimi, hərbi məqsədlər üçün xərclərə görə dünyada ikinci yerdədir. 2022-ci ildə Pekin bu məqsədlər üçün təqribən 292 milyard dollar ayırıb. Bu, 2021-ci il ilə müqayisədə 4,2 faiz, 2013-cü illə müqayisədə isə 63 faiz çoxdur. Hindistanın hərbi xərcləri 81,4 milyard dollara çatıb və bu, dünyada dördüncü göstəricidir. Beşinci yeri tutan Səudiyyə Ərəbistanı hərbi məqsədlər üçün 75 milyard dollar ayırıb ki, bu, 2018-ci ildən bəri birinci artımdır. Mərkəzi və Qərbi Avropa ölkələrinin hərbi xərcləri 345 milyard dollara çataraq “Soyuq müharibə”nin bitdiyi 1989-cu ilin səviyyəsini keçib. SIPRI-nin aparıcı tədqiqatçısı Dieqo Lopez da Silva məsələ ilə bağlı qeyd edir: “Ukraynanın işğalı Mərkəzi və Qərbi Avropanın hərbi xərclərlə bağlı qərarlarına dərhal təsir göstərib. Buraya bir sıra hökumətlərin xərclərini artırmasıyla bağlı çoxillik planlar daxildir”. O, regionda hərbi xərclərin növbəti illərdə də artacağının məntiqi olaraq gözlədiklərini söyləyib. Bu yaxınlarda NATO-nun 31-ci üzvünə çevrilmiş Finlandiya hərbi xərclərini 36 faiz, Litva 27 faiz, NATO-ya üzv olmağa çalışan İsveç 12 faiz, Polşa 11 faiz artırıb. 2022-ci ildə NATO-ya üzv ölkələrin ümumi xərcləri 1 trilyon 232 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,9 faiz çoxdur. Asiya və Okeaniyada ümumi hərbi xərclər 575 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2,7 faiz və 2013-cü illə müqayisədə 45 faiz çoxdur. Yaponiyanın hərbi xərcləri 2021-ci ildən 2022-ci ilə qədər 5,9 faiz artaraq 46 milyard dollara və ya ÜDM-in 1,1 faizinə çatıb. 1960-cı ildən bəri bu, hökumətin orduya ayırdığı ən böyük vəsaitdir.
Hesabata görə, Azərbaycanın hərbi xərcləri ötən il ÜDM-nin 4.5 faizini təşkil edib. 2021-ci ildə bu göstərici 5.3 faiz olmuşdu. Beləliklə, diqqət yetirdikdə azərbaycan əksər ölkələrdən fərqli olaraq, ötən il hərbi xərclərini ÜDM-yə nisbətdə müəyyən qədər azaldıb. Bu, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ilə bilavasitə bağlıdır. Lakin Azərbaycan hərbi hazırlıq səviyyəsini daim yüksək səviyyədə saxlamağa da xüsusi diqqət edir və nəzərə alınmalıdır ki, ötən il ÜDM 2021-ci ilə nisbətən daha yükəsk olub. Elə bu səbəbdən ölkəmzin hərbi xərcləri əslində, ötən il 2021-ci ilə nisbətən yenə yüksək olub. Ümumi daxili məhsulda hərbi xərclərin payına görə Azərbaycan dünyada 8-ci yerdədir. SIPRI-nin məlumat bazasında qeyd olunub ki, Azərbaycanın hərbi xərcləri 2022-ci ildə 3 milyard dollara yaxın olub. Bu, əvvəlki illə müqayisədə 10 faizdən çox artım deməkdir. Region ölkələrindən Ermənistanda hərbi xərclər 795 milyon dollar, Gürcüstanda 360 milyon dollar təşkil edib. Bu ölkələr müvafiq olaraq ÜDM-nin 4.3 faiz və 1.4 faiz hissəsini orduya xərcləyiblər. Buradan məlum olur ki, Azərbaycanın hərbi xərcləri Ermənistandan 3.7 dəfə çoxdur. Azərbaycan bu sahədə Cənubi Qafqaz ölkələri arasında liderdir. Təbii ki, bütün bunlar ordunun hazılıq səviyyəsinə təsir edir, onun döyüş qabiliyyətini və təminat səviyyəsini daha da yüksəldir. Hər halda, Ermənistanla baş verən son toqquşmalar və onların nəticələri də bunu təsdiq edir.
Ramil QULİYEV
bakixeber