Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Ovik Ağazaryan “Facebook”dakı səhifəsində İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını pisləyib. “Bir vətəndaş və parlament deputatı olaraq, xalqımda vəhşi və adamyeyən tayfalara xas olan təzahürləri tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Mən utanıram”, – deyə deputat yazıb. Eyni zamanda, müsabiqənin təşkilatçıları və Ermənistanın səlahiyyətli orqanları hadisəni pisləməyiblər. Ermənistanın Təhsil, Mədəniyyət və İdman Nazirliyi hesab edir ki, “insident tez bir zamanda aradan qaldırılıb”. Azərbaycan komandasının çempionatda iştirakdan imtina etməsinə gəlincə, nazirlik bunu “idman etikası baxımından problemli” adlandırıb.
Hadisənin səbəbkarı, Azərbaycan bayrağını yandıran Ermənistan İctimai Televiziyasının əməkdaşı Aram Nikolyan cəzalandırılmayıb. O, iki saat polis idarəsində saxlanılıb və heç bir sanksiya tətbiq olunmadan sərbəst buraxılıb. Nikolyanın bu hərəkəti Ermənistanın bir çox ictimai-siyasi xadimi tərəfindən dəstəklənib. Belə ki, Serj Sarqsyanın Respublikaçılar Partiyasından deputatı, Ermənistanın keçmiş təhsil naziri Armen Aşotyan “Facebook” səhifəsində yazıb ki, “Aram Nikolyan Azərbaycanın bayrağını yox, nikolizm simvolunu yandırıb”. Aysor.am xəbər verir ki, öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyanın rəhbərliyinə stilistik studiyanın rəhbəri Aram Nikolyanın Azərbaycan bayrağını yandırdığına görə işdən çıxarılması barədə göstəriş verib. Bu, ancaq Ermənistanda baş verən hadisələrdir. Eyni zamanda, hadisənin bölgəmizdəki vəziyyətə necə təsir edəcəyi barədə düşünmək yerinə düşər. Nikolyan kimin maraqlarına uyğun hərəkət edib? Onun arxasında hansısa qüvvələr ola bilərmi? Yoxsa bu, bir nəfərin aksiyasıdır? Və baş verən hadisə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə yaxınlaşma perspektivinə necə təsir edəcək? Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb. O, hesab edir ki, Ermənistanda Azərbaycan bayrağı ilə baş verənlər birmənalı şəkildə təxribatdır. “Ermənistan hökuməti bunda maraqlı idimi? Məncə, yox. Hakimiyyətin reaksiyası tam əksini deyir. Bəs nə baş verib? Niyə bu məqsəd üçün İctimai TV-nin əməkdaşından istifadə olunub? Bu, hadisədə düşmən əlinin olduğunu deməyə əsas verir. Biz görürük ki, Ermənistan və Azərbaycanın sülh sazişinin əldə edilməsi istiqamətində mövqeləri yaxınlaşanda, ən azından stabil danışıqlar prosesinin başlanması istiqamətində cəhdlər ediləndə, bunu məhv etmək, qarşısını almaq üçün müxtəlif təxribatlar həyata keçirilir.
Məncə, Azərbaycan bayrağı ilə baş verənlər bu seriyadandır. Və rəsmi İrəvanın, hökumət üzvlərinin, hakim partiyadan olan deputatların reaksiyası onu deməyə əsas verir ki, hər kəs təxribat baş verdiyini anlayır. İrəvanda olan azərbaycanlı idmançıların zorla saxlanması, az qala girov olması və s. bağlı da informasiya var idi. Hesab edirəm ki, burada mövqelərin yaxınlaşmasının, ən azından stabil sülh danışıqlarının aparılmasının qarşısını almaq üçün sistemli iş aparılır. Bu kimin marağındadır? Bu niyə baş verir? Düşünürəm ki, bunu yalnız təxmin edə bilərik. Sərhəddə hərbi toqquşmanı təşkil edən, keçən ilin sentyabrında qarşıdurmanı təşkil edən qüvvə. Şübhəsiz ki, regionda sabit sülh və inkişafa nail olmağın açarı Azərbaycan və Ermənistan arasında sülh prosesidir. Və belə inkişaf olduğu təqdirdə, regiona xarici təsir kəskin şəkildə azalır. Belə təsirin effektivliyi azalır. Prinsipcə, biz bunu son 35 ildə müşahidə edə bilərik. Bu proses davam edir və hesab edirəm ki, Ermənistan hakimiyyəti tam və hərtərəfli araşdırma aparsa, bütün bunları təhrik edənlərin izinə düşəcək. İrəvanın nəinki araşdırma aparması, həm də araşdırmanın nəticələrini dərc etməsi çox ağıllı addım olardı. Ümid edirəm ki, bu, baş verəcək. Bu hadisənin sülh müqaviləsinin perspektivlərinə necə təsir edəcəyinə gəlincə, düşünürəm ki, bunun həlledici mənfi təsiri olmayacaq, amma şübhəsiz ki, hər iki tərəfdə mənfi ictimai əhvalruhiyyə yaradacaq. Yaxşı olardı ki, bu cür təxribatlara köklənməyək, nəyin bahasına olursaolsun, sülh danışıqlarını davam etdirək. Çünki yuxarıda qeyd etdiyim kimi, regionda sabit sülhün əldə olunması məhz Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunmasından keçir”, – deyə Oruclu yekunlaşdırıb. Rauf Orucov