Ardını oxu...
Uzun müddətdir ki, Tovuz rayonunun səhiyyə müəssisələrində yaşanan problemlərin, baş verən çoxsaylı qanunsuzluqların, olmazın həngamələrin və s. nə həddi, nə də ki, hüdudu bilinir.

Yəni, rayon sakinlərinin tam əksəriyyəti o halın varlığına narazılıq edirlər ki, nəyə görə qəbul olunmuş qanunlar Tovuz səhiyyəsində kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, əksər ixtiyarlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur?. Adicə bir faktı qeyd edək ki, 1971-ci ildə istifadəyə verildiyi bildirilən və Qovlar şəhəri, Şəhriyar küçəsi-13 ünvanında yerləşən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanası, hal-hazırda ölkəmizin ən bərbad, ən biabırçı səhiyyə müəssisələrindən biri hesab olunur. Bütün bunlar haqda Qerar.az-ın redaksiyasına Tovuz rayonu, Qovlar şəhəri, Mehdi Hüseyn küçəsi, ev-29 ünvanında yaşayan Abbasova Şəlfinaz Qəzənfər qızının, həmçinin adı çəkilən bu küçədə yaşayan Qarabağ müharibəsi qaziləri Hüseynov Rəfayıl Musa oğlunun, Orucov Ruslan Eldar oğlunun və diğər sakinlərin çatdırdıqları məlumatlarda bildirilir ki, təqribən 30 min nəfər şəxsin yaşadığı Qovlar şəhəri ərazisində fəaliyyət göstərən bu xəstəxanada adicə rentgen aparatı yoxdur.

Verilən statistik məlumatlarda qeyd olunur ki, bu gün Tovuz rayonunda əhalinin sayı 187 min nəfər təşkil edir və bu qədər əhalinin təqribən 90-100 min nəfərindən çoxu Qovlar şəhərində və ətraf kəndlərdə yaşayırlar. Yəni, hal-hazırda Qovlar şəhərinə yaxın ərazilərdə, o cümlədən Zəyəm çayı boyunca və Əsrik dərəsində, hətta Şəmkir rayonunun Tovuz rayonuna yaxın kəndlərində yaşayan sakinlər də, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasından istifadə etməyə məcbur olurlar. Faciə odur ki, hal-hazırda 21-ci əsrin olmasına baxmayaraq, bu xəstəxananın ümumi görkəmi və burada olan dözülməz şəraitin varlığı, sanki Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasını ötən əsrin 60-cı, 70-ci illərinin səhiyyə müəssisələrinə bənzədir. Bir sözlə, adamın bu səhiyyə müəssisəsinə xəstəxana deməyə dili gəlmir.

Qeyd edək ki, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasının birinci mərtəbəsini, bir müddət bundan əvvəl bu səhiyyə müəssisəsinin baş həkimi Tofiq Hüseynov, texniki işçilər, tibb bacıları, həkimlər şəxsi vəsaitləri hesabına bir qədər təmir etdirirlər. Bundan əlavə, hər həkim öz iş otağını da şəxsi vəsaiti hesabına müəyyən qədər qaydaya saldırır. Bütün bunlara baxmayaraq, adı çəkilən bu səhiyyə müəssisəsinin divarları, tavan hissələri, döşəmələri, qapıları, pəncərələri və s. olduqca yararsız vəziyyətdədir. Xəstəxananın ikinci mərtəbəsi isə, böyük bir klidlə bağlanıb və həmin klidi açmaq qeyri-mümkündür. Diqqət yetirmək lazımdır ki, təqribən 90-100 min nəfər sakinə bu gün cəmi bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir. Əslində, belə bir halın varlığı bənzəri olmayan biabırçılıqdır. Çünki, bu qədər əhaliyə cəmi bir ədəd təcili-tibbi yardım maşınının xidmət göstərməsi, əhalinin bugünkü tələbatını heç cür ödəyə bilmir. Buna əsas səbəb, ərazinin olduqca böyük və əhalinin sayca çox olmasıdır.

Əgər hansısa şəxsin səhhətində müəyyən problem yaşanarsa, o halda həkimlər vaxtında çağırış üzrə ünvana çata bilmirlər. Tovuz MRX-da isə cəmi altı ədəd təcili-tibbi yardım maşınının olduğu bildirilir. Elə hallar da olub ki, həkim bir çağırışdan çıxıb digər çağırışa çata bilməyib və belə bir səbəbdən də, xəstə kömək göstərilmədiyindən rəhmətə gedib. Sonda da xəstənin sahibləri hirsləndiklərindən həkimi döyməli olublar. Ümumiyyətlə, bu cür halların təkrar baş verməməsi üçün Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzinə əlavə üç-dörd ədəd təcili-tibbi yardım maşını verilməlidir ki, təqribən 90-100 min nəfər sakinin bu yöndə tələbatını ödəmək mümkün olsun. Əgər yaxın vaxtlarda lazımi addımlar atılmazsa, yəqin ki, o halda ərazidə baş verən ölüm hallarının sayı çox olacaq. Diqqət yetirmək lazımdır ki, istər Qovlar şəhərində, istərsə də ətraf kəndlərdə səhhətində ciddi problemləri olan yaşlı insanlar yaşayırlar, Qarabağ müharibəsində iştirak edib travma alan neçə-neçə qazilər, əlillər və s. var. Bir sözlə, həmin şəxslərin səhhətindəki problemlər özünü göstərməyə başlayarkən, onların həkim köməyinə ehtiyacı yaranır. Sual oluna bilər ki, belə olan halda bir ədəd təcili-tibbi yardım maşını bu qədər insanın ehtiyacını ödəyə bilərmi? Əlbəttə ki, yox! Ümumiyyətlə, Qovlar Şəhər Xəstəxanası bu gün elə bərbad, yarasız haldadır ki, bu səhiyyə müəssisəsində hansısa xəstənin müayinə, yaxud da müalicə olunmasının özü müşkül məsələdir. Çünki, bu xəstəxanada hər cür antisanitariya, hər cür natəmizlik halları hökm sürür. O halda ortaya belə bir sual çıxır ki, görəsən ötən yarım əsr ərzində bu xəstəxananın təmirinə büdcədən pul vəsaitləri ayrılmayıbmı ki, Qovlar Şəhər Xəstəxanası belə bir durumdadır? Ayrılıbsa, niyə təmir olunmayıb? Yaxud da, ayrılmış vəsaitlər hara “qeybə çəkilib?”. Deməli, bunların araşdırılmasına ciddi ehtiyac var.

Diqqəti cəlb edən hallardan biri də odur ki, Qovlar Şəhər Xəstəxanasının digər şöbələrində olduğu kimi, doğum şöbəsində də olduqca acınacaqlı vəziyyət hökm sürməkdədir. Yəni çatdırılan məlumatlara görə, bu şöbədə bir nəfər olsun belə ginekoloq həkim çalışmır. Ona görə də, doğum şöbəsinin otaqlarında hansısa xəstəni tapmaq mümkün deyil. Təəssüflər olsun ki, bu cür halların varlığı, hələ də MRX-nın rəhbər şəxslərini heç də narahat etmir. Bu xəstəxanaya məxsus binaların və iş otaqlarının bərbad halda olması, divarların uçub-dağılması, qapı-pəncərələrin sınıq-salxaq vəziyyətə düşməsi, həyət-bacanın natəmiz saxlanması və s. onu göstərir ki, ötən illər ərzində Tovuz səhiyyəsinə rəhbərlik edənləri Qovlar şəhərində və ətraf ərazilərdə yaşayan sakinlərin taleyi heç də maraqlandırmayıb.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Tovuzun səhiyyə şöbəsinə rəhbərlik edənlərin əməllərinə hüquqi qiymət verməyin zamanı çoxdan çatıb. Düşünürük ki, əgər bu yöndə lazımi araşdırmalar aparılarsa və müəyyən həqiqətlər ortaya çıxarılarsa, o halda hər kəs, o cümlədən TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanov da, Tovuzun səhiyyə müəssisələrində, ələlxüsus Qovlar Şəhər Xəstəxanasında yaşanan acınacaqlı durumun varlığından lazımınca xəbərdar olacaq.

Bu yöndə araşdırmalarımız davam edəcək. Bizi izləyin.

Nyus.Az
Ardını oxu...
Şəkildə gördüyünüz 3 məmur dövlət tikinti layihələrində faktiki ortaqlardır. Namiq Hümmətov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavinidir. Ortadakı şəxs Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin rəhbəri Fərhad Təhməzovdur. Üçüncüsü isə belə demək mümkünsə, Naxçıvanın yeni Namiq Hümmətovudur. Pərvin Nəbiyev London City Universitetinin məzunudur. Təzəlikcə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunub. Amma başını çoxdan başlara qoşub, Hümmətovun və Təhməzovun çevrəsində dolaşır.
Teref yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə profilində yazıb. Cavanşir bəy sonra yazdıqlarına aydınlıq gətirərək davam edir:
Bu gün Namiq Hümmətov Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinə daxil edilib.
Keçmiş şampanzavod işçisi faktiki tikinti oliqarxına çevrilib. Son 5 il ərzində Hümmətov cənabları öz şirkətləri üçün faktiki ortağı Fərhad Təhməzovun sayəsində Mənzil İnşaatı Dövlət Agentliyinin ümumilikdə 177 milyon manatdan artıq sifarişini əldə edib. İndi Fərhad Təhməzovun oğlu İsrafil Təhməzov Qarabağda dövrəyə girib, irihəcmli dövlət tikinti və bərpa sifarişləri əldə etməyə başlayıb.
Təhməzovun şirkətləri Namiq Hümmətovun qardaşının adına olan şirkətlərlə partnyorluq əsasında qarşılıqlı fəaliyyət göstərir. Mexanizm belədir, dövlət sifarişlərini alan şirkət tenderin əldə olunmasında yardımçı tərəfin şirkətlərini subpodratçı şirkət kimi layihəyə cəlb edir və bütün tərəflər ayrılan məbləğdən öz payını götürür. İndi Namiq Hümmətovun Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinə daxil edilməsi məmur şirkətlərinin Qarabağda yeni dövlət layihələrində iştirakına yeni üfüqlər açır.
Təəssüf ki, Azərbaycanda vəzifə beşmərtəbəli şəxsi mənafelərin, biznes maraqlarının 6-cı mərtəbəsidir.
Xatırladım ki, Təhməzovların tamahı ucbatından professor Nazim İmanovun oğlu, Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işini itirib. Araz İmanov 6 ay əvvəl Təhməzovlaın yaxın qohumu kimi azad edilmiş ərazilərdə toqquşan maraqların hədəfinə gəlmişdi. Yeri gəlmişkən, Fərhad Təhməzov Nazim İmanovun qudasıdır. Nazim İmanovun digər oğlu Cavidan İmanov Fərhad Təhməzovun qardaşı, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin Slovakiya, Ukrayna və Türkiyədəki biznesini idarə edir.
 
Ardını oxu...
Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, “Zeytunluq” deyilən ərazidə bayram günləri genişləndirmə işlərinə başlanıb. Tribunainfo.az məlumat verir ki, çoxillik yaşıllıqlar məhv edilərək, həmin yerdə fəaliyyət göstərən “Zeytun” restoranı ərazini genişləndirir.
Belə təəssürat yaranır ki, restoran sahibi Binəqədi rayon İcra Hakimiyyətinin, Bakı şəhər İcra Hakimiyyətinin “xeyir-duası” ilə bu yaşıl genosidi həyata keçirməkdədir.
Bakının “COP29” konfransına ev sahibliyi edəcəyi bir ildə paytaxtda yaşıllığın məhv olunmasına göz yuman qurumların nə gözündə qorxu var, nə də Prezidentin yaşıllıqlar, qanunsuz tikililər haqda xəbərdarlıqlarını yada salırlar.Binəqədi rayon icra hakimiyyəti isə həmişəki kimi susur.
Məlumata görə, adıçəkilən restoranın genişləndirilən və əlavə tikintilər aparılan, həmçinin parklanma kimi istifadə olunan ərazisi özəl mülkiyyət deyil. Sadəcə, qanunsuz zəbt olunub. Belə ki, həmin yer BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan zeytunluq ərazidir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımıza bildirilib ki, qeyd olunan ərazidə tikinti işləri dayandırılaraq, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə qurumlara müraciət edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ölkə futbolunun səviyyəsi bir çox amillərlə ölçülür. Uşaq futbolunun vəziyyəti, milli komandanın çıxışları, yerli çempionatın durumu vacib göstəricidir. İllərdir ölkə birinciliyi durğunluq dövrünü yaşayır. Azarkeş marağı çox aşağıdır. “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov burada gördüklərindən çox təəccüblənib. O, milli çempionata azarkeş marağının olmamasına görə məyusdur. Lunyov sanki hər dəfə yoldaşlıq görüşünə çıxdıqlarını deyib.
Bizimyol.info xəbər verir ki, yüksək liqada cəmi 10 klub mübarizə aparır. Məsələnin məyusedici tərəfi həm də əksər komandaların paytaxtı təmsil etməsidir. “Neftçi”, “Sabah”, “Səbail” və “Zirə” birbaşa paytaxt komandası sayılır. “Araz-Naxçıvan” adı sizə cəzbedici görünməsin. Bu komanda da oyunlarını paytaxtda keçirir. “Qarabağ” əvvəllər bir neçə dəfə Quzanlıda oyun keçirdi. Amma hiss olunur ki, Ağdam təmsilçisi Bakıya üstünlük verir. “Kəpəz”in də paytaxtdan yolu az keçməyib. “Sumqayıt” bölgə təmsilçisi deyil. Daha nə qaldı?! Yalnız “Turan Tovuz” və “Qəbələ” bölgə futboluna işarə vurur.

Futbol funksionerləri bir şeyi əvvəl-axır anlamalıdırlar ki, bölgə komandaları olmasa, milli çempionat həmişə belə sönük keçəcək. O boyda “Neftçi”nin ev oyunlarına 100 nəfər gəlir. Nə etmək olar, paytaxtda yaşayanlar milli çempionata maraq göstərmir. İnsanlar Abşeron yarımadasına daha çox bir parça çörək üçün toplaşıb. Bölgələrdə isə futbola maraq böyükdür. “Turan Tovuz” – “Qarabağ” qarşılaşması gözəl nümunədir. Oyunu 7 min nəfər izləmişdi.

Bir görəsiniz, Azərbaycanın ikinci liqasına necə azarkeş marağı var. Çünki klubların əksəri bölgəni təmsil edir. Şəkidə camaat pul toplayır ki, “Şəki Siti” yaşasın. Şəmkirdə yerli komandanın qənaətbəxş çıxış etməməsinə rəğmən, oyunlara xeyli azarkeş gəlir. “Göygöl”ün, “Lerik”in, “Ağdaş”ın oyunlarında tribunalara baxmaq adama zövq verir.

...Biz hələ Region Liqasından danışmırıq. Beyləqanda “Mil” ilə “Göyçay”ın qarşılaşmasının kadrlarını paylaşmışdılar. Yerli komanda qol vuranda tribunadakılar necə sevinirdilər.

Hanı yüksək liqada belə atmosfer? Yoxdur! Milli çempionatı Bakı birinciliyinə çeviriblər. Peşəkar Futbol Liqası bu haqda ciddi düşünməlidir. Kimə lazımdır belə çempionat?! Bölgə klublarını küsdürdülər. İnsanların gözü hələ də “Xəzər Lənkəran”ı axtarır. Belə komandalar oynamayacaqsa, onda ölkə futbolundan da danışmayaq.
 
Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universiteti ADAU ilə Türk Hava Yolları aviabiletlərin satınalınması üzrə başlanıldığı tarix bəlli olmayan açıq tender müsabiqəsinə yekun vurması və “TÜRK HAVA YOLLARI ANONİM ORTAKLIĞI”NIN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ ilə 252.100 manat məbləğində satınalma müqaviləsinin bağladığını dövlət satınalmalarının vahid internet portalında 28.03.2024-cü il tarixdə bu müqavilə üzrə satınalma prosuduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir açıqlaması verib.

Açıq tendr bir mənbədən satınalma metodu ilə keçirildiyindən şərtlər toplusunda aviabiletlərin hansı məqsədlərlə alındığı barədə məlumat yoxdu. Yalnız tenderin 27.03.2024-cü il tarixdən başlayıb 31.12.2024-c il tarixdə bitməsi barədə məlumat var. Bir də qalib şirkət “TÜRK HAVA YOLLARI ANONİM ORTAKLIĞI”NIN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ-nin deyil Gəncə nümayəndəliyidir. VÖEN-də belə göstərilir. Maraqlıdır Azərbaycan Dövlət Aqrar Universiteti 252 min manatlıq aviabileti nə üçün alır. “Türk Hava Yolları”nın rəsmi internet səhifəsində Gəncə -Ankara biznes-klass uçuş biletinin qiyməti 930 manatdan başlayaraq 1487 manata qədərdir. Ekonom biletlərin qiyməti isə 474 manatdan başlayaraq 822 manata qədər dəyişir. Gəncə -İstanbul biznes-klass uçuş biletinin qiyməti 734 manatdan başlayaraq 1500 manata qədər dəyişir. Ekonom biletlərin qiyməti isə 298 manatdan başlayaraq müxtəlif qiymətlərə aviabiletlər almaq olar. Pegasus Airlines Türkiyə aviokompaniyasından isə Gəncədən Ankara və ya İstambula daha ucuz qiymətlərlə uçuş biletləri əldə etmək olar. Azərbaycan Dövlət Aqrar Universitetinin burada yol verdiyi qeyri müəyyənlik nələrdən ibarətdir. Əvvəlcə gəlin qanunda bir mənbədən satınalma metodunun hansı hallarda istifadə olunmasına icazə verildiyinə nəzər salaq. Satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda. Göründüyü kimi Azərbaycan Dövlət Aqrar Universiteti satınalmanın təşkili zamanı ciddi qanun pozuntusuna yol verib. Birincisi- bir mənbədən satınalma metodu o halda tətbiq edilir ki, alınan mallar yalnız hər hansı konkret malgöndərəndə yaxud da, onların əvəzedicisi və alternativi olmufr. Məlum olduğu kimi “Türk Hava Yolları” alternativi olmayan bir kompaniya deyil və onun kimi yüzlərlə aviakompaniya mövcuddur. İkincisi- təcili tələbat yarandıqda. Maraqlıdır Azərbaycan Dövlət Aqrar Universitetinə aviabiletlərin satınalınmasına təcili tələbat hansı zərurətdən yaranıb? Azərbaycan Dövlət Aqrar Universitetindən 27.03.2024-cü il tarixdən 31.12.2024-c il tarixə neçə nəfərin, nə məqsədlə, haradan, haraya uçacağı bəlli olmayan aviabiletlər alması nə qədər təcili tələbatdır? İstisna etmirik. Vaxtı əvvəlcədən müəyyən olnmuş hər hansı bir beynəlxalq tədbirlərə aviabiletlər bron etmək olar. Məlum olduğu kimi aviabiletləri bir neçə ay qabaqcadan sifariş verdikdə, yəni bron etdikdə qiymətlər xeyli aşağı ola bilər. Belə olan təqdirdə Dövlət Aqrar Universiteti 252.100 manata ən azı 350 -400 bilet bron etmiş olur. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 25 nəfər türk mütəxəsislərin hər biri ilə 12.240 manat məbləğində satınalma müqaviləsi bağladığı barədə 18.03.2024-cü il tarixdə məlumat açıqlanıb. Bunlar da bir mənbədən satınalma medodu ilə keçirilib. Bu mütəxəssislər 2019-2023-cü illər ücün Azərbaycan Respublikasında alı təhsil sisteminin deynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində təşkil olunan tədbirlərə dəvət alıblar. Şərtə görə müqavilənin başlanma tarixi 13.02.2024-cü il, bitmə tarixi isə 13.04.2024-cü ilə müəyən edilib. Türk mütəxəsislərə bağlanan 26 satınalma müqaviləsinin ümumi dəyəri 333 879 manat təşkil edib. Aqrar Universiteti tərəfindən aviabiletlərin alınmasına ayrılan vəsait bu tədbir üçün ola bilərmi? Mütəxəsislərin 13.02.2024-cü ildən 13.04.2024-cü ilə qədər təşkil olunan tədbirlərə dəvətini götürsək, xeyir. Axı Universiteti aviabiletləri alınmasını ilin sonuna qədər nəzərdə tutub. Bəs onda Aqrar Universiteti 252.100 manata sifariş etdiyi aviabilətləri hansı məqsədlərlə alır? Niyə açıqlanmayıb? Dövlət sirridi? Azərbaycan Dövlət Aqrar Universiteti 2019-2023-cü illər ücün Azərbaycan Respublikasında alı təhsil sisteminin deynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində iki satınalma müqaviləsi də yerli mütəəsislərlə bağlayıb. Onlarda biri Quliyeva Lamiyədir ki, Azərbaycan Dövlət Aqrar Universiteti “Bitki mühafizəsi” kafedrasının dosent əvəzi çalışır. Onunla 35.625 manatlıq müqavilə bağlanıb. Digəri də Azərbaycan Dövlət Aqrar Universiteti-Ege Universiteti ikili diplom proqramının üzvü Həsən Abbasovdur ki, onunla da 17.812,5 manatlıq müqavilə bağlanıb. Burada hər iki şəxsin VÖEN-i əvəzinə Dövlət Aqrar Universitetinin VÖEN-i göstərilib. Azərbaycan Dövlət Aqrar Universiteti bir mənbədən satınalma metodu ilə bir tender keçirib. Fiziki şəxs Xalıqverdiyev Rasim Bəhram oğlu ilə 87.471 manat məbləğində bağlanan bu satınalma müqaviləsi 12.01.2024-cü ildə dərc edilib. Amma 18.12.2023-cü ildə başlayıb 18.12.2024-cü il tarixdə bitəcək. Amma nə alınır, nə iş görülür bəlli deyil.

Göründüyü kimi Azərbaycan Dövlət Aqrar Universiteti hər şeyi bir mənbədən alır. Əslində Universitet deyil, ali təhsil müəssisəsinin rəhbərliyidi bunu edən. Bu Prezident İlham Əliyev Sərəncam ilə 31 avqust 2023-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilmiş Zəfər Qurbanovdu. Göründüyü kimi sözügedən vəzifədə heç bir ildir oturmayan Zəfər Qurbanov Aqrar Universitetidə hər şeyi bir mənbədən həll edir. Bir mənbədən yeyir, içir, bir mənbə ilə də hara gəldi üçür…
Aktualinfo.org
 
Ardını oxu...
Bahalı nömrələr, lüks avtomobillərə sahib ərköyün oğlun atasının rəhbər olduğu Gəncə şəhərinin Şəhidlər Xiyabanı isə zibillik içindədir...

Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atıb.

Poliqon xəbər verir ki, bu barədə "Alfa TV" Youtebe kanalında məlumat yayılıb.

Məlum olub ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı “Range Rover” markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı “Mercedes S Class” markalı maşın görmək olar. Bu nömrə isə əvvəl “BMW X 6” markalı maşının üstündə olub.

İcra başçısının oğluna məxsus 10-BB-904, 10-OO-904, 10-KK-904, 10-ZZ-904, 10-TT-904, 10-AS-904 nömrəli “zerkalni” qeydiyyat nişanları diqqət çəkib.

Atası 1280 manat məmur maaşı alan Bayramov küllü-miqdarda vəsait tələb olunan nömrələri necə əldə edib? İcra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Gəncə icra başçısının oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. Hər halda Niyazi Bayramovun icra başçısı kimi aldığı maaş buna çatmaz.

Deməli, adi korrupsiya, mənimsəmə faktının nəticəsidir…

Fotolardan bəlli olur ki, avtomobillər ən bahalı brendlərin istehsal etdiyi nəqliyyat vasitələridir. Bəhram Bayramovun maşınları isə bir qayda olaraq son nömrələri 904 olan dövlət nişanları ilə “bəzədilib”. Bahalı nömrələr, lüks avtomobillərə sahib ərköyün oğlun atasının rəhbər olduğu Gəncə şəhərinin Şəhidlər Xiyabanı isə zibillik içindədir...


Poliqon.info
 
    
Ardını oxu...
Uzun illər təhsil sahəsində müxtəlif vəzifələrdə çalışmış pedaqogika üzrə fəlsəfə doktoru Elmira İsmayılovaya qarşı yüksək məbləğdə dələduzluq edilib.

İşin ən üzücü tərəfi də odur ki, onun təhsil sahəsində işləyən yaxın həmkarı öz vəzifəsindən suisitifadə edərək belə özbaşınalıq edib.

Bu barədə "Azərbaycan Reallığı"na Elmira İsmayılovanın özü bildirib. Qeyd edib ki, ona qarşı dələduzluq əməli törətmiş şəxs Elm və Təhsil Nazirliyinin əməkdaşı olmuş Rahilə Abdullayevadır.

Şikaytçi yazır ki, Rəhilə Abdullayeva 2013-cü ildə iş qurmaq adı altında ondan üst-üstə 168 500 AZN alıb.

“Bu pulu borc almışdım. R.Abdullayeva məni inandırdı, amma qısa müddət ərzində aldanıldığımı başa düşdüm. Mən uzun illər təhsil sahəsində çalışmışam. Ziyalıyam, aliməm.

Rəhilə Abdullayeva da təhsil sahəsində çalışıb. Ona görə də səbr etdim. Düşündüm ki, Rahilə Abdullayeva səhvini başa düşər. Ondan sakit şəkildə pulu qaytarmağı xahiş etdim. Lakin o, hər dəfə bir bəhanə ilə məsələni uzatdı və mən məcbur qalıb məhkəməyə müraciət etdim”.

Yasamal Rayon Məhkəməsi Elmira İsmayılovanın Rəhilə Abdullayevaya qarşı mülki iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qarşı tərəfin kassasiya şikayəti də təmin edilməyib.

Borcun qaytarılması üçün Rəhilə Abdullayevanın mülkiyyətində olan bir neçə əmlakına
(mənzil, torpaq, maşın) həbs qoyulub. Lakin sonradan Rəhilə Abdullayeva müxtəlif yollarla mənzilin üzərindən həbsin götürülməsinə nail olub.

Elmira İsmayılova bu barədə belə deyir: “Təsəvvür edin, Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov öz qərarını ləğv edib. Yəni, mənim mülki iddiamı bu hakim təmin etmişdi. Rəhilə Abdullayevanın əmlakına həbs qoyulmuşdu.

Yuxarı instansiya məhkəmələri də qərarı qüvvədə saxlamışdı. Sonradan Rəhilə Abdullayeva Yasamal Rayon Məhkəməsində mənzilinin üzərindən həbsin götürülməsi barədə iddia qaldırıb. Bu dəfə də hakim Ayaz Məmmədov Rəhilə Abdullayevanın iddiasını təmin edib. Hakim necə öz qərarına əks qərar qəbul edə bilər?

Əgər Rəhilə Abdullayeva haqlı idisə o zaman mənim iddiam niyə təmin edilmişdi? Məgər Ayaz Məmmədov həmin vaxt işin hallarını araşdırmamışdımı? Bu da məndə haqlı şübhələrə səbəb olub ki, hakim ədaləti deyil, korporativ maraqları üstün tutub”.

Elmira İsmayılova deyir ki, Rəhilə Abdullayeva borcu qaytarmamaq üçün müxtəlif üsullara əl atıb. “Evi əvvəlcə Türkiyədə yaşayan böyük qızının adına keçirmişdi. Sonra isə kiçik qızına bağışladı.

Bu, əslində qanunsuzdur. Çünki bu ev artıq mübahisəlidir. Rəhilə Abdullayeva həbs qoyulmuş digər əmlkaları da ortadan çıxara bildi. Beləliklə, əlimdə məhkəmə qərarı ola-ola pulumu ala bilmirəm".

Müraciətin sonunda Elmira İsmayılova ölkə rəhbərliyindən, aidiyyəti qurumlardan və bütün media nümayəndələrindən bu məsələnin həlli barədə kömək istəyib.

Yazıda adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq

Ardını oxu...
24 yaşlı Sahilə Əsədovanın ölümünə görə həkim-cərrah Teymur Əlləzov cinayət məsuliyyətinə cəlb olunub.

64 yaşlı cərrah səhlənkarlıqda ittiham olunur.

Sahilə Əsədovanın yaxınları deyir ki, hələ əməliyyatdan əvvəl də həkim laqeydliyilə üzləşiblər.

Həyat yoldaşı Cavid Əsədovun sözlərinə görə, gecə saat 1 radələrində Sahilənin ağrısı başlayıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin mama-ginekoloqu Şəfəq Əliyeva ilə əlaqə saxlayıblar. Həkim xəstəxanaya gəlmələrini istəyib:

“Dərhal xəstəxanaya apardıq. Şəfəq həkim dedi ki, UZİ-dən keçməlidir. UZİ həkimini çağırdılar, gəlmədi. Dedi ki, xəstəni onun evinə aparaq. Evdə müayinə eləyəcək. Gecə yarı Türkmən kəndinə gedib, iki saat onun evini axtarmışıq. Evi tapıb, evdə UZİ elətdirəndən sonra yenə xəstəxanaya qayıtdıq”.

Mama-ginekoloq Şəfəq Əliyeva ultrasəs müayinəsinin (USM) nəticəsinə baxıb, Sahilə Əsədovanın qeysəriyyə əməliyyatına salınmasına qərar verib.

Səhər saat 6 radələrində oğlan uşağı dünyaya gəlib:

“Şəfəq həkim dedi ki, əməliyyat uğurlu keçib. Məni Sahilə ilə telefonla danışdırdılar. O da dedi ki, hər şey yaxşıdır. Saat 10-11 olardı, Şəfəq həkim dedi ki, Sahilənin vəziyyəti yaxşı deyil, ürəyində, böyrəklərində problem var. Bir müddət sonra onu təcili yardımla Bərdə Rayon Diaqnostika Mərkəzinə apardılar. Orada bir gün qaldı. Deyirdilər ki, vəziyyəti yaxşılaşır. Bir müddət sonra baş həkim Vüsal müəllimlə Yamən həkim onun öldüyünü xəbər verdilər”.

Cavid Əsədov deyir ki, həyat yoldaşının əməliyyatında cərrah Teymur Əlləzovun da iştirak etdiyini sonradan bilib.

Onun sözlərinə görə, Sahilənin yas mərasiminə bir neçə həkim gəlib. Şəfəq həkim ona maddi yardım kimi, 7 min manat pul verib.

Həyat yoldaşının səhlənkarlıq ucbatından ölməsi barədə şikayətindən sonra həmkənlisi Rəfael Hüseynov ona Teymur Əlləzovun 30 min manat pul təklif edib:

“Maraqlandım ki, Teymur həkim niyə mənə bu qədər pul vermək istəyir? Sonradan bildim ki, o da əməliyyatda iştirak edib və Sahilənin ölümündə onun da rolu olub. Onun günahı olduğunu Şəfəq həkim də demişdi”.

“Əməliyyata girməsəydim, qəsdən adam öldürmə olardı”

Teymur Əlləzov isə özünü təqsirli bilmir. O deyir ki, əməliyyatı qaydalara uyğun keçirib, səhlənkarlığa yol verməyib. Onu əməliyyata həmin gecə növbədə olan mama-ginekoloq Şəfəq Əliyeva çağırıb:

“Şəfəq həkim mənə sənədləri təqdim eləyəndə xəstənin ağrıları tutmuşdu, baş suyu açılmışdı. Bu halda analizin cavabı nə olursa olsun, xəstə əməliyyat olunmalıdır. Geriyə yol yoxdur. Onda əməliyyata girməsəydim, bu artıq qəsdən adam öldürmə olardı. Onun təzyiqi ölənə kimi 160-170-dən aşağı enmədi. Bu da böyrək patologiyasının bir nömrəli göstəricisidir. Cərrahiyyə əməliyyatı ideal formada keçirilib, əməliyyat zamanı xəstədə patoloji qanaxma olmayıb. Ölümə səbəb orqanizmdə gedən dəyişikliklərdir. Protokol qaydaları mama-ginekoloq tərəfindən pozulub…”.

Yaxınları deyir ki, Sahilə Əsədova hamiləlik dövründə Tərtərdə Ləman həkimin nəzarətində olub. Həkim ona bir sıra müalicələr yazıb. Son aylarda isə Bərdəyə – Şəfəq Əliyevanın yanına gəliblər. Onun göndərişləriylə analizlər verib, USM-dən keçib, nəticələri də ona təqdim ediblər.

“Qan analizlərinin cavabı gec çıxır, ona görə gözləməyib əməliyyata saldıq”

Araşdırmalar zamanı məlum olub ki, Sahilə Əsədova əməliyyata salınanda həkimlərin əlində yeni analizlərin cavabı olmayıb.

“Sidik analizinin cavabı tez çıxır. Qan analizinin cavabı isə gec çıxır. Ona görə məcbur olub, xəstəni əməliyyata götürdük. Ümumiyətlə, 10 gün əvvəl götürülmüş qan analizlərinin cavabı əməliyyat üçün keçərli olur. Xəstə təcili əməliyyat olunmalıydı, ona görə yeni analizlərin cavabını gözləmək əməliyyata qaldıq”, – Şəfəq Əliyeva belə əsaslandırıb.

Teymur Əlləzov deyir ki, Sahilə Əsədova hələ Tərtərdə həkim müayinəsində olanda onda hipertaniya, kəskin formada anemiya olduğu müəyyənləşib:

“Ambulator kartadan görünür ki, orada güclü müalicə yazılıb, lakin xəstə həmin müalicəni almamışdır. 15 gündən sonra təkrar müayinədə tromositlərin kəskin enməsi, qanın faizinin aşağı düşməsi və dayanıqlı hipertaniya əlamətlərinin olması bir daha xəstənin yazılmış müalicəni almamasını göstərir. Sonradan Şəfəq həkimin yanına gəliblər. O, müayinəni çox səthi aparıb. Xəstəni stasionar müalicəyə cəlb eləmək, ciddi nəzarətə götürmək əvəzinə nəzarətsiz buraxılıb”.

Həkim: “Xəstənin həkimləri məni xəstəxanaya aparır, ona görə…”

Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-radioloqu Leyla İsgəndərova hadisə günü xəstəxanaya çağırışa gəlmədiyini, USM aparatını evində istifadə etdiyini təsdiqləyir. O, etiraf edib ki, gecə saat 5 radələrində Sahilə Əsədovanı yaxınları onun evinə gətiriblər.

Leyla İsgəndərova xəstəxanaya getməməsinin səbəbini izah edərkən deyib ki, həmin vaxt həyat yoldaşı başqa ölkədə idi. Bu səbəbdən gedə bilməyib:

“Yaşadığım Türkmən kəndi ilə xəstəxananın arası maşınla 6 dəqiqəlik yoxdur. Bəzi hallarda xəstənin yaxınları gəlib, məni xəstəxanaya aparır. Sahilə Əsədovanın ailə üzvlərinə mənim nömrəmi vermişdilər. Əlaqə saxlayıb, özləri evə gətirdilər. Zəngdən 15 dəqiqə sonra gəldilər. Evimi iki saat axtarmaları haqda deyilənlər doğru deyil. Müayinədə istifadə elədiyim aparat sertifikatlaşdırılmış, standartlara cavab verən, daşınan USM aparatıdır. İki ildir ki, həmin aparatla işləyirəm”.

14 ildir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında işlədiyini deyən Leyla İsgəndərova onu da etiraf edib ki, evdə xəstəni USM müayinəsindən keçirməklə bağlı icazəsi yoxdur.

Mama-ginekoloq Şəfəq Əliyeva mərhumun ailəsinə 7 min manat pul verməsi barədə qarşı tərəfin dediklərinə də cavab verib.

O bildirib ki, zərərçəkmiş tərəf özü maddi yardım üçün ona müraciət edib:

“Dedilər ki, heç qənd almağa imkan yoxdur. Biz də ona görə həkimlər olaraq toplaşıb, maddi yardım elədik”.

“Əslində, mama-ginekoloq əməliyyat eləməliydi…”

Ekspertiza rəy verib ki, 24 yaşlı ananın ölümünə görə cərrah məsuliyyət daşıyır, çünki əməliyyatdan sonra xəstənin durumuna o cavabdehdir.

Bununla belə, ekspert vurğulayıb ki, əslində, hamilə qadın xəstəxanaya daxil olursa, onu mama-ginekoloq əməliyyat etməlidir. Xəstənin durumu dəyişərsə, səhhəti pisləşərsə, reanimatoloq, mama-ginekoloq və cərrah köməkləşib, bununla məşğul olmalıdır:

“Qeysəriyyə əməliyyatını ginekoloq icra etməlidir. Əgər növbədə olan ginekoloq əməliyyat edə bilmirsə, həmin ginekoloqun növbədə olması düzgün deyil. Qeysəriyyə əməliyyatında cərrah, ancaq asisent kimi iştirak edə bilər”.

“Sahilə Əsədova ilə bağlı durumda əməliyyatın belə alınması ginekoloqun günahıdır. Amma cərrah əgər öz üzərinə məsuliyyəti götürüb əməliyyat edirsə, məsuliyyəti cərrah daşıyır. Sahilə Əsədovanın əməliyyatı düzgün icra edilib. Ölümün səbəbi əməliyyatdan sonrakı dövrdə baxımsızlıq olub. Əməliyyatdan sonra qanaxma olub, onu dayandırmayıblar”, – deyə ekspert rəyində vurğulanır.

Teymur Əlləzova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 2 il cəza verilib.

Eyni zamanda, onun üzərinə zərərçəkmiş ailəyə 5 min manat təzminat ödəmək öhdəliyi qoyulub. Amma cərrah bu hökmlə razılaşmır.
 

Ardını oxu...
Tərtər rayon sakini Vüsal Mehdiyev deyir ki, rüşvət hallarına, rəhbərliyin özbaşınalıqlarına etiraz etdiyinə görə işini itirib.

Onun sözlərinə görə, baş verən qanunsuzluqların qarşısını almaq əvəzinə, özünü işdən çıxarıblar.

“Nazir məni ona görə göndərməyib ki, buradakı qanunsuzluqlara şərik olum”

35 yaşlı Vüsal Mehdiyev Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsində işləyirdi.

Onun sözlərinə görə, illər öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna düşüb, atasının şəhid olduğunu və ailənin dolanışığı üçün işə ehtiyac duyduğunu onun nəzərinə çatdırıb:

“Atam Qaçay Mehdiyev Tərtərin ilk şəhididir. Nazir vətəndaşları qəbul edəndə mən də getdim. Vəziyyətimiz barədə məlumat verdim. Sağ olsun, dərhal göstəriş verdi, məni işə götürdülər. 2013-cü ilin noyabrından işləyirəm”.

Vüsal Mehdiyev deyir ki, Tərtər Rayon Dövlət Yanğından mühafizə hissəsində işə başlayandan orada rüşvət və başqa formada qanunsuzluqların şahidi olub:

“İşçilərdən pul toplanmasından tutmuş, hadisələrin sayının şişirdilməsinə qədər müxtəlif cür qanunsuzluqlar olurdu. Mən də saxtakarlıqlara susmadığıma görə təxminən 3 ay sonra yanğından mühafizə hissəsinin rəisi Mübariz Əliyevlə aramızda problem yarandı. O hesab edir ki, nə istəsəm eləyə bilərəm, işçi kimdir ki, mənə irad bildirsin? Məni sıxışdırmağa başladı. Nazirin adına teleqram vurub, baş verənləri çatdırdım. Dedim, nazir məni ona görə göndərməyib ki, buradakı qanunsuzluqlara şərik olum. Bundan sonra yalvar-yaxar elədi ki, ondan şikayətçi olmayım”.

“Deyir ki, əcəb eləyirəm, mənim dayağım da var, topum da, topxanam da…”

Səhhətində ciddi problemlər olduğunu deyən Vüsal Mehdiyevin sözlərinə görə, bu üzdən bir neçə dəfə ona xəstəlik vərəqi (bülleten) açılıb.

O vurğulayıb ki, heç vaxt əsassız işdən qalmayıb. Bütün sənədlər də xəstə olduğunu təsdiqləyir:

“Mən mədə və prostat problemlərindən əziyyət çəkirəm. Özləri də bunu yaxşı bilir. Amma Mübariz Əliyev bunu bildiyi halda, xəstəxanaya göstəriş verib ki, mənə bülleten açmasınlar. Təsəvvür edin, əlimdə həkim sənədi ola-ola işə gəlmədiyim müddətin maaşını kəsdilər. Düzdür, adamlar var ki, xəstə olmadığı halda, bülletenə çıxır. Məndə elə deyil axı…”.

Vüsal Mehdiyev deyir ki, Mübariz Əliyevin təzyiqlərinə dözməyib, bir müddət əvvəl baş verənləri ictimailəşdirib – başına gələnlər sosial şəbəkələrdə yayılıb.

Onun sözlərinə görə, fövqəladə hallar nazirliyinin daxili təhlükəsizlik baş idarəsinin rəisi Seymur Qaraşov sosial şəbəkələrdə yayılan videonun silinməsini tələb edib.

“Əslində, atılmalı addım özbaşınalıqların qarşısının alınması, rüşvətxorluq edən, qanunsuzluq edən adamların cəzalandırılması olmalıydı. Görünür, elə buna güvənərək Mübariz Əliyev ona etiraz eləyən işçiyə deyir ki, əcəb eləyirəm, mənim dayağım da var, topum da, topxanam da. Onun bu cür davranışlarının nəticəsidir ki, Bərdə rayonunda işlədiyi dövrdə etiraz olaraq, bir işçi özünü yandırmışdı. Hamını bezdirib. Artıq məni də o həddə çatdırıblar”.

FHN: “Qanunun tələbini pozduğuna görə işdən çıxarılıb”

Vüsal Mehdiyev təxminən iki ay əvvəl işdən çıxarılıb.

Deyir ki, səhhətində ciddi problemlər olan 2 yaşlı da daxil, ailə üzvləri çətin vəziyyətdədir:

“Himayəmdə bir tərəfi işləməyən xəstə uşağım var. Şəhid anası və şəhidin həyat yoldaşı – nənəm və anam da mənim himayəmdədir. Şəhid ailəsinin durumuna belə laqeyd münasibət yolverilməzdir”.

Vüsal Mehdiyevin həm özü, həm də anası Əntiqə İsmayılova onun işə bərpası üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib, amma müraciətlərinə müsbət cavab ala bilməyiblər.

Nazirliyin daxili təhlükəsizlik baş idarəsinin rəisi Seymur Qaraşov bildirib ki, Vüsal Mehdiyev “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun tələblərini pozduğuna görə nazirin əmrilə işdən çıxarılıb.

Meydan TV
Ardını oxu...
Keçən günlərdə sabiq deputat Əsabil Qasımovun Rusiyanın tikinti sektoruna 100 milyonlarla dollar həcmində sərmayə qoyması yerli KİV-də etirazla qarşılandı ki, bu da səbəbsiz deyildi. Belə ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin yerli iş adamlarına işğaldan azad olunmuş torpaqlarımızın yenidaən inşa olunmasına sərmayə qoymaları ilə bağlı etdiyi çağırış keçmiş deputat tərəfindən qulaqardına vurulmuş oldu. Dia-az info bildirir ki, indi də anoloji addımı keçmiş yox, bu dəfə həm də hazırda da cibində deputat mandatı gəzdirən bir inşaat maqnatı atmış oldu.
Söhbət Milli Məclisin deputatı Ağalar Vəliyevdən gedir. Dia-az.info bildirir ki, o da eyni qaydada Prezidenin məlum çağırışına qoşulmayanlardan hesab olunur. Dövlətimizin az qala bütün dostluq münasibətlərini məhz Qarabağın inşasına yönəltdiyi bir məqamda Ağalar Vəliyev kimiləri məhz bu dövlətdən qazanndıqlarını - əslində isə oğurladıqlarını xaricə transfer eməkdədir...
Dia-az.info-nun xəbərinə görə, deputatın oğlu Pərviz Vəliyev Gürcüstanın Kabuleti kurort şəhəri, Agmashenebeli küçəsində (277 və 313) iki binanın tikintisi üçün 1.648.000 və 2.550.000 lari dəyərində torpaq sahələri alıb.
Qeyd edək ki, deputatın oğlunun tikdirəcəyi binalar biri 30 milyon və digəri 20 milyon dollar olmaqla layihələndirilib və təsdiq edilib.
Məlumat üçün qeyd edim ki, Pərviz Vəliyev Gürcüstanda qeydiyyatdan keçmiş CRYSTAL BUILDİNG LTD-nin 50 faiz payçısıdır.
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti