İran Azərbaycanla sərhəddə hansı planı hazırlayır?
Cənubdan Bakıya qarşı irəli sürülən təhdidlər və iranlı generalların Azərbaycan sərhədinə intensiv səfərləri bu sualı aktuallaşdırır.
Bu gün İran sərhəd qoşunlarının komandanı general Əhməd Əli Qudərzi Azərbaycanla sərhəddə gəlib və “Azərbaycan-Ermənista arasındakı olan problemin diplomatik yolla həllinə ümid edirik” deyib, “müharibə və qan heç kimə fayda verməyib” kimi təhdid xarakterli tövsiyə də səsləndirib.
SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur da İran-Ermənistan və İran-Azərbaycan birgə sərhəd bölgələrinə baş çəkib, “Aşura” adlandırdıqları sərhəd birliyinin döyüş qabiliyyətini yoxlayıb.
Son dövrlər daha çox videobloqerliklə məşğul olan SEPAH-ın Araz sahili üzərindən Azərbaycana uçan dronlarlarla çıxardığı kino, İran hərbi hava qüvvələrinin Azərbaycanla sərhəddə patrul xidməti aparmaq üçün döyüş hazırlığı vəziyyətinə gətirildiyi haqda məlumatlar, “Əliyev və himayədarlarına aydın mesajımız: Bir gün gələcəyik...” kimi açıq mətnli təhdidlər də bu kontekstdə diqqət çəkir.
İranın Azərbaycana ritorik hücumunun iki mümkün səbəbi görünür:
Birincisi, Azərbaycan və Ermənistan arasında mümkün eskalasiyanın yaşanmasıdır: Bakı-İrəvan xəttindəki ritorika gərinliyin yaşana biləcəyi gözləntisini artırır, xüsusilə Ermənistan Aİ missiyasını legitimləşdirmək, Azərbaycanı “təcavüzkar” göstərmək və ümumilikdə danışıqların gündəliyini tamamilə yeniləmək məqsədilə sərhəd döyüşlərində maraqlıdır; buna paralel olaraq, İrəvanın sülh müqaviləsi ilə bağlı sərgilədiyi mövqe də eskalasiyanı yeganə seçimə çevirir və bu mənzərə fonunda Tehran Bakıya “hədə-qorxu” gəlməklə Ermənistanın “təhlükəsizliyində” rolunu nümayiş etdirir;
İkincisi, Ermənistanın “təhlükəsizliyində” rolunu nümayiş etdirmək erməni diasporu/lobbisinin dəstəyini qazanmaq, Qərbə “İran olmasa, Ermənistan bölgədə təklənəcək” mesajı vermək və bununla İrana hərbi müdaxilə ssenarisində cəbhənin genişlənməsinin qarşısını almaq istəyirlər;
Tehrandakı mollalar iddia edirlər ki, mümkün eskalasiyada Azərbaycan İran-Ermənistan sərəhədini – Zəngəzur dəhlizini nəzarətə götürəcək, halbuki, Bakının belə bir planının olduğuna dair heç bir işarə yoxdur, xüsusilə mövcud vəziyyətdə Azərbaycan buna getmək fikrində deyil. Hərçənd, mollalar bütün iddialarını bu kontekstdə qurmaqla Bakıya təzyiq hücumlarına haqq qazandırmağa çalışır və belə görünür ki, Tehran bu bəhanə ilə Azərbaycanla sərhəd boyunca hərbi qüvvələri artırmaq niyyətindədir, çünki özlərini İrana mümkün hərbi müdaxilədə bu coğrafiyanın platforma olacağına inandırıblar. Və bütün bunların fonunda İran həm daxili, həm də xarici təhlükələrdə istiqaməti yayındırmaqda Azərbaycanı “zəif bənd” olaraq görür.
Bu baxımdan, İran müdaxilə edə bilməsə də, Azərbaycanla sərhəddə hansısa təxribatlara əl atacağı da istisna edilməməlidir. Çünki Tehran Bakıya ilk atəş açan tərəf olmaq istəmir və bunu Azərbaycanın etməsi üçün əlindən gələni edir. Bu qədər təxribat xarakterli bəyanatların verilməsi də Azərbaycanı təhrik etmək məqsədi daşıyır.
Asif Nərimanlı
Teref.az
 

Dünyapress TV

Xəbər lenti