İrandakı etirazların mühərrikinin dörd silindri var. Birinci: Sosial-iqtisadi böhran; İkinci: Dövlət daxilində ali rəhbərlik uğrundakı qızışan mübarizə; Üçüncü: Xarici amillərin həmin iki faktorla yaxşı oynaması; Dördüncü: İrana qarşı beynəlxalq planın yeni metodlarla işə salınması. Mən təhlil nöqteyi-nəzərindən birinin digərindən ayrı tutulmasının tərəfdarı deyiləm və zamanla proqnozlarımın düzgünlüyünü göstərən informasiyalar da üzə çıxır (əvvəlki yazılarıma diqqətlə baxsanız görə bilərsiniz). Yeni məlumatlara əsasən, hakimiyyət içərisində ali rəhbər Seyid Əli Xameneinin oğlu Möctəba Xamenei ilə bağlı mübahisələr artır. İranın "qara qutusu" SEPAH daxilində belə Möctəba Xamenei ilə bağlı fikir ayrılıqları mövcuddur. Bir qisim onun təhlükəsizlik strukturları üzərindəki təsirlərini tənqid edir, digər qisim isə təqdir edir. Yəqin tənqid edənlər Prezident İbrahim Rəisini önə çəkmək istəyənlərdir. Qeyd edim ki, Möctəba Xamenei ölkədə heç bir rəsmi vəzifə tutmur. Ancaq onun BƏSİC qüvvələrinin faktiki lideri olduğu bildirilir. MƏNTİQ: İranın hüdudlarındakı aksiyalar bəlli bir səviyyədə elə hakimiyyət tərəfindən yönləndirilir. Bu, bir tərəfin başqa tərəfi neytrallaşdırılması üçün lazım olan əməliyyatların tərkib hissəsidir. Daha da BÖYÜYÜ: İranın dövlət aparatında xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqlar vüsət alıb və karyera pilləkənlərini qalxmaq üçün "düşmənin" gücündən istifadə olunur. Möctəba isə atasının yerinə iddialı olmaqda davam edir - post-Xamenei dövrünün "lideri" kimi hazırlanır! Hələ ki, SEPAH prosesləri idarə etmək bacarıqlarını itirməyib. Qısası, ali rəhbər kürsüsünə yiyələnmək üçün iki fiquru ortaya atıblar - biri Prezident İbrahim Rəisi, digəri isə Möctəba Xameneidir. Yönləndirici isə SEPAH və onun bəzi qollarının əməkdaşlıq etdiyi xarici xüsusi xidmət orqanlarıdır. Aqşin Kərimov - DİA.AZ