Ardını oxu...
Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə qanun pozuntuları ilə bağlı tətbiq edilən maliyyə sanksiyaları və cərimələr ciddiləşəcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, maliyyə sanksiyalarının tətbiq olunmasının məqsədi dövlət büdcəsinə vəsait yığmaqdan ibarət deyil:

"Bu addım daha çox həmin davranışın gələcəkdə təkrar olunmaması istiqamətindədir. Qanunu pozan subyektə qarşı cərimə onun qanunu pozması nəticəsində əldə etdiyi mənfəətdən çox olmasa həmin subyekt bu davranışı təkrar edəcək. Sanksiyaların ciddiləşdirilməsinin əsas məqsədi də gələcəkdə bu qanun pozuntularının qarşısını almaqdan ibarətdir".

Məmməd Abbasbəyli əlavə edib ki, Rəqabət Məcəlləsi hökumətə təqdim edilib: "Hazırda sənəd Prezident Administrasiyasında baxılır və qısa müddətdə Milli Məclisə təqdim edilməsi gözlənilir".

Maraqlıdır, məcəllənin qəbulu süni qiymət artımını aradan qaldıracaq?

TEREF.AZ yazır ki, Cebhe.info-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, süni qiymət artımını tam aradan qaldırmasa da, müəyyən təsirləri olacaq:

"Ümumiyyətlə, qanunvericiliyin hər bir tələbi həmin sahədə olan neqativ halların qarşısını almağa yönəlib. Cərimələrin artırılması o sahədə olan hüquq pozuntularının qarşısının alınmasına yönəlib. Çünki ölkə təcrübəsində belə hallar çox olub. Düşünürəm ki, məcəllənin qəbulu inhisarçılıq meyillərini və süni qiymət artımını tam aradan qaldırmasa da, müəyyən təsirləri olacaq.

Məsələn, bu yaxınlarda müəyyənləşdi ki, xarici ölkələrdə ucuz olan yağ məhsulları bizdə 2 dəfə artıq qiymətə satılır. Bu, inhisarçılar tərəfindən həyata keçirilən pozuntudur. Bundan bir müddət öncə, müəyyən ərzaq zəncirləri üzrə qiymət enişini gördük. Bu da həmin sahədə aparılan yoxlamaların nəticəsi idi. Hesab edirəm ki, cərimələrin sərtləşdirilməsinin qiymət artımına tam olmasa da, müəyyən qədər təsiri olacaq".
 
Ardını oxu...
Bütün Rusiya bankları və bir sıra ölkələrdə 100-dən çox bank İranın SEPAM kimi tanınan maliyyə telekommunikasiya sisteminə qoşulub.


İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə sədr müavini Möhsün Kərimi "Tasnim" agentliyinə bildirib ki, bu, SWIFT beynəlxalq banklararası sisteminə ehtiyacı aradan qaldırıb. Kərimi qeyd edib ki, İran banklarının maliyyə əməliyyatlarını həyata keçirmək üçün artıq SWIFT sisteminə ehtiyacı yoxdur: "Rusiya üzrə bütün banklar, SPFS (maliyyə hesablaşma sistemi: SWIFT maliyyə köçürmə sisteminin Rusiya ekvivalenti) ilə çıxışı olan digər ölkələrdəki Rusiya banklarının bütün filialları və 106 qeyri-rus bankı 13 ölkədə artıq SEPAM-a qoşulub. Rusiyanın SPFS-si İran SEPAM ilə əlaqəli olduğundan, Rusiya şəbəkəsinə çıxışı olan hər kəs indi İran banklarına və əksinə qoşula bilər. SEPAM və SPFS arasında mesajlar SWIFT standartları əsasında göndərilir".

Yada salaq ki, 2022-ci ilin oktyabrında Rusiyanın İrandakı ticarət nümayəndəsi Rüstəm Jiqanşin Rusiya və İran arasında SWIFT beynəlxalq banklararası məlumat və ödəniş sisteminin analoqunu işə salmağı planlaşdırdığını açıqlayıb.

İran mediası xəbər verir ki, 2022-ci ilin yanvar-iyul ayları arasında Rusiya ilə İran arasında ikitərəfli ticarət illik müqayisədə 44,9% artaraq 2,8 milyard dollar təşkil edib.
 
Ardını oxu...
Borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizmi təkmilləşdirilir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əqd müvafiq tələblərə əməl etməklə elektron informasiya sistemlərinin köməyi ilə bağlanırsa, bu halda yazılı əqd hesab olunacaq.

Məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur.

Əqd, o cümlədən müqavilə ilə bağlı bir sıra tələblərin, habelə öhdəliyin icrası ilə bağlı bir sıra müddəaların yalnız müqavilə ilə deyil, eyni zamanda Məcəllə, qanun və digər normativ hüququ aktlarla tənzimlənməsi zərurətini nəzərə alaraq, bu barədə müvafiq maddələrə düzəlişlər təklif olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Ardını oxu...
Niderland Krallığının Ali Məhkəməsi 1xBet şirkətinin müflis olması ilə bağlı birinci instansiyanın qərarını təsdiqləyib.

Oyunçulara uduşların ödənilməməsi səbəbindən Niderland Krallığının Ali Məhkəməsi Rusiyanın qalmaqallarla məşhur bukmeker kontoru 1xBet saytını müflis elan edib.

Bu barədə Curaçao Chronicle media nəşri məhkəmə qərarına istinadən məlumat yayıb.

1xBet-i onlayn oyun qurbanlarının müdafiəsi Fondu məhkəməyə verib və bildirib ki, Rusiya bukmeker kontoru ən azı 18 aldadılmış oyunçuya 1 milyon avroya yaxın uduşlarını ödəməyib. Həmçinin, vergi orqanları 1xBet-ə qarşı 1 milyon avrodan çox tələblərini irəli sürüblər.

Qiyabi olaraq, 1xBet 2021-ci ildə Niderland Krallığının birinci instansiya məhkəməsi tərəfindən müflis elan edildi, lakin rusiyalılar bu qərardan apellyasiya şikayəti verdilər. Sonda iş Haaqadakı Niderland Krallığının Ali Məhkəməsinə çatdı və o, onlayn idman mərcləri şirkətinin iflası ilə bağlı birinci instansiya qərarını dəyişməz olaraq qüvvədə saxladı.

Digər Qərb kiber idman nəşri Esports.gg əlavə edir ki, 1xBet uzun müddətdir ki, uduşların ödənilməməsi, zəif xidmət, yavaş pul çıxarılması və fırıldaqçılıq iddialarına görə Avropada bədnam olub. Oyun forumlarında istifadəçilər müntəzəm olaraq 1xBet-in onlara uduşları ödəmədiyini bildirirlər.

“Mən onların dəstək xidməti ilə əlaqə saxladım və onlara hesabdan çıxarış təqdim etdim, lakin hesabdan çıxarış göndərən kimi onlar artıq cavab verməyi dayandırdılar. Onlardan heç bir cavab gəlmədi.” Digər bir istifadəçi 1xBet-in “böyük bir fırıldaq” olduğunu təfərrüatlandıraraq, qalanlarına yalvarır: “Uşaqlar, bu tələyə düşməyin!”, Esports.gg Rusiyanın bukmeker kontoru haqqında oyunçuların rəylərindən nümunələr gətirir.

Rusiyanın bukmeker kontorunun Curacao lisenziyasını aldığı ölkə olan Niderland Krallığının Ali Məhkəməsi tərəfindən 1xBet-in müflis elan edilməsi çox güman ki, bu lisenziyanın 1xBet tərəfindən itirilməsi ilə nəticələnəcək. Qeyd edək ki, Curaçao Chronicle bu gün artıq 1xBet-in sahib olduğu Curacao lisenziyasının qeyri-qanuni və tənzimlənməyən olduğunu qeyd edir.
 
\
Ardını oxu...
Ekspert: “Şərtlər ağırlaşır, iri banklar müştərilərini razı sala bilmirlər...”

2022-ci il Azərbaycan bankları üçün düşərli olub. Kommersiya qurumları il ərzində gəlirlərini nə az, nə çox 50 faiz artırmağa nail olublar. Bu barədə Mərkəzi Bankın açıqladığı illik göstəricilərdə bildirilir.

Rəqəmlərə gəlincə, bank sektorunun qazancı keçən il 915 milyon manat təşkil edib. Bu da bir il əvvəl – 2021-ci ilin 609 milyon manatlıq göstəricisindən 307 milyon manat çoxdur. Bankların ötən il ödədiyi mənfəət vergisi də artaraq 262 milyon manata çatıb.


Bəs 915 milyonluq gəlir banklar arasında necə bölüşdürülüb? Mərkəzi Bankının açıqladığı rəqəmlər göstərir ki, “Paşa Holdinq”ə daxil olan “Kapital Bank” liderdir. 2022-ci ildə bu bank 308 milyon manat gəlir əldə edib.

İkinci sırada isə səhmlərinin 60 faizə yaxını dövlətdə olan Azərbaycan Beynəlxalq Bankı dayanır. Bu kommersiya qurumu il ərzində 254 milyon manat mənfəət əldə edib. Üçüncü sıra yenə “Paşa Holdinq”ə daxil olan “Paşa Bank”a məxsusdur. 2022-ci ildə bu bankın gəliri 150 milyon manata yaxın olub. Beləliklə, holdinqə məxsus banklar sektorun gəlirlərinin 50 faizinə sahib olub.

Dövlətə məxsus “AzərTürk Bank”-ın da mənfəəti kəskin artaraq, 2021-ci ildəki 546 min manatdan 11 milyon manata çatıb. Beynəlxalq Bankla birgə bu dövlət bankının toplam mənfəəti 265 milyon manat olub. Bu, sektorun toplam qazancının 29 faizidir. Beləcə, 2022-ci ildə Azərbaycanda bankların toplam mənfəətinin 79 faizi “Paşa Holdinq”ə və dövlətə, yerdə qalan 21 faizi digər 21 banka çatıb.

2022-ci ilin nəticələrinə görə, ölkədə aktivləri 2 milyard manatı keçən 4 bank var. Bunlar – ABB (14 milyard manat), «Paşa Bank» (8,5 milyard manat), «KapitalBank» (7,8 milyard manat) və «XalqBank» (2,7 milyard manat)dır. Bu siyahıda 2021-ci illə müqayisədə dəyişiklik olmayıb.

Beləliklə, Mərkəzi Bankın 2022-ci il göstəriciləri bank sektorunda hansı durumdan xəbər verir?

Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov “Pressklub.az”a bildirib ki, ötən il ümumilkdə bank sektoru üçün uğurlu il olub: “Ötən il bankların aktivlərində, mənfəətlərində, kredit portfellərində və depozitlərində artım müşahidə edilib. Lakin buna paralel olaraq bank sektorunda inhisarlaşma meylləri də güclənib. Yəni, sözügedən artımlar ilk beşlikdə qərarlaşan bir neçə bankın hesabına baş verib. Digər bankların hesabına daha az pay düşüb”.

Ekspert hesab edir ki, bu, bütövlükdə təhlükəli tendensiya hesab olunur. “Çünki inhisarlaşma birbaşa olaraq bank xidmətlərinin keyfiyyətinə mənfi təsir göstərir. Məsələn, bank müştəriləri üçün şərtlər ağırlaşır, iri banklar müştərilərini razı sala bilmirlər və nəticədə xidmətin keyfiyyəti aşağı düşmüş olur”, – o qeyd edib.

Hüquqşünas bildirir ki, bu tendensiyanın qarşısını almaq üçün bank sektorunda rəqabət mühiti gücləndirilməlidir: “İlk növbədə bank sektoru genişlənməlidir. Digər tərəfdən, kredit təşkilatlarının səlahiyyətləri artırılmalıdır. Bu gün onlar yalnız kredit verə bilirlər. Məsələn, pul köçürə, hesaba vəsait yükləyə, valyuta mübadiləsi apara bilmirlər. Bu təşkilatlar bu cür əməliyyatları aparmalıdırlar ki, bazarda qismən də olsa rəqabət mühiti formalaşsın”.

Ə.Həsənov vurğulayır ki, hazırda bank sektorunda istehlak kreditlərinin miqdarı xeyli çoxdur. Onun sözlərinə görə, bura biznes krediti adı altında ticarət şəbəkələrinə verilən kreditlər də daxildir:

“Banklar tərəfindən ticarət şəbəkələrinə kredit verilir və nəticədə bu yolla əhalinin kreditləşməsinə yol açılır. Bu kreditlərin qaytarılmaması riski isə istehlak kreditinə ehtiva edilir. Sabah ticarət şəbəkəkəri bu krediti qaytarmayanda bunun ziyanını banklar çəkmiş olur”.
 
Ardını oxu...
Azərbaycanda ətin qiymətində bahalaşma müşahidə olunur.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilir. Azərbaycanda ət və ət məhsulları 2022-ci ilin dekabr ayında ötən aya nisbətən 100.2% olub ki, bu da aylıq müqayisədə 0.2% artım deməkdir. Həmçinin, ət məhsulları ötən ilin dekabrında 2021-ci ilin dekabr ayına nisbətən 116.3% təşkil edib ki, illik müqayisədə 16.3% bahalaşma deməkdir.

Azərbaycanda ətin qiymətinin bahalaşmasının səbəbləri müxtəlifdir. Örüş yerlərinin azalması, yemin qiymətinin artması, təbii yem tədarükünün azalması əsas səbəblərdəndir.

Maraqlıdır, bu bahalaşmaya nə zaman son veriləcək?

Cebhe.info-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, ət məhsullarında qiymətlərin bahalaşması dünyada gedən infilyasiya proseslərinin təsirindəndir:

"Bilirsiniz ki, ölkəmizə ət və ət məhsulları daha çox Ukrayna və Rusiyadan idxal olunurdu. Burada da müəyyən problemlər yarandı, müharibə başladı. İndi də həmin idxal prosesi demək olar, yoxdur. Buna baxmayaraq, statistik göstəricilərə əsasən, ölkəmiz ət məhsulları ilə özünü təmin edə bilir. Lakin yemlik məhsullar xaricdən idxal edildiyindən bu da qiymətlərin artımına təsir göstərir. Hesab edirəm ki, nə zamana kimi mal-qara yemi xaricdən idxal olunacaq, o da qiymətin artımına öz təsirini göstərəcək. Biz ölkədə əkin yerlərini artırmalıyıq. Daxili istehsalımızı artırmalıyıq ki, ətin qiymətində artım baş verməsin. Ümumi infilyasiya fonunda bütün ərzaq məhsullarının qiymətinin artması gözləniləndir. Hesab edirəm ki, infilyasiya proqnozlaşdırılandan çox olsa, ətin qiymət artımını da müşahidə edəcəyik".
 
Ardını oxu...
Rəsmi və qeyri-rəsmi məlumatlar eyni faktı isbat edir: “birinci zona” əlçatmazdır, ən ucuz ərazilər də adekvat deyil

Daşınmaz əmlakın bahalaşmasının səbəblərinin dərin analizi ilə məşğul olan bazar ekspertləri inflyasiyanı əsas səbəb adlandırırlar. Bu siyahıda daha sonra tikinti materialları və torpaq sahələrinin qiymətlərinin artımı, eləcə də son illərdəki vergi korrektələri var.

Məsələn, əlavə dəyər vergisi üç il əvvəl inşaatçılara şamil edildi və tikinti materiallarının qiymətinin kəskin artması paytaxtda mənzilin kvadrat metrinin qiymətini istər-istəməz sürətləndirir. Rəsmi statistikaya görə, ölkə üzrə mənzil indeksləri ötən illə müqayisədə 5,8 faiz artıb.

Eyni zamanda, ilkin mənzil fondu altı faizdən çox bahalaşıb. Yeri gəlmişkən, ötən ilin sonunda yeni artım dalğası başlayıb və qiymətlər daha səkkiz faiz artıb. Dövlət Statistika Komitəsinin hesablamasından belə görünür. Amma müstəqil müşahidəçilərin fikrincə, Bakıda mənzillər xeyli bahalaşıb.

“Əmlak Ekspert Mərkəzi”nin rəhbəri Ramil Osmanlı AYNA-ya şərhində ötən ilin qiymət artımını fantastik adlandırıb: “Mənzil bazarında kotirovkaların illik artımı 30 faizə yaxınlaşaraq on beş ilin maksimumunu qırıb. Devalvasiya illərində bu bazarın təhlili adətən ümumi iqtisadi artıma adekvat qiymət dəyişikliklərini qeydə alır. Tipik olaraq, maksimum qiymət artımı beş-altı faiz idi, lakin keçən il biz heyrətləndirici qiymət artımı gördük”.

Onun sözlərinə görə, qiymət artımı bütün paytaxtı əhatə edib və ən bahalı mənzillər adətən “birinci zona” adlanan ərazidə yerləşir ki, burada təmirsiz yeni tikilidə 1 kvadratmetrin orta qiyməti 7-8 min manata çatıb: “Təmirli mənzillərdə qiymətlər daha bahadır. Paytaxtda ən ucuz mənzil Xəzər, Pirallahı və Abşeron rayonunun digər ərazilərindədir. Orada kvadratın orta qiyməti 750-800 manatdan başlayır”.

“İndi mənzil bazarı sabitdir. Alqı-satqı əməliyyatları bir qədər azalıb ki, bu da ümumilikdə ilin əvvəli üçün xarakterikdir və indiyədək qiymətlər sakitləşib. Ancaq bu ayın sonundan tez olmayaraq, bazarda fərdi oyunçuların aktivləşdirilməsindən sonra vəziyyət dəyişə bilər. Düşünürəm ki, fevralın birinci yarısından müəyyən dinamika gözləmək olar”, - deyə Osmanlı bildirib.

Göründüyü kimi, inflyasiya uzun illər tələbin təkliflə ayaqlaşa bilmədiyi yerli bazarın xüsusiyyətlərinə uyğun gəlir. Amma ekspertlər hesab edirlər ki, əsas səbəb ümumi qiymət fonudur, çünki daşınmaz əmlak ümumi qiymət artımından uzaq qala bilməz. Digər az əhəmiyyətli bir vəziyyət daşınmaz əmlak bazarında keçən ilki canlanmadır.

Bazarda ötənilki ciddi dinamika ilə bağlı həmkarının fikirlərini bölüşən daşınmaz əmlak eksperti Elnur Fərzəliyev AYNA-ya söyləyib ki, ötən il təkrar mənzil fondu da nəzərəçarpacaq dərəcədə bahalaşıb: “Bahalaşma əsasən istismar müddəti bitmiş köhnə evlərə təsir edib. Köhnə evlərin sökülməsi və yerində yeni binaların tikilməsi layihələri köhnə tikilinin qiymətinin artmasına böyük ölçüdə təsir edib. Adətən, belə olan halda vətəndaşlar köhnələrini əvəz etmək üçün yeni mənzillər alırlar”.

“Bütün bunlar sökülməsi ehtimalı olan evlərdə kvadratmetrə tələbatı artırıb və qiymətləri qaldırıb. Əgər iki il əvvəl paytaxt metro stansiyalarında bir otaqlı “Xruşşovka” təxminən 60-65 min manata təklif olunurdusa, indi artıq 80 min manatdır. Yeni tikililər də bahalaşır, amma əslində tikinti üçün torpaqların qiyməti qalxır. Artıq paytaxtda və Bakının kənarında belə yerlər çox azdır”, - deyə həmsöhbətimiz vurğulayıb.

Fərzəliyevin sözlərinə görə, paytaxtdakı mənzillər ənənəvi olaraq Rusiya azərbaycanlıları - sahibkarlar və işləmək üçün Rusiya Federasiyasına gedən adi işçilər üçün populyar investisiya məkanı hesab edilsə də, müharibə tələb və qiymətlərdə ciddi iz buraxmayıb: “Əvvəlcə bu ölkələrdən bizdə mənzil alacaq kütləvi miqrant axınının olacağı gözlənilirdi, lakin belə proqnozlar özünü doğrultmadı. Miqrant axını var idi, amma o qədər də əhəmiyyətli deyil. Bundan əlavə, oradan bizə gələnlərin çoxu burada daşınmaz əmlakı olan azərbaycanlılardır. Ukraynalılar və ruslar satış portfelinin yalnız kiçik bir hissəsini təşkil edirdi”.

Qeyd edək ki, ötən il təkcə qiymətlər deyil, həm də tikintisi başa çatan mənzil fondunun sayı artıb. Yeni yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr (keçən illə müqayisədə 24,8 faiz çox) təşkil edib. Maraqlıdır ki, eyni zamanda mənzil tikintisinə investisiyalar təxminən altı faiz azalaraq 925,4 milyon manat təşkil edib.

Müəllif: Emma Rzayeva
ayna.az
 
Ardını oxu...
“İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

TEREF.AZ-ın yazdığına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Avromed Company” QSC (VÖEN – 1500166751) olub.

“Avromed Company” QSC İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinə 45 milyon 855 min 968 manat 20 qəpik dəyərində “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri” satacaq.

Məlumat üçün bildirək ki, əczaçılıq məhsullarının idxalı ilə məşğul olan “Avromed Company” QSC 20.12.2001-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 57 min manat olan QSC-nin hüquqi ünvanı əvvəllər Nizami rayonu, Nizami Abdullayev, ev 47-də yerləşib. Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir.

Şirkətin qanuni təmsilçisi İsgəndərov Kamran İnqilab oğludur. Kamran İsgəndərov ötən ilin fevral ayında şirkətə baş direktor təyin olunub.

Bundan əvvəl şirkətin direktoru Kamran Aqasi olub. Bu şəxs 2020-ci ilin mart ayının 10-dan etibarən “Avromed Company” QSC-yə rəhbərlik edib. Kamran Aqasi həm də ölkənin ən böyük holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda (Neftçilər pr. ev 153) qeydiyyatda olan “Agro Dairy” MMC-nin direktoru olub.

Mətbuatda “Avromed Company” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilir. Cavanşir Feyziyevin rəsmi tərcümeyi-halında 2002-2010-cu illərdə “Avromed Company” QSC-nin baş direktoru olduğu göstərilir. 2020-ci ilin dekabr ayında “Avromed Company” QSC-dən verilən açıqlamada qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb: “Beləliklə, dörd ildən çoxdur ki, cənab Feyziyevin şirkətimiz və onun rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur”.
 
Ardını oxu...
Son valyuta hərraclarında bankların Mərkəzi Bankdan dollar almaması müxtəlif şayiələrə yol açıb. Bir çoxları bu gedişlə dolların ucuzlaşacağını, manatın möhkəmlənəcəyini iddia edirlər.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov öz sosial şəbəkə səhifəsində bu mövzuyla bağlı paylaşım edib. İqtisadçı hesab edir ki, Mərkəzi Bankın siyasəti manatın möhkəmlənməsinə xidmət etmir: “Mərkəzi Bankın təşkil etdiyi son 2 valyuta hərracında banklar tərəfindən heç bir sifariş təqdim edilməyib. Bu o deməkdir ki, hərraca çıxarılan dolları heç bir bank almaqda maraqlı olmayıb. Yəni, hərraclarda bankların dollara tələbi yaranmayıb.

Səbəb nədir? Manat dollara nisbətən möhkəmlənə bilərmi?

Dollara tələbin azalmasının bir neçə əsas səbəbi var. Əvəlla, mövsümi olaraq dollara tələbin azalması müşahidə olunur. Bu, daha çox idxal əməliyyatlarının həcmi ilə bağlıdır. İlin ilk ayında idxalın həcminin azalması dollara tələbi də aşağı salır. Ötən ilin ilk 11 ayında idxalın həcmi 12 milyard 881 milyon dollar olub. Bu, idxalın həcmində 1,2 faiz artım deməkdir. İdxal dollara əsas tələb yaradan faktordur. İdxalın həcminin dəyişməsi xarici valyutaya tələbi müəyyənləşdirir.

Digər tərəfdən, əhalinin də dollara tələbi azalmaqdadır. Burada iki mühim məqam var. Birincisi, dollar alışına limitlər qalmaqdadır. Bu da dollar alışına birbaşa təsir göstərir. İkincisi, manatın uzun müddət stabil qalması dollar yığımlarına tələbi azaldıb. Banklarda əhalinin 11 milyard 753 milyon manatlıq depozitinin 7 milyard 139 milyon manatı milli, 4 milyard 603 milyon manatı isə xarici valyutada saxlanılır.

Manatın məzənnəsinin dəyişməsinə gəldikdə isə, Mərkəzi Bankın məzənnə siyasəti üçün manatın güclənməsi deyil, mövcud kursu qoruyub saxlamaq daha prioritet görsənir. Azərbaycanda hələlik üzən məzənnə siyasətinə keçilmədiyi üçün manatın kursuna Mərkəzi Bank intervensiya alətləri ilə birbaşa təsir edə bilir. Bu baxımdan, mövcud məzənnə siyasəti manatın kursunun möhkəmlənməsini hədəfləmir. Qlobal bazarlardakı volatilliyi nəzərə alsaq, kursda istənilən dəyişikliyin orta və uzun müddətli dövrdə əsk təsirləri ola bilər. İndiki halda, Mərkəzi Bank üçün hədəf mövcud kursu qorumaq daha prioritet olaraq qalmaqdadır”.
 

Dünyapress TV

Xəbər lenti