Ardını oxu...
Deyirlər, kəndlərdə gün-güzaran, dolanışıq yoxdur. Olmaz da. Çünki kəndliyə su lazımdır. O da yoxdur. Niyə, hansı səbəbdən? Günahkar BMT-nin Bş katibi Antonio Quterreşdir. Zarafat elədik, o yazığın Azərbaycanın kəndləri ilə nə işi?

Səbəb çox sadədir. Rayonlarda əjdahalar peyda olub. Bilirsiniz də əjdaha suyun qabağını kəsir. Bundan başqa əjdahanın kəndlərdəki başları da olur. Həmin başlar da kəndlərdə camaatı su üzünə həsrət qoyurlar. Suya həsrət qalanlar içərisində Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin sakinləri də var.

Deməli, bu kənd tipli qəsəbənin yeni yaşayış sahəsi adlı yerində yaşayanlar subartezian quyusundan çıxan suyun hesabına özlərinin həyətyanı sahələrini suvarırdılar. Günlərin birində həmin artezian xarab olub. Yəni camaat elə bilib. Həmişə yığışıb özləri su nasosunu təmir etdirirdilər. İndi də eyni qaydada corablarında gizlətdikləri puldan atışmaq istəyiblər. Amma görüblər ki, məsələ başqadır. Əvvəl adamlara deyiblər ki, bəs, hökumətimiz yeni quyu qazır. Camaat da sevinib. Yəqin təsəvvür ediblər ki, yeni quyudan su elə dəhşətli fışqıracaq ki, qabaqlar sahələrini növbəlilik əsasında ayda bir dəfə suvarırdılarsa, indi azı iki dəfə torpaqları su görəcək.

Pəh. Kəndli başlayıb vurub-çıxmağa, hesablamalar aparmağa. Gözlə ki gözlə. Nəhayət yeni artezian əvvəlki arteziandan aralıda, daha doğrusu camaatdan uzaqda, əsas yol tərəfdə qazılıb. Yol kənarında da “əjdahaların” obyektləri, dükanları, nə bilim restoranları filan. Bir sözlə, çıxan su ancaq onlara çatıb, camaata gəlməyib. Vacib məqamlardan biri də budur ki, köhnə artezianın elektrik enerjisi götürdüyü transformator da aparılıb təzə yerə. O tranformator ki, onu vaxtilə camaat pul qoyub almışdılar.

Nə isə, transformatorun və quyunun olduğu əvvəlki ərazi hasara alınıb. Hasara alınmış ərazi kiməsə satılıbmı, verilibmi hər nədirsə, camaat görüb ki, it də getdi, ip də. Daha maraqlısı budur ki, kəndlilər hazırda hasara alınmış quyudan da suyun çıxdığını görürlər. Görmək yox e, seyr edirlər. Sudan onlara çatmır. Onlar eyni zamanda məhlələrinin susuzluqdan yandığına da tamaşa etməklə kifayətlənirlər.

Əlqərəz, insanlar sözü bir yerə qoyub müxtəlif instansiyalara üz tutublar, məktublar yazıblar, yerli icra hakmimiyyətində olublar. Həmin məktublar da yuxarıdan aşağıya doğru tədbir görülmək üçün aidiyyatı üzrə göndərilib. Tədbir görmək də belə olub: beş-altı səlahiyyətli şəxs hadisə yerinə gəlib. Onlar dəftər-kitab açıb iş görən adam pozası alıb gediblər. Sözləri də bu olub ki, artezian qazılması plandadır. Ancaq məsələ xeyli müddətdir uzanır.

Artıq heç nəyə və heç kimə inam qalmayıb. Deyilənə görə, payızda yeni artezian quyusu qazılacaq. Camaat bildirir ki, artezianın istifadəsi üçün transfarmatorun enerjisinin qiymətinin 80 faizini dövlət ödəyir. Əjdahaların obyektləri hazırda məhz o 80 faizdən faydalanır. Kəndin narazı əhalisi payızda qazılmalı olan artezianın da onlara xidmət etməyəcəyi düşüncəsindədir. Burada ağlagəlməz planın olduğu önə çəkilir.

Plan budur. Deməli, əvvəlki artezianın yeri təmir-bərpa adı ilə dəyişdirilir. Camaat susuzluqdan şikayətlənəndə onların narazılığı aidiyyatı üzrə yuxarı qurumun – Meliorasiya və Su Təsərrüfatı ASC-nin diqqətinə çatdırılıb. Buna uyğun olaraq da çox güman, yeni artezian quyusu deyildiyi kimi payızda qazılacaq. Yəni ilk baxışdan əhalinin istəyi nəzərə alınacaq. Ancaq yeni quyu harada qazılacaq, maraqlısı budur. Kənddə gəzən söz-söhbətlərə görə, yeni quyu hansısa yerli sahibkar üçün sərfəli yerdə olacaq.

Nə bilmək olar, bəlkə də quyu elə həmin yerdə qazılacaq, camaata xidmət göstərəcək. Amma baxın, insanlarda inam qalmayıb. Vətəndaşın müraciəti əsasında yazılmış bu yazıdan sonra ümid edək ki, hər şey yaxşı olacaq. Hər halda sizlər də camaatın kəndlərdən necə didərgin düşdüyünün və ya düşürüldüyünün bir fraqmentini gördünüz. Çox güman, oxşar məsələ yalnız Goranboy rayonu üçün aktual deyil. Başqa sözlə, hər rayonun və hər kəndin öz “əjdahası” və ya “əjdahaları” var. //Yenicag.az//
 
Ardını oxu...
Mingəçevir Regional Elektrik Şəbəkəsinin (REŞ MMC) rəhbərliyi əmək qanunvericiliyini pozaraq öz işçilərini əməyini istismar edir.
Ovqat.com-a bu barədə qurumun işçiləri məlumat verir.
İşçilərin bildirdiyinə görə, son zamanlar rayonda havanın temperaturu 45 dərəcəni keçir. Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın temperaturu 45 dərəcədən artıq qeydə alındıqda işəgötürən səlahiyyəti daxilində əməyin mühafizəsi ilə bağlı tədbir görməlidir. El dilində desək, işi dayandırmalı və ya işçilərini kölgədə işlətməlidir. Mingəçevir REŞ MMC-nin rəhbərliyi isə qanunvericiliyin bu tələbinə məhəl qoymur. İşçilərindən açıq havada günəşin altında işləməyi tələb edir. Özü də səhər saat 8.00-dən axşam saat 17.00-yə qədər elektikçiləri qızmar günəşin altında dayanmadan çalışmalıdırlar.
İşçilərin dediklərinə görə, son 1 həftədən çoxdur ki, rayonda temperatur 45 dərəcəni keçir. Hətta bu səbəbdən rayona günvurma halları da qeydə alınıb. Kondisionerli kabinetdə əyləşib sərinliyin keyfini çıxaran REŞ rəhbərliyi isə cəhənnəm odunda qovrulan işçilərinin nə şikayətinə belə qulaq asmaq istəmir.
Mingəçevir REŞ MMC-nin işçiləri bu cəhənnəm əzabının müqabilində cəmi 280 manat maaş alırlar.

 
Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2021/2022-ci tədris ili bitmiş, 2022/2023-cü tədris ili yaxınlaşmaqdadır. Hər il yay tətili mövsümündə olduğu kimi, bu il də rektor İbrahim Cəfərov təmir adıyla tender elan edib. Yenə son 15 ildə olduğu kimi, tenderi Gəncədə hamı tərəfindən “obnaliçka” ləğəbi ilə tanınan Bəhruz adlı şəxs qazanıb. Bildirilir ki, Bəhruz həmişə bir qayda olaraq, tenderlə köçürülən pulların 80 faizini nağdlaşdırıb İbrahim Cəfərovun özünə qaytarır. Təmir işlərini isə Bəhruzun oyuncaq firmasının işçiləri deyil, universitetin öz fəhlələri icra edirlər. Elə buna görədir ki, rektor fəhlə işə götürəndə əlindən hər şey gələn, necə deyərlər “universal” işçiləri qəbul edir.
Onu da qeyd etmək lazımdır ki, Bəhruz Elmar Vəliyevin başçılığı dövründə belə İcra Hakimiyyətinin işlərində tenderləri qeyri – qanuni udaraq vəzifəli şəxslərin, eləcə də rektor İbrahim Cəfərovun təmirə ayırdığı pulları “dirildib” əhəmiyyətli qismini özlərinə qaytarır. Qəribədir, neçə illərdir bu maxinasiyanı davam etirən və külli miqdarda pulları mənimsəyən rektor İbrahim Cəfərova nəyə görəsə “dur” deyən yoxdur.
Redaksiyamıza verilən məlumatda xatırlanır ki, Malliyə Nazirliyindən yoxlamalar gəldikdə ilişən rektor İbrahim Cəfərov Prezidentin sabiq köməkçisi Əli Həsənovun müdaxiləsi nəticəsində düşdüyü naqolay vəziyyətdən çıxa bilmişdi. İndinin özündə də ölkə başçısının korrupsiyaya qarşı mübarizədə qətiyyətli mövqe ortaya qoymasına baxmayaraq, İbrahim Cəfərov hələ də öz köhnə ampluasındadır, ixtisasını bildi-bilmədi, işə müəllim götürməkdə, karguzarlıq məsrəflərini mənimsəməkdə, professor – müəllimlərə deyil, yalnız özünə elmi ezamiyyətlər yazıb pulunu götürməkdədir.
Son dövrlərdə mətbuada gedən silsilə şikayət və müraciətlərdən aydındır ki, Azərbaycan Dövlət Aqrar Universitetində rüşvətxorluq, özbaşınalıqlar və anarxiya baş alıb gedir. Çünki, burada elmli, təcrübəli, professorlar və dosentlər sıradan çıxarılır. Onların yerinə müəyyən gənclər müəyyən təmənna müqabilində işə götürülür. Dekan və kafedra müdiri vəzifələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na uyğun yox, rektor İbrahim Cəfərovun şəxsi qaydalarına uyğun aparılır.
Mövzuya qayıdacağıq.
aktualxeber .az
 
 
 
Ardını oxu...
Cəlilabadda icra başçısının müavini Elnarə Həsənova ilə rayonun mərkəzi xəstəxanasının baş həkimi Elnur Azadxanov əlbir olaraq dövlətin təchiz etdiyi dərmanlarla biznes qurublar.

TEREF reportyor.info-ya istinadla məlumat verir ki, bu haqda sosial medianın “Cəlilabad” səhifəsi məlumat yayıb.

Deyilir ki, baş həkim dövlətin verdiyi dərmanları başçı müavininə məxsus apteklərdə satdırır. Bunun əvəzində xəstələr öz cibindən dərman almalı olurlar. Baş həkimin xəstəxananı bərbad, baxımsız vəziyyətə qoyduğu da bildirilir. Hazırda Cəlilabad RMX-da antisanitariya, baş alıb gedir. Azadxanov isə pul qazanmaqla məşğul olur.
 
Ardını oxu...
İdmanın, idman yarışlarının artıq ilkin təyinatından çıxıb həm də siyasi əhəmiyyət kəsb etməsi günümüzün reallığıdır.
Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi dönəmdə idmanın yeni yaranan dövlətimiz üçün siyasi əhəmiyyətini dəyərləndirərək, ölkəmizdə Olimpiya İdman Komplekslərinə tikintisinə önəm verdi.
Bu gün idmanda qazandığımız uğurlar məhz bununla bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi artıq idman həm də diplomatiyadır. Xarici siyasətimizin uğurlarında idmanımızın da payı az deyil.
Yəni cənab Prezidentimizin illər öncə idman komplekslərinin tikintisinə verdiyi önəm öz müsbət rolunu oynayıb.
Qısaca qeyd edək ki, artıq ölkəmizdə 50-dən çox Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir.
Məsələn, Lənkəran, Cəlilabad, Şəki, Bərdə, Quba, Şamaxı, Zaqatala, Masallı, Qazax, Ağdam, Salyan, Qusar, Oğuz, Sabirabad, Biləsuvar, Şəmkir, İsmayıllı, Sumqayıt, Qəbələ, Şağan, Şirvan, Maştağa Olimpiya İdman Kompleksləri və digərləri idmanımızın inkişafına öz töhfəsini verib.
Onu da qeyd edək ki, bu komplekslərin açılışında cənab Prezident şəxsən özü iştirak edib. Amma...
Əmması odur ki, bəzi idman komplekslərinin rəhbərləri onlara göstərilən etimadı doğrultmurlar.
Məsələn, gəlin Şirvan Olimpiya İdman Kompleksinin fəaliyyətinə nəzər salaq.
Şirvan Olimpiya İdman Kompleksinin tikintisinə Gənclər və İdman Nazirliyinin sifarişi əsasında başlanılmış, 1 iyul 2013-cü ildə fəaliyyətə verilmişdir.
Əsas bina 5 Blokdan ibarətdir:
A Bloku Üzgüçülük zalı hissəsi — hovuzun ölçüsü 50 x 24 m, tamaşaçı oturacaq yerlərinin sayı 372 nəfərlik. I mərtəbədə həkim otağı, məşqçi otağı, 2 ədəd soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları vardır. II mərtəbədə Trenajor zalı, məşqçi otağı, direktor otağı, qəbul otağı, administrativ otaqlar və digər köməkçi otaqlar.
B Bloku Güləş, Cüdo və Boks zalı hissəsi (48x36m) Güləş zalının ölçüsü 30x20m ( 2 tatami döşəkli), tamaşaçı oturacaq yerlərinin sayı 222 nəfərlik. I mərtəbədə foye, qeydiyyat otağı, təlimatçı otağı, pressa otağı, 3 ədəd həkim otağı, sauna, masaj otağı vardır. II mərtəbədə Cüdö zalı (12x24) və Boks zalı (19x20), məşqçi otağı, tədris otağı və bu zallar üçün soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları vardır.
C Bloku. Universal idman zalın ölçüsü 48x40 metr, tamaşaçı oturacaq yerlərinin sayı 780 nəfərlik. Burada foye, tamaşaçılar üçün sanitar qovşaq, texniki otaqlar yerləşir.
D Bloku 3 mərtəbəli Mehmanxana hissəsi — burada 14 ədəd 2 nəfərlik, 2 ədəd 3 nəfərlik, 4 ədəd lüks yaşayış otaqları, 64 yerlik restoran, mətbəx, camaşırxana, qeydiyyat (reception), administrator otağı vardır.
E bloku. Burada 50 nəfərlik Konfrans zalı, bilyard zalı, kafe-bar, yemək paylama otağı və s. köməkçi sahələr yerləşir.
Futbol stadionu 105x65 metr ölçülüdür. Eyni zamanda stadionda 1260 tamaşaçı oturacağı yerlik tribuna inşa edilmiş və tribunaaltı soyunub-geyinmə, duş, sanitar qovşaqlar yaradılmış, müasir işıqlandırma sistemi və elktron tablo quraşdırılmışdır. Stadionda ölçüsü 120x7,6 metr olan süni örtüklü uzunluğa qaçma zolağı yaradılmışdır. Bundan əlavə 40x20 metr ölçüdə, süni örtüklü böyük tennis idmanı və mini futbol meydançası üçün nəzərdə tutulmuş idman meydançası inşa edilmişdir.
İndi gördünüzmü, adına sadəcə idman kompleksi dediyimiz müəssisə böyük bir industriyadır.
Təəssüf ki, bəzi məmurlar bunu anlaya bilmir.
Bəli, Şirvan Olimpiya İdman Kompleksində futbol oynamaq üçün komanda saatı 20 manatdan pul ödəməlidir.
İndi gün ərzində 18 saat fəaliyyət göstərən idman kompleksinin təkcə futbol oynamaqdan qazandığı pulları hesablasanız hər şey aydın olar. Yəni 20 man x 18 saat və alınan nəticəni 30 günə, sonra aylara və illərə vurub nəticəni təsəvvür edin. Bu hələ təkcə futbolla bağlıdır.
Şirvan Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda 1 saat çimmək üçün 4 manat ödəməlisən.
Və digər zallardan yığılan pullar da az deyil.
Şirvan sakinləri deyir ki, maddi tərəfi çətin olsa da imkan edib üzgüçülük hovuzundan istifadə edirdik.
Amma idman kompleksinin rəisi İlham müəllim, müavini Elçin müəllim kompleksdə elə bir mühit yaradıblar ki, nəticədə üzgüçülük hovuzlarının susuzluqdan divarları çatlayıb. Və digər zallarda da su yoxdur.
Məlumat üçün onu da qeyd edək ki, Elçinin atası Şulan kişi QRES-də müdir olub, indi dünyasını dəyişib. Allah Şulan kişiyə rəhmət, Dürrəyə isə uzun ömür versin.
Amma düşünürük ki, İlham və Elçin cütlüyü Şirvan Olimpiya İdman Kompleksini belə acınacaqlı duruma saldıqları üçün layiq olduqları cəzanı almalıdırlar.
Onu da xüsusi olaraq qeyd edək ki, Şirvan sakinləri deputatları, hörmətli millət vəkili İltizam Yusifovun sakinlərə qarşı xoş diqqətindən ağızdolusu danışır. Sakinlər bildirir ki, İltizam müəllim sakinlərimizin problemləri ilə maraqlanır, imkan daxilində hər kəsə dəstək olmağa çalışır.
Sözün qısası, Şirvanla bağlı araşdırmamız zamanı Maştağada da problemlərin olduğunu diqqətə çatdırmaq istəyirik.
Yeri gəlmişkən, Maştağa Olimpiya İdman Kompleksi daha acınacaqlı durumdadır.
Bunu bilmək üçün uzağa getməyə ehtiyac yoxdur, yolun kənarında yerləşən idman kompleksinə baxmaq yetər. Təsəvvür edirsiniz, kompleksin ətrafını qamışlıq basıb, kol-kos, zibillik, bataqlıq və daha nələr.
Məlumat üçün qeyd edək ki, Maştağa Olimpiya İdman Kompleksi istıfadəyə 2001-ci il dekabrın 29-da verilib. Bakının Sabunçu rayonu ərazisində yerləşən bu kompleks əsasən şəhərkənarı gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün nəzərdə tutulub. Lakin burada bir çox idman növləri üzrə respublika miqyaslı yarışların təşkili adi hal alıb.
Kompleks gözəl memarlıq üslubunda inşa edilib. Tamaşaçı tutumu 600 nəfər olan zalda həndbol, futzal, voleybol kimi komanda idman növləri ilə yanaşı, güləş, cüdo, ağırlıqqaldırma, karate və s. kimi fərdi idman növləri ilə məşğul olmaq mümkündür. İdman mərkəzinin ətrafında gözəl yaşıllıq zolağı salınıb. Həyətində tennis kortu, yüngül atletika cığırı və voleybol meydançası var.
Hazırda Maştağa Olimpiya-İdman Kompleksində cüdo, kikboksinq və karate bölmələri fəaliyyət göstərir.
İndi gedin görün Maştağa Olimpiya İdman Kompleksi ilə bağlı vikipediyada yazılanlardan əsər-əlamət varmı.
Başa düşürsünüzmü, idman kompleksinə yaxın düşməyə imkan yoxdur ee…
Cənab Prezidentin min əziyyətlə ərsəyə gətirdiyi dövlət əhəmiyyətli layihəni bu günə qoymaq olarmı..?
Biz Gündəlik-Bakı olaraq hər şeyi, təhdidi, təhqiri, hətta həbsi gözümüzün altına alaraq bu informasiyaları ictimailəşdiririk ki, cənab Prezidentə çatdıra bilək.
Bizim başqa bir umacağımız, məqsədimiz yoxdur. Biz Sizə güvənirik, cənab Prezident !
Xahişimiz odur ki, yazdıqlarımızın zamanında yerində yoxlanılması və tədbir görülməsi üçün müvafiq orqanlara göstəriş verin.
Bizim amalımız qurub yaratdıqlarımızı gələcək nəsillərə ötürməkdir. //gundelik-baku.com//
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsində aparılan həbslər bu qurumun tabeliyində olan İdarələrdə ciddi yoxlamaların aparılmasını labüd edib.

TEREF bildirir ki, Bizimxeber.az -a daxil olan məlumata görə, DGK sədri Səfər Mehdiyevin hələ də azadlıqda qalması onun yaxın adamlarının vəziyyətini çətinləşdirib. Uzun illər Mehdiyevin tapşırığını həyata keçirənlər indi çıxılmaz vəziyyətdə qalıblar.

Redaksiyaya daxil olan məlumata görə, Sumqayıt Baş Gömrük İdarəsinin hazırkı rəisi Coşqun Əhmədzadə öz istəyi ilə vəzifədən uzaqlaşmaq niyyətindədir. Bütün tapşırıqları Səfər Mehdiyevdən aldığını dolayısı ilə DGK-nın yeni rəhbərliyinə çatdıran Əhmədzadə bu yolla həbsdən qurtulmağa çalışır.

Qeyd edək ki, gömrükdə ən böyük korrupsiya yuvası Sumqayıt Baş Gömrük İdarəsində fəaliyyət göstərib. Ölkəyə gələn avtomobil ehtiyyat hissələri, ağır yüklər əsasən bu idarədə “rəsmiləşdirilib”.

Bu arada qeyd edək ki, Sumqayıt gömrüyünün “kral”ı kimi tanınan Yusif Eyvazovun isə həbs olunacağı gözlənilir.

Yusif Eyvazov uzun illər Sumqayıt Baş Gömrük İdarəsində çalışıb. Daha sonra yaranmış ciddi problemlər səbəbindən müvəqqəti olaraq Biləsuvar Gömrük Postuna göndərliib. Bir neçə ay bundan əvvəl isə yenidən DGK Əməliyyat-İstintaq Baş İdarəsinin huquq şöbəsinə yüksək vəzifəyə gətirilib. Çünki, Yusifsiz nə Məsum Rəsulovun işi getməzmiş, nə də Fikrət Ələsgərlinin…
 
Ardını oxu...
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyatın üzərindən iki ildən artıq vaxt ötüb. Cumhuriyyet.az xatırladır ki, 2020-ci ilin fevralında DTX Neftçala Rayon İcra Hakimiyyətində icra başçısı İsmayıl Vəliyev də daxil olmaqla vəzifəli şəxslərin həbsi ilə müşayiət olunan əməliyyat keçirib.

İsmayıl Vəliyev 2019-cu ilin sonlarından başlayan anti-korrupsiya əməliyyatlarında həbs edilən ikinci icra başçısı idi.Bu proses sonradan da davam etdirildi, amma yenə bölgələrdən yerli icra hakimiyyətlərinin qanunsuz əməlləri ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Bu sırada xüsusilə Neftçala rayonunun adını çəkmək olar.

Məlumat üçün deyək ki, iki ildir ki, rayonun rəhbəri Mirhəsən Seyidovdur və qısa müddət Neftçalaya rəhbərlik etməsinə baxmayaraq, gənc icra başçısı barədə çoxsaylı şikayət və narazılıq var.

Rayondan daxil olan şikayətlərdə iddia edilir ki, icra başçısı faktiki olaraq fermer təsərrüfatının inkişafına əngəl olur. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən şərtlərlə qarşılaşırlar.

Bununla bağlı cumhuriyyet.az-a damışan mənbə bildirir: “İcarə müaviləsi bitdikdən sonra ilk olaraq torpaq icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun şərti var. Torpağın hər hektarına görə min manat pul ödəməlisən. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və şərtlərə əməl edənlərə verilir”.

Bildirilir ki, müqaviləsi başa çatmayan fermerlər də icarələrində olan torpağa görə qeyri-rəsmi rüsum ödəməyə məcbur edilir: “Onlardan hər hektara görə 70 manat istənilir. Bundan imtina edən fermerlərdən həmin torpaqlar ən müxtəlif üsullarla alınır, yaxud onların fəaliyyətinə maneələr yaradılır. Məsələn, texnika sahəyə buraxılmır, yaxud hansısa bəhanə ilə torpaqda əkin-biçin aparılmasının qarşısı alınır və s.”

İddia olunur ki, bu işlərin başında əvvəllər Neftçala Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda DSK Sədri olan Zaur Kərimov dayanır. Yeri gəlmikən, cumhuriyyet.az olaraq xatırladaq ki, Z.Kərimovun adı bu günlərdə başqabir qalmaqalda da hallanmışdı. Neftçala rayon sakini birinci Vətən müharibəsi iştirakçısı İslam Bayramov İH tərəfindən aldadılmasını iddia edərək bilirib ki, 2020-ci ilin sentyabr ayında Neftçala rayonu 2-ci Mayak kəndi yaxınlığında yerləşən “Kürağzı dövlət fond torpağı”nda 100 hektar torpaq sahəsi almaq üçün rəsmi qaydada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova müraciət edib:” 2020-ci ilin oktyabr ayında mənə həmin ərazidə monitorinq işləri bitdikdən sonra torpaq ayırılacağı ilə bağlı cavab verdilər”.

O , 2021-ci ilin fevral ayında rayon torpaq komissiyasının sədri Zaur Kərimovun onu dəvət etdiyini, M.Seyidovun tağşırığına əsasən ona torpaq sahəsi veriləcəyini bildirdiyini qeyd edib: “Bütün lazımi sənədləri onlara təhvil verməyimi istədilər. Fevral ayından vaxtı uzatdılar və nəhayət sentyabr ayında iqtisadiyyat bölməsinin baş məsləhətçisi Vüsal Ağabəyov və iqtisadiyyat bölməsinin şöbə müdürü Aqil Quliyevin iştirakı ilə sənədlər hazırlandı, mən 5 yerə imza çəkdim. Mənə “torpaq artıq sənindir, narahat olma” deyib yola saldılar.

Kimsə qeyri-qanuni işlədiyimi deməsin deyə, sənədi tələb etdim. Dəfələrlə Mirhəsən Seyidovun qəbuluna gedib şəxsən özü ilə danışdım ki, dəqiq mən o torpaqda iş görə bilərəmmi? İcra başçısı hər görüşdə mənə dedi ki, torpağı mən sizə vermişəm, heç kim o torpağı sizdən ala bilməz, ora sizindir.

Lakin 10 dekabr 2021-ci il tarixində biz cinayət məsuliyyətinə cəlb olunduq. Bizə torpağı verən şəxslərdən biri Aqil Quliyev məhkəmədə şahid qismində iştirak edərək bizə torpağın verilmədiyini dedi”, deyə İ.Bayramov deyib.

Bildirək ki, Zaur Kərimov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyinin yerli şöbəsinin müdiri olub. İşində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Lakin hansısa “sehrli əlin” dəstəyi ilə icra hakimiyyətində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Zaur Kərimovun qanunsuz əməlləri və buna görə işdən çıxarılması barədə mediada da yazılıb.

Bundan başqa, Neftçaladakı “torpaq alveri”ndə Vüsal adlı şəxsin də adı çəkilir. Bildirilir ki, bu şəxs hər hansı rəsmi vəzifə daşımır. Mirhəsən Seyidov onu özü ilə Bakıdan gətirib. Heç bir vəzifəsi olmayan Vüsal adlı şəxs icra başçısının sağ əli və “qara işlər”in icraçısı kimi tanınır.
 
Ardını oxu...
"Görünür, özümü yandırmalıyam və ya hündür mərtəbəli binanın üzərinə çıxıb atmalıyam ki, mənə yaradılmış problemə diqqət yetirilsin".
Bu fikirlər Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və Logistika fakültəsini 2021-ci ildə bitirən, amma bu günə kimi diplomunu ala bilməyən Davudov Pərviz Rahim oğlunun Faktinfo.az saytına göndərdiyi növbəti məktubundandır.

Şikayətçi bildirir: "Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Texniki Universitetin rektoruna, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) rəsmi məktub yazmışam, mətbuat üzərindən Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyevaya müraciət edərək xahiş etmişəm, amma tapdanmış haqq və hüququmu bərpa edə bilməmişəm. Mənə hələ diplomumun hansı səbəbdən verilməməsinə dair rəsmi cavab verilmir ki, bunu əsas götürüb məhkəməyə müraciət edim.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevə gəlincə, bu adam hələ məni qəbul etməyib. Diplomun hansı səbəbdən verilməməsini əsaslandırılmış şəkildə mənə bildirməyib. Məni Tədris Hissə şöbəsinin müdiri Ərəstun Məmmədovun yanına yönləndiriblər, o da normal bir əsaslandırma ortaya qoymayıb, "nağıl, nəğmə" danışaraq yola verib.

Belə rəhbərlik olar, belə rektor olar? Bəlkə də başqa bir vaxt olsa idi, belə davranışlarına görə bu adamları universitetin qapısına mühafizəçi məsləhət bilməzdilər. Dünyanın harasıdı rektor Vilayət Vəliyev, tədris Hissə şöbəsinin müdiri Ərəstun Məmmədov anlamaq istəmirlər ki, illərim bu universitetdə keçib, indi necə mənə diplom vermirlər.Əgər mənim fakultədən-fakultəyə keçirilməyim qanunsuz olmuşdusa niyə mənə xəbər vermirdilər,3 il mən Nəqliyyat və Logistika fakultəsində oxuyurdum? Və ya məni qanunsuz fakultədən-fakultəyə keçiriblərsə indiyə qədər bu işi edənlərdən kim cəzalandırılıb? İnsan taleyi ilə oynamaq bu qədər asandı? Başqa tərəfdən Təhsil Nazirliyi bu işə niyə ciddi yanaşmır(qanunsuzluq olmuşdusa belə) məni bu vəziyyətə salanların cəzalandırılmasını istəmir?

Universitetə gəlincə,Təhsil Nazirliyinin qarşısında əsaslandırılmış arqumet niyə qoyulmur, bilinmir. Nədir onları ora özləri üçün çalışmağa, kapital toplamağa, müxtəlif rakuslardan şəkil çəkdirib google yükləməyə göndəriblər."
Pərviz Davudov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibi Azər Qasımov cənablarına müraciət edərək, ona köməklik edilməsini hər iki şəxsdən xahiş edir.O, müraciətində bildirir: "Fuad Ələsgərov və Azər Qasımov cənablarını Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının siyasətinə sadiq şəxslər hesab etdiyimdən onlardan diplomumun verilməməsinin məndən aslı olub-olmadığının araşdırılmasına göstəriş vermələrini xahiş edirəm. Arayış üçün bildirirəm ki, Sumqayıt Dövlət Universitetindən Azərbaycan Texniki Universitetinin Menecment fakültəsinə köçürülmüşəm. Orada 1 il oxuduqdan sonra AzTU rəhbərliyinin qərarına əsasən, Nəqliyyat və Logistika fakültəsinə köçürülmüşəm. 3 il Nəqliyyat və Logistika fakültəsində ödənişli əsaslarla (5200 AZN) oxumuşam. Bütün imtahanları vermişəm, dövlət imtahanını müdafiə etmişəm. Bu fakültəni 2021-ci ildə bitirmişəm.

İndi Təhsil Nazirliyi və AzTU rəhbərliyi mənə diplom verilməsini uyğun bilmir. Səbəb də o gətirilir ki, fakültədən-fakültəyə keçirildiyim zaman adım Təhsil Nazirliyinə göndərilən tələbələrin siyahısında qeyd edilməyib. Texniki səhv olub, ona görə də mənə diplom verilmir. Daha düşünmək istəmirlər ki, bu texniki səhvi Davudov Pərviz Rahim oğlu edib ki, ona diplom verilmir. Sanki məktubu tərtib etməli və adımı siyahıya da özüm yazmalıyammış.

Fuad Ələsgərov və Azər Qasımov cənablarından baş vermiş bu texniki səhvin aradan qaldırılmasında köməklik göstərmələrini xahiş edirəm.

Firuddin Oruc
Faktinfo.az
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyinin işdən çıxarılan əməkdaşı Həsənov Naməddin Tofiq oğlu başda nazir İnam Kərimov olmaqla nazirlik əməkdaşlarına meydan oxuyur.
Faktinfo.az saytına pdf formasında göndərdiyi məktubunda Naməddin Həsənov Aqrar Xidmətlər Agentliyinin rəhbəri Rəşad Vahabzadənin ondan 25 min,Tərtər rayonunda isə sahibkara ayrılmış subsidiyanın 58 min manatını istəməkdə ittiham edir.Naməddin Həsənov irəli gedərək peşəkar mütəxəssislərin işdən çıxarıldığını,qeyri-peşəkarların Kənd Təsərrüfatı Nazirliyinin strukturlarına yerləşdirildiyini,nazirlik və onun tabeli qurumlarında rüşvət və korrupsiya hallarının baş alıb getdiyini,milyonların mənimsənildiyini,bu barədə dövlət qurumlarına,Respublika Baş Prokurorluğuna və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yazdığını da qeyd edir.

Naməddin Həsənov:"Cəsarətlə bildirirəm ki,Respubilkada ən savadlı və peşəkar olan mütəxəssisəm.İxtisasım alim-aqranomdur,Bakı şəhərində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına dərs keçmişəm.Savadsız,arpa və buğdanın fərqini bilməyən,ispanaqla çuğunduru bir-birindən fərqləndirməyən,Rəşad Vahabzadənin istədiyi 25 min manat rüşvəti verə bilmədiyimə görə,məni işdən çıxartdı.Hazırda Aqrar Xidmətlər Agentliyinə ixtisasca nefçi olan bu şəxs rəhbərlik edir."

Məktub dövlət orqanlarına,ölkə rəhbərliyinə,bir sıra deputatlara vəs. ünvanlandığından hələlik əhatəli şəkildə yazmırıq.

Qeyd edək ki,Aqrar Xidmətlər Agentliyinin işdən çıxarılan əməkdaşı Həsənov Naməddin Tofiq oğlu Tovuz rayonu Vahidli kənd sakinidir.Onun bir qardaşı Qarabağ uğrunda döyüşlərdə şəhid olub,digər qardaşı Qarabağ müharibəsi veteranıdır. Xəstə anasının və ailəsinin dolanışığını Aqrar Xidmətlər Agentliyindən aldığı 400 manat civarında məvaciblə təmin edirmiş.Hazırda işsizdir.
Faktinfo.az
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Şəki İnzibati Məhkəməsi 2022-ci ilin mayın 24-də fermer Abdullayev Teyyub Əli oğlunun şikayəti əsasında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etmişdir.

Hansı ki, iş materiallarında olan sənədlər, məhkəmə iclasında təqdim edilən maddi sübutlar bir daha göstərirdi ki, İsmayıllı RİH rəhbərliyi əsassız olaraq T.Abdullayevlə 2003-cü ildə bağlanmış torpaqdan istifadəyə dair icarə müqaviləsini ləğv edən yuxarıdakı Sərəncamı qanunsuz olmuşdur. Bütün rəsmi sənədlərdə- torpağın 25 illiyinə icarəyə götürülməsi barədə bağlanmış müqavilədə, Dövlət Aktında, icarəyə verilmə barədə tərtib olunmuş Akt-da, Dövlət büdcəsinə ödənilən torpaqdan istifadəyə dair vergi ödənişlərində və s. sənədlərdə də torpağın əkin üçün verildiyi, kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olduğu öz əksini tapmışdır. Lakin İsmayıllı rayon İH başçısının müavini, çoxdandır rayonun icra başçısı olmaq arzusunda olan Mahmud Süleymanov rayon rəhbəri Nahid Bağırovun cavanlığından, rayonu yaxşı tanımamasından sui-istifadə edərək ona aydın şəkildə quyu qazmışdı (Bizə verilən məlumata görə, Nahid Bağırovun pandemiya qaydalarını pozmasına görə Prezident sərəncamı ilə töhmət almasının da xəbərçiliyini, yəni Prezident Administrasiyasına məlumatın ötürülməsinin müəllifi Mahmud Süleymanov olmuşdur.).
XXX
Bu azmış kimi, bu gün T.Abdullayevə RİH-dən xəbərdarlıq məktubu gəlib. Təsəvvür edin, yuxarıda qeyd etdik, Şəki İnzibati Məhkəməsi RİH başçlsı Nahid Bağırovun bəlli qanunsuz sərəncamını ləğv edir, bir neçə gün sonra isə Nahid Bağırov həmin o qanunsuz sərəncamını özü ləğv edir, bununla da fermer Teyyub Abdullayevin torpaq üzərindəki əvvəlki bütün hüquqlarını bərpa edir (tanıyır)... Və başçı həmin sərəncamın icrasını onu aldatmış müavini Mahmud Süleymanova tapşırır... Həyasızlığa bax ki, bu sərəncamın, necə deyərlər, mürəkkəbi qurumamış, Mahmud Süleymanov fermer T.Abdullayevin əvvəlki hüquqları məhkəmə qərarı və RİH BAŞÇISININ SƏRƏNCAMI İLƏ bərpa edilmiş torpaq sahəsinə öyrədilmiş təxribatçıları göndərir ki, əkinə imkan verməyəcəyik və s.

Bu da azmış kimi, bu gün T.Abdullayevə İsmayıllı RİH-dən xəbərdarlıq məktubu gəlib ki... Təsəvvür edin, fermer T.Abdullayev Mahmud Süleymanovun saxtakarlığı ucbatından ötən il taxıl əkinindən, deməli, gəlirdən məhrum edilib, indi ona xəbərdarlıq edilir ki, ötən ilin torpağa icarə haqqı ödənilməyib. Məktubu isə maraqlıdır ki, icra başçısı Nahid Bağırov imzalayıb. Amma, şirvanlılar demiş, ə töbə, bu imza onunku deyil... O mənada ki, özü öz səhv sərancamını ləğv edən başçı üstündən bir ay keçmiş belə bir məktuba imza ata bilməzdi... Özü də məktub o ünvana yazılıb ki, xəbərdarlıq edilən T.Abdullayev o ünvanda yaşamır, yaşamayıb da... (Xəbərdarlıq məktubunun fotosurəti təqdim edilir). Deməli, Mahmud Süleymanov həmin məktubu qəsdən müəmmalı ünvana göndərib ki, çaşqınlıq yaransın, təcrübəsiz və naşı başçının adı hallansın və s.
İndi sual yaranır: doğrudanmı Nahid Bağırov Mahmud Süleymanovun öhdəsindən gələ bilmir, onun bu tip təxribatlarının qarşısını almaqda acizdir???

Ardını oxu...

Bu arada adam şübhələnir ki, bəlkə gənc və təcrübəsiz başçı Nahid Bağırov təzə RİH başçısı təyin edilən vaxt Bakıdan gələn xanım dostlarının təbrik məclisini Mahmud Süleymanovun kəndindəki məşhur restoranında qeyd edərkən gizli kamera işləyibmiş??? Bu barədə hələ neçə ay əvvəl redaksiyamıza bilgi daxil olmuşdu və...

XXX

İndi az da olsa keçmişə qayıdaq:

«İti öldürənə sürütdürərlər…» və Mahmud Süleymanovun Nahid Bağırova təxribatçılığı…

Beləliklə, atalar yaxşı deyib ki, «İti öldürənə sürütdürərlər...". Mahmud Süleymanov bu dəfə törətdiyi əməlin cavabını verməyə məcbur edildi. Belə ki, fermer Teyyub Əli oğlu Abdullayev İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamının ləğv olunması üçün Şəki İnzibati Məhkəməsinə şikayət vermişdir. Məhkəmə 24 may 2022-ci il tarixli qərarı ilə İsmayıllı RİH başçısının 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə imzalanmış Sərəncamını ləğv edərək T.Abdullayevin istifadəsində olan torpaq üzərində icarə və istifadə hüququnu bərpa etmiş oldu.

Bir neçə gün əvvəl isə, daha dəqiq desək, 15 iyul 2022-ci il tarixdə İsmayıllı RİH başçısı Nahid Bağırov qanunlara və məhkəmə qərarına hörmətini ifadə edərək 74 saylı Sərəncam vermişdir. İcra başçısı həmin Sərəncamla 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamını özü ləğv etmiş, T.Abdullayevlə bağlı baş vermiş anlaşılmazlığa hüquqi yadınlıq gətirmiş oldu. Və həmin sərəncamın icrası T.Abdullayevin əkin kampaniyasına mane olmuş RİH başçısının müavini Mahmud Süleymanovun özünə həvalə edilmişdir. Amma…

Ardını oxu...

İcra başçısı Nahid Bağırovun məhkəmə qərarının icrası ilə bağlı verdiyi Sərəncamlı tapşırığına RİH başçısının müavini Mahmud Süleymanov təxribatçı hərəkətləri…

Beləliklə, fotosurətini təqdim etdiyimiz Sərəncamda da qeyd olunur ki, bu Sərəncamın icrası icra başçısının müavini Mahmud Süleymanova həvalə edilmişdir. Hansı ki, bütün bu qalmaqalı yaradan elə M.Süleymanov idi… Amma nə baş verir: Mahmud Süleymanov bu Sərəncamın icrasını təmin etmək əvəzinə, iyulun 16-da mübahisələndirilən əkin sahəsinə özünün yaxınlarından olan 10 nəfəri göndərmişdir. Həmin adamlar payızlıq taxıl əkininə hazırlıq görən mexanizatorlara yaxınlaşaraq hədə-qorxu ilə demişlər ki, «Əgər burda əkin aparsanız bu traktoru və kotanı benzin töküb yandıracağıq…». Traktorçu isə dərhal DİN-nin 102 xidmətinə şikayət etmişdir.

Təsəvvür edirsinizmi, qeyd olunan torpaq sahəsi dövlət Fonduna aiddir, fermer T.Abdullayevin əlində də Dövlət Aktı vardır. O, hər il dəmyə taxıl əkmişdir. Ötən il isə buna imkan verilmədi, fermer xeyli ziyana düşdü… Artıq ortada məhkəmə qərarı və buna uyğun RİH başçısı Nahid Bağırovun Sərəncamı da vardır. Mahmud Süleymanov isə nəinki məhkəmə qərarına, qanunlarımıza, eləcə də tabeliyində işlədiyi icra başçısına qarşı hörmətsizlik nümayiş etdirir.

Törətdiyi isə təxribatçılıqdır, ölkənin taxıl ehtiyaclarına dəstək verən fermerə qarşı maneçilik əməlidir, nəhayət, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq tapşırıqlar verən ölkə Prezidentinin aqrar siyasətinə badalaq vurmaqdır!

***

Yazı çapa hazırlanarkən isə maraqlı məlumat aldıq. Məlum olur ki, bəlli hadisənin üstündən İsmayıllı RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov T.Abdullyaevin mexanizatoruna hədə-qorxu gələrək təkrarən məhkəmə qərarına və İcra başçısı Nahid Bağırovun Sərəncamına hörmətsizlik nümayiş etdirmişdir. Demişdir ki, biz imkan verməyəcəyik ki, T.Abdullayev orada taxıl əksin və s.

Fermer T.Abdullayevlə əlaqə saxladıq, o, bunları dedi:

-Minnətdaram ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov anlaşılmazlığı aradan qaldırdı, qanunlarımıza və məhkəmə qərarına hörmətlə yanaşaraq 15 iyul 2022-ci il tarixdə 74 saylı Sərəncam verərək özünün 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etdi, mənim həmin torpaq üzərində icarə hüququmu tanıdı. Lakin təəssüf edirəm ki, əvvəldən N.Bağırovu aldadaraq qanunsuz sərəncam verilməsinə, bununla da məhkəmə mübahisəsinə yol açan RİH başçısının müavini Mahmud Süleymanov indi də ona həvalə edilmiş Sərəncamı icra etdirmək istəmir. Əksinə, əkin sahəsinə öyrədilmiş adamları göndərərərk 300 min manatlıq lizinq yolu ilə alınmış texnikaların benzin tökülüb yandırılması ilə bizə hədə-qorxu gəlir, İcra başçısına və məhkəmə qərarına isə hörmətsizlik edir. Bundan başqa, İcra hakimiyyətinin şöbə müdiri Namiq Kərimov isə Mahmud Süleymanovun yolunu gedir, yenə də əkinçilərəmizə hədə-qorxu gəlir. Əraziyə gələn təxribatçılardan ikisi isə sonradan aldadıldıqlarını etiraf edərək bizim traktorçuya deyiblər ki, bizi aldadıb icra hakimiyyətindən göndərmişdilər… Deməli, bu təxribatın başında M.Süleymanov və N.Kərimov durur. Görünür, onların məqsədi araya təfriqə salmaqla gənc icra başçısının adını belə bir qalmaqalda halandırmaq, bulanıq suda balıq tutmaqdır… Ən dəhşətli hal, Prezident dünyadakı ərzaq böhranını nəzərə alaraq ölkədə taxıl istehsalını artırmağı tapşırır, Mahmud Süleymanov və Namiq Kərimov isə taxıl əkməyimizin qarşısını alır, traktorumuzu yandırtdıracaqlarını deyirlər…

***

Sonda: xatırladırıq ki, aidiyyəti dövlət qurumları artıq bu qalmaqallı məsələ ilə bağlı təfsilatı ilə məlumatlandırılıb. Mövzuya qayıdılacaq.

«Təzadlar»ın Araşdırma Qrupu

Dünyapress TV

Xəbər lenti