Ardını oxu...
Məlum olduğu kimi Milli Məclis hərbçilərin 20 il xidmətdən sonra dövlət tərəfindən mənzillə təmin olunmasına dair hüquqlarını ləğv edən həmin müddətin 25 ilə qədər uzadılması barədə qanunvericiliyə dəyişiklik nəzərdə tutur.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Gununsesi.info-ya açıqlamasında qanunvericilikdə nəzərdə tutulan dəyişikliyi şərh edib.

“Mənim buna münasibətim çox pisdir. Bir tərəfdən deyirik ki, hərbçilərimiz qürur mənbəyimizdir, başımızı uca etdilər, onların əmək haqları artırılmalıdır, digər tərəfdən onların sosial hüquqlarını məhdudlaşdırırıq. Hərbçilər mənzil almaq hüquqları saxlanılmaqla 20 il xidmətdən sonra pensiyaya çıxa bilməlidirlər. Çünki onların həyatı çox ağırdır. Həm də insan yaşlaşdıqca onun reaksiyası zəifləyir və fiziki imkanları tükənir. Peşəkar idmanda 35 yaşdan yuxarı az sayda idmançı görmək olar. Bizimki bir kürd məsəlinə oxşadı: “Canavarla birlikdə parçalayırıq, çobanla birlikdə yeyirik, sahibi ilə birlikdə ağlayırıq”. Bir tərəfdən tərifləyib, digər tərəfdən hüquqlardan məhrum edirik. – Bu dəyişiklik hansı ehtiyacdan qaynaqlanır? – Bu, layihəni müdafiə edənlərin dediyi kimi hərbçiləri çox istəməkdən, onların təcrübəsindən daha çox istifadə etmək ehtiyacından qaynaqlanmır. Hərbçi yaşlaşdıqca onun döyüş meydanında çevikliyi azalır. Mən səmimi olaraq bu dəyişiklikləri dəstəkləyən bir hərbçi belə görmədim”.

Qüdrət Həsənquliyev deyir ki, əsas səbəb kimi Qarabağın bərpası üçün dövlətin artan xərcləri, həmçinin neft satışından gələn pulların azalması göstərilir: ” Çıxış yolları tapmaq üçün başqa yollar axtarılmalıdır. Prezident daha çox xarici siyasətə, təhlükəsizlik məsələlərinə, energetika sahəsinə, ölkəni nəqliyyat qovşağına çevirəcək iri layihələrin gerçəkləşməsinə diqqət yetirir. Bunu təqdir etsək də Prezidentin kiçik və orta sahibkarlarla görüşünə, onların problemlərini, biznes mühitinin yaxşılaşdırılması üçün onların təkliflərini şəxsən dinləməsinə çox böyük ehtiyac var. Bununla yanaşı iqtisadi və məhkəmə islahatları genişləndirilməlidir, inflyasiya 5%-in altında olacaqsa, o zaman 2000 manatdan çox maaş alan şəxslərin maaşlarının artırılmasına 3 illik morotorium qoyula, özəl sektorun inkişafı qarşılığında büdcədən maaş alanların sayının 30-35% azaldılmasına nail olmaq olar. Bununla yanaşı, nə qədər qeyri-populyar olsa da, 3000 manatdan yüksək maaş alan şəxslərə “Qarabağın bərpası” üçün yeni vergi tətbiq oluna bilər. Sahibkarlardan Qarabağın bərpası üçün pul toplanması vergi tətbiqi yolu ilə, qanunçuluğa cidid əməl etməklə, xeyriyyəçiliyi təbliğ etməklə həyata keçirilməlidir. Amma hərbçilərin sosial hüquqları məhdudlaşdırılmamalı, xidmət müddəti uzadılmamalıdır”.

Büdcə vəsaitlərinə qənaətə gəlincə, Həsənquliyev deyir ki, əvvəla hökumətin sosial siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində ağır həyatın, aztəminatlı olmanın nə olduğunu bilən adamlar daha çox iştirak etməli, onların dairəsi millətimizə acıya bilən şəxslərlə, milli kadrlarla genişləndirilməlidir: “Büdcə vəsaitlərinə qənaət şəffaflığı təmin etməklə, insanlarımız üçün faydalı olan, nəticəyə hesablanmış layihələri maliyyələşdirməklə təmin edilməlidir. Bütün dinlərə görə “Allahın bəyəndiyi işlər insanlar üçün vacib olanıdır. “Hökumət, hazırda valyuta ehtiyatlarını artırmaq haqqında yox,ondan daha səmərəli istifadə barədə düşünməli, Qarabağın bərpasına Neft Fondundan vəsait ayırmalıdır. İndi, Qarabağın bərpası ilə hökumət məşğul olur. Bu işə qaçqın və məcburi köçkünləri, geniş xalq kütləsini cəlb etmək lazımdır. Təəssüf ki, hökumət bunu necə etməyin yolunu bilmir”.
 
Ardını oxu...
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ağ Ev təzyiqlərlə Bakının mövqeyinə hər hansı təsir göstərə bilmədiyi üçün ritorikanı dəyişdi. Amma bundan sonra da yeni “mexanizmlərin” dövriyyəyə buraxılmasından bəhs edilir...

- ABŞ-ın bu ritorikasının məqsədi Azərbaycanın mövqeyini dəyişmək yox, erməni ictimaiyyətinin könlünü almaq üçün idi. Artıq erməni ictimai rəyində qarşıdurma mövcuddur. Ruspərəstlərlə, qərbpərəstlər arasında gərginlik var. Bu baxımdan ABŞ-ın son davranışlarındakı əsas hədəf heç də Azərbaycanla bağlı deyildi. Sadəcə olaraq format etibarı ilə bizə nəsə iradlar tutulur. Amma əslində bu belə deyil.

- Nikol Paşinyan sərhəd komissiyasının görüşündən sonra Azərbaycanın sülhdə nə qədər maraqlı olacağı iddiasını səsləndirib. Bu, hansı məntiqlə izah oluna bilər?

- Sülhün istənilib-istənilməməsi siyasi ritorika ilə bağlıdır. Ermənistan məhz bu ritorikadan istifadə edir. İrəvanın istəyi odur ki, onun təklif etdiyi ərazilərlə bağlı dəstək alsın. Bu baxımdan Paşinyan elə görüntü yaratmaq istəyir ki, guya o, sülhpərvərdir. Amma təbii ki, bu belə deyil. Bu ritorika hər kəsə bəllidir. Burada təzə bir şey yoxdur.

- Ermənistanın indiki halda kommunikasiyalar üzərində daha çox vurğu ilə dayanması nə ilə bağlıdır?

- Zəngəzur dəhlizi ilə bağlı yanaşmalar fərqlidir. Dəhliz məsələsində Azərbaycanın mövqeyi aydındır. Eyni zamanda burada Ermənistanın öhdəliyi var. Azərbaycan tələb edir ki, Ermənistan bu öhdəliyi icra etsin. Ermənistan isə bundan açıq şəkildə imtina edir.

- İrəvan bunau nə ilə əsaslandırır?

- Erməni tərəfi dəhlizin ancaq öz nəzarəti altında açılmasına maraqlı olduğunu bəyan edir. Belə olan halda isə Azərbaycan İran ərazisindən keçən dəhlizi seçib. Burada Ermənistanın Azərbaycana irad tutması yersizdir. İrəvan Bakıya yolları açmaqla bağlı müraciət etsə, Azərbaycan ondan öhdəliklərin icrasını tələb edəcək. Bu, açıq mövqedir.

- Sərhədlərlə bağlı Almatı bəyanatı gündəmə gətirilir. Erməni tərəfinin israrla buna istinad etməsində məqsədi nədir?

- Ermənistan indi iddia edir ki, o vaxt Azərbaycan ərazisini Almatı bəyannaməsinə uyğun olaraq tanıyıb. Amma burada qaranlıq qalan məsələ həmin vaxtdan sonra baş verənlərlə bağlıdır. Bu suallar açıq qalır. Çünki həmin tarixdən sonra Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Eyni zamanda həmin razılaşmada Ermənistanın etmiş olduğu düzəliş var.

- Həmin düzəlişdə hansı məsələlər əks olunub?

- Burada qeyd edilib ki, Ermənistanın ərazi bütövlüyü Qarabağla birlikdə götürülür. Bunu rəsmi şəkildə bəyan ediblər. Belə olan halda Almatı sənədini Ermənistanın özü ləğv edib. Özləri bu razılaşmanı ləğv edib, yenidən onu gündəmə gətirməklə tamam başqa məqsədlər güdürlər.

- Azərbaycanın arqumenti nəyə hesablanıb?

- Bakı danışıqlara hazır olduğunu bəyan edir. Amma İrəvan müzakirələrin onun təklifi əsasında getməsini istəyir.

- Sizcə danışıqlar necə aparılmalıdır?

- Müzakirələr şərtlərlə başlamamalıdır. Faktiki olaraq indiki halda Ermənistan Azərbaycana qarşı şərt qoyur. Bu da Almatı razılaşmasının tanınması ilə bağlıdır. Ona görə də, məsələnin bu cür qoyuluşu məntiqdən uzaqdır.

- Burada kənar amillərin təsirini necə dəyərləndirmək olar?

- Təəssüf ki, bu reallıq var. Regiondan kənarda olan oyunçular da bu mövzunu dəstəkləyir. Amma Azərbaycan öz mövqeyində qalır. Bu da haqlı mövqedir.

- Kəndlərin təhvil verilməsi ətrafında hazırda erməni tərəfi manipuliyasiya edir. Bu məsələ necə həll olunacaq?

- Burada güc tətbiqi amili istisna edilmir. Çünki Azərbaycanın məqsədi ərazi bütövlüyünü bərpa etməkdir. Bakı bu siyasətdən dönən deyil Ermənistanın da imkanı varki hazırkı mərhələdə bu mövzular ətrafında danışıqlara getsin. Azərbaycanın sülh danışıqları üçün Tiflis və yaxud sərhəddə ikitərəfli qaydada bu məsələlərin müzakirəsini təklif etməsi daha optimal seçimdir. Əgər Ermənistan bunu istəmirsə deməli o danışıqlardan imtina edir. Belə olan halda Azərbaycan bu məsələlərə aid ölçü götürəcək.
Ardını oxu...
Əvvəlcə Azərbaycan Prezidenti, ardınca isə ölkənin Xarici İşlər Nazirliyi bütün dünyaya açıq şəkildə bəyan etdi ki, Bakı heç bir vasitəçinin iştirakı olmadan Ermənistanla danışıqlar prosesini bərpa etməyə hazırdır. Belə görüşlərin Tiflisdə, hətta Ermənistan-Azərbaycan sərhədinin hansısa hissəsində keçirilməsinin mümkünlüyü ilə bağlı konkret məqamlar da var idi. Məqsəd birdir – iki qonşu ölkə arasında sülh sazişini tezliklə yekunlaşdırmaq və imzalamaq.

Qarşı tərəf bütün bu günlər ərzində susdu, amma çərşənbə günü nəhayət ortaya ilk reaksiya çıxdı.

“İrəvan yenidən Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır”. Bu barədə Ermənistan XİN-in Azərbaycan XİN-in bəyanatına cavabında deyilir.

Bəyanatda daha sonra qeyd olunur ki, Ermənistan tərəfi “Azərbaycanla münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiq edərək, noyabrın 21-də münasibətlərin tənzimlənməsinə dair sazişin 6-cı redaksiyasını Azərbaycan tərəfinə təhvil verib”.

“Ermənistan tərəfi hələ də hesab edir ki, bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanlar var və buna hər iki tərəfin siyasi iradəsi ilə nail olmaq olar. İrəvan bu iradəni nümayiş etdirməkdə davam edir”, – Ermənistan XİN-dən bildiriblər.

Xarici İşlər Nazirliyi qeyd edib ki, Ermənistanın dövlət sərhədində delimitasiya komissiyalarının iclasının keçirilməsi təklifi bu iradənin təzahürlərindən biridir.

Amma cavab kifayət qədər qeyri-müəyyəndir. İrəvanın kənarda deyil, regionun özündə, həm Rusiya, həm də Qərb nümayəndələri olmadan Bakı ilə birbaşa və təkbətək danışıqlara qərar verməyə hazır olub-olmadığı tam aydın deyil. Bu intriqanın davamı necə ola bilər? İrəvan Bakının belə bir təklifinə müsbət cavab verməyə hazırdırmı? Yoxsa onun belə bir addım atmasına mane olacaq məqamlar var?

Pressklub.az-ın suallarını beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah cavablandırıb.

“İlk növbədə qeyd edim ki, bir neçə ay əvvəl Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaranmış kövrək ümidlər təəssüf ki, puç olmaq üzrədir”, – o, bəyan edib.

“Məlumdur ki, Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün iki ziddiyyətli danışıqlar masası yaradılmışdı – Moskva və Brüssel masası”, – Fəttah deyir.

“Məsələn, Brüsseldə masasında sülhə gedən yolda ən mühüm nəticə keçən ilin oktyabrında imzalanan Praqa sazişi oldu. Lakin İrəvanla Moskva arasındakı münaqişə Moskva masasını məhv etdiyi kimi, Bakı ilə Qərb arasındakı münaqişə də Brüssel masasını məhv etdi.

Məsələnin təfərrüatlarına varsaq, Qərb Paşinyanı Moskva masasından, Kreml isə Əliyevi Brüssel masasından imtina etməyə təhrik etdi. Tərəflər sülhə doğru irəliləmə prosesini dayandırdılar və diqqətlərini birtərəfli maraqlarının təmin edilməsinə yönəltdilər”, – ekspert bildirir. Rəsmi Bakı Laçın yolunu nəzarətə götürdü, sonra Xankəndi üzərində suverenliyini bərpa edə bildi. Rəsmi İrəvan bu dövrdə ABŞ və Avropanın siyasi elitasını tamamilə Bakıya qarşı çevirə bildi.

“Hazırda İrəvan-Moskva münasibətləri və Bakı-Qərb münasibətləri açıq qarşıdurma dövrünü yaşayır ki, bu da son nəticədə hər iki beynəlxalq platformanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına etimad yaratmadığını müəyyənləşdirir. Belə olan halda, rəsmi Bakının vasitəçisiz görüşmək təklifi çıxılmaz vəziyyətdə ən adekvat çıxış yoludur.

İrəvanın bu təklifə nə dərəcədə isti yanaşacağı Qərb tərəfdaşları ilə müzakirələrdən sonra bəlli olacaq. Nəzərə almaq lazımdır ki, bu yaxınlarda Vaşinqton bu mövzuda verdiyi açıqlamada tərəfləri ikitərəfli təmaslara başlamağa çağırıb. Güman etmək olar ki, Ermənistan Bakının iki ölkənin sərhədində görüş təklifini qəbul edəcək. Paşinyan hökumətinin iki ölkə sərhədində delimitasiya və demarkasiya komissiyasının iclası ilə bağlı cavab təklifi də buna ümid yaradır.

Lakin hər şey iki ölkənin Cənubi Qafqazdakı geosiyasi qarşıdurmada sülh istəyib-istəməməsindən asılı olacaq. Əgər həm Qərb, həm də Moskva bizim iki ölkəni eyni vaxtda bu qarşıdurmanın subyektləri siyahısından çıxarsa, tərəflər tezliklə vasitəçisiz görüşməyə başlayacaqlar”, – E.Fəttah hesab edir.

Müəllif: Rauf Orucov - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 
Ardını oxu...
 

Psixoloqlar açıqlamaları ilə tez-tez gündəmə gəlirlər. Əsasən də kişi psixoloqlar son dövrlər qadın psixoloqları tənqid edir, bəzən də aşağılayırlar. Bildirirlər ki, müğənnilər kimi psixoloqları da "həcilər" maliyyələşdirir, onlara psixoloji mərkəzlər açırlar.

Bu müzakirələrin fonunda isə insanlar inamlarını itiriblər, bilmirlər kimə müraciət etsələr, daha düzgün olar.

Psixoloqa müraciət edərkən nələrə diqqət edilməlidir? Peşəkar psixoloq hansı meyarlara cavab verməlidir?

Tanınmış psixoloq Ülviyyə Murtuzova "TV Müsavat"a danışıb, bu və digər suallara cavab verib.

Musavat.com həmin videomaterialı təqdim edir.

Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com

 
Ardını oxu...
Ramil Səfərovun ekstradisiyasında dövlət sirri təşkil edən heç nə yox idi”.

Bu sözləri Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev APA-ya geniş müsahibəsində deyib.

“Sadəcə iki dost ölkənin rəhbərləri – Prezident İlham Əliyevlə Macarıstan Baş naziri Viktor Orban Avropa Şurasının qəbul etdiyi beynəlxalq konvensiyaya əsaslanaraq Budapeştdə məhkumluq həyatı yaşayan azərbaycanlı zabiti Vətənə qaytardılar. Burada isə cəzasının bir hissəsini çəkdiyinə görə, dövlət başçısının sərəncamı ilə əfv edildi. Bu, hər iki tərəfdən böyük insanlıq və nəciblik aktı idi. Bizim müxalif mətbuatın hadisələrin isti izi ilə yazdığı kimi, hər hansı gizli sövdələşmə olmamışdı, ola bilməzdi. Əvvəldən axıra qədər proseslərdə yaxından iştirak etdiyimdən bunu tam əminliklə deyə bilərəm.

Deyəsən, kitabda yazmamışam. Ekstradisiya başa çatandan bir müddət sonra Heydər Əliyev Fondu xalqımızın dost macar xalqına minnətdarlıq hisslərinin ifadəsi olaraq Budapeştin XII rayonunda gözdən əlil uşaqlar üçün məktəb-yataqxana binası tikdi. Səfirliyimiz isə məktəb-yataqxanaya hamiliyi öz üzərimizə götürdü. Həmin ənənə bu gün də davam etməkdədir”, – o bildirib.
 
Ardını oxu...
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev, yağışların intensiv olması ilə əlaqədar sürüşmə zonalarında aktivləşmənin yaranacağı təhlükəsi ilə bağlı həyacan təbili çalıb. O, mətbuata açıqlamasında bildirib ki, Abşeron yarımadasında müşahidəyə cəlb edilmiş yeddi sürüşmə sahəsindən yalnız Masazır və Nübar qəsəbəsində zəif aktiv-dinamiklik müşahidə olunur.

Təhlükə nə qədər böyükdür?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev, Abşeron yarımadasının sürüşmələrə məruz qalan əsas ərazilərdən biri olduğunu təsdiq edib.

Yarımada ərazisində infrastrukturun hər gün dəyişdiyini söyləyən şöbə müdiri, bunu ərazidə tikintilərin sayının artması ilə əlaqələndirib:

“Abşeron həm də seysmik sahənin əsas hissəsidir. Burada hər gün təkanlar və silkələnmələr olur ki, bunlar təbii komponentlərdir. Əslində, bu problem insan amili ilə bağlıdır. Yasamal dağını misal göstərə bilərəm. Belə ki, Abşeronun digər ərazilərinə nisbətən burada sürüşmə daha zəifdir. Bu da antropogen dayanıqlılıqla bağlıdır. Halbuki, burada da binalar, yollar və digərləri var”.

Müsahibimiz, digər ərazilərdəki problemlərin su-kanalizasiya sistemlərinin olmaması ilə əlaqələndirib:

“Bakı şəhəri 1-1.5 milyon əhali üçün planlaşdırılsa da, hazırda paytaxtda normadan 3 dəfədən çox əhali yaşayır. Buna görə də şəhərin yeraltı və yerüstü strukturunda ciddi problemlər yaranıb. Buna da ciddi şəkildə əncam çəkilməli və dəyişikliklər edilməlidir. Vəziyyətdən çıxış yolu tapmaq üçün paytaxtın infrastrukturunu kiçiltmək, əvəzində rayonları böyütmək, insanların iş qabiliyyətini gücləndirmək lazımdır”.

Onun sözlərinə görə, ilk növbədə iş və yaşamaq üçün Bakıya toplanmış əhalini mərhələli şəkildə bölgələrə qaytarmaq lazımdır:

“Daxili miqrasiyanı dayandırmaq üçün bölgələrdə hansı sahələr qurulmalı və işlər hansı istiqamətdə həyata keçirilməlidirsə, bu barədə səmərəli layihələr işləyərək təqdim etmək lazımdır. Amma heç kim bunun üzərində düşünmək və həyata keçirmək istəmir. Əgər rayonlarda kənd təsərrüfatı sistemini klassik formada qura bilsək, əhalini geri qaytara bilərik”.

Bəs yarımadadakı mövcud sürüşmələrin qarşısını necə almaq olar?

Şöbə müdiri düşünür ki, həmin ərazilərdə dayanlılığın təmin olunması üçün əvvəlcədən planlaşdırma aparılmalıdır:

“Hazırda Bakı ərazisində çöküntü süxurları həddindən çoxdur. Bundan başqa, şəhərimiz, ümumilikdə isə Abşeron yarımadası və Qafqaz ildə 2 sm-ə yaxın qalxır və bu da ümumi vəziyyətə təsir edir. Təəssüf ki, bunun qarşısını almaq mümkün deyil.

Tutaq ki, 15-20 il əvvəl bir məhəllənin infrastrukturu və kanalizasiya sistemi 10 min nəfər üçün nəzər tutulmuşdusa, hazırda orada əhalinin sayı 2 qat artıb. Plansız qazıntılar və su-kanalizasiya sistemləri, eləcə də sənayenin 85-90 faizinin Abşeronda yerləşməsi sürüşməyə meyilli sahələrdəki problemləri daha da qabardır. Bu da Abşeron yarımadasının klassik ərazisinin böyük hissəsinin antropogen təzyiqlərə məruz qalması ilə nəticələnir”.

Ə.Əliyev, həm Abşeron yarımadasının, həm də Bakı şəhərinin 2200 kv.km-lik ərazisi haqqında problemlərin çox qabarıq olduğunu diqqətə çatdırıb:

“Pərakəndəlik, özbaşınalıq və digər hallar vəziyyəti daha da gərginləşdirir. Əgər bu gün paytaxtda 1 milyona yaxın qanunsuz və sənədsiz ev varsa, burada heç bir düzgün bölgüdən söhbət gedə bilməz”.
 
Ardını oxu...
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Qərbin Azərbaycana qarşı ritorikası getdikcə sərtləşir. Avropa Birliyini bildik, Fransanın təsir və təzyiqi ilə buna getdiyi ehtimal olunur, bəs ABŞ niyə körpüləri yandırmaq yolunu tutdu?

- Zənnimcə, ABŞ-ın Azərbaycana münasibəti həmişə düz olmayıb, yanaşmasında həmişə əyriliklər vardı. Amma indiki münasibəti başdan ayağa kin-küdurətlə yoğrulub, Azərbaycan təhdid, bəzən təhqir edilir. Azərbaycanı zorla nələrisə icra etməyə dəvət edirlər. Bu, beynəlxalq hüququn normalarına, etikaya və dövlətlərarası münasibətlərə dair öhdəliklərə ziddir. Amerikadakı erməni lobbiçiliyi və Ermənistanla bağlı saxta məlumatlar ölkənin siyasi təbəqəsinin üst dairələrinə qədər özünə yer tapıb. Nəticədə Azərbaycana qarşı qeyri-adekvat və anormal münasibət formalaşmağa başlayıb.

Amerika sülhyaratma prosesinin ilk vaxtlarında ədalətli görünürdü, tərəfləri möhkəm və dayanıqlı sülhə səsləyirdi. Bəzən də bunun üçün öz ərazisində xarici işlər nazirlərinin görüşünü keçirirdi və liderləri bir araya gətirməyə çalışırdı. İndi həmin “mülayim siyasət”in yerini diktə siyasəti alıb. ABŞ bu siyasətlə Azərbaycana sülh müqaviləsinə daxil olmayan məsələləri qəbul etdirməyə çalışır. Məsələn, könüllü surətdə Azərbaycanı tərk etmiş ermənilərin qaytarılması, bununla bağlı müəyyən tədbirlərin həyata keçirilməsi kimi müxtəlif tələblər irəli sürürlər. Özlərinin etmədiklərini beynəlxalq məhkəmənin diliylə və qərarları ilə həyata keçirməyə çalışırlar.

Beləliklə, Azərbaycana qarşı total diplomatik hücum başlayıb. Bu total hücum sülh prosesini dalana apara, nəticədə sülh müqaviləsinin imzalanması prosesi xeyli uzana bilər. Hər halda sülh müqaviləsinin imzalanması ilə bağlı həm Azərbaycan, həm də Ermənistanda böyük ümidlər var.

- Qərbin təzyiqləri hara qədər davam edəcək, gərginlik əlaqələrin qırılmasına qədər gedə bilərmi?

- Məncə, qırıla bilməz. Amerikanın oyunu təkcə “sülhyaratma” ilə bağlı deyil, o, bütün Cənubi Qafqaza nəzarət etmək istəyir. Cənubi Qafqazdan sonrakı hədəfi isə Orta Asiya ölkələrinə nəzarətdir. Amerika bu məqsədlə Rusiyanı hər iki bölgədən vurub çıxarmaq və öz hökmranlığını təmin etmək istəyir. Çünki Cənubi Qafqazla yanaşı, Orta Asiya da strateji bölgələrdən biridir. Orta Asiyaya sahib olan güc bütün dünyaya sahiblik uğrunda mübarizəyə girişə və ya bütün dünyaya hökm etmək imkanları əldə edə bilər.

Prosesdə sülh müqaviləsini önə çəksələrdə, əslində, böyük dövlətlərin strateji maraqlarının reallaşdırılması savaşı gedir. Amerika da bu savaşda Rusiyanı üstələməyə çalışır.

- Sülh müqaviləsi uzandıqca yeni hərbi toqquşma riski artırmı? Artıq bu ehtimal da müzakirə mövzusuna çevrilib. Üstəgəl, gərgin situasiya fonunda Ermənistanın sürətlə silahlanması da diqqətdən yayınmır.

- Hər şey baş verə bilər, amma yeni müharibə ehtimalı çox zəifdir. Hər iki tərəfin siyasiləri və xalqları müharibədən yorulub, savaşmaq istəmirlər, dinc yaşamaq istəyirlər. Düzdür, üçüncü tərəflər qarşıdurma yarada bilərlər, amma bunun böyük müharibəyə çevriləcəyinə inanmıram. Bunun üçün lazımi situasiya, əhval-ruhiyyə və səbəb, üstəgəl, insanların istəkləri yox dərəcəsindədir.

- ABŞ-ın Cənubi Qafqazda yerləşmək səylərinə diqqət çəkdiniz, əzəli rəqibinin bu cəhdlərinə Rusiyadan sərt təpkilər var. Sizcə, bölgə uğrunda iki güc arasındakı geosiyasi çəkişmə Cənubi Qafqaza nə vəd edir? Xüsusən də bir-birinə zidd qüvvələri öz ərazisində toplayan Ermənistana...

- Artıq Avropa Birliyi Ermənistan və Gürcüstanı birləşdirərək, onlar arasında hərbi-siyasi alyansa bənzər bir şey formalaşdırmağa başlayıb. Gürcüstan Fransadan alınmış silahların öz ərazisindən Ermənistana daşınmağa icazə verdi. Ardınca Gürcüstanın müdafiə naziri İrəvana getdi, oradakı danışıqlardan sonra hərbi sənədlər də imzalandı. Bütün bunlar göstərir ki, Gürcüstanı üzvlüyə namizəd kimi qəbul etmək istəyən Avropa Birliyi indi Ermənistana bu statusu vermək istəyir. Beləliklə, bölgədə qüvvələrin parçalanması və yenidən birləşdirilməsi prosesi gedir. Artıq bu prosesdə yeni dünya düzəninin bəzi elementləri görünür.

Proses mürəkkəbdir, amma gedişatda o qüvvələr qazanacaq və önə keçəcək ki, onların resursları çoxdur və tükənməzdir. Resursları çox olanlar bu mübarizədə qalib gələcəklər və bölgədəki yerlərini gücləndirəcəklər. İndiki halda belə bir güc kimi ABŞ və ya NATO görünür.

- Yəni Rusiyanın Cənubi Qafqazdakı 300 illik hegemoniyası bitir?

- Zənnimcə, bitmək üzrədir. Üstəgəl, Rusiyanın təkcə problemi Cənubi Qafqazla bağlı deyil, onun ən böyük problemi Ukrayna məsələsidir. Bu problem də qış aylarında daha da şiddətlənəcək və Rusiyanın sıxışdırılması prosesi yenidən başlayacaq. Kollektiv Qərb Rusiyanı adi regional dövlətə çevirmək istəyir. Bəlkə də ondan da aşağı...
 
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsinin mövqeyönümlü müharibəyə çevrilməsi riskləri və bundan çıxış yolları axtarılmaqdadır. Ukrayna Hərbi-Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Oleksandr Musienko müharibənin gedişi ilə bağlı fikirlərini UNİAN-la bölüşüb. AYNA politoloqun müsahibəsini istinadla təqdim edir:

- Cənab Oleksandr, Ukrayna ordusu irəli getdikcə, Rusiya-Ukrayna müharibəsini Birinci Dünya müharibəsi ilə müqayisə edir və vaxtaşırı hücumlarla mövqe savaşından danışırlar. Bu qiymətləndirmə ilə razısınızmı?

- Hələlik müharibənin mövqe döyüşünə çevrilməsi ilə razılaşmıram. Mübarizəni davam etdirmək və Ukraynanın ehtiyaclarını lazımi silah, qüvvə və vasitələrlə təmin etmək üçün tərəfdaşlarımızın kifayət qədər iradəsi olmasa, belə çağırışlar və təhdidlər var. Mənə elə gəlir ki, indiki vəziyyəti Birinci Dünya müharibəsi ilə deyil, İkinci Dünya müharibəsi ilə müqayisə etmək olar. Bu gün çoxlu analogiyalar və paralellər var, məsələn, İtaliya uğrunda döyüşlə analogiya aparmaq olar.

Xatırladıram ki, İtaliya uğrunda döyüş zamanı Siciliyaya enişlə müttəfiqlərin hücumu bir neçə həftə davam etdi, o zaman Britaniya və sonra Amerika qoşunları prosesə qoşuldu. Amerikalılar artıq bu ideyadan imtina ediblər, çünki itkilər olub və qarşıya qoyulan məqsədləri həyata keçirə bilməyiblər. Lakin ingilislər mübarizəni davam etdirərək bu əməliyyatın uğurla başa çata biləcəyini təkid edirdilər... Nəhayət, İtaliyada faşistlərin müqaviməti qırıldı.

Yəni hesab edirəm ki, biz indi bu müharibədə belə bir orta yolun olduğu nöqtəyə yaxınlaşırıq. İndi isə ordunun ərazidə bilavasitə hərəkətləri ilə yanaşı, iradə amili, mübarizədə və əldə edilmiş məqsədlərə inam amili də önəmlidir. Bu çox vacibdir.

- Müttəfiqlər tərəfindən silah tədarükündən danışdınız. Əvvəllər silahların tədarükü hərbi əməliyyatlara əhəmiyyətli dərəcədə təsir etdi. Sizcə, döyüş meydanında vəziyyəti kökündən dəyişməyə qadir olan tədarük gözləməyə dəyərmi?

- Vəziyyət elədir ki, hər halda xalq istənilən silahla qalib gələ bilər. Xalqın döyüş əzmi, vətənə münasibəti çox önəmlidir. Təbii ki, silah da vacibdir.

İstənilən müharibə innovasiyaların, modernləşmələrin və silah bazarının inkişafını sürətləndirir. Bu, dünya müharibələri zamanı da belə olub. Xatırlatmaq istərdim ki, Birinci Dünya müharibəsinin sonunda əvvəllər istifadə olunmayan və ingilislər tərəfindən hazırlanmış tanklar meydana çıxdı. Bundan sonra təyyarələr peyda oldu və İkinci Dünya müharibəsi illərinin sonunda Almaniya reaktiv mühərriklərlə “Messerşmit” təyyarəsinin eksperimental uçuşunu nümayiş etdirdi... Ona görə də müharibə həmişə texnologiyanın inkişafını sürətləndirir.

İstisna etməzdim ki, Ukrayna onu döyüş meydanında tətbiq edə bilmək üçün silahların modernləşdirilməsi və inkişafı üçün bəzi innovativ həllərin istehsalı və gücləndirilməsi üzərində işləyir. Və bunun üçün daha çox vəsait ayrılır. Deyə bilərik ki, tərəfdaşlarımız da bunun üzərində işləyirlər.

Ukrayna indi çoxlu silahlar alır, sadəcə olaraq bu silahların miqyasını və sayını artırmaq vacibdir. Nisbətən desək, 20 raket miqdarında ən son ATACMS sistemləriniz varsa, bu, yaxşıdır. Amma 200 raketin olması başqa məsələdir. Razılaşın, təsir tamamilə fərqli olacaq.

Deməli, silahların çəkisi var, kəmiyyəti də olmalıdır. Əgər yaxın gələcəyi götürsək, təbii ki, Ukraynanın təyyarələrə - F-16-ya və İsveç qərar verərsə, bəlkə də “Gripen”ə ümid etdiyini düşünürəm. İkincisi, biz iki növdə - kasetli sursatla və 300 kilometr məsafədə yüksək partlayıcı hissəyə malik ATACMS raketlərinin tədarükünə ümid edirik. İdeal olaraq, Almaniyadan “Taurus” raketlərini almaq arzuolunandır. Həmçinin artilleriyaya hələ də ehtiyacımız var. Birbaşa artilleriya sistemlərində və mərmi təchizatının artırılması lazımdır. Və təbii ki, tanklar və zirehli texnikalar önəmlidir.

- Ölkənin hərbi-siyasi rəhbərliyi Ukrayna tərəfindən hazırlanmış fərdi raketlərin uğurlu sınaq buraxılışlarının olduğunu bəyan ediblər. Bu silahları şərti olaraq önümüzdəki bir-iki ildə cəbhədə görmək potensialı varmı?

- Düşünürəm ki, bəli. Artıq dediyim kimi, müharibə silahlanma ilə bağlı inkişaf prosesini xeyli sürətləndirir. Ukrayna bunu başa düşür və diqqət yetirir. Müdafiə xərcləri, xüsusən də müdafiə alışları artır. Bunun bir hissəsi olaraq, biz ABŞ ordusu üçün yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Pentaqonun analoqu təşkil etmək vəzifəsi ilə qarşı-qarşıyayıq. Silahlarla bağlı yeni texnoloji və innovativ həllərin tətbiqinin sürətləndirilməsi və orduya çatdırılması üzərində işləməliyik.

Ukraynanın “Şəhid”lərin analoqunu istehsal edib seriyalı istehsalına başlaması ilə bağlı nikbin məlumatlar eşidirik. Bu, əlbəttə ki, bir növ “Wunderwaffe” deyil, yəni super silah deyil. Eyni zamanda, bu pilotsuz təyyarələr bizə Rusiya Federasiyası ərazisindəki hərbi obyektləri vurmaq imkanı verəcək və bu, əvvəllər belə sistemlər istehsal etməyən Ukrayna üçün artıq bir sıçrayışdır.

Amma, əlbəttə ki, raketlər üzərində işləmək lazımdır, radioelektron müharibə vasitələri, radioelektron kəşfiyyat vasitələri üzərində çalışmalıyıq. Yəni bu işin bir çox istiqaməti var.

- Yerli silah istehsalı potensialını məhdudlaşdıran problemlərdən biri də müəssisələrin düşmən tərəfindən zərbələrə məruz qalmasıdır. İstehsalı potensial düşmən hücumlarından necə qorumaq olar?

- Bizdə Lvov və İvano-Frankivsk bölgələri var - dağların olduğu hissə. Biz bu istehsalları orada edə bilərik. İran kimi davranmaq olar. İranlılar belə hərəkət edirlər. Üstəlik, zərbələr təhlükəsi barədə mümkün qədər tez məlumat vermək imkanı var və onları hava hücumundan müdafiə ilə bloklamaq lazımdır.

Müəllif: Turan Abdulla - Mənbə: AYNA.az

Ardını oxu...
Bütün dünya ABŞ-da Prezident Cozef Bayden və Çin lideri Si Cinpin arasında görüşə böyük ümidlər bəsləyirdi. Lakin onların San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində apardıqları danışıqlar diplomatik qalmaqalsız ötüşmədi. ABŞ Prezidenti çinli həmkarı ilə 4 saatlıq görüşdən sonra keçirilən mətbuat konfransında onu “diktator” adlandırdı. Buna baxmayaraq, tərəflər ABŞ və Çin arasında məhsuldar əməkdaşlığa qəti əminlik ifadə edib və münasibətlərdə irəliləyiş olduğunu bəyan ediblər.

Eyni zamanda, Çin Xarici İşlər Nazirliyi görüşdə iki ölkə arasında münasibətlərdə ən həssas olan Tayvan məsələsinin ətraflı müzakirə edildiyini açıqlayıb.

Co Bayden və Si Cinpin daha nə ilə bağlı razılığa gəldilər? Rusiyalı tarix elmləri doktoru, Asiya-Sakit Okean Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Lomanov bu barədə “Lenta.ru” saytına müsahibə verib. AYNA sözügedən müsahibəni ixtisarla təqdim edir:

- Si Cinpinin ABŞ-a səfərini Amerika-Çin münasibətlərində dönüş hadisəsi adlandırmaq olarmı?

- Mən bu səfərdə əsaslı və strateji əhəmiyyətli heç nə görmürəm. Amma bu hadisənin şübhəsiz ki, əlamətdar olması, beynəlxalq siyasətin ən diqqətəlayiq hadisələri sırasında olacağı bəlli idi. Xüsusilə, indi Yaxın Şərqdə baş verənlər kontekstində.

Cari ildə bu, mühüm hadisədir. Ən azından iki ölkənin liderləri vaxt tapıb danışıqlar masası arxasına əyləşmək üçün səy göstərdilər, ABŞ və Çin arasında artan fikir ayrılıqlarını nəzarətdə saxlamağa çalışdılar.

- Bəs niyə məhz indi danışıqlar aparmaq lazım idi? Si Cinpin 6 ildir ki, ABŞ-a getmirdi...

- Aydındır ki, əvvəlki səfərin qarşısını koronavirusla bağlı hadisələr alıb. Böyük ehtimalla ehtimal etmək olar ki, 2020-ci ilin əvvəlində dünyanı uzunmüddətli təcrid vəziyyətinə salan hadisələr olmasaydı, belə bir səfər baş tutacaqdı. Güman edirəm ki, Co Baydenin administrasiyasının birinci və ya ikinci ilində Cinpin şübhəsiz ki, Amerika torpaqlarında prezidentlə şəxsən ünsiyyət qurmaq istəyini nümayiş etdirəcəkdi.

- Əvvəlki görüşdə hansı razılaşmalar əsas idi və onlar indi əldə olunanlardan nə ilə fərqlənir?

- Bu məsələnin şərhində böyük problemlərimiz var, hər iki tərəf bu problemi eyni cür görmür. Çinə ümumilikdə konstruktiv atmosfer lazımdır. Keçən dəfə Si Cinpin Co Baydenlə söhbətdə qarşılıqlı hörmət, hədsiz tənqiddən yayınma, daxili işlərə qarışmama və qırmızı xətlərə hörmət tezislərinin razılaşdırılmasından razı qaldı. Amerikalıların konkret tədbirlərə ehtiyacı var.

Amerika və Çin tərəflərinin dərc etdiklərinə diqqətlə baxsanız, San-Fransiskodakı görüş Balidəki görüşü böyük ölçüdə təkrarladı. Cinpin ikitərəfli münasibətlərin hansısa geniş, çərçivəli strateji kontekstindən danışmağa çalışır. Si Çinin ABŞ-ı dünyadakı mövqeyindən sıxışdırmağa çalışmadığını, Çin tərəfinin konstruktiv əməkdaşlığa açıq olduğunu təsdiqləmək istəyir. Co Bayden deyir ki, tərəflər bəzi konkret məsələlərdə razılığa gəliblər: bəli, Amerikanın Ukrayna və Fələstinlə bağlı mövqeyi aydınlaşdırılıb.

Keçmişdə, hətta Barak Obamanın dövründə də ABŞ Rusiyaya qarşı eyni siyasəti yeritməyə çalışırdı. Yəni ABŞ lazım olan yerdə əməkdaşlıq axtarır, lazım olmayan yerdə rəqabət aparır.

- Eyni şey indi Çinə də təklif olunur?

- Bəli, lakin Çin bu paradiqmanı qəbul etmir və bu, çox vacibdir. Çin münasibətləri daha ikili şərhdə xarakterizə edir. Kölgələr və qeyri-müəyyənliklər onlar üçün qəbuledilməzdir.

Qarşı tərəfi rəqib kimi görürsənsə, o zaman heç bir konstruktiv əməkdaşlıq nəticə verməyəcək. San-Fransiskoda Çin və Amerika mövqelərinin uyğunsuzluğu aydın oldu.

Amerikalılar bunun nəticə verəcəyini düşünürlər, lakin bu, öz seçicilərini və Asiya ölkələrinin siyasi elitalarını sakitləşdirməyə yönəlmiş bir növ illüziya və ya piardır ki, onlar artan qarşıdurma ilə bağlı daha sakit olsunlar. Bu yanaşma nəticə verməyəcək: Çin Amerika tərəfinin köləsi olmayacaq.

- Ukrayna müharibəsi və İsrailin Qəzza zolağında HƏMAS-a qarşı müharibəsi görüşə necə təsir edir? ABŞ Çinlə münasibətlərdəki gərginliyi aradan qaldırmaq istəyirmi?

- Çinin mövqeləri ictimaiyyətə açıqlanıb. Co Bayden bu məsələlərdə yeni heç nə əldə edə bilmədi. Ukrayna böhranı ilə bağlı açıqlanmış Çin sülh təşəbbüsü var. Çin Xarici İşlər Nazirliyinin Yaxın Şərqdəki böhranla bağlı açıqlamaları var. Ona görə də bu mövzuların qeyd olunması daha çox hegemon dövlətin ətalətidir. Bununla belə, iki liderin nə barədə razılaşdıqlarını başa düşmək üçün bu mövzularda fikir mübadiləsi aparması zərərli deyil.

- ABŞ mediası iddia edir ki, Çin könülsüz şəkildə hərbi əlaqələri bərpa etməyə qayıdıb. Bu nə dərəcədə doğrudur?

- Hərbi əlaqələrin qopması Nensi Pelosinin Tayvana səfərindən sonra baş verdi. Çin həqiqətən ABŞ-dan daha az maraqlanır. Sadə dillə desək, SSRİ və ABŞ cavabların mümkün simmetriyasına görə oxşar münaqişələrin həllində maraqlı idilər. Sərhədlərə yaxın NATO gəmiləri və təyyarələri peyda olanda heç bir insident olmamasında maraqlı idilər. Sovet gəmiləri və təyyarələri də Amerika sahillərinə yaxın idi. Maraq qarşılıqlı idi - insidentlərin qarşısını almaq üçün oyun qaydaları simmetrik idi.

- Niyə?

- Çünki Çin bu halda amerikalılara eyni şəkildə cavab verə bilməyən daha zəif tərəf kimi görünür. Çin Xalq Azadlıq Ordusu San Fransisko və ya Pearl Harbor yaxınlığında, yəni ən mühüm Çin hərbi bazalarında olan amerikalılarla eyni müdaxilə imkanına malik ola bilməz.

Ona görə də hazırkı razılaşmalar təzyiqin nəticəsi deyil, Tayvanda prezident seçkilərinin qeyri-müəyyən nəticələrə səbəb ola biləcəyinin ciddi başa düşülməsidir. Tayvanda baş verən hadisələrdə ABŞ və müttəfiqlərini münaqişəyə cəlb edərək materik Çin üçün gərginlik mənbəyinə çevrilə bilər.

- Görüş Tayvanda seçkilərə zəmin hazırlamaq cəhdi kimi qiymətləndirilə bilərmi?

- Əksər ekspertlər bu barədə danışırlar. Eyni zamanda, yeni heç nə deyilməsə də, tərəflər açıq şəkildə danışıqları öz xeyrinə şərh edirlər.

- Bu yaxınlarda Çinin xarici işlər naziri Van Yi münasibətlərin sabitləşdiyini açıqlayıb. Çin və ABŞ arasında qarşılıqlı əlaqənin yenidən başlaması nə dərəcədə realdır?

- Siyasətdə mümkünsüz heç nə yoxdur. Aydındır ki, indiki məqamı götürsək, onda hamı mükəmməl başa düşür ki, ABŞ-da gələn il prezident seçkiləri gərgin keçəcək.

Respublikaçılar tərəfindən tənqidin intensivliyi sadəcə olaraq miqyasdan kənara çıxacaq. Mütəxəssislərin qeyd etdiyi kimi, bu, əslində Co Bayden və Si Cinpinin hazırkı prezidentlik dövründə sonuncu görüşüdür. Yenidən seçiləcəyi təqdirdə gələn il belə bir görüşün keçirilməsi mümkün olmayacaq, çünki seçkiqabağı əhval-ruhiyyə razılığa gəlməyə kömək etməyəcək.

Təbii ki, bu, sabitləşmədir, amma sual onun nə dərəcədə dərin olması və seçki kampaniyalarının fırtınalarının sınağına tab gətirə bilməyəcəyidir. Tayvan və ABŞ-da seçkiqabağı proqramlar bir-birinin üzərinə qoyulacaq. Tayvan seçkilərinin təsiri Amerika seçki kampaniyası üçün böyük rezonans olacaq. Ona görə də gələn il Amerika-Çin münasibətləri üçün çox çətin olacaq. San-Fransiskoda görüşmək qarşılıqlı əlaqə mühitini yaxşılaşdırmaq üçün bəzi ümumi oyun qaydalarını müzakirə etmək hər iki tərəfin siyasi müdrikliyinin təzahürü idi.

- Bu görüş Rusiya-Çin münasibətlərinə necə təsir edə bilər?

- Çin qlobal güc kimi çox sürətlə təcrübə qazanır. Bu sadələşdirmədir, lakin Hu Jintaonun dövründə Çin Asiyada böyük və perspektivli regional ölkə idi və Si Cinpin dövründə qlobal strateji mentalitet və dünyagörüşü əldə etməyə başladı. Ona görə də Rusiya-Çin münasibətlərinə hər hansı birbaşa təsirdən danışmağa ehtiyac yoxdur. Ən azından indi bunun üçün heç bir səbəb yoxdur.

Əgər Co Bayden seçkilər ərəfəsində Çindən konkret kiçik güzəştlər istədisə, o zaman Si Cinpin Amerika-Çin münasibətlərinin strateji, gələcəyə yönəlmiş konsepsiyasını təqdim etdi. O təkcə bir neçə illik deyil, onilliklər ərzində, ən azı 2030-cu illərin ortalarına və ya sonuna qədər münasibətlərin gələcəyini müəyyən edə biləcək bəzi strateji mərhələlər təqdim etdi. Məndə açıq-aşkar təəssürat yarandı ki, Amerika KİV-ləri və politoloqları bunu görməməyi üstün tuturlar. Hər şey hərbi dialoq, Tayvan ətrafında fırlanır və bunu müzakirə etmək lazımdır.

Müəllif: Turan Abdulla - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 

Ardını oxu...
Bu ilin fevralında əmanətlərə dair dividendlər üzrə vergiyə qoyulan yeddi illik moratorium başa çatdığı zaman, bir çox yerli analitiklər bu praktikanı bərpa etməyin zəruriliyindən danışdılar. Əmanətçilərə vergi tətillərinin verilməsinin tərəfdarları hesab edirdilər ki, gəlir vergisi banklardan pul axınına gətirib çıxaracaq və bu səbəbdən onlar çoxillik moratorium müddətinin uzadılmasını təklif edirdilər.

O zaman onlara qulaq asmırdılar, amma indi, ilin sonunda vergi güzəştlərinin davam edəcəyi bəlli olur. Fiziki şəxslərin 200 manatadək aylıq faiz gəlirləri dövlət vergisindən qismən azad ediləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş İdarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qarşıdan gələn dəyişiklikləri açıqlayıb. Söhbət, əvvəla milli valyutada olan, ikincisi, daha uzun müddətə - 18 ay və daha çox müddətə yerləşdirilən depozitlərdən alınan dividendlərdən gedir.

“Bu qərarın məntiqi iki əsas məqsəd üzərində dayanır. Bu, bankların kapitallaşmasına dəstək verəcək, çünki onlar uzunmüddətli kreditlər verirlər və eyni zamanda uzun müddətə depozitlər cəlb etməlidirlər. Bundan əlavə, milli valyutada əmanət sahiblərinə güzəştlər veriləcək və bu, manatla bank əmanətlərinə marağın artırılması siyasəti çərçivəsində atılan addımdır”, - deyə İmanov bildirib.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov isə bu tədbiri qeyri-kafi hesab edərək, aylıq gəlirin vergiyə cəlb olunmayan məbləğinin ölkədə müəyyən edilmiş minimum əməkhaqqına (345 manat) qədər artırılmasını təklif edir: “Təklif edirəm ki, 200 manatadək faiz gəliri deyil, minimum əmək haqqından az olmayan məbləğdə aylıq faiz gəliri vergidən azad edilsin. Bu, banklarda vəsaitlərin saxlanmasını stimullaşdıracaq”.

Deputatın sözlərinə görə, oktyabrın əvvəlinə yerli banklarda əmanətlər 12,7 milyard manat təşkil edib və onların təxminən yarısı, illik faiz dərəcələri altı faiz və ya daha aşağı olan dörd böyük bankda saxlanılıb. Mütəxəssis Vergi Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsini və investorlar üçün moratoriumun bu ilin fevral ayının əvvəlindən - çoxillik vergi tətilinin başa çatdığı və 10 faiz dövlət vergisinin ödənilməsi vaxtı çatdığı vaxtdan uzadılmasını təklif edib.

Bayramov mövqeyini banklardan mümkün pul axını və maliyyə təşkilatlarının kreditləri üzrə faiz dərəcələrinin artırılması ilə izah edib: “Əmanətçilərin faiz gəlirlərinin vergiyə cəlb edilməsinə differensial yanaşma zəruridir. İqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi və kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması məqsədilə əmanətlərin cəlb edilməsi üçün daha geniş formata ehtiyac olduğuna görə, biz əmanət portfelinin davamlılığına nail olmalıyıq. Və bu səbəbdən Vergi Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi faydalı olardı”.

“Məsələn, vergi ilə qorunan əmanətlərə deyil, əmanətlərə fərqli vergi güzəştləri tətbiq etmək daha düzgün olardı. Məsələn, 100 min manata qədər əmanətləri 10 faizlik dövlət vergisindən azad etmək və beləliklə, bank əmanətlərinin bu seqmentində sabitliyi saxlamaq olar”, - deyə o söyləyib.

İnvestorlar üçün mümkün vergi güzəştləri yerli iqtisadçılar arasında geniş əks-səda doğurdu. İqtisadçı ekspert Eldəniz Əmirov AYNA-ya deyib ki, vəziyyəti əvvəldən düzgün dəyərləndirmək lazım idi: “Müəyyən dairələr əhalinin bank əmanətlərinin vergiyə cəlb edilməsinin mənfi nəticələrinin olmadığını bildirəndə, biz açıq şəkildə bununla razılaşmadıq və güzəştli yanaşmanın qüvvədə qalmasını təklif etdik. Bizim 10 ay əvvəl dilə gətirdiyimiz narahatlıq indi qismən təsdiqlənir. İndi deyirlər ki, əmanətçilər üçün güzəştlər qismən bərpa olunacaq”.

“Beləliklə, vətəndaşların 18 ay və daha çox müddətə yerləşdirdiyi əmanətlərdən gəlirləri vergidən azad olunacaq. Qismən üstünlüklər hələlik onların tam olmamasından yaxşıdır, lakin ciddi effekt verməyəcək”, - deyə həmsöhbətimiz vurğulayıb.

Onun sözlərinə görə, bu tədbirlərin effektivliyinə üç əsas amil mane olacaq: “Birincisi, dünyada iqtisadi təlatümlər yaşanır. İkincisi, bizim inflyasiyamız bank depozitləri üzrə faizləri sürətlə üstələyir və yeyir. Üçüncüsü, banklar bir-birinin ardınca bağlandı. Bütün bunlar vətəndaşlara uzun müddət əmanətlərini 7-11 faizlə milli valyutada banklara yatırmağa imkan verməyən ciddi risk faktorlarıdır. Ona görə də əmanətlər üzrə faizlərin 2016-cı ildə qəbul olunduğu formada vergidən azad edilməsinə ehtiyac var”.

Müəllif: Emma Rzayeva - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)

Dünyapress TV

Xəbər lenti