" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.
Əvvəli burada: Texniki Univetsitet müəllimlərinin İFŞA ETDİYİ FAKTLAR... - Vilayətə toxunan da yoxdur...
Daha sonra müəllimlərin müraciətində deyilir: "Vilayət Vəliyev AzTU-ya gələndən özünü “tələbələrin dostu” elan edib. O, 3 ildə tələbələrlə keçirdiyi müxtəlif görüşlərdə dəfələrlə elan edib ki, mən sizin dostunuzam, müəllimlərdən nə şikayətiniz olsa, nə vaxt istəsəniz, birbaşa mənim yanıma gəlin, sözünüzü deyin. Bir vaxtlar AzTU saytında imzasız şikayətlər yazmaq üçün vasitə də yaradılmışdı, sonra ləğv edildi. V.Vəliyev bununla tələbələri birbaşa müəllimlərlə konfrontasiyaya cəlb edir, konfliktə təhrik edir, onları başa salır ki, bizim ümumi düşmənimiz müəllimlərdir. Bununla tələbələri xəbərçiliyə, donosçuluğa təhrik edir, onların tərbiyələrini pozur, universitetdə qeyri sağlam atmosfer, psixoloji mühit yaradır, təlim-tərbiyə prosesini pozur, onları donosçuluğa təhrik edir. İndi AzTU-da intizam o qədər pozulub ki, tələbələrin bir çoxu universitetdə əllərində Coca-Cola və ya Fanta plastik butulkaları ilə gəzirlər, dərsdə oturub, mühazirəyə qulaq asa-asa (daha doğrusu, qulaq asmırlar, baxırlar), arabir bunlardan qurtum-qurtum içir, müəllimə tamaşa edirlər ki, görək bu nə deyir. Tələbələr dərsdən sonra boş butulkaları auditoriyalarda atıb gedirlər, xadimələr də 10 dəqiqəlik tənəffüsdə onları yığışdıra bilmirlər, beləliklə, auditoriyalar dərslərdən sonra axşam kafelərini xatırladır. Müəllimlər isə onlara irad tutanda, cavab verirlər ki, müəllim, axı Avropada belədir... Müəllimlər tələbələrə çox irad tutduqda, tənbeh etdikdə, tələbələr dərhal şikayət yazırlar ki, müəllim bizə qarşı aqressiya göstərir, bizi təhqir edir. Rəhbərlik də əlbəttə ki, belə müəllimləri dərhal çağırıb, onlara izahat yazdırır, cavab tələb edir. İndi müəllim Texniki Universitetdə ən hüquqsuz, ən yazıq bir məxluqa çevrilib. Buna görə də imkanı olan müəllimlər buradan başlarını götürüb gedirlər, başqa universitetlərə keçirlər. Bu da son 3 ildə kütləvi şəkil alıb. AzTU-nun onlarla təcrübəli, bilikli, hörmətli müəllimi başını götürüb, buradan gedib. Həm rektorun özü, həm də onun AzTU-ya gətirdiyi saysız hesabsız adamları imkan düşən kimi müəllimləri aşağılayır, onları adam saymırlar, tələbələrdə də müəllimlərə qarşı belə münasibət aşılayırlar. Rektor da müəllim kollektivi ilə onun arasında olan belə gərgin münasibətləri onunla izah edir ki, guya ki, burada ondan əvvəl hamı rüşvətxor, cinayətkar olub, o buraya gələndən bunların rüşvət yolunu kəsib, onlar da buna görə onu sevmirlər. Lakin geniş ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, hələ 2008-ci ildən AzTU-da semestr imtahanları test üsulu ilə, kompyuter vasitəsilə qəbul edilirdi və tələbənin düzgün cavablarının sayına görə imtahan qiymətini kompyuter təyin edirdi, imtahanda tələbə-müəllim əlaqələri tamamilə aradan qaldırılmışdı. Bu məqsədlə, 250-300 kompyuterdən ibarət xüsusi imtahan zalları yaradılmışdı, gün ərzində 1500-2000 tələbə ən müxtəlif fənlərdən imtahan verə bilirdi. Bu böyük sistemi idarə edən gənc və bacarıqlı kompyuter mütəxəssisləri qrupu yaranmışdı. V.Vəliyev rektor gələndə o imtahan zallarını da ləğv etdi, mütəxəssisləri də dağıtdı, kompyuterləri də kafedralara paylayıb dağıtdı. Sual oluna bilər, bəs Texniki Universitetdə əvvəllər neqativ hallar olmayıb? Ədalət naminə etiraf etmək lazımdır ki, əlbəttə olub, ancaq kənardan göründüyü kimi kütləvi miqyasda olmayıb, məhdud çərçivədə olub. Və ən əsas onu qeyd etmək lazımdır ki, test üsulu ilə imtahanlar keçirilməyə başladıqdan sonra, yəni V.Vəliyevin AzTU-ya rektor gəlişindən azı 10-12 il əvvəldən başlayaraq, neqativ hallara kafedraların və müəllimlərin heç bir qarışacağı olmayıb, bu məsələlər kafedralardan yuxarıda, həm də məhdud miqdarda olub. İndi isə neqativ hallar üçün kafedraları və müəllimləri günahlandırmaq, onları cinayətkar adlandırmaq tamamilə əsassızdır və böhtandır. Bundan əlavə, AzTU-da indi də, əvvəllər də elə təmiz müəllimlər olub ki, onlar ömürləri boyu bir tələbənin bir qəpiyinə də tamah salmayıblar. Belə insanlara Texniki Universitetdə hamı ehtiramla yanaşıb. Burada hamını cinayətkar adlandırıb, şantaj etmək elə bunu deyənlərin özlərinin mənəviyyatsızlığını göstərir.
İndi imtahanlar adi qayda ilə, yəni müəllimlə üz-üzə, imtahan biletinə şifahi cavab verməklə aparılır. Lakin məsələ ondadır ki, tələbə imtahan başlamazdan rəsmi olaraq yarım saat qabaq, həqiqətdə isə imtahana bir saat qalmış AzTU saytına daxil olaraq imtahana düşən sualları oradan götürür və imtahana daxil olana qədər onun bu sualları öyrənmək üçün bir saata yaxın vaxtı olur. Heç qabaqcadan imtahana hazırlaşmadan da bu müddətdə 5 sualın cavabını öyrənmək mümkündür. Bundan əlavə, müəllimlərə də lazımınca təzyiq göstərilir ki, tələbələrə yalnız müvəffəq qiymət yazsınlar. Belə imtahandan kim inciyər ki? Buna imtahan demək olarmı? Rektor V.Vəliyevin tələbəlik yoldaşlarından bizə çatan məlumatlara görə o, özü tələbəlik dövründə çox zəif tələbə olub. O, Sumqayıtdakı 49 saylı texniki peşə məktəbini bitirdikdən sonra universitetə daxil olub, o dövrkü texniki peşə məktəblərindəki təhsil səviyyəsi isə hamıya yaxşı məlumdur. Buna görə də indi V.Vəliyev nağıllardakı kimi, pis tələbənin arzularını həyata keçirir.
Bundan əlavə, karantin dövrü qurtarandan, bilavasitə universitetdə dərslər başlayandan sonra bir şey də dəb düşüb. Tələbələr tənəffüsə çıxan kimi AzTU-nun daxili həyətinə düşüb, voleybol oynamağa başlayırlar. Bu məqsədlə hər qrupda voleybol topları alınıb və bir nəfər də topgəzdirən təyin olunub. Bəli, təəccüblənməyin, hər qrup həyətdə dövrəyə düzülərək, voleybol oynamağa başlayır. Hərdən ara bir az da qızışanda voleyboldan futbola keçirlər. Müəllimlər də həyətdən keçəndə özlərini qoruyurlar ki, onlara top dəyməsin. Bu məsələnin haradan qaynaqlandığını öyrənməyə çalışdıq. Bizə məlum oldu ki, rektor hansı şöbəyəsə tələbələrin asudə vaxtının təşkili üçün işçi qəbul edib, o da nə isə eləməlidir axı. O da “asudə vaxtlarda” tələbələrin həyətdə voleybol oynamasını təklif edib, bu təklif rektorun “xoşuna gəlib”. İndi də universitetin həyəti stadiona çevrilib. Doğrudur, son ayda havaların pisləşməsi və həm də həyətin tikinti-təmir materialları ilə zibillənməsi səbəbindən voleybol yarışları bir müddətə səngiyib. Ancaq, yaz da uzaqda deyil. Biz keçmiş yazılarımızın birində təklif etmişdik ki, V.Vəliyevin yüksək rütbəli himayədarı (onun adını da göstərmişdik) ona kömək etmək istəyirdisə, niyə onu rektor vəzifəsinə təklif etmişdi, bir stadiondan-zaddan tapmırdı ki, onu oraya direktor vəzifəsinə təklif etsin? İndi görürsünüz, biz necə uzaqgörən olmuşuq. Müəllimlərin bir çoxu bildirir ki, onların müşahidələri göstərir ki, indi 1-ci, 2-ci kursda oxuyan tələbələrin (yəni V.Vəliyevin rektorluğu dövründə universitetə daxil olan tələbələrin) intizamı, davranışı, müəllimlərə münasibəti, dərs oxumaları ondan əvvəl universitetə daxil olan, yəni 3-4-cü kurs tələbələrinə nisbətən xeyli pisdir.
V.Vəliyev Texniki Universitetdə rektor olandan, dərslərin başlanması və qurtarmasını bildirən zənglər də vurulmur. Rektor deyib ki, zəng nəyə lazımdır, mənim zəngdən xoşum gəlmir, hamının saatı var da, bilmirlər ki, dərs saat neçədə başlanır, neçədə qurtarır? V.Vəliyevdən əvvəl kompyuterlə idarə olunan avtomatik zəng sistemi var idi, indi söküb, atıblar. Qəribədirmi? Danabaş kəndinin əhvalatlarına oxşamırmı? İndi dərs başlanmazdan əvvəl tələbələr çox zaman koridorda, auditoriyaların qarşısında topa ilə yığılırlar. Müəllim gəlib onları haylayır, deyir, ay uşaqlar, keçin otağa, dərs başlayıb. Tələbələrin də arasında səslər gəlir ki, müəllim, hələ tezdir, 5 dəqiqə qalıb. Dərsin qurtarmasına da 5-10 dəqiqə qalmış tələbələr müəllimə səslənirlər ki, müəllim, zəngin vaxtıdır. Müəllim isə saatına baxıb cavab verir, tələsməyin, hələ zəngə var... İndiki dövrdə belə "kolxoz" üsulunun, Danabaş kəndi üsulunun tətbiqi ayıb deyilmi? Zəng vurulması daha sadə və aydın olmazdımı?"
DAVAMI VAR...
İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...