DİA.AZ: - Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu yenidən ölkə rəhbərliyinə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Yazıb sizə bildirirəm ki, artıq mənim ürəyim ağrıyır. Bir ağsaqqal kimi, bir ziyalı kimi, bir əməkdar müəllim kimi, bir Heydər Əliyevçi kimi Azərbaycan Təhsilinin bu günkü vəziyyətini qəbul edə bilmirəm. Təhsil uçurumun astanasındadır. Bunu tək mən yox, bütün Azərbaycan xalqı danışır, gözləri ilə görür və narazılıqlarını bildirirlər. Çünki, Emin Əmrullayev Təhsil naziri olandan bəri, mətbuat, sosial şəbəkələr ancaq təhsildən yazırlar. Təhsil ekspertləri, deputatlar, ziyalılar təhsili analiz edərkən, burada aşkarlanan çirkinlikləri, özbaşınalıqları açıq şəkildə tənqid edirlər. Hətta təhsil eksperti Kamran Əsədov “Təhsil zamanı” xəbərlər proqramında qeyd etdi ki, hələ təhsilə Emin Əmrullayev kimi zəif nazir gəlməyib. Çünki, Emin Əmrullayevin sözləri ilə əməlləri bir-birinə uyğun gəlmir. Bu adam təhsili düzəltmək məqsədilə ilk növbədə kadr siyasətindən danışır, amma özünün apardığı kadr siyasəti sıfır vəziyyətindədir. Təkcə Gəncə və Gəncəbasar təhsili buna canlı misaldır. Regional Təhsil İdarəsinin rəisi, bank işçisi, onun müavini bank işçisi, şöbə müdirləri bank işçiləri Daşkəsən rayonu Təhsil sektorunun müdiri bank işçisi və sair. Indi buradan hansı təhsildən danışmaq olar. Ona görə də Gəncə Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev son iki ildə təhsildən başqa nə işlər desən görüb. Ilk növbədə öz çirkin niyyətlərini həyata keçirmək üçün əsil təhsil işçilərini təhsildən uzaqlaşdırdı. Bu adam gəldiyi gündən ancaq və ancaq intriqa ilə məşğuldur. Belə ki, şəhər 1 №-li məktəbin direktoru Mətanət Qarayevanı özünü öldürmə dərəcəsinə çatdırdı. Sonra 44 № məktəbin direktoru Knyaz Süleymanovu təhqir edərək, özünü öldürmə dərəcəsinə çatdıraraq, nəhayət ki, onun ürəyini partladıb öldürdü. Deyilənə görə, Knyaz müəllim ölməmişdən 5 dəqiqə qabaq Anar Qədiməliyevin müavini Rövşən Kərimov ona zəng edib 3 dəqiqə telefonda danışıblar. Bundan iki dəqiqə sonra Knyaz Süleymanov canını tapşırıb. Yəqin ki, inzibati orqanlar bu danışığın izinə düşüb, həmin danışığı xalqa bəyan edəcəklər. Anar Qədiməliyev idarədə bildirib ki, narahat olmayın mən heç kimdən qorxmuram. Ilk növbədə arxamda Emin Əmrullayev dayanır. Bu baxımdan bütün dost və qohumlarını, ona yaxın adamların hamısını Regionala uyğun oldu-olmadı işə götürüb. Məsələn, Gəncə Milli Təhlükəsizlik Xidmətinin rəis müavininin həyat yoldaşını idarə rəisi, şəhər prokuror köməkçisinin həyat yoldaşını idarə rəisi, deputat Müşviq Cəfərovun həyat yoldaşını idarə rəisi və sair təyin edib. Bir sözlə bu adamlardan özünə sədd çəkdirib. Bunu da hər yerdə danışır. Bu da bir siyasətdir. Elə ona görə də Anar Qədiməliyevin SOROS-a xidmət etməyi, əsgəri xidmətə getməməyi, yerini islatmağı, təhsildən anlayışı olmamağı, törətdiyi əməllər, müəllimlərə qarşı anti pedaqoji hərəkətlər heç kəsi maraqlandırmır. Mən bu adamlara bir sual verirəm. Demirsiniz ki, biz təmiz adamlarıq, biz qanunla işləyirik, biz təhsili düzəltməyə gəlmişik, əgər belədirsə, dekabr ayının 31-də bütün ölkədə 65 yaşdan yuxarı məktəb direktorları ilə, o cümlədən, Gəncə şəhərindəki məktəb direktorları ilə, başda təhsilin canını boğazına yığan Bəhram İmranovla bağlanılmış müqavilələrə xitam verin. Onda sizə deyim, bərəkallah! Əks təqdirdə məni yenidən öz yerimə qaytarın. Mən də söz tapa bilməyim. Yoxsa ki, Emin Əmrullayev deyir ki, səni qaytarsam, mənə deyərlər ki, sənin qabağından qorxub qaçdım. Bu nazir sözü yox, bu rekert sözüdür. Açıq desinlər, ki mən bunlara xeyir eləmirəm. Cənab Prezident ölkənin bu ağır vaxtında özünüz demişkən, yuxusuz gecələrin hesabına siz Azərbaycan üçün əlinizdən gələni əsirgəmirsiniz. Bunlar isə daxildə vəzifələrindən istifadə edib, əhalini, başlıcası müəllimləri sizdən narazı salırlar. Bu baxımdan dəfələrlə demişəm ki, məni səlahiyyətli bir adam, özü də sizi və dövləti sevən adam qəbul eləsin, mən bütün yazdıqlarımın ətraflı şəkildə izahını verim. Çünki, mən 2003-cü ilə qədər Heydər Əliyevlə 2003-cü ildən indiyədək sizinlə nəfəs alıram. Yenə siz demişkən, ədalət bərpa olunmayınca mən bu insanlardan əl çəkəsi deyiləm. Arzum budur ki, 2023-cü il ulu öndərin 100 illiyi ərəfəsində bu qeyri-peşəkar təhsil işçilərindən təhsilin canını qurtaraq. Qarşıdan gələn yeni il münasibətilə sizi ürəkdən təbrik edir, sizə uzun ömür, can sağlığı və Azərbaycanın gələcəyi naminə yeni-yeni müvəfəqiyyətlər arzulayıram. Hörmətli Əli Nağıyevdən də xahişim odur ki, şəxsən mənim apardığım haqq mübarizəsində, mənə dəstək olsun. Mən o insana inanıram".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...