Ardını oxu...
Anar Həsənov: “Ruslar 2025-ci ilədək Qarabağı tərk edib evə qayıda bilməzlər, Qarabağdan çıxıb Zəngəzur dəhlizinə yerləşə bilərlər”

Moskvada yaşayan azərbaycanlı politoloq, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi Anara Həsənov AYNA-ya müsahibəsində Azərbaycan – Ermənistan münasibətləri, bölgəmizin bu günü və sabahı, həmçinin geosiyasi prosesi təhlil edib. Beləliklə:

- Qarabağ problemi həllini tapdı, amma hələ də həllini gözləyən problemlər var: sərhədlərin delimitasiyası, sülh sazişi, Zəngəzur dəhlizi. Bu problemlər sizə nə deyir?

- Qarabağ problemi Azərbaycan üçün həllini tapdı. Amma Azərbaycanın opponentləri – Qərb üçün (hətta deyərdim, Ermənistan üçün) həllini tapmamış qalır. Sözhbət Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsindən də getmir, söhbət 120 min erməninin taleyindən gedir. Bu səbəbdən “Qarabağ problemi həllini tapıb” tezisi birmənalı qarşılanmır.

Sərhədlərin delimitasiyası və Zəngəzur məsələlərinə gəldikdə, mən bura təzminat məsələsini də əlavə edərdim. Azərbaycan tərəfi siyasi diskurslarda ortaya qoyduğu məsələlərdən biri də təzminat məsələsidir, Göyçə gölünün resurslarından istifadə məsələsidir. Bu sadalanan məsələlərin həlli əlverişli geosiyasi vəziyyətdən asılıdır. Sərt də olsa, deməliyəm ki, artıq Ermənistan dövlətinin, dövlətçiliyinin müddəti bitib. Hazırda bu mövzu siyasi dəhlizlərdə müzakirə olunur. Birinci Dünya müharibəsindən qalib çıxan Qərb dövlətlərinin yaratdığı bu süni dövlətin müddəti bitib və xəritədə dəyişikliklər olmalıdır. Bu mənada şəxsən mən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və delimitasiya-demarkasiya məsələsinə inanmıram. Olsa-olsa, çərçivə sazişi imzalana bilər.

- Yenə bu problemlərdən yola çıxsaq, bir geosiyasi düyün yaranıb: İrəvan Qərblə, əsasən də Parislə siyasətini uzlaşdırır, onların himayəsi altına girib və eyni mövqedən çıxış edirlər. Bakının öz mövqeyi və yolu var ki, burada Ankara ilə sinxron siyasət yürüdülür. Moskva nə düşünür və nə deyir bu mənada?

- Moskva üçün Ermənistan artıq əvvəlki cəlbediciliyini itirib. Bilirsiniz, Rusiya elə bir dövlətdir ki, o, çox kiçik bir qrupun fikirləri, yanaşması ilə idarə olunur. Əvvəllər cəmiyyəti “Ermənistan Rusiyanın tarixi müttəfiqidir” ideyası ilə istismar edirdilər, ya da etməyə çalışırdılar. Lakin artıq bu fikir qüvvədən düşüb. Artıq “tarixi müttəfiqlik”, “Rusiya Ermənistanı qoruyacaq”, “Moskva İrəvandakı əvvəlki mövqelərini bərpa edəcək” kimi yanaşmalar keçmir. Çünki vəziyyət dəyişib. Artıq regionda Türkiyə kimi bir dövlət var və bu dövlət nə Osmanlı İmperiyasıdır, nə də 20-ci əsrdəki Türkiyə Cümhuriyyətidir.

Bu mənada Ermənistan Rusiya üçün cəlbediciliyini itirib. Ermənistanın Rusiyanın maraqlarını müdafiə etməsi amilinə gəldikdə, bunu Azərbaycan da edə bilər. Ona görə də Ermənistan ərazisinin kiçilməsi, Azərbaycanın 1918-20-ci illər xəritəsini bərpa etməsi məsələləri reallıqdır. Nəzərə alsaq ki, bu gün dünya, BTM böhran içərisindədir, o baxımdan “dünya bizə nə deyər” yanaşması da inandırıcı deyil – kim güclüdürsə, o da haqlıdır.

Dediyim kimi, Ermənistam artıq Rusiya üçün mühüm ölkə deyil və İrəvan Qərbə meyl etdiyi üçün Moskva Ermənistanın “xərclənməsinə”, ərazisinin kiçilməsinə maneçilik törədən deyil. Moskva üçün əsas olan odur ki, bizim ərazimizdən Türkiyəyə gedən yola nəzarət etsin. Nə cür ərazi dəyişmələri baş verdi, hansı kənd alındı, hansı qəsəbə verildi – Rusiya bunlara müdaxilə etmək niyyətində və iqtidarında deyil. Hətta deyim ki, Ukraynada müharibə bitdikdən sonra belə, Rusiya cənabda Türkiyə ilə münaqişə yaratmaqda maraqlı deyil.

- Rusiya XİN başçısı Sergey Lavrov belə bir açıqlama verib: “Azərbaycanın əsas hissəsinin Naxçıvanla əlaqəsinin təmin olunması 10 noyabr bəyanatında qeyd olunub. Yola Rusiya FTX nəzarət etməlidir və bu, ölkələrin suverenliyini pozmur. Paşinyan deyir ki, Azərbaycana İranın Naxçıvanla əlaqə üçün tanıdğı şərtlər əsasında yol verməyə hazırdır. Mən onun fikirlərində məntiq görmürəm”. Bu bəyanatdan nə anlaşılır?

- Bu, Paşinyanın bəyanatına kontr-artumentdir. Lavrov bildirir ki, İrəvanın öz tələblərini simmetrik etməyə haqqı yoxdur, Ermənistanın Azərbaycana qarşı simmetrikliyi yersizdir. Diqqətə çatdırır ki, 10 noyabr sazişinin 9-cu bəndində “mən sənin qatarlarını yoxlamıram, sən də mənim qatarlarımı yoxlama” kimi bir bənd yoxdur. Yəni bunlar Paşinyanın əlavələri və ya hoqqabazlıqlarıdır. Rusiya XİN başçısı onu demək istəyir ki, Ermənistan Baş naziri prosesi uzadır, müəyyən problemlər yaradır.

Bütün bu yanaşmaların özündə biz nə müşahidə edirik? Təkrar edirəm: İrəvan Moskva üçün cəlbediciliyini itirib. Rusiya Ermənistana anlatmağa çalışır ki, bu hoqqabazlıqlarına görə Azərbaycan sabah səni cəzalandırarsa, günahı özündə axtar. Rusiya siyasi dairələrində deyilir ki, günahkar ermənilərin özləridir, çünki gedib Praqa danışıqlarında “Qarabağ Azərbaycandır” dedilər. İndi də Moskva bəyan edirik ki, “Azərbaycan bizim haqqımızı verir, amma Ermənistan vermir”. Yəni, “ay erməni cəmiyyəti, sabah problem olanda bizdən inciməyin”. Ermənistan elektoratını buna hazırlayırlar ki, “problemi bizdə yox, Qərbə yıxılan Baş nazirinizdə axtarın”. Sabah ermənilərin başına nə problem gələrsə, rusların əlində çox güclü arqument var: günahkar Paşinyandır.

- 2024-ün yuxarıda bəhs olunan problemlərin çözümü ili olacağını düşünmək sadəlövhlük olmaz?

- Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında hər hansı bir çərçivə sazişi imzalana bilər – boşluğu doldurmaq üçün. Ancaq unutmayaq ki, istənilən razılaşmanın, müqavilənin şərtləri geosiyasi vəziyyət dəyişən kimi dəyişir. Məsələn, Azərbaycan geosiyasi vəziyyətdən istifadə edib öz torpaqlarını geri qaytardı.

Sülh müqaviləsinə gəlincə, mən əminəm ki, bu, baş verməyəcək. Çünki sülh müqaviləsinin imzalanması Ermənistan dövlətinin müqəddəratını şübhə altına alır. Bu, ölkə daxilində böyük bir böhrana səbəb olacaq. Belə anlaşılacaq ki, İrəvan Qərbin təlimatları ilə geri addım atır.

Bilirsiniz, indi Qərb Azərbaycana qarşı birləşib, təzyiqlər göstərir ki, bəzi addımlar atmasın. Bakı da müəyyən məqamları nəzərə alıb, Qərbin istəmədiyi həmin addımları atmağa tələsmir. Bu formada hələlik Qərb Ermənistanı qoruya bilər. Lakin sabah İrəvan sülh müqaviləsinə imza atsa, Qərb onu necə qorusun? Ona görə də Paşinyan sülh müqaviləsini imzalamayacaq, onu uzadacaq - ən azı 2026-cı ilədək, özünün yenidən seçiləcəyi müddətədək.

Sülh müqaviləsinin uzadıldığı müddətdə baş verə biləcək hadisələr də geosiyasi vəziyyətdən asılıdır – ABŞ-dakı seçkilərdən, Rusiya-Ukrayna münaqişəsinin nəticələrindən və digər geosiyasi proseslərdən. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün hərəkətə keçsə, Ermənistana qarşı həmlə etsə və ya 1918-20-ci illər xəritəsinin bərpasına çalışsa, nələrlə üzləşəcək – bütün bunlar geosiyasi vəziyyətdən asılı olacaq.

- Siyasi dairələrdə Rusiya sülhməramlılarının onlar üçün nəzərdə tutulmuş zaman çatanda Qarabağdan çıxıb-çıxmayacaqlarına dair hələ də birmənalı proqnoz yoxdur. Bəziləri, hətta bunun Ukraynadakı müharibənin nəticəsindən asılı olacağını iddia edirlər. Sizin gözləntiləriniz nə yöndədir?

- Hesab edirəm ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxmaları birmənalıdır. Öz xoşları ilə oradan çıxacaqlarını düşünürəm, çünki qalmaları üçün heç bir səbəb yoxdur. Söhbət ondan gedir ki, onlar oradan çıxıb Zəngəzur dəhlizinə yerləşməli, dəhlizə nəzarət etməlidirlər. Ruslar 2025-ci ilədək Qarabağı tərk edib evə qayıda bilməzlər, oradan çıxıb Zəngəzur dəhlizinə yerləşmələri hədəflənib. Bildiyiniz kimi, Ermənistanın Türkiyə və İranla sərhədlərinə Rusiya nəzarət edir. Bircə qalır Zəngəzur dəhlizi. Ona görə də 2025-ci ilədək İrəvan Zəngəzur dəhlizinə razılıq vermədiyi təqdirdə, dəhliz güc tətbiqi yolu ilə açıla bilər. Çünki 2025-ci ilədək ruslar Qarabağdan çıxmalıdırlar, müddət bitdikdən sonra 1 il də uzadılması məsələsi az inandırıcıdır. Qeyd etdiyim kimi, oradan çıxan ruslar evə dönə bilməzlər, onlar Qafqazda başqa bir yerdə bərqərar olmalıdırlar. Bu yer də Zəbgəzur dəhlizidir.

Düşünürəm ki, Ermənistan öz xoşu ilə dəhlizin açılmasına icazə verməyəcək. Deməli, gücü tətbiqi yolu qaçılmaz olacaq. İrəvanın siyasətini göz önünə gətirib - Azərbaycanla münaqişədə daim söz yığını, vaxt uzatmaq. 2020-ci ildə 44 günlük müharibə və 9-10 noyabr üçtərəfli birgə bəyanatı. Yəni dəyənək, yumruq, sonra bəyanat. Sonra yenə 3 il boş-boşuna söhbətlər. Məcburən 2022-ci ildə Laçın dəhlizinə nəzarətin bərpası – yenə zor! 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatı – yenə zor! Ermənistan siyasəti gücdən başqa bir şeydən anlamır. İndi baxın, yenə vəziyyət dalana dirənib. Gah Vaşinqtona üz tuturlar, gah Brüsselə, vaxt uzadırlar, sülhdən yayınırlar. Bu dalandan necə çıxmalı? Zəngəzur dəhlizini necə açmalı. Aydındır ki, yenə güc tətbiqi zərurəti meydana çıxacaq.

Müəllif: Tural Talehoğlu
 
 
 

Ardını oxu...
“Növbədənkənar prezident seçkiləri fonunda Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı xüsusi fəallıq göstərməsi və ölkəmizə təzyiqlər etməsi gözlənilən idi. Bunun əksinə olaraq, bu qurum indiyə qədər bir dəfə də olsun Ermənistanı Azərbaycan ərazilərinin işğalına görə ittiham etməyib, onunla bağlı konkret ölçü götürməyib”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev son günlər Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə Azərbaycan arasında müşahidə edilən gərginliyi şərh edərkən deyib.

C. Nuriyev xatırladıb ki, vaxtilə Azərbaycan ərazilərinin işğalı səbəbindən İrəvanın AŞPA-dakı nümayəndə heyətinə sanksiya tətbiq edilməyib, amma Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra AŞPA-da Azərbaycan heyətinin səsini dondurmaq haqqında danışırlar. Professor bu yanaşmanı çox biabırçı, ikiüzlü, əsassız hesab edir.

Onun sözlərinə görə, Avropa Şurasının, eləcə də Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın “qayğısına” qalması, hələ eko-fəalların Laçın dəhlizini bağladığı zaman məlum idi. “O zaman bu qurum dəhlizə soxulmaq, proseslərdə iştirak etmək istəyirdi. Amma bir çox təşkilatlar kimi AŞPA da istəyinə çatmadı”,- deyən C. Nuriyev əlavə edib ki, AŞPA-nın Azərbaycana təzyiq göstərməsinin, ittiham etməsinin səbəbi zamanında ermənilərə verilən vədləri yerinə yetirmək istəyi ilə əlaqədardır.

C. Nuriyev bildirib ki, AŞPA-nın Azərbaycana qarşı səsləndirdiyi iddia və ittihamlar tamamilə əsassızdır:

“Birincisi, Azərbaycan heç bir dövlətin ərazisini işğal etməyib, qonşularına və dünya dövlətlərinə hörmətlə yanaşır, başqasının ərazilərində gözü yoxdur.

İkincisi, Azərbaycan özünün işğaldakı ərazilərini azad edib, yalnız öz sərhədləri daxilində anti-terror əməliyyatı keçirib.

Üçüncüsü, AŞPA başda olmaqla beynəlxalq qurumlar Azərbaycana minnətdar olmalıdırlar ki, onların həll etməli olduğu problemləri Azərbaycan özü həll edib. Yox, əgər Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən xoşhal deyillərsə, deməli, niyyət və məqsədləri başqa olub. Bu da onu deməyə əsas verir ki, Qarabağ münaqişəsi öncədən razılaşdırılan və ssenariləşdirilən münaqişədir, prezident İlham Əliyevin “günahı” isə bu ssenariləri pozaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünü və məcburi köçkün olan vətəndaşlarının hüquqlarını təmin etməsidir. Görünür, AŞPA kimi qurumlar bundan pat vəziyyətinə düşüblər və reallıqları qəbul etmək istəmirlər. Amma əvvəl-axır reallığı qəbul etməyə məcbur olacaqlar”.

C. Nuriyev xatırladıb ki, Azərbaycan AŞPA-ya daxil olduğu 2001-ci ildən bu qurumda hər zaman müəyyən qüvvələr ölkəmizə qarşı təxribatlar törətməyə cəhd göstərib: “Biz bunu son iyirmi ildə müşahidə etmişik. Onlar ermənipərəst olduqlarını açıq şəkildə desələr, daha yaxşı olardı”.

Professorun fikrincə, Azərbaycanın beynəlxalq qanunlara əməl etməsinə, qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmasına baxmayaraq, AŞPA və bu kimi qurumlar rəsmi Bakıya qarşı qərəzli münasibətlərini davam etdirəcəklər, çünki onlarda ədalət anlayışı yoxdur. “Ümumən dünyada siyasi baxımdan ədalət axtarmaq doğru deyil. Odur ki, biz son 3 ildə Azərbaycana uğurlar gətirən yolda irəliləməklə düz edirik. Bu yolla davam etməli, aparılan siyasəti dəstəkləməliyik. Bizə qrşı atılan addımlardan da qorxmamalıyıq”, - deyə C. Nuriyev fikrini yekunlaşdırıb.
 
Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, Qərb tərəfdaşlarının göstərdiyi hərbi və maliyyə yardımı Ukraynanın müharibədən sağ çıxması üçün həlledici idi, lakin bu, qələbə üçün kifayət etmədi.

APA xəbər verir ki, bu barədə dövlət başçısı Britaniyanın “Channel 4 News” telekanalına müsahibəsində deyib.

Bundan sonra o, hələ də siyasi nüanslara öyrəşmədiyini, buna görə Ukraynanın hazırda Qərbin yardımının azaldılması təhlükəsi ilə üzləşdiyini etiraf edib.

"Hamı gülümsəyir, qucaqlayır, deyir ki, sən israrlısan, çox güclüsən, azad dünyanın liderisən, demokratiyamızı xilas edirsən. Ukrayna xalqının belə prezidenti olmasaydı, biz Avropanın yarısını itirə bilərdik və onda Rusiya Federasiyası ABŞ-a hücum edərdi və biz əlimizdə olan hər şeyi sizə verməliyik. Və sonra - dayanırlar” - prezident deyib.
Ardını oxu...
Ukrayna prezidenti qeyd edib ki, o, nankor görünmək istəməzdi, çünki Qərb tərəfdaşları Ukraynaya çox kömək ediblər və bu dəstək olmasaydı, ölkə ayaqda qala bilməzdi.

"Onlar bizə sağ qalmağımıza həqiqətən kömək etdilər. Düşünürəm ki, qalib gəlməyimiz üçün bizə daha çox kömək edə bilərdilər", - deyə Zelenski bildirib.

Jurnalistin “Qərb ölkələri hər şeyi Ukraynanın uduzmaması və qazanmaması üçün edirmi?” sualına Zelenski belə cavab verib: “Bu, ayaqda qalmaq məsələsidir, ona görə də emosional ola bilmirəm, amma bəzən elə anlar olur ki, Mən həqiqətən başa düşə bilmirəm və ya başa düşmək istəmirəm”.

O əlavə edib ki, Qərbin bu və ya digər silah növünü təmin etməkdə tərəddüd etməsi Ukraynada yalnız əlavə ölümlərə səbəb olur.

"Vaxt keçir, insanlar ölür. Ona görə də mən bu dəfə müvəqqəti dəhlizi qanlı, çox ağrılı hesab edirəm. Amma bunu heç də hamı başa düşmür. Mən bunu ilk günlərdən çatdırıram", - prezident vurğulayıb.

O qeyd edib ki, Ukraynanın bu barədə danışmağa başladığı andan müsbət siqnal gələnə qədər F-16-nın parlaq nümunəsi var və müsbət siqnal anından təlimə qədər - daha altı ay vaxt lazımdır. “Təlim anından təhvil verilənədək bu müddət hələ bitməyib, çünki F-16-lar hələ gəlməyib”, - Zelenski bildirib.
 
Ardını oxu...
Son vaxtlar ölkədə guya konsaltinq xidmətləri göstərən bəzi dələduzlar meydana çıxıb. Bu dələduzların yaratdıqları şirkətlərin nə fəaliyyət istiqamətləri bəllidir, nə də onların göstərdiyi “xidmətlər” beynəlxalq təcrübəyə uyğundur. Bəs konsaltinq, yəni məsləhət xidmətləri göstərən şirkətlərin fəaliyyəti necə olmalıdır? Beynəlxalq təcrübədə bu necə tənzimlənir? Tikinti sahəsində konsaltinq xidmətləri göstərən şirkətlər sifarişçi ilə, yoxsa podratçı ilə müqavilə bağlamalıdır?

Bu və bu kimi suallara aydınlıq gətirmək üçün tikinti sahəsində konsaltinq xidmətləri göstərən, baş ofisi İtaliyada yerləşən, dünyanın 12 ölkəsində filialları olan “IRD Engineering” şirkətinə müraciət etdik.

“IRD Engineering” şirkətinin rəsmisi, “GMC Consulting” şirkətinin rəhbəri Fatih Dağtaşın TNS-ə müsahibəsini təqdim edirik.

- Fatih bəy, müraciətimizə operativ reaksiya verildiyi üçün təmsil etdiyiniz şirkətə və sizə təşəkkür edirik. Ümid edirəm ki, bugünkü söhbətimiz maraqlı olacaq. Əvvəlcə ondan başlayaq ki, konsaltinq şirkətlərinin fəaliyyət istiqamətləri nələrdir? Beynəlxalq təcrübədə konsaltinq şirkəti deyəndə nə başa düşülür?

- Konsaltinq şirkətləri öz sektorlarında adətən bu işin uzmanları tərəfindən qurulan, sifarişçilərə məsləhət verən şirkətlərdir. Bu şirkətlərin müxtəlif xidmətləri vardır. Tikinti sektorunda fəaliyyət göstərən konsaltinq şirkətləri əvvəlcə bir layihənin həyata keçirilməsinin mümkün olub-olmadığını araşdırır, ilkin olaraq, buna uyğun rəy verir. İlk mərhələ budur. Daha sonra layihənin həmin bölgələrə faydaları, sifarişçilərə maliyyə baxımından nə qədər vaxtda qazanc gətirəcəyi hesablanır. Bundan sonra sifarişçi konsaltinq şirkətinin bu rəyləri əsasında layihəni həyata keçirib-keçirməyəcəyinə qərar verir. Burada son sözü sifarişçi deyir.

Bu işlər başa çatandan sonra konsaltinq şirkəti sifarişçiyə dizayn-layihələndirmə xidməti göstərir. Bunlar layihənin, iş planının hazırlanması, aidiyyəti qurumlardan icazələrin alınması, zərərli istehsal varsa, zərərin aradan qaldırılması üçün hansı tədbirlərin görüləcəyi kimi xidmətlərdir. Daha sonra eyni və ya başqa konsaltinq şirkəti sifarişçinin adından işin auditini və keyfiyyətə nəzarəti öhdəsinə götürür. Bu mərhələdə konsaltinq şirkəti adətən, bütün işə nəzarət edir.

Bu mərhələdə ən önəmli faktor konsaltinq şirkətində öz sahələrində peşəkar mütəxəssis olan işçilərin fəaliyyət göstərməsidir. Məsələn, tikinti sahəsində təcrübəli mühəndislərin olması vacibdir. Layihə rəhbərlərinin beynəlxalq miqyasda ən az 20 illik təcrübəsinin olması tələb edilir. Hazırda bizim layihələrdə belədir.

- Mühəndislərin də 20 illik təcrübəsi olmalıdır?

- Əlbəttə, həm mühəndislərin, həm də layihə rəhbərlərinin 20 il təcrübəsi olması şərtdir.

- Bu, konsaltinq şirkətinin tələbidir, yoxsa sifarişçi belə istəyir?

- Sifarişçi konsaltinq şirkətinə belə bir tələb qoyur. Deyir ki, işin auditini 20 illik təcrübəsi olan mühəndis aparsın. Məsələn, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankının şərtlərindən biri budur. Onların maliyyə vəsaiti ayırdığı layihələrdə işləmək istəyən konsaltinq şirkətinin layihə rəhbərinin 20 il təcrübəsi olması şərtdir. Ayrı-ayrı vəzifələr üçün bu müddət dəyişə bilər. Məsələn, layihə rəhbərlərindən sonrakı personal üçün təcrübə müddəti bir az azalır. Amma işçilər mütləq təcrübəli olmalıdırlar.

- Ali təhsil də tələb kimi qoyulurmu?

- Layihə rəhbəri üçün ali təhsil də əsas şərtlərdən biridir. Biz uzun illərdir, Azərbaycanda işləyirik. Avtomobil yolu, dəmir yolu layihələri kimi böyük miqyaslı işlərimiz olub. Təcrübəsi olmayan konsaltinq şirkəti konsaltinq şirkəti kimi fəaliyyət göstərə bilməz.

- Fatih bəy, təmsil etdiyiniz “IRD Engineering” və rəhbəri olduğunuz “GMC Consulting” şirkətlərinin fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirəm. Belə başa düşürəm ki, daha çox yol tikintisi sahəsində fəaliyyət göstəririsiniz.

- İtaliyanın “IRD Engineering” şirkəti 2000-ci ildə təsis edilib. Şirkətimiz 30-dan çox ölkədə xidmət göstərir. Fəaliyyətimiz yol tikintisi sahəsi ilə məhdudlaşmır. Layihələrin hazırlanmasında, yol, dəmir yolu, su anbarlarının tikilməsi layihələrində iştirak edir, onların auditlərini aparırıq. Daha çox MDB ölkələrində fəaliyyət göstəririk. Balkan ölkələrində - Serbiya, Monteneqro, Bosniya-Herseqovina, Albaniya kimi ölkələrdə də fəaliyyətimiz var. Ukraynada da işləyirdik, məlum hadisələrdən sonra dayandı. Rumıniya, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Azərbaycanın qonşusu olan Gürcüstanda fəaliyyət göstəririk. “IRD Engineering” yarandığı gündən bütün dünyada ümumi tikinti dəyəri 40 milyard avrodan çox olan yüzlərlə layihədə iştirak edib. Bizim ixtisalı tikinti mühəndislərindən, memarlardan, şəhər və nəqliyyat planlaşdırıcılarından, dizayn və tikinti ekspertlərindən, iqtisadçılardan, maliyyə mütəxəssislərindən, hüquq və satınalmalar üzrə ekspertlərdən ibarət peşəkar komandamız var. “IRD Engineering” İSO 9001:2015 KİES (Keyfiyyətin idarə edilməsi sistemi), İSO 14001:2015 EKİ (Ekoloji keyfiyyətin idarə edilməsi), İSO 45001:2018 (Əməyin sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri) və İSO 37001:2016 (Rüşvətlə mübarizə idarəetmə sistemi) sertifikatlarına malikdir. Şirkətimiz Beynəlxalq Məsləhətçi Mühəndislər Federasiyasının tərəfdaşıdır, nəzarət xidmətlərini yerinə yetirmək üçün beynəlxalq akkreditasiyadan keçib.

Mənim təsis etdiyim “GMC Consulting” şirkəti 2015-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqamətləri avtomobil yollarının tikintisi üzrə konsaltinq xidmətlərinin göstərilməsidir. GMC Azərbaycanda və Gürcüstanda IRD ilə birlikdə çalışır. Bizim İtaliya, Almaniya, Fransa, ABŞ, Cənubi Koreya və Türkiyə şirkətləri ilə tərəfdaşlığımız var.

Bizim peşəkar mütəxəssislərimizlə yanaşı, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarımız vardır.

İşin gedişi zamanı lazım olan analizlər həmin laboratoriyalarda aparılır.

İndiyədək əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə işləmişik. Son zamanlarda Azərbaycan Dəmir Yolları ilə də danışıqlar aparılır. İnşallah, Azərbaycan Dəmir Yolları ilə də işləməyə başlayacağıq. Biz layihələri, tender sənədlərini hazırlayır, podratçılarla danışıqlarda sifarişçinin mənfəətlərini qorumaq üçün uyğun inşaat firmasının seçilməsinə köməklik göstəririk. Biz sifarişçiyə sadəcə onun istəklərinə uyğun olaraq tövsiyə veririk. Son sözü təbii ki, sifarişçi deyir. Hansı şirkətlə işləyəcəyinə sifarişçi qərar verir. İşi aldıqdan sonra tender sənədlərinə əlavə olaraq texniki şərtnamə hazırlanır. Texniki şərtnamə uzmanlar tərəfindən tərtib olunur. Bu, sektorda həqiqətən böyük təcrübəsi olan, beynəlxalq layihələrdə uzun illər fəaliyyət göstərən şəxslərin oradakı problemləri görüb, eyni problemlərin təkrarlanmaması üçün hazırladığı sənəddir. Tender başlamadan əvvəl bu şərtnamə podratçıya da verilir ki, işi aldığı zaman bu sənədə uyğun çalışacağını bilsin, qiymətləri şərtnaməyə uyğun versin. Sonra sifarişçi ilə podratçı arasında hansısa formada narazılıq, anlaşılmazlıq yaranmasın. İş sistemi belədir. Bu sahədə uzun illərdir, fəaliyyət göstəririk. İtaliya şirkətinin 23 illik, GMC-nin 8 illik təcrübəsi var. Bu şirkətdə işləmək üçün tikinti sektorunda uzun illər çalışıb təcrübə toplamaq lazımdır. Konsaltinq şirkətinin tikinti şirkətləri ilə hər hansı formada orqanik bir bağının olmaması istənilir ki, lazım olanda təkbaşına çox rahat sözünü desin.

- Yəni konsaltinq şirkəti tikinti şirkəti ilə müqavilə bağlaya bilməz.

- Bu, mümkün deyil. Məsələn, bir yol tikintisi aparılır, sifarişçi bir şirkət tapır, bu şirkətin pulunu podratçıdan alır. Belə bir sistem yoxdur. Bu mexanizm belədir ki, sifarişçi məsləhətçi ilə birbaşa öz müqaviləsini, podratçı ilə öz müqaviləsini bağlamalıdır. Sonra sifarişçi deməlidir ki, məsləhətçim mənim adımdan sənin işinə nəzarət edəcək. Biz hər ayın sonunda sifarişçilərə layihənin gedişatı ilə bağlı 100 səhifədən az olmayan detallı hesabat hazırlayırıq. Burada podratçının işindən bəhs edilir. Bir ay ərzində müşahidə etdiyimiz problemləri, problemlərin həlli üçün gördüyümüz tədbirləri həmin hesabatda göstəririk. Sifarişçi hesabatı oxuyur, hansısa formada şərhi olsa, bizə bildirir. Konsaltinq şirkətinin vəzifəsi sifarişçinin adından görülən işə nəzarət etməkdir.

- Konsaltinq şirkətinin hansısa tikintini dayandırmaq səlahiyyəti varmı?

- Konsaltinq şirkəti ancaq sifarişçiyə məlumat verir ki, burda podratçı işi düzgün aparmır, şərtlərə uyğun davranmır. İşin dayandırılmasını tövsiyə edə bilər. Konsaltinq şirkətinin iş şərtnaməyə uyğun olmayanda “Bu iş şərtnaməyə uyğun deyil, sifarişçiyə bildirəcəyəm”, demək səlahiyyəti var.

- Konsaltinq şirkəti layihəçi də ola bilər. Amma bunun üçün Azərbaycanda lisenziya tələb olunur. Sizin şirkətin lisenziyası varmı?

- Əlbəttə var.

- Şirkətin əməkdaşlarının ali təhsilli mütəxəssis olması tələbinin olduğunu bildirdiniz. Sizin peşəniz, təhsiliniz nədir?

- Mən İstanbul Texniki Universitetindən inşaat mühəndisi kimi məzun olmuşam. Türkiyədə 3 ilədək işləyəndən sonra ABŞ-yə getdim. Kaliforniya Universitetində magistr təhsili aldım. Hazırda yüksək ixtisaslı mühəndis kimi fəaliyət göstərirəm. Xüsusilə konsaltinq şirkətlərində ali təhsil mütləq tövsiyə edilir.

- Fatih bəy, tikintisinə nəzarət etdiyiniz şirkətlərin sırasında “Arkoz” Holdinqin tərkibinə daxil olan “Magro Construction” da var. “Magro Construction” həm Azərbaycanda, həm də Gürcüstanda yol tikintisi həyata keçirir. Onların Naxçıvanda gördükləri işlərin keyfiyyəti ilə bağlı bəzi iddialar var. Bu şirkətin fəaliyyətində indiyə qədər hər hansısa bir problem, qüsur aşkar etmisinizmi?

- Biz bu şirkətlə bağlı heç bir problemlə qarşılaşmamışıq. Gəncə-Qazax arasında aparılan yol tikintisinə nəzarət edirik. Tikinti sahəsində bəzən xırda-para problemlər ola bilir. Amma bu sıxıntıları da “Magro Construction”un idarəçiləri, ərazidə işləyənləri ilə çox rahat şəkildə həll edirik. Həmin şirkətin bizim çalışdığımız layihədə işləyən mütəxəssisləri, mühəndisləri çox təcrübəli insanlardır. Onlarla heç bir problem olmadan layihəni həyata keçiririk.

- “Arkoz Holdinq”in gördüyü işlərdə keyfiyyətlə bağlı problem yoxdur?

- Heç bir problem yoxdur. Lazımi qədər təcrübəyə, biliyə sahibdirlər. Demək olar, hamısı mütəxəssisdir. Xüsusilə layihə rəhbərləri, ərazidə işləyənlər uzun illər yol tikintisi sahəsində fəaliyyət göstəriblər. Biz onlarla danışanda bir-birimizi çox rahat şəkildə başa düşürük.

- Şirkətinizin gələcək planları nədir?

- Biz 2011-ci ildən Azərbaycandayıq. Biz əlimizdən gələn qədər Azərbaycanda tikintilərdə keyfiyyətin artırılması istiqamətində fəaliyyət göstərməyə hazırıq. Buradakı xidmətimizin müddətini uzatmağa çalışırıq. Çünki biz özümüzə güvənirik. Azərbaycanda çox yaxşı şeylər edə biləcəyimizə inanırıq. Burada böyük potensial da var. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu işlərin sürətləndirilməsi, keyfiyyətin artırılması üçün böyük təşəbbüslər göstərir.

Müsahibdən sonra Fatih Dağtaşla səmimi söhbətimiz oldu. Fatih bəylə razılaşdıq ki, növbəti dəfə tikinti sahəsində görüşəcək, onların göstərdiyi xidmətlərlə yerində tanış olacaq, oxucularımıza bu barədə daha ətraflı məlumat verəcəyik.

Bu sahədə çox böyük təcrübəsi olan, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tanınmış bir şirkətin rəsmisi Fatih Dağtaşa Naxçıvanda konsaltinq “xidmətləri göstərən” bir şirkətin sifarişçi ilə deyil, podratçı ilə müqavilə bağlamağı tələb etdiyini deyəndə o, təəccübləndi. “Bu, absurddur, ağlasığmazdır, beynəxalq təcrübəyə ziddir” dedi. Bildirdi ki, əgər bu sahədə təcrübələri, bilikləri yoxdursa, IRD onlara kömək edə bilər.

İndi biz sual edirik. IRD, GMC konsaltinq şirkətləridirsə, Naxçıvanda fəaliyyət göstərən, heç bir tikinti təcrübəsi, ali təhsili olmayan İsmayıl Əhmədovun yaratdığı və rəhbərlik etdiyi, peşəkar mütəxəssisləri olmayan “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti nədir? Yəqin ki, bu sualımız da cavabsız qalacaq. İndiyə qədər İsmayıl Əhmədovun yaratdığı bu şirkətlə və onun qanunsuz əməlləri ilə bağlı verdiyimiz bütün sualların cavabını əslində Naxçıvanda yüksək vəzifə daşıyan şəxslər bilirlər. Amma...

Tural Səfərov
Ardını oxu...
ABŞ-nin Pensilvaniya ştatından olan senatoru Con Fetterman korrupsiyada ciddi ittihamlar irəli sürülən ermənipərəst qanunverici Bob Menendesi yenidən tənqid edib və ona meydan oxuduğunu açıqlayıb.

Bu barədə o, CNN-in “The Lead” verilişində Ceyk Tapperə verdiyi müsahibədə danışıb.

Söhbət əsnasında o, Menendesin hələ də Kapitolidə məxfi brifinqlərdə iştirak etmək hüququna malik olmasından hiddətlə danışıb.

“Qoy yenidən seçkiyə qatılmağa cəsarət etsin. Bilmirəm, niyə seçkinin bir parçası olmaq istəyir, amma namizədliyini irəli sürərsə, bu, həlledici amil olmayacaq”, - deyə Fetterman vurğulayıb.

O, nyu-cersili senatorun məhkəmə hüququ olduğunu bildirib.

“Amma Menendesin senator olmağa haqqı yoxdur və şübhəsiz ki, o, əlaqələri olmaqda əsaslı şəkildə ittiham olunduğu ölkələrlə bağlı gizli brifinqlərdə iştirak etmək hüququna malik deyil. Bu, biabırçılıqdır və mən kimlərinsə buna dözümlə yanaşmasını anlaya bilmirəm”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Menendes Misir və Qətər hökumətlərinin marağına atdığı addımlarla bağlı rüşvət və korrupsiyada, həmçinin Nyu-Cersidən olan bir neçə iş adamına qızıl külçələr, nağd pul, dəbdəbəli avtomobil və “Formula-1” yarışlarına bilet müqabilində kömək etməkdə ittiham olunur.

Fetterman Menendesi vəzifəsini tərk etməyə çağıran ilk şəxs və ən açıq tənqidçisidir. Fetterman müəyyən cinayətlərdə, o cümlədən xarici agent kimi xidmətdə ittiham olunan senatorların məxfi məlumat almasını və ümumiyyətlə həssas brifinqlərdə iştirakını qadağan edən qətnamə təqdim edib.

“Biz bu əclafı çoxdan qovmalıydıq. İndi biz bu qətnaməni müzakirəyə çıxarmaq istəyirik və mən xarici agent olmaqda ittiham olunan hər hansı senatorun məxfi brifinqlərdə iştirakını qadağan edə bilməyimiz üçün yekdilliklə təsdiq istəyəcəyəm”, - deyə o əlavə edib.
 

Ardını oxu...
Əməkdar artist Təranə Vəlizadə Moderator.az saytının suallarını cavablandırıb.

-Təranə xanım, bu günlərdə saytlarda və sosial şəbəkələrdə avtobus gözləyərkən sizin şəkiliniz olduğu iddia edilən bir foto yayımlamışdılar. Sözün düzü həmin xanımı sizə bənzətmədik.. Söhbətimizə də bu mövzudan danışmaqla başlamağınızı istərdim.

- Mən bir şeyi başa düşmürəm, bu paxıllar, işsiz, gücsüz adamlar məndən nə istəyir? Harada kimi görürlər, mənə oxşadırlar. Mən dükan-bazar gəzmirəm, avtobusa minmirəm, piyada gedəndə də yalnız evimin yanındakı marketə gedib çörək və şirniyat alıram. Bazarlığımı övladlarım edir. Küçəyə mən gödək ətəklə yox, qadın şalvarı ilə çıxıram, yaşıma-başıma hörmət edirəm. Başımı qışda örtürəm, uzun palto, uzun kurtka və boynuma şərf dolayıram. Çünki səsimi qoruyuram. Bilirsiniz, siravi vətəndaşlar yazanda fikir vermirsən, ancaq tanınmış saytlar belə yalnış fikirlər söyləyəndə, kiminsə diqtəsilə böhtanlar yazanda onların yazarlarının aşağı səviyyədə, nüfuzsuz olduqları üzə çıxır. Mən böyük bir sənət məktəbi keçmişəm. Böyük bəstəkarlar və sənətkarlarla işləmişəm. Çox yazıqlar olsun ki, mənim sənətimi qoyub, məndən yalnış məlumatlar yazırlar. Dəfələrlə həyatım, yaradıcılığım haqqında məlumatlar vermişəm. Marağı olan qurumlar mənimlə əlaqə saxlayıb cəmiyyətimizə doğru məlumatlar çatdıra bilər. Saytlarda mənim nə şəxsiyyətimə, nə savadıma, nə nüfuzuma yaraşmayan təhqirli sözləri kim yazıbsa, yalandan mənim şəkilimdir deyə paylaşıbsa, onların hamısını məhkəməyə cəlb edəcəyəm!!! Hər küçədən keçən, mənə şər atıb, nüfuzumu kiminsə diqtəsi ilə korlaya bilməz. Ar olsun o cür haram çörək qazananlara! Həmin insanları azan vaxtı ibadət edib Allaha tapşırıram.

-Bütün bunları kimlərin etdiyindən xəbəriniz var?

-Məhkəməyə versəm əlbəttə ki, aydın olacaq ki, kim edib. Sarı mətbuatı oxumuram. Hamı haqqında yazırlar. Bilirəm ki, bu yazıları yazanlar və yazdıranlar məni və digər sənətkarları gözləri götürməyənlərdir. Bu məsələlər mənim yoldaşım həlak olandan sonra başladı. Bir qrup insan məni nüfuzdan salıb, səhnədən uzaqlaşdırmaq istədi. Yoldaşımın ölümündən 10 gün sonra, telekanala gedib, onun və mənim video lent yazılarımı xahiş etdim. Dedilər ki, pozublar. 10 günə hamısını pozmuşdular. Nə duetlərimiz, nə də ki, onun və mənim solo ifalarımız qalmışdı. Elə bil ki, biz adda heç müğənnilər olmayıb. Bayram konsertlərində biz iştirak etdiyimiz hissələri montaj edərək, kəsib itirmişdilər.

-Nədənsə son zamanlar efirlərdə də çox az görünürsünüz.. Buna səbəb nədir?

-Efirlərdən çox dəvətlər gəlir, amma getmirdim. Çünki istirahət edirdim. Sağ olsunlar, dəvət edirlər, hörmətlə yanaşırlar. Bizim nəsil sənətkarlarda o illərin mədəniyyəti var. Hər mahnının öz paltarı var. Hər sözü gərək elə deyəsən ki, tamaşaçıya çatdıra biləsən. Səhnədə bəzən göz ifadəsi, üz ifadəsi də köməyə çatır. Bunu hər müğənni bilmir, professionallar bilir. Mən vətənimi, sənətimi sevən insanam. Vətənimi tərk edib gedib başqa ölkədə də yaşaya bilərdim. Xarici ölkələrdə çox olmuşam, məni o qədər böyük sevgi ilə qarşılayıb, yola salıblar ki. Sovet illərində də, sonradan da. Yalvarıblar, xahiş ediblər ki, qalın bizdə. Çünki mən təkcə xalq yox, həm də klassik estrada, pop estrada üslubunda, bir neçə dildə də mahnılar oxuyuram. 50 ildir bu sənətdəyəm. Can qoymuşam sənətə. Mən ona görə can qoymamışam ki, bu gün murdar sözlərlə məni yad etsinlər! Xalqım məni çox gözəl tanıyır. Hər zaman geyimimə, duruşuma, nüfuzuma önəm vermişəm. Heç kim deyə bilməz ki, mən efirdən istifadə edib, kiminsə ləyaqətini alçaltmışam, yaxud kiməsə aşağılayıcı sözlər demişəm. Nəinki efirdə, elə həyatda da.
-Səhnədə ən gözəl duetlər sizin və mərhum sənətkarımız, həyat yoldaşınız Eyvaz Həsənovun adı ilə bağlıdır. Ondan sonra duet təklifləri gəldi sizə?
-Çox duet təklifləri gəldi. Mən oxumadım. Çünki ailə dueti başqa idi. Burada sevgi, hörmət, bağlanmaq, bir-birini başa düşmək, sevmək var. Ona görə də bizim duetlərimiz sevilirdi. Hər kəsi inandıra bilirdik. Mütləq deyil ki, o şəxslərin arasında sevgi olsun, amma hörmət olmalıdır. Duet iki qəlbin bir şərqisidir. Bir-birinin səsini, oxu tərzini bəyənməyən insanlar duet oxuyanda yabancı çıxır. Bu deyir ki, elə oxuyum ki, o kölgədə qalsın, o da deyir ki, elə oxuyum bu kölgədə qalsın. Duet birlikdir.

-İllər öncə özəl məclislərin, sanballı toyların ən tələbatlı müğənnisi olmusunuz. Bu gün necə, toylara gedirsiniz?

-Xeyr, demək olar ki, toylara getmirəm. Sırf yaxın adamların, qohumların toyuna qonaq kimi gedirəm. Çox xahiş edəndə bir ağız oxuyuram. Hər yaşın öz gözəlliyi, zamanı var. Mən bu gün də sevilirəm. Amma toylara getməyə artıq həvəsim yoxdur. Konsert proqramlarında çıxış edirəm. Mən canlı oxumağa üstünlük verirəm. İndiki bizim toy saraylarında akkustikanı düzgün yaratmırlar. Musiqi elə səslənir ki, nə müğənnin səsi eşidilir, nə də musiqiçilərin çalğısı aydın eşidilir. Bir hamam səsi gəlir. Müğənni də məcbur olub fonoqramla toyu yola verir. Əvvəllər müğənni oxuyanda hamı qulaq asırdı, indi heç kim qulaq asmır. Hamı canlı oxuyurdu, gözəl səslənmə var idi. Mən indi də fonoqramsız oxuyuram. Müğənnilərin biznesi toylardır. Dolanışıq, maddiyat xatirinə toylara getmişik. İstədiyimizdən də artıq məbləğ bizə ödəyiblər. O vaxt gəlib bizimlə toy danışırdılar, qiymət deməyə utanırdıq. Hər zaman da bizi çox yaxşı yola salıblar. Bizə o qədər sevgi, məhəbbət, istək var idi ki. Gəlib məni gəlinin yanına aparıb deyirdilər ki, “Təranə xanım, əlini gəlinin başına çək, sənin kimi xoşbəxt olsun”.

-Ən sevilən cütlük idiniz.. Olmaya xoşbəxtliyiniz gözə gəldi?

-Nə bilim. Bəlkə də. Göz, nəzər var. İnsana xələl gətirə bilər. Bunu müqəddəs kitabdan başqa, alimlər də təsdiq edib. Bəd gözlərdə şüa var. Hərislik, paxıllıq şüası. O şüa insanın aurasını dəlir. Həmin auraya sonradan mənfi qüvvələr daxil olur. Ona görə insan xəstələnə, yıxıla, hətta ölə bilər.

-Gənclərə tövsiyyəniz nə ola bilər?

-Vallah nə deyim. İndi başqa dövrandır. Heç kəs öz orijinallığını itirməsin. Gözəlliyi bərpa etmək, yaratmaq lazımdır. Şair deyir ki, hər şey gözəldir həyatda, özün bir gözəllik yarada bilsən. Əgər sən özün bir gözəllik yarada bilirsənsə, onunla fəxr edə bilərsən. Əgər sən Allah təalanın yaratdığı gözəlliklə fəxr edirsənsə, o düzgün deyil. Allahın mənə verdiyi görkəmlə heç vaxt fəxr etməmişəm. Buna ixtiyarım yoxdur. Çünki bunu Allah özü mənə verib. Əgər sonralar bunu cərrah əliylə mən düzətsəydim, fəxr edə bilərdim. Cərrah əlinə düşməmişəm. Allah nə veribsə onunla razılaşmışam. Təbiiliyi daha çox sevirəm. Mən heç kimə rişxənd etmirəm. Əksinə, mən xoşlayıram ki, gənclər gözəlləşsinlər.

-Belə başa düşdüm ki, plastik əməliyyatların əleyhinə deyilsiniz...

-Qətiyyən! Plastik əməliyyatlar gözəllikdir. Amma qaydasında. Çox olmamaq şərtilə. Səhnə də gözəlliyi sevir. Oxumağın önəmlidir, əsas sənətdir, gözəllik ikinci dərəcəlidir. Sənət olmayanda gözəllik iyrənc görünür. Çünki biz model deyilik, müğənniyik. Əsl gözəllik sənətin özüdür.
 

Ardını oxu...
Qapını açıb köhnə vaxtın xatirələrinin səliqəylə qorunduğu mənzilə düşürəm. Köhnə üslublu bir otaq. Divarın birini kitab şkafı tutub. Bu şkafda Vidadi Babanlı imzalı 52 kitab yerləşir. Divarın sağında və solunda böyük portret və portret-xalça da köhnə vaxtlardan soraq gətirir.

Yazıçının çarpayısı sağ divardadır. Başının üstündə ağ-qara olsa da, işıqlı duyğuların sirayət etdiyi foto var. Qarabığlı kişi və balaca oğlanın fotosu.

Gələcəyimi bilirdi həmsöhbətim. Ona görə qalxıb yerinin içində oturmuşdu, gözlədiyi hiss olunurdu. 100 yaşın astanasında olan ağsaqqalın nizam-intizamı, məsuliyyəti məni təsirləndirir.

Beləcə, söhbətə başlayırıq qocaman yazıçı Vidadi Babanlı ilə. Qulağı ağır eşidir, sualları təkrarlamalı oluram, o da eşitdiyi və qavradığı sualları titrək, zəif səslə, amma dəqiqliklə cavablayır.

97 yaşlı insanın zehninin itiliyi, yaddaşının oyaqlığı məni valeh edir.

- Mən anamı üç aylıq olanda itirmişəm. 5-6 yaşına qədər ana nənəmin yanında qalmışam, 6 yaşından sonra ata nənəm baxıb mənə. Məni nənələrim saxlayıb.

- Ananız niyə belə erkən dünyasını dəyişib?

- Kənddə doğum zamanı, deyəsən, mikrob keçmişdi. Elə deyirdilər. Mən doğulandan sonra xəstələndi və üç ay keçməmiş dünyasını dəyişdi. Adamların avam vaxtıydı. 1926-1927-ci illər, kənd yeri, həkim, dava-dərman yox, savadsızlıq...

- Sonralar ana nisgilini hiss edirdinizmi?

- Mən həmişə ana nisgilini hiss etmişəm… Bir hadisə danışım. Universitetdə üçüncü kursda oxuyurdum. İyirmi yaşım vardı. İsa Hüseynov məndən bir kurs aşağı oxuyurdu. Tətildə rayona getmişdik. Bir dəfə harasa getmişdim, qayıdanda gördüm ki, anası ona qayğanaq bişirir, üstünə bal töküb, başının üstündə dayanıb, sarı saçlarını sığallaya-sığallaya onu yedizdirir.

Mən bunu görəndə o biri otağa keçdim, özümdən asılı olmadan hönkürüb ağladım. Yəni ana məhəbbəti mən görməmişəm, başqasında görəndə onun xiffətini çəkmişəm.

- Bəs atanız?

- Atam üç dəfə evlənmişdi. Mənim anamdan sonra iki dəfə. Biriylə üç il yaşayıb, boşayıb, sonra o birisini alıb. Axırıncı arvaddan 7, ümumilikdə 9 uşağı olub atamın.

Atam mehriban adam idi. 6 qardaş idilər. Onların içində ən ürəyi genişi, xeyirxahı o idi. Mənim yaddaşımda xeyirxah bir adam kimi qalıb.

- Atanızdır? - yuxarıdakı fotoya işarə edirəm.

- Hə. Yanındakı da mənəm.

- Sizi çox istədiyi hiss olunur.

- Eləydi.

- Sizə atalıq qayğısı göstərdimi?

- Göstərdi. Oxumağıma kömək elədi. Məni 1944-cü ildə Tiflisə Dəmiryolu Mühəndisliyi İnstitutuna oxumağa göndərdi. Ordan əsgərliyə aparmırdılar. Bir kurs oxudum, gördüm bura mənim yerim deyil. Ədəbiyyata lap 5-6-cı sinifdən meylim vardı. İlin axırı sənədlərimi institutdan götürdüm.

"Kommunist" qəzetində belə bir elan verilmişdi ki, Azərbaycan Dövlət Universiteti tələbə qəbulu elan edir. Sənədlərimi Tiflisdən Bakıya göndərdim. Qazağa qayıdıb gələndə atam soruşdu ki, dərslər necə gedir? Onu aldatdım, dedim, dərslərim yaxşı gedir. Mənə inandı, çünki heç vaxt yalan danışmırdım.

Aradan iki ay keçdi. Bir axşam, avqustun iyirmisindən sonra, evə gələndə gördüm atam pərt oturub. "Axşamın xeyir" dedim. Cavab vermədi. Durdu ayağa. Dedi, nə qələt eləmisən? Heç nə başa düşmədim, qaldım mat-məəttəl.

Siyirməni çəkib bir məktub çıxardı. Məktubu üzümə çırpdı, ardınca bir şillə vurdu mənə. Deyinə-deyinə, hirsli- hirsli çıxdı bayıra. Gözümün yaşını sıxırdım, çünki anadan yetim olduğum üçün məni heç vaxt vurmamışdı. Gözümün yaşını birtəhər sildim, ayağımın yanına düşən məktuba baxdım, üstündə "Azərbaycan Dövlət Universiteti" sözlərini oxuyanda yadıma düşdü, tez məktubu götürüb oxudum.

Orda yazılmışdı: "Universitetə qəbul olunmusunuz, sentyabrın 1-dən oxumağa gələ bilərsiniz".

Atam evdə bir həftə məni dindirmədi. Ata ürəyidi də, axırda bilet aldı, göndərdi məni Bakıya. DediŞ sən cızma-qara edirsən, elə bilirsən şeir yazırsan? Hər yazan elə bilirsən yazıçı olur?

Mən 3-cü kursda oxuyanda "Azərbaycan gəncləri" qəzetində iki şeirim çap olundu. Bu şeirləri oxuyandan sonra mənə məktub yazdı. Yazmışdı ki, ay bala, mən sənin ürəyini oxuya bilməmişəm. Səndə doğrudan da istedad varmış.

- Dünyasını dəyişdiyi vaxtı xatırlayırsız?

- 1984-cü ildə, 86 yaşında dünyadan köçdü.

- 9 övladdan yerində-yurdunda kimsə qalıbmı?

- Ata yurdunda balaca oğlu Adil qaldı, ev tikdirdi yanında. Qalanları isə kimisi Moskvada, kimisi Bakıda, kimisi Sumqayıtda binə saldı.

"İsmayıl Şıxlı dedi ki, öz soyadına keç"

- Ədəbiyyata Şıxlı təxəllüsüylə gəlmişdiniz, bəs sonra necə oldu?

- Kəndimizin adı Şıxlı idi. Sonra gördüm məni İsmayıl Şıxlı ilə qarışdırırlar, 1962- ci ildə keçdim öz familiyama - Babanlıya.

-"Şıxlı" təxəllüsünü götürməyiniz İsmayıl Şıxlının acığına gəlmişdi?

- Yox, mən onda tanımırdım İsmayıl Şıxlını. İsmayıl sonra müharibədən gəldi... Bir hadisə oldu. Dağıstana Azərbaycan yazıçı-şairlərindən ibarət nümayəndə heyəti göndəriləcəkdi. Siyahı tutulub, birinci mənim adım yazılıb. Amma məni tapmayıblar, İsmayıl Şıxlını göndəriblər.

Dağıstanda rektor qonaqları salamlayanda mənim adımı oxuyub. Süleyman Rüstəm durub deyib ki, gələn o deyil, başqa yazıçıdır. Buna baxmayaraq, "Daqestanskaya pravda" qəzetində İsmayıl Şıxlının şəklinin altında mənim adım getmişdi: "Vidadi Şıxlı".

Aradan bir müddət keçdi. İsmayıl mənə dedi ki, ay Vidadi, gəl sən öz familiyana keç. Bizi dəyişik salırlar. Mən ona inanmadım. Cibindən qəzeti çıxarıb göstərdi ki, görürsən, şəkil mənim, altındakı ad sənin. Ondan sonra öz familiyama keçdim.

- Siz bir müddət "Azərbaycan" jurnalında işləmisiz. Çap olunacaq əsərlər necə seçilirdi? Yuxarıdan göstəriş olurdumu?

- Yuxarıdan göstəriş olmurdu. Gətirib təqdim edirdilər, əgər bəyənirdiksə, çap edirdik.

- Hansı əsərlər o vaxt sizin yaxşı mənada təəccübünüzə səbəb olmuşdu?

- Dəqiq yadımda deyil. İsmayıl Şıxlının "Dəli Kür" əsəri geniş yayıldı və hörmət qazandı. Başqa əsərlər yadımda deyil.

- "Vicdan susanda"nı yazanda hansısa hadisədən təsirləndinizmi?

- Mirzə İbrahimov o vaxt Yazıçılar Birliyinin sədri idi. 1967-ci ildə məni işdən çıxartdırdı. Məsələni partiya iclasına qoydu, partiyadan da çıxarmaq istədi. Ona Əli Vəliyev, Süleyman Rüstəm, Osman Sarıvəlli etiraz elədilər. Rəsul Rza isə dedi ki, belə məsələ bizim təşkilatın adına yaxşı heç nə gətirməz. Mirzə isə təkid etdi ki, partiyadan çıxarılmalıdır. Onda Rəsul Rza durub iclası tərk elədi. Mən də artıq boğaza yığılmışdım. Partbileti çıxarıb onun üstünə atdım və özüm də iclası tərk elədim.

- Mirzə İbrahimovun sizə qarşı bu hırs, qəzəbi nə ilə bağlı idi axı?

- Onu qandırmışdılar ki, guya yazıçı kimi mən onu bəyənmirəm.

- Aranızı vurmuşdular?

- Hə, aramızı vurmuşdular. Cəlal Məmmədov adlı biri vardı... Paxıl adamlar çox idi.

- Necə bilirsiz, o vaxt cəmiyyətdə vicdanlı insanlar çox idi, ya indi?

- Vallah, dəqiq bir şey deyə bilmərəm. O vaxt vicdanlı adamlar var idi. Amma indiki cəmiyyət haqqında heç nə deyə bilmərəm... Əslində indi də var vicdanlı insanlar, o vaxt da var idi.

- O vaxt əsərlərin tərbiyəvi əhəmiyyəti, cəmiyyətə təsiri olurdumu?

- Cəmiyyətə çox təsiri olurdu. "Vicdan susanda" əsəri əl-əl gəzdi. Onu oxumayan az adam oldu. Rus dilində iki dəfə 1970 və 1983-cü illərdə 100 min tirajla çap olundu. Adətən, kitablar 30 mindən yuxarı tirajla çap olunmurdu. Amma bu kitab oxucuların tələbi ilə dalbadal 100 min tirajla buraxıldı. Burda da 50 min, 30 min tirajla dəfələrlə çap olundu.

Mən bir hadisə danışım. Moskvada "Həyat bizi sınayır" əsəri çap olunmuşdu. Aradan yarım il keçdi. Bir dəfə Yazıçılar İttifaqında dedilər ki, bir cavan oğlan gəlib səni soruşur. Düşdüm aşağı, gördüm cavan oğlandı, bizim adamlara çox oxşamır.

Mənə yaxınlaşdı, dedi, siz Vidadi Babanlısız? Dedim, bəli. Dedi, mən Daşkənddə yaşayıram, özbəyəm, sizin kitabınızı oxumuşam, elə bilmişəm ordakı qəhrəman mən özüməm. Mən o insanlarla tanış olmağa gəlmişəm. Qaldım mat-məəttəl, bilmədim nə deyim.

Sumqayıtda yaşayan bir-iki adam vardı, onların nömrəsini verdim, getdi. Belə hadisələr çox olub. Rusiyanın müxtəlif yerlərindən məktublar almışam. Yəni bədii əsərlərin təsiri güclü idi.

- Bəs nəyə görə iki əsərinizi yaradıcılığınızdan çıxarmaq istəyirsiz?

- Biri "Ayazlı gecələr"dır, biri də "Qəribə eşq". Bədii cəhətdən zəif alınıblar, ona görə xoşuma gəlmir.

"Nəbi Xəzri düz adam idi, Mehdi Hüseyn..."

- Hansı dövrü Azərbaycan ədəbiyyatının yüksəliş dövrü hesab edirsiz?

- 50-ci illərdən sonrakı dövrü. Həmin dövrün əsərləri sovet quruluşunu tərifləməkdən yavaş-yavaş uzaqlaşdı, həqiqi məsələlərə keçdi. 50-ci illərdən sonra gələn yazıçılar tələb olunan həqiqi əsərlər yaza bildilər. İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədov, Vidadi Babanlı və digərləri.

- İsa Muğanna ilə, deyəsən, qohumsuz.

- Mənim anam İsanın atasıyla bacı-qardaş idib. İsayla uşaqlığımız demək olar ki, bir yerdə keçib.

- İsa müəllimlə necə yola gedirdiz?

- Çox mehriban.

- Hansınız əvvəl başladı yaradıcılığa?

- Əvvəl mən başladım. İsa mənim izimlə gəldi. Özü də sonralar yazırdı ki, sənin izinlə gəlmişəm. Mən onda şeir yazırdım, o da nədən başlayacağını hələ bilmirdi. Bir oçerk yazdı: "Anadil ötən yerdə". Bu oçerk Mehdi Hüseynin çox xoşuna gəldi və çap etdirdi. Ondan sonra İsa ədəbiyyata gəldi.

İsa böyük yazıçıdır. Yaxşı müşahidə qabiliyyəti vardı. Sovet quruluşunun nöqsanlarını görüb qələmə alırdı. Bunun üstündə onu bir neçə dəfə KQB-yə çağırmışdılar. Buna baxmayaraq, yenə də inadından dönmürdü.

Bir cəhəti var ki, dili ağırdı, çətin oxunur. Amma yaradıcılığı böyükdü.

- Əsərlərinizi bir-birinizə oxuyub məsləhət alırdınızmı?

- Əvvəllər cavan vaxtı hə, sonralar yox.

- Köhnə yazıçı dostlarınızı necə xatırlayırsız?

- Mehdi Hüseyn ciddi adam və ciddi yazıçıydı. Əli Vəliyev xeyirxah idi. Süleyman Rüstəm də xeyirxah adam idi. Mirzə İbrahimov çox qərəzkar idi.

- Rəsul Rza neçə adam idi?

- Rəsul Rza obyektiv adam idi. Düzlüyü sevən idi.

-Bizim dövrdə bir ara nədənsə çox tənqid olundu...

- O vaxt da edirdilər. Sərbəst vəzndə yazdığına görə onu çox bəyənmirdilər.

- Bəs kimi bəyənirdilər, kimi oxuyurdular?

- Səməd Vurğun bir nömrə idi. Bütün xalq onu sevirdi. Rəsul Rza xalq arasında çox tanınmırdı. Yadımdadır, Səməd Vurğun dəfn ediləndə Dağüstü parkda adam əlindən tərpənmək olmurdu, mən geri dönəndə gördüm izdihamın aşağı tərəfi filarmoniyanın yanındadır. Xalq çox sevirdi onu.

- Bəs Səməd Vurğun necə adam idi?

- Səməd Vurğun çox genişürəkli, başqasının uğuruna sevinən adam idi. Mənim gözümün qabağında Əhməd Cəmili qucaqlayıb öpdü ki, "Can nənə, bir nağıl de" şeirini çox gözəl yazmısan. Başqaları haqqında ürək dolusu söz deyə bilirdi. Amma başqaları onun kimi deyildi. O, ürəyi böyük adam idi, yaradıcılığı da böyük idi, ürəyi də.

- O vaxtlar da qələm adamları arasında paxıllıq var idi?

- Çox idi. Elə adamlar həmişə olub. Özləri bir şey yaza bilmirlər, amma ara vururlar, söz gəzdirirlər. İstedadlı adamları bir-birilə düşmən edirlər. Bəstəkarlardan Qara Qarayevlə Fikrət Əmirovu düşmən eləmişdilər.

Moskva yaxınlığında bir yaradıcılıq evi var. Orda Fikrət Əmirovla rastlaşdım. Soruşdum ki, "Fikrət müəllim, hansı əsər üzərində işləyirsiz? Nə vaxtdır yeni əsəriniz gözümə dəymir". Bir az susdu, sonra dedi: "Hardan alım Qara Qarayevi? Yarış bitdi".

- Demək, bir-birinin bəhsinə şedevr yaradıblar... Yazıçılar arasında da rəqabət vardı?

- Vardı. Məsələn, o yaxşı yazıb, çalışım, mən də yaxşı yazım. Çalışım, mən də yaxşı əsər qoyum ortaya. Amma istedadlı adam az olanda rəqabət də olmur. Ədəbiyyata istedadla gələnlər az olur. Çoxu adı həvəslə gəlir, bir-iki əsər yazır, daha ardı gəlmir. Çevrilib olurlar aravuran, paxıl...

- Nəbi Xəzri xatirinizdə necə qalıb?

- Düz adam idi, insanpərvər idi. Şairliyi də pis deyildi, yaxşıydı. Əsərləri nə qədər yayılacaq, nə qədər qalacaq, o, tarixin işidir. Amma mənim zənnimcə, Bəxtiyar Vahabzadə ondan güclüydü. Hərənin öz yaradıcılıq yolu var, hərə bir cəhətiylə seçilir. Ədəbiyyatşünaslar onu daha dəqiq deyə bilərlər.

- Bəs Bəxtiyar Vahabzadənin xarakteri necə idi?

- Onun bir az cığallığı vardı, amma gözəl şair idi. Əsəbi adam idi, tez cırnayırdı. Bir az tənqid edən kimi özündən çıxmağa başlayırdı.

- Bəs sizdən sonra gələn nəsillər barədə nə deyə bilərsiz?

- Nə bilim vallah, istedadlıları da vardı, elə-belələri də... Bizdən sonra gələnlər də layiqli davamçılar oldular. Anar, Elçin, Kamal Abdulla... Dəqiq bir söz deyə bilmərəm, çünki on ildən bəridir heç nə oxuya bilmirəm.

- Hər gələn nəsil bir az inkar etməyə meyilli olur. Sizdən sonra gələnlər, 60- cılar, 70-cilər heç sizi tənqid edirdilərmi?

- Yox, tənqid edə bilməzdilər, çünki 50-cilərin yaradıcılığı göz qabağında idi. Mənim 6 romanım, 5 povestim, çox sayda şeirlərim, hekayələrim, dram əsərlərim, tərcümələrim var. Mən beş janrın beşində də qələmimi uğurla sınamışam.

- Şeirləriniz nəşr əsərləriniz kimi tanınmadı, bunun səbəbi nə idi?

- Çünki arada 30 il şeir yazmadım. "Gəlin" povestindən sonra, 1955-ci ildən. Müstəqillik qazanılandan sonra mənə şeir yenidən gəldi. Çünki nəsr əsəri çox vaxt istəyir. Şeir isə zamanın tələbinə uyğun yazılır. Ona görə daxili tələbat oldu, yenidən şeirə qayıtdım. Bu şeirimi də özüm haqda yazmışam:

Yoxdur heç kimsədən giley-güzarı,

Yazıb yaratmaqdır dərdi, azarı.

Gördü ki, tükənir şeirin bazarı

Sınadı qələmi romanlarda o.

- Yaddaşınız yaxşıdır, Vidadi müəllim.

- Babatdı. Bu uzun şeirdi, iki-üç bəndi yadımdadır.

- Uzun ömrün sirrini bizimlə bölüşə bilərsiz?

- Ay qızım, ömrü Allah-təala verir. İnsanın özündən də asılıdır. Mən ürəyimi təmiz saxlamışam, heç kimə paxıllıq eləməmişəm. Heç kimə həsəd aparmamışam. Mənə yamanlıq edənlərə də mən yamanlıq eləməmişəm. Allah özü cəzalarını verib.

- Gənc olanda etmədikləri üçün heyifsilənən 100 yaşlı yazıçının ürək sözləri bütün dünyada məşhurdur. Siz 97 yaşınızdan baxanda nələr üçünsə təəssüflənirsizmi?

Yazıçı nəsə demək istəyir, amma öskürək boğazını tutur. Bəlkə də vaxtı uzadır - sualı tam qavraya bilmədiyi, bəlkə qavrayıb cavab verməyə özündə güc tapmadığı üçün. Bir az özünə gəlməsini gözləyirəm, sonra söhbət üçün təşəkkür edib ayağa qalxıram.

- Çay içərdin, - deyə adət-ənənə üzrə dil-ağız edir ağsaqqal.

- Başqa vaxt, - mən də Azərbaycansayağı cavab verirəm və qocaman yazıçını xatirələriylə baş-başa qoyub köhnə vaxtların yaddaşının səliqəylə qorunduğu evdən ayrılıram...

Müəllif: Günel Natiq - Mənbə: Teleqraf.com
dia-az.info
Ardını oxu...
Qərb dağılacaq, Rusiya isə ayağa qalxacaq.

Axar.az xəbər verir ki, bu sözləri 1970-ci illərdə SSRİ-nin dağılacağını proqnozlaşdıran tanınmış fransız sosioloq Emmanuel Tod “Le Fiqaro”ya müsahibəsində deyib.

O bildirib ki, bu qənaətə gəlməyinin 3 səbəbi var:

“ABŞ-da sənayenin və təhsilin tənəzzülü, Qərb cəmiyyətində bir dəyər sistemi kimi protestantlığın yoxa çıxması və Rusiyanın dünyanın qalan hissəsi qarşısında artan cəlbediciliyi”.

Onun sözlərinə görə, Moskvanın yeni mühafizəkar “yumşaq gücü” Qərb əxlaqından fərqli olaraq getdikcə populyarlıq qazanır:

“Rusiya iqtisadiyyatının sanksiyaların şokuna tab gətirməsi isə Rusiya modelini daha da cəlbedici edir. Qərbdə Rusiya haqqında deyilənlər çox vaxt doğru deyil: o, tənəzzülə uğrayan ölkə kimi təqdim olunur, onun sürətlə bərpa və yenidənqurma mərhələsində olduğuna diqqət yetirmirlər.

Eyni zamanda, ola bilsin ki, Rusiya sistemini gücləndirən, vətənpərvərlik və milli birliyi qidalandıran məhz Qərbin düşmənçiliyidir. Beləliklə, sanksiyalar Rusiyaya genişmiqyaslı idxalı əvəzetmə siyasətinə başlamağa imkan verdi ki, bu da onların iqtisadiyyatına AB iqtisadiyyatı üzərində əhəmiyyətli üstünlük verəcək”.
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində vacib mesajlar verdi. Bu olduqca geniş, əhatəli müsahibə idi. Ölkə başçısı əslində ötən ilin yekunlarına dair xalqa hesabat vermiş oldu. Müəyyən nüanslarla bağlı dövlət başçısı vacib açıqlamaları geniş ictimaiyyətə təqdim etdi və gələcək perspektivləri müəyyən etdi.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

“Xalq bildi ki, hansı nailiyyətlər əldə edilib. Təbii ki, bu nailiyyətlərin üzərində dayanmaq olmaz. İrəliyə baxmaq, getmək lazımdır. Bunun üçün də yeni hədəflər müəyyən edilməlidir. Məhz azərbaycançılıq ideyasının tərkib hissəsi kimi ərazi bütövlüyümüz təmin olunub. Eyni zamanda bütün ölkə ərazisində suverenliymiz bərpa edilib”, - deyə o qeyd edib.

Komitə sədri bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi də ölkə başçısının müsahibəsində toxunduğu vacib məqamlardan biri oldu: “Dövlət başçısı Ermənistanın sülh müqaviləsinin imzalanmasında hansısa qarant olacaq bir ölkənin olmasıni istədiyini açıqladı. Bu, əslində müəyyən bəhanələrə, sülh müqaviləsinin uzanmasına olan yanaşmadır. Görünən odur ki, Ermənistan tərəfi hələki buna hazır deyil. Digər tərəfdən Ermənistana havadarlıq edənlər də tezlikdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəmirlər. Bunun üçün də Ermənistan tərəfindən delimitasiya məsələsinin sülh müqaviləsinə salınması təklif edilir. Bu, sözsüz ki, prosesin qeyri-müəyyən vaxta təxirə düşməsinə hesablanıb. Azərbaycan Prezidenti bu məsələ ətrafında izah verərkən qonşu Gürcüstanla olan yaxşı münasibətləri misal çəkdi. Amma bu gün Azərbaycanla Gürcüstan sərhədlərinin cəmi 70 faizi delimitasiya edilib. Ona görə də, delimitasiya məsələsi sülh müqaviləsi ilə əlaqələndirilsə gərək daha 30-50 il bu istiqamətdə müzakirələr davam etsin”.

Ziyafət Əsgərova görə, Azərbaycanın şərtləri odur ki, sülh müqaviləsində əsas prinsiplər müəyyən edilməlidir: “Bundan sonra isə delimitasiya və demarkasiya məsələlərini həll etmək olar. Qazax və Naxçıvanın hələ də Ermənistanın işğalında olan kəndlərinin azad edilməsi ilə bağlı şərtlər isə birmənalıdır. Erməni tərəfi də bunu dərk etməlidir. Bu torpaqlar qaytarılmalıdır və sözsüz ki, qaytarılacaq. Burada hər hansı problem ola bilməz. Əgər Ermənistan Azərbaycanla münasibətləri səhmana salıb, sülh müqaviləsi imzalamaq istəyirsə, həmin kəndləri təhvil verməlidir. Burada anklav olmayan 4 kəndin azad edilməsi ilə bağlı dərhal addım atılmalıdır. Daha sonra isə anklav olan kəndlərlə bağlı müzakirə aparıla bilər”.

Ardını oxu...
"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, Cənubi Qafqazda indiki durum və risklərlə bağlı fərqli yanaşmalar var. Bölgənin gələcəyi ilə bağlı gözləntilər nədən ibarətdir?

- Hazırda region ətrafında siyasi rəqabət artıb. Bu bölgə böyük risklər qarşısında dayana bilər. Regional və buradan uzaqda olan ölkələrin təhdidləri və təzyiqləri ilə bölgədə riskli vəziyyət yaranması ehtimalı var. 2025-ci ildən başlayaraq Cənubi Qafqaz ətrafında tamamilə başqa bir siyasətin əsasının qoyulması ehtimalları dəyərləndirilir.

- Bu hansı amillərlə bağlıdır?

- Çünki ABŞ-də Cozef Bayden iqtidardadır, hazırda Rusiya-Ukrayna müharibəsi davam edir və s. Amma sabah vəziyyət dəyişəcək. Rusiyada, Türkiyədə, ABŞ-də və eyni zamanda Avropanın digər bölgələrində müəyyən proselər baş tutarsa, həmin ölkələr arasındakı münasibətlərin nədən ibarət olacağı məlum deyil. Cənubi Qafqazla bağlı hansı qərarların veriləcəyi naməlumdur. Burada danışıqların ortaq məxrəci kimi hansı məsələlər ətrafında fikir mübadiləsinin aparalıcağı da bilinmir. Bu məsələlər ətrafında razılaşıb-razılaşılmayacağı da mübahisəlidir.

- Bu kontekstdə Azərbaycan-Ermənistan münasibətləri hansı formada önə çıxa bilər?

- Ermənistan və Azərbaycan arasında konkret olaraq nəticəli görüşlərin olması və sülh sənədinin imzalanması vacib amil kimi önə çıxır. Bunu Ermənistanda da başa düşməlidirlər. Çünki Ermənistan dövlətçiliyi 30 il ərzində qurulmayıb. Bu ölkənin suverenliyinin özü də kövrək haldadır. Sözsüz ki, Nikol Paşinyan da etdiklərinə görə, regional ölkələr qarşısında bu və yaxud digər şəkildə cavab verəcək.

- Ermənistan silahlanması ilə bağlı məsələlər gündəmdədir. Ola biləcək mümkün təhdidlərə qarşı adekvat reaksiyalar necə ola bilər?

- Sözsüz ki, keçmişə deyil, gələcəyə baxmaq lazımdır. Azərbaycan qalib tərəfdir. Ermənistan bu reallığı qəbul etməlidir və kiməsə bel bağlamamalıdır. Erməni tərəfi silahlansa da, “Azərbaycandan revanş alaq” anlayışından qurtulmalıdır. Çünki bu mümkün deyil. Azərbaycan oturub Ermənistanın silahlanmasını izləmək niyyətində deyil. Ölkəmizin suverenliyinə və ərazilərinə qarşı hər hansı bir təhdid olarsa, Ordumuz lazımi anda dəqiq zərbələrlə Ermənistana məxsus silahları Meğridə, Qafanda, Qarakilsədə, Çəmbərəkdə və digər bölgələrdə məhv etmək gücünə, imkanına malikdir. Bunu Ermənistan tərəfi unutmamalıdır.

- Artıq tərəflər arasında vasitəçi olmadan təkliflərin qarşılıqlı olaraq göndərildiyi bildirilir. Bu prosesin davamı necə nəticələnəcək?

- Hazırda Azərbaycanla Ermənistan arasında danışıqlar gedir. Bu danışıqlar artıq tərəflər arasında birbaşa aparılır. Bu müzakirələrdə ortaq məxrəcə gəlinən maddələr olsa da, üst-üstə düşməyən məsələlər də var. Yanvarın 4-də Ermənistandan Azərbaycana göndərilən təkliflərə baxıldıqdan sonra burada verilən cavablar diqqət mərkəzindədir. Bu cavablar sırasında Qarabağ erməniləri ilə bağlı hər hansı bir məsələnin burada yer almaması irəliyə doğru addımdır. Yaxşı olardı ki, erməni tərəfi bununla bağlı konkret mövqeyini ortaya qoysun. Ermənistan və onun havadarları unutmamalıdır ki, Azərbaycanın tarixi torpaqları harada başlayıb, harada bitir. İndiki Ermənistanın hansı ölkənin varisi olduğu bilinməlidir. Fakt odur ki, bundan öncə “Ararat Respublikası” mövcud olub. Azərbaycan ərazisində belə bir qondarma dövlət yaradılmışdı. Bundan sonra isə Cənubi Qafqaz keçmiş SSRİ-nin hakimiyyəti altında idi. Daha sonra müstəqillik qazanan ermənilər “Ararat respublikası"nın davamçıları hesab edilir.

- Sərhədlərin dəqiqləşməsi ilə bağlı əsas detallar nədən ibarətdir?

- Delimitasiya və demarkasiya məsələsində tələsməyə ehtiyac yoxdur. Təhlillər qarşılığında ortaq məxrəcə gəlmək mümkündür. Bunun əksinə olaraq ərazi iddiaları ermənilər üçün yaxşı sonluq vəd etmir. Son 30 il və yaxın 3 illik müddət göstərdi ki, ermənilər məsələlərin vaxtını uzatdıqda özlərinin ziyanına olan proseslər baş verir.

- Azərbaycanın post-müharibə dövrü və gələcəklə bağlı əsas baxışları nəyə hədəflənib?

- Ümumilikdə Prezident İlham Əliyev müsahibəsində çox vacib məqamlara toxundu. Bu məqamlar beynəlxalq ictimaiyyətin və Ermənistanın məsələləri bir daha anlaması üçün çox vacib idi. Ölkə başçısı həmişəki kimi açıq və səmimi danışdı. Bir daha əminlik yarandı ki, Azərbaycan 2023-cü ilin 20-i sentyabrından sonra yeni bir tarixi mərhələyə başlayıb. Azərbaycan dövlətçiliyinin bu yeni mərhələsidir. Artıq yeni ideyalarla, gənc nəslə istiqamətlənmiş konseptual baxışlarla Azərbaycanınln davamlı uğurlarını təmin etmək mümkün olacaq.

Dünyapress TV

Xəbər lenti