
Azərbaycan hökuməti BMT-nin dörd təşkilatının - BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı ofislərinin bağlanması təklifi ilə bu qurumlara müraciət edib. Bu barədə martın 4-də APA xəbər yayıb.
APA-nın iddiasına görə, hökumət tərəfi qurumların ölkədə fəaliyyətlərini davam etdirmələri üçün əsas qalmadığını düşünür. “Azərbaycan, əslində, hazırda maliyyə resursu məhdud olan BMT-yə yardım edib. Onu əlavə ofislər saxlamaqdan xilas edir. BMT isə bu resursları konkret böhran zonalarına, ən çox ehtiyac duyulan ölkələrə yönəldə bilər”, - deyə yazıda qeyd olunur.
Yazıda həmçinin iddia olunur ki, sözügedən beynəlxalq təşkilatlar Azərbaycan hökuməti ilə əməkdaşlığa soyuq yanaşıblar. Nümunə olaraq UNHCR-in mandatının qaçqınlarla işləmək olduğunu əsas gətirərək azərbaycanlı məcburi köçkünlərlə işləmədiyi yazılıb. Daha sonra isə UNDP-in Azərbaycan ofisinin özünü BMT təşkilatı kimi deyil, QHT kimi apardığı qeyd olunub. “Bu təşkilat Azərbaycanın “Qrant haqqında” qanununu pozaraq, QHT-lərlə deyil, QHT üzvlərinin və ya onların yaxınlarının yaratdıqları MMC-lərlə maliyyə əməliyyatları aparıb”, - deyə yazıda vurğulanır.
Xəbər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun martın 3-də BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul etməsindən sonraya təsadüf edir.
Məlumata əsasən, görüşdə Azərbaycanın “BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb”. “Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb”, - deyə qeyd olunub.
Martın 5-i isə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Oreli Laşant Azərbaycan hökumətinin BQXK-in ölkədəki nümayəndəliyini bağlamaq niyyəti olduğu haqda məlumat yayıb. Onun sözlərinə görə, hazırda BQXK Azərbaycan tərəfi ilə danışıqlar aparır. “Bu, bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”, - deyə o bildirib.
Eyni gündə, APA “Transparency İnternational” təşkilatının Azərbaycan bölməsi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin fəaliyyətini dayandırdığı haqda xəbər yayıb. Xəbərə əsasən, təşkilatın təsisçiləri onun ləğv edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşır.