Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını Ermənistanda yerləşdirməyə hazır olduğunu bildirib. Paşinyan bunu deyərkən şərt qoşan əlavəsini də unutmayıb: “Ancaq bu missiyanın effektiv olması lazımdır”. Maraqlıdır ki, Nikol Paşinyan Avropa İttifaqının missiyasını Ermənistanda yerləşdirərkən “ancaq bu missiyanın effektiv olması lazımdır” əlavəsini etməmişdi. Nikol Paşinyan KTMT missiyasını təmas xəttində yerləşdirməklə nəyə ümid edir? Avropa İttifaqının Ermənistandakı missiyası Azərbaycan hərbçilərinin təmas xəttində möhkəmlənməsinə və istehkamlar qurmasına mane olmadı və bu Nikol Paşinyanı məyus etdi. Paşinyan anladı ki, Avropa İttifaqı Azərbaycanla münasibətləri gərginləşdirmək istəmir. “Avropa İttifaqı missiyası ilə KTMT-nin missiyasını müqayisə etmək olmaz. KTMT missiyasından gözləntilərimiz Avropa İttifaqı missiyasından daha çox olmalıdır” – deyən Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan qarşısında təhlükəsizliyin təmin edilməsi kimi öhdəlikləri olduğunu bildirib. Rusiya KTMT missiyasının Ermənistanda yerləşməsində maraqlıdır. Bununla bağlı layihə də hazırlanıb. Ancaq Avropa İttifaqı missiyası kimi KTMT missiyasının da Azərbaycanın sərhədi möhkəmlədəcək çalışmalarına mane olacaq mexanizmləri yoxdur. Digər tərəfdən KTMT-ə üzv olan ölkələrin tamamı ilə Azərbaycanın sıx münasibətləri mövcuddur. Təmas xəttindəki missiyaya görə, KTMT-yə üzv olan ölkələr Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlı deyillər. Paşinyan bir müddətdən sonra KTMT missiyasından da məyus qalacaq, bununla da onun heç bir alternativi qalmayacaq. Elxan Şahinoğlu Teref.az