“Hakimin fikrincə, qardaşım müharibə zamanı aldığı güllələrdən rəhmətə getməyib, məhz “dəli” olduğu üçün rəhmətə gedib”
“Kimlərsə bu işlə bağlı tapşırıqlar verir, işimizə baxılmır”
Gəncə şəhər sakini Rəhimov Asif İsa oğlu tərəfindən Hurriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi şəhid olan qardaşının 10 il sonra şəhidlik statusunun ləğv olunduğunu bildirir. Onun məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:
“Mən, Rəhimov Asif İsa oğlu, qardaşım Rəhimov Yusif Asif oğlunun 10 ildən sonra şəhidlik statusunun ləğv olunmasına görə sizə müraciət edirəm. Qardaşım Rəhimov Yusif Asif oğlu 1994-cu ildə Fizuli rayonu, Yuxarı Veysəlli kəndinin ərazisində döyüş vaxtı 4 güllə yarası alır və ağır yaralanaraq, Bakı şəhərindəki 5 saylı xəstəxanaya gətirilir. Orada böyrəyi amputasiya olunur, bağırsaqları çölə çıxardılır.
Beləliklə, əməliyyatdan 28 gün sonra qardaşıma II qrup əlillik dərəcəsi verilir. Vəziyyəti ağır olaraq dəyərləndirilir. Hətta beyin pozuntusu da yaşayır. Özünə xəsarətlr yetirir, olmayan ifadələr səsləndirir. Nəticədə, Gəncə şəhərində yerləşən psixiatriya xəstəxanasına köçürülür və az müddət sonra elə orada da vəfat edir.
Qardaşım rəhmətə gedəndən sonra Gəncənin icra başçısı Rasim Daşdəmirov və digər rəsmi nümayəndələr dəfn mərasimində iştirak etdilər, qardaşımın şəhidlik statusunu atama təqdim etdilər.
2009-cu ilə qədər dövlət qardaşım Rəhimov Yusif Asif oğlunu şəhid kimi tanıyıb. 2009-cu ildən sonra Gəncənin Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Mursəl Mürşüdov Gəncə Apellyasiya Məhkəməsinə şikayt ərizəsi göndərib ki, şəhidin sənədində şizofreniya xəstəliyi yazılıb. Yəni, onun fikrincə, qardaşım müharibə zamanı aldığı güllələrdən rəhmətə getməyib, məhz “dəli” olduğu üçün rəhmətə gedib. Mənim sizlərə sualım var, hansı dəli öz canına qıymadığı halda ölə bilər?
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət Əliyev təsdiq edib ki, bu şəhid deyil, “dəlilik”dən ölüb. Həmin hakim Fikrət Əliyev atamdan o vaxt 2000 dollar pul istəyib ki, şəhidliyi təsdiq etsin. Biz kasıb ailənin övladlarıyıq, boş-boşuna kimlərəsə verməyə pulumuz yoxdur. Atam həmin hakimin sözlərindən 6 ay sonra rəhmətə getdi. Heç özünə gələ bilmirdi ki, oğlum şəhid olduğu halda məndən pul istənilir.
Bir çox orqanlara müraciət etmişik, kimlərsə bu işlə bağlı tapşırıqlar verir, yekunda işimizə baxılmır. Hətta o vaxt dövlət telekanallarının birindən də gəlib çəkliş etdilər, amma efirə vermədilər. Səbəbini soruşduqda isə mənə dedilər ki, tapşırıq var, efirə verə bilmərik.
10 ildir məhkəmələrdəyik. YAP-ın Gəncə şəhər şöbəsindən deputat seçilən Muşviq Cəfərova mürda aciət etmişik. O da söz verib ki, əlindən gələni edəcək. Cavab gözləyirik.
Sizin redaksiyanız vasitəsilə cənab Prezidentə və Birinci vitse-prezident Mehriban xanıma müraciət edirik, xahiş edirəm, tapşırıq verin, bu iş araşdırılsın. Qoca anam var, öz dərdi özünə bəsdir, xahiş edirəm nəzərə alın”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.