Ardını oxu...
Və ya Sahil Babayev hansı səbəblərdən özünün kütləvi reklamına ehtiyac hiss edib?

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi - DOST TV – internet televiziyasının fəaliyyətə başlaması barədə məlumat verildi. Məlumatda deyildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV-də əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları əhatə olunacaq, sosial yeniliklər, islahatlar, sosial hüquqlar və s. barədə məlumatlar çatdırılacaq. Sosial məsələlərlə bağlı suallar da nazirlik rəsmilərinin iştirakı ilə birbaşa cavablandırılacaq.

Təbii ki, əhalinin maarifləndirilməsi və xeyli sayda jurnalist həmkarımızın işlə təmin olunması baxımından müsbət layihə kimi qəbul oluna bilər. Ancaq o halda ki, söhbət normal, effektiv, şəffaf və necə deyərlər, “əhaliyə canı yanan” bir nazirlikdən gedərsə (əgər ümumiyyətlə, Azərbaycanda belə birisi varsa-C.M.). Yəni, necə deyərlər, “avazın yaxşı gəlir, oxuduğun Quran olsa”...

Təəssüf ki, indiyə qədərki mənzərə göz önünə alınanda, nədənsə yeni televiziya layihəsinin əhalidən çox nazirliyin və nazirin maraqlarına, piarına xidmət edəcəyinə dair şübhələr yaranır. Ümumiyyətlə, son zamanlar sözügedən nazirliyin və şəxsən nazir Sahil Babayevin mətbuatda reklamı xeyli artıb. Xüsusilə də ölkənin ən tanınan rusdilli saytlarından biri mütəmadi olaraq, az qala hər gün nazirliyin bu və ya digər tədbirləri, xüsusilə də S.Babayevin fəaliyyəti, görüşləri, səfərləri barədə məlumatlar yayır. Adətən bu məlumatlar müsbət mesajlar və təriflərlə “bəzədilir”. Hansı ki, əvvəllər nə sözügedən nazirlik, nə də nazirlə bağlı bu tendensiya müşahidə olunmurdu.

S.Babayevin hazırda hansı səbəblərdən bu cür reklama ehtiyacının yarandığını demək çətindir. Bu, onun hakimiyyət daxilindəki mövqeyinin, vəzifəsinin itirilməsi təhlükəsindən tutmuş daha yüksək posta iddialara qədər müxtəlif səbəblərlə bağlı ola bilər. Ümumiyyətlə, indiki hökumətdə özünü reklam etdirmək istəyən nazirlər və digər yüksək vəzifəlilər az deyil, amma indiyə qədər bunun üçün televiziya yaradanına rast gəlməmişik...

Lakin bizi düşündürən daha çox nazirin şəxsi karyera məsələləri yox, belə bir televiziyanın – bahalı bir layihənin, bu nazirliyin nəyinə, harasına yaraşmasıdır. Söhbət əhalinin sosial təminat sarıdan zəif, kasıb təbəqəsinin, əlillərin, qazilərin və s. ən çox şikayət etdiyi, fəaliyyətindən narazı qaldığı nazirlikdən gedir.

Maraqlıdır ki, bu nazirlik və onun obyektləri, şirkətləri və s. olan yüksək gəlirli vəzifə sahibləri yaşa görə 220 manat müavinət, 240 manat pensiya alan vətəndaşa həmin televiziyadan nəyi və hansı üzlə deyəcək, izah edəcək? Öz missiyasının, vəzifəsinin fəlsəfəsini anlamayan, anlamaq istəməyən, ona görə də dövlətin əhalinin kasıb təbəqəsinə, əlillərə, pensiyaçılara verdiyi vəsaitin artırılması yox, kəsilməsi, “qənaət edilməsi” ilə fəxr edən bir nazirliyin və onun başında duran şəxsin bu “qara camaata” xitab etməyə sözü və buna mənəvi haqqı varmı?

Bəlkə xırda və mənasız bəhanələrlə süründürməçiliyə məruz qoyulan, nəticədə əlillik müavinəti aylarla, illərlə, ya da birdəfəlik kəsilən əlil vətəndaşa deyəcək nələrisə var?

Bəlkə kənd camaatına min əzab-zillətdən, süründürməçilikdən və “qara-qura” alış-verişdən sonra verdikləri sınıq-salxaq mal-qaranı, qoyun-quzunu göstərəcəklər?

Görəsən, “uşaq pulu”nun verilməsinin ən qızğın əleyhdarlarından olan nazir Babayev kirayələrdə yaşayan, fəhləlik edib övladına od bahasına uşaq yeməyi alan və kasbçılıq ucbatından ailəsi hər an dağılmaq təhlükəsilə üz-üzə qalan azərbaycanlı gəncə özünün və hökumətin “uşaq pulu inadkarlığını” necə izah edəcək həmin televiziyadan?

Yeri gəlmişkən, S.Babayev “uşaq pulu” verilməməsini onunla izah etmişdi ki, “ölkədə demoqrafik vəziyyət yaxşıdır və əhalinin artımının stimullaşdırılmasına ehtiyac yoxdur”. Yəni, əhaliyə hər uşağa görə 100 manat versələr, millət artıb-törəyə bilər, bu isə nazirin dediyinə görə, dövlətə, hökumətə lazım deyil. Doğrudanmı belədir?

Axı, heç bir dövlət, o cümlədən Azərbaycan dövləti bu cür düşünə bilməz və sözsüz ki, düşünmür də! Belə olan halda, millətə, xalqa qarşı belə bir aşağılayıcı zehniyyətin, düşüncənin sahibinin indiyə qədər nazir postunda qalmasının özü bir möcüzədir və yəqin ki, nazir Babayev yaratdığı yeni televiziyada bu möcüzənin də sirrini açıqlayacaq...

Yeri gəlmişkən, son statistikaya görə, Azərbaycanda kişilərin 48 faizi pensiya yaşına çatmamış dünyasını dəyişir. Ancaq yəqin ki, bu statistika Azərbaycandakı demoqrafik durumla bağlı "özünəməxsus mövqeyi" olan nazir Babayevi qətiyyən kədərləndirmir...

Cəlal Məmmədov

“AzPolitika.info”
 

Ardını oxu...
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Göründüyü kimi, 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. 44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 anklav olmayan kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdədir. Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə oldu.
Beləliklə, Azərbaycan Prezidenti xalqına verdiyi növbəti sözün üzərində durdu və həyata keçirdi.

Azərbaycanın növbəti uğurunu “Sherg.az” dəyərləndirən millət vəkili Aydın Hüseynov bildirib ki, uzun müddət Ermənistanın işğalı altında olan Azərbaycana məxsus 4 kəndin qaytarılması Cənab Prezident İlham Əliyevin siyasi qələbəsidir:
“Eyni zamanda, bu Azərbaycanın diplomatik müvəffəqiyyətidir. Əslində işğal altında olan bütün ərazilərimizi Azərbaycan ordusu geri qaytarmağa qadirdir. Sadəcə olaraq Ali Baş Komandan qan tökülməsinin həmişə əleyhinə olub. Anklav olmayan kəndlərin yaxın müddətdə azad olunması ölkə Prezidentimizin bütün proseslərin sülh yolu ilə həll edilməsi istiqamətindəki mövqeyinin nəticəsidir. Bildiyimiz kimi, Azərbaycan Ermənistanla sülhün əldə olunması üçün şərtlər irəli sürüb. Kəndlərin qaytarılması delimitasiya və demarkasiya prosesinin başlanğıcıdır. Digər tərəfdən Rusiya sülhməramlılarının Qarabağdan çıxması iki ölkə Prezidentləri arasında olan razılaşmanın nəticəsidir. Bunların fonunda isə Cənubi Qafqazda sülh üçün böyük zəmin yaranır. Azərbaycan Cənubi Qafqazda siyasi və iqtisadi baxımdan güc mərkəzidir. Cənubi Qafqazın dünyada əhəmiyyətli rol oynayacaq iqtisadi məkana çevrilməsi İlham Əliyevin böyük layihələrinin tərkib hissəsi olan Orta Dəhlizin verəcəyi bəhrələrdir. Orta Dəhliz layihəsinin uzun illər fəailiyyət göstərməsi üçün stabillik lazımdır. Həmin stabillik isə Cənan Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə əldə olunub. Bütövlükdə qazanılan naliyyətlər Azərbaycanın siyasi, iqtisadi nüfuzunun göstəricisi, ordusunun qüvvətidir. Eyni zamanda, Azərbaycanın dünyada söz sahibi olmasının təzahürləridir”.
Ardını oxu...
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, bina 11d, mənzil 28-də yaşayan Əsgərova Mahizər Yunus qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi komunal xərclərin nəğd ödənişindən narazıdır:

“Mən, Əsgərova Mahizər Yunus qızı, yazaraq sizə bildirirəm ki, yaşadığım ərazidə kommunal xərclərə görə ödənişləri terminal vasitəsilə ödəməyə icazə vermirlər. Belə ki, pulu bizdən nəğd alırlar. Ödəniş etdikdə isə çek verilmir.

Kommunal xidmət idarələrinin əməkdşalarına deyəndə ki, ödənişi terminal vasitəsilə etmək istəyirəm, deyirlər, yox, olmaz. Mən bilmirəm, bu problemi kimə deyim. İndi hansı zəmanədir ki, kommunal ödənişləri nəğd şəkildə yığırlar?!

Ona görə, istədim ki, problemimi ictimailəşdirəsiniz. Bilirəm ki, məmnim kimi bu problemdən əziyyət çəkən çox sayda sakin var”.

Ardını oxu...
 
Ardını oxu...
“AzəriMed” QSC İnzibati Xətalar Məcəlləsinin gömrül qaydaları əlehyinə olan maddəsini pozub. Tribunainfo.az xəbər verir ki, QSC İXN-nin 485.2-ci maddəsini pozduğuna görə cərimələnəcək. Belə ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “AzəriMed”in işinə 30 aprel tarixində Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq. Bu şirkətin deputat Kamaləddin Qafarova aid olduğu bildirilir. K.Qafarov bir sıra firmalara sahibdir.

“Azeri Med” QSC-nin Kəmaləddin Qafarova məxsus olduğunu təsdiq edən başqa fakt da var. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Bu ünvanda Kəmaləddin Qafarov və ailə üzvləri də qeydiyyatdadır. 6 noyabr 2020-ci ildə şirkətin reyestr sənədlərinə dəyişiklik edilib. Görünür, həmin vaxt ünvan da dəyişdirilib.

Dəyişikliyin 2020-ci ildə edilməsi təsadüfi deyil. Bu dəyişikliyə qədər növbədənkənar parlament seçkiləri keçirilib və Kəmaləddin Qafarov deputat mandatı qazanıb. Deputat olduqdan sonra onun sahibi olduğu şirkətlər, o cümlədən “Azeri Med” QSC diqqət mərkəzinə gəlib. QSC-nin 2020-ci ildə qalib gəldiyi tenderlərlə bağlı araşdırma yazılarında şirkətin Kəmaləddin Qafarova məxsus olması həm də yuxarıda qeyd etdiyimiz hüquqi ünvanla əsaslandırılıb. Bu da deputatı şirkətin hüquqi ünvanını dəyişməyə məcbur edə bilər. Çünki qanunvericilikdə deputatın biznes fəaliyyətilə məşğul olması yasaqdır.

Mediada yayılan məlumatlara görə, “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azeri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC və “Naturalist” şirkətləri də Kəmaləddin Qafarovun idarəçiliyindədir O, əvvəl MOM baş direktorunun müavini olub. Parlament üzvü olduqdan sonra da biznes əlaqələri inkişaf edib. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
Mediada Türkiyənin Kayseri şəhərindəki Azərbaycan Qardaşlıq Parkında Şuşa Azərbaycan Evinin açılış mərasimi keçirilməsi ilə bağlı xəbərlərə rast gəldik. Məlumatda bildirilirdi ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Kayseri Böyükşəhər Bələdiyyə başqanı, Talas Bələdiyyə başqanı, Türkiyə parlamentinin Kayseridən olan millət vəkilləri, yerli ictimaiyyətin nümayəndələri, bu şəhərdə yaşayan və təhsil alan soydaşlarımız iştirak ediblər.

Tədbirdə Kayseri Böyükşəhər Bələdiyyəsinin başqanı Memduh Büyükkılıç qeyd edib ki, Azərbaycan Evinin açılışı iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin uzaqgörən siyasətinin, “bir millət, iki dövlət, tək yumruq” olmağın nəticəsidir.

Mətləbə keçməzdən əvvəl vurğulayaq ki, Əliyev-Ərdoğan siyasi müttəfiqliyini kiçik bir muzeyin açılışı səviyyəsinə endirməyin özü siyasi səbatsızlıq və naşılıqdır - adı nə olursa, olsun, hətta simvolik ifadə olaraq işlənsə belə...

Əlbəttə, fikrimiz həmin tədbirdə edilən çıxışları təftiş və tənqid etmək deyil. Nədən ki, türkiyəli qardaşlarımızın oradakı iştirakının və söylədiklərinin səmimiyyətinə zərrə qədər şübhə etmirik.

Diqqətimizi çəkən Diasporla İş üzrə Dövlət Komitəsinin xeyir-duası və bəlkə də maliyyə dəstəyi (bu barədə açıq mənbələrdə hər hansı bir məlumat qeyd edilməyib) ilə mədəniyyət ocağının yaradılmasıdır. Belə təsisatlar adətən ölkəmizin haqlı mövqeyinin, tariximizin, mədəni irsimizin təbliği, Azərbaycan mədəniyyətinin, tarixinin təbliğatı məqsədilə yaradılır. Bu təşkilatlar – Azərbaycan Evləri Prezident İlham Əliyevin göstərişinə əsasən yaradılır və qeyd olunan missiyanın həyata keçirilməsində müstəsna rol oynaya bilər. Azərbaycan evlərinin düzgün təşkili və idarə edilməsi dövlətimizin və xalqımızın əleyhinə qara PR kampaniyalarının aparıldığı bir vaxtda haqlı mövqeyimizin müdafiəsi, haqq səsimizin müfaviq ünvanlara çatdırılması və təbliği işinə də önəmli töhfələr verə bilər.

Əlbəttə, bu evlərin öz işlərinin öhdəsindən necə və hansı səviyyədə gəldiyini, necə fəaliyyət göstərmələrini bir kənara qoyuruq. Növbəti yazılarımızda həmin evlərin fəaliyyəti barədə materiallar hazırlayıb təqdim edəcəyik. İndi isə vurğulamaq istədiyimiz məsələ bu cür evlərin qardaş ölkədə və ya ölkələrdə təşkil edilməsi ilə bağlıdır...

Əvvəla, ondan başlayaq ki, Ümummilli Lider Heydər Əliyev demişkən, “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Türkiyə cəmiyyətində Azərbaycana qarşı xüsusi sevgi və rəğbət var.

İkincisi, Türkiyədə Azərbaycan adına fəaliyyət göstərən, Azərbaycana çox doğma münasibət bəsləyən saysız-hesabsız qeyri-hökumət təşkilatları, siyasi xadimlər, dini icmalar, partiyalar var. Həmin subyektlər ölkəmizə və xalqımıza təbii sevgidən doğan istəklə təmənnasız xidmət göstərirlər.

Bundan başqa, Prezident Administrasiyasının müvafiq şöbəsi, diplomatik korpusumuzun, SOCAR-ın, elə Diasporla İş üzrə Dövlət Komitəsinin özünün himayə etdiyi və işlədiyi bir çox siyasi, ictimai və mədəni yönümlü subyektlər var ki, Azərbaycan barədə faydalı layihələr icra edirlər.

Bizimlə razılaşmayanlar iddia edə bilərlər ki, Türkiyə nə qədər qardaş dövlət olsa da, oradakı erməni icmaları müəyyən gücə malikdir və davamlı olaraq ölkəmiz əleyhinə lobbist fəaliyyəti göstərirlər. Bunları nəzərə alaraq arxayınlaşmaq düzgün deyil. Biz də arxayınlaşmanı düzgün saymırıq, əksinə mövcud təşkilatların fəaliyyətinin davam etdirməsini tövsiyə edirik. Lakin bu qədər təşkilatın fəaliyyəti fonunda Türkiyədə “Azərbaycanın tanıdılması, yaxud təbliği” adına yeni diaspor təşkilatlarının, mədəniyyət mərkəzlərinin açılışına ehtiyac varmı?

Qeyd etdiyimiz kimi, Türkiyədə onsuz da bu məqsədlə yaradılan və ciddi fəaliyyət göstərən təşkilatlar və mərkəzlər var. Belə olan təqdirdə, hər il Türkiyədə diaspor işi ilə bağlı külli miqdarda büdcə vəsatinin xərclənməsi məntiqlidirmi?

Ardını oxu...
Türkiyədəki diaspor adı altında xərclənən həmin vəsaitləri, istifadə olunan enerjini naqis qonşularımızın və onların havadarlarının əleyhimizə haqsız təbliğat apardığı Qərb cəmiyyətlərində diaspor və lobbi fəaliyyətinin gücləndirilməsinə yönəltmək daha düzgün və faydalı olmazmı?

Komitə Türkiyədə yeni təşkilatlar açınca, həmin Azərbaycan Evlərini Qərb cəmiyyətlərində təşkil etsə, qapısı bağlı qalmış diaspor dərnəklərini canlandırsa, daha yaxşı olar.

Əziz dostlar və düşmən olmayanlar... Türkiyədə bu qədər Azərbaycan evinə nə hacət, Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?

Diaspora.TV-nin
Analitik Qrupu
 
Ardını oxu...
Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.
Yeniavaz.com xəbər verir ki, “TAİS-İKF” MMC DİM-in sifarişi ilə bu quruma yeməklərin hazırlanması xidməti göstərəcək və qarşılığnda 201 min 662 manat alacaq.
Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC 30 iyun 1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.
Onu da bildirək ki, hazırda “TAİS-İKF” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 19 min 976 manat 70 qəpik vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
DİM-in tender müsabiqəsiylə bağlı sənəd qəbulu bu ilin fevral ayında keçirib. “TAİS-İKF” MMC-nin fevral ayında vergi borcu olmayıbsa, o zaman 20 min manatlıq borc son bir ay ərzində yaranıb.
Qeyd edək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.
Ötən ilin aprel ayında Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə barədə məlumat yayılıb. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama verilib. Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub.
“TAİS İKF” MMC ilə bağlı daha bir qalmaqallı hadisə 2022-ci ildə baş verib. Sevil Xanbabayeva adlı şəxs sosial şəbəkələrdə videomüraciət yayaraq bildirib ki, o “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında xadimə kimi çalışır. Sevil Xanbabayeva iddia edib ki, metropolitenin işçiləri Rafail adlı şəxsin bağında qanunsuz işlədilir. Daha sonra məlum olub ki, “Bakı Metropoliten” QSC-nin təmizlik işləri ilə bağlı keçirdiyi tender müsabiqəsinin də qalibi “TAİS İKF” MMC olub.
 
 
 

Ardını oxu... 
 Bakı şəhəri, Pirallahı rayon sakini Vüsalə Suvarova icra başçısı Vasif İmanovdan şikayətçidir.
 
GUNDEMXEBER.AZ bakupost-a istinadla xəbər verir ki, o bu barədə bizimlə müsahibəsində bildirib.V.Suvarova deyib ki, atası Suvarov Vəfalı Gülhəsən oğlu 1994-cü ildə Ağdamın Güllücə kəndinə şəhid olub.Vüsalə Suvarovanın sözlərinə görə, atası müharibəyə getməzdən öncə ona yaşadıqları binanın qarşısında torpaq sahəsi verilib:"Atam şəhid olduğu üçün uzun müddət həmin ərazidə heç bir iş görə bilmədik. 
Ardını oxu...
2011-ci ildə isə atamın şəhidlik puluyla orada obyekt tikdik və saç ustası kimi fəaliyyət göstərməyə başladım. 2013-cü ildə Vasif İmanov Pirallahı rayonuna icra başçısı təyin ediləndən sonra bizimlə görüşdü ki, sizin obyektinizi sökməliyəm, yerində uşaq meydançası salınacaq. O, bunun qarşılığında bizə başqa yerdə obyekt verəcəyini vəd etdi".Amma icra başçısı vədinə əməl etməyib. Nə sökülən tikilinin əvəzinə nəsə verilib, nə də həmin sahədə uşaq meydançası tikilib:"Düz 11 ildir, icra başçısı bizi süründürür, hörmətsilik edir, aşağılayır. Mənim atam bizi dövlətə etbar edib, gedib şəhid olub. Dövlətsə dəstək olmaq əvəzinə əmlakımızı əlimizdən alır, yeganə çörək yerimizi qapadır".Daha ətraflı videoda:

GUNDEMXEBER.AZ


Ardını oxu...
Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında yeni dərslik və metodik vəsaitləri hazırlaycaq, həmçinin hazırlanan dərslik və metodik vəsaitləri təkrar nəşr üçün təkmilləşdirəcək.

Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.

ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir.
Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.

Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr məlumatlarında göstərilib ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.

Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.
Ardını oxu...

Qeyd edək ki, Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir. Ramiz Mehdiyevin müəllifi olduğu əksər kitablar da “Şərq-Qərb” nəşriyyatında çap olunub.

Onu da bildirək ki, bir neçə il əvvəl Hesablama Palatası Baş Prokurorluğa müraciət edib ki, 2019-cu ildə AMEA ilə “Şərq-Qərb” ASC arasında imzalanan 10,4 milyon manatlıq müqavilədə cinayət tərkibi olduğu üçün istintaq başlatsınlar. Hesablama Palatasının haqqında bəhs etdiyi müqavilə imzalanan zaman Ramiz Mehdiyev AMEA-nın prezidenti olub.

Maraqlıdır ki, barəsində Baş Prokurorluğa müraciət edilən “Şərq-Qərb” ASC əvvəlki tender müsabiqələrindən fərqli olaraq bu dəfə Elm və Təhsil Nazirliyinin satınalmalarında müsabiqəsiz qalib seçilib. Üstəlik satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.

Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.

Bildiyimiz kimi, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

– Satınalma predmetinə təcili tələbat yarandıqda;

– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyd edək ki, dərslik və metodik vəsaitlərin hazırlanmasının Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.
Ardını oxu...
Martın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq keçirib.

“AzPolitika” xəbər verir ki, monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb.

Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.

Yerli mediada Tovuz Dövlət Sosial-İqtisadi Kollecində rüşvət, korrupsiya, digər neqativ hallarla bağlı çoxsaylı yazılar dərc olunub. Həmin məqalələrdə kollecin uzun illər ərzində korrupsiya və rüşvət yuvası kimi fəaliyyət göstərdiyi, tələbələrin rüşvətlə qəbul edildiyi, davamiyyətin olmadığı, bir sözlə, hər şeyin pulla həll edildiyi bildirilib. Qeyd olunur ki, tələbələrə yüksək göstəricilər yazıb onların təqaüdləri, habelə adı işdə olub özü gəlməyən müəllimlərin, texniki işçilərin maaşları kollec rəhbərliyi tərəfindən mənimsənilib. O da bildirilir ki, pul üstündə tez tez direktorla rəhbər işçilər arasında narazılıq, hətta dava-dalaş olub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda aparılan monitorinqlərin nəticələri, qanunsuzluq faktları barədə də heç bir informasiya verilmir.

Bu barədə “AzPolitika.info”nun sorğusuna sözügedən qurumdan verilən cavabda bildirilib ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində keçirilən monitorinq nəticəsində cinayət tərkibli nöqsanlar aşkar edilmədiyinə görə Agentlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilməyib.

“Monitorinq zamanı Kollecin bir sıra tədris sənədlərində (jurnallar, imtahan vərəqləri və s.) nöqsanlar aşkar edilmiş və bu nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmişdir”, - Agentlik bildirir.

Görünür, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi hansısa səbəblərdən sözügedən kollecdə hərtərəfli araşdırma aparmaqda maraqlı olmayıb... Hər halda yayılan məlumatlar onu deməyə əsas verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə baş çəkməsinə ciddi ehtiyac var. O zaman qanunsuzluğun, korrupsiyanın olub-olmadığı məlum olar...

Rasim Əliyev

“AzPolitika.info”
Ardını oxu...
Mətbuata o qədər açıq olmayan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən gün Milli Məclisdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmədə iştirak və çıxış edib.

Ölkədə fəaliyyətindən ən çox narazılıq edilən qurumlarından biri olan AQTA-nın rəhbəri çıxışında onları tənqid edənlərə geniş yer ayırıb. Təhməzli ekspertləri və mətbuat orqanlarını qeyri-peşəkarlıqda günahlandırıb.

O iddia edib ki, mediada araşdırılmamış, qeyri-peşəkar çoxlu məlumat yayılır: “Verilən istənilən məlumat peşəkar mənbəyə əsaslanmalıdır. Həmin ekspertlərdən molekulyar genetika elminin əleyhinə fikirləri dayandırmağı tələb edirəm. Əks halda, biz məcburuq ki, məsələyə hüquqi qiymət verilməsini gündəmə gətirək”.

AQTA sədri ticarət şəbəkələrində satılan yağların heç birində əhalinin sağlamlığına təsir edəcək təhlükəli halın aşkarlanmadığını da bildirib. “İstənilən ekspertizaya getməyə, hansısa təşviş yaratmaq istəyən ekspertlərin bütün suallarını cavablandırmağa hazıram. Bəzi ekspertlər bu sahədən o qədər məlumatsızdırlar ki, çıxışlarında trans yağların sıfıra endirilməsindən danışırlar. Halbuki tərkibində sıfır trans yağ olan yağ ümumiyyətlə dünyada yoxdur”.

Qoşqar Təhməzlinin dediyinə inansaq, o zaman məsələn, 1 litri 2 manata satılan duru yağla 8-10 manata satılan duru yağın heç bir fərqi yoxdur.

Yaxud, kərə yağı adı ilə məhsulun 1 kiloqramına 20-25 manat ödəməməliyik. Kiloqramı 3-4 manata satılan “kərə yağı”nı rahatlıqla ala bilərik.

İstelakçının aldığı ərzaq məhsullarını ekspertizadan keçirmək imkanı, lazımi avadanlığı yoxdur. Amma kiloqramı 3-4 manata olan yağın görünüşü, dadı, qoxusu onun normal olmadığını açıq şəkildə göstərir axı...

Biz gördüymüzə, daddığımıza yox, AQTA sədrinin sözlərinə güvənib, bu məhsulu necə istehlak edək?

Daha bir məsələ. Deyək ki, Qoşqar Təhməzlinin rəhbərlik etdiyi qurum qüsursuz işləyir, əhalinin sağlam qida ilə təmin olunması üçün hər şeyi edir. O zaman belə qüsursuz işləyən bir qurumun mətbuat xidməti niyə mətbuatdan qaçaqdır?

TNS-in AQTA-ya dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb. Mətbuatın suallarını cavablandırmağa məsul şəxslər bütün sorğulara "araşdırıb, cavab verəcəyik" deyir. Amma o "araşdırma" heç vaxt bitmir və nəticədə suallar cavabsız qalır.

Belə olan halda mətbuat təbii ki, ekspertlərə üz tutacaq, onların fikirlərinə yer verəcək. Bu, sadə bir məntiqdir. Sorğulara cavab verilmirsə, deməli, veriləcək cavab yoxdur!

İndi AQTA iddialara cavab vermir deyə, mətbuat ərzaq təhlükəsizliyi ilə bağlı heç nə yazmamalıdır? Məlumdur ki, qida təhlükəsizliyi ciddi məsələdir. Bu, dövlətin milli təhlükəsizliyinin bir sahəsidir. Milli təhlükəsizliyə təhdid sadəcə hansısa terror ehtimalı, milli, dini zəmində qarşıdurma yaratmaq cəhdi deyil ki. Bir ölkənin vətəndaşlarının qəbul etdiyi qidanın sağlamlığı terror ehtimalından az əhəmiyyət kəsb etmir.

Bu baxımdan mətbuatın, ekspertlərin məsələni gündəmə gətirməsi təbiidir. Dövlətin qida təhlükəsizliyinə məsul olan qurum da buna hazırlıqlı olmalıdır.

Qoşqar Təhməzli mətbuatı, ekspertləri tənqid etməzdən öncə başında durduğu Agentliyin mətbuat və ictimaiyyətlə əlaqələrinin vəziyyətinə baxsa, daha yaxşı olmazmı? Bəlkə AQTA sədri qurumun mətbuat və ictimaiyyətlə əlaqələrindən məsul şəxslərin fəaliyyətindən razıdır, amma biz yox. Ona görə də tənqiddən əvvəl qurumun fəaliyyətinə nəzər salmaq lazımdır.

Gülşən Hacıyeva
TNS

Dünyapress TV

Xəbər lenti