Baş Nazirin qərarında səhv tapan SƏHİYYƏ NAZİRLİYİ FOTO
Səhiyyə Nazirliyinin Analitik Tibbi Ekspertiza Mərkəzinin Ajans.az-a ünvanladığı açıqlamada Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli Baş Nazir Artur Rəsizadənin təsdiq etdiyi və hazırda qüvvədə olan 178 saylı qərarı sual altına alınıb. Bu qərarda izahın düzgün verilməməsinə işarə edilib.
İlk olaraq xatırladım ki, Ajans.az lazer epilyasiyası və depilyasiya xidməti göstərən 15 mindən çox sahibkarlıq subyektlərinin bağlanma təhlükəsi səbəbindən qadın sahibkarların Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyevaya, Baş Nazir Əli Əsədova, İqtisadiyyat Naziri Mikayıl Cabbarova müraciət ünvanlaması barədə məlumat yaymışdı. Xəbərdə vurğulamışdıq ki, “Peşə təhsili üzrə ixtisasların Təsnifatı” təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli qüvvədə olan qərarı ilə 030210 təsnifat kodunda “Bərbərlik” ixtisas qrupunda lazer epilyasiyası və depilyasiya xidməti ixtiasın adı kimi yer alıb.
1741196538_2.png
1741196646_1.jpg
Səhiyyə Nazirliyi Analitik Tibbi Ekspertiza Mərkəzinin Ajans.az-a ünvanladığı açıqlamada məndə şəxsən sual doğuran hissəni sizə təqdim edirəm. Oxuyun və deyin, hansı qənaətə gəlirsiz?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na əsasən “Bərbərlik” ixtisas qrupuna aid olan Lazer epilyasiyası və depilyasiya texniki qeyd edilsə də, bu fəaliyyətin izahı və kim tərəfindən həyata keçirilə bilməsi barədə məlumat yoxdur.

Açıqlamanın bu hissəsini oxuyandan sonra belə təəssüat oyandı...

Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanı olan Nazirlər Kabinetinin qüvvədə olan qərarını sual altına almasına səbəb nədir?

Maraqlıdır ki, Səhiyyə Nazirliyi bu günə qədər qeyd olunan xidmətlərin kim tərəfindən reallaşdıracağı ilə bağlı yaranan bu sualı necə həll etmək istəyib? Heç bir xəbərdarlıq etmədən 15 mindən yuxarı sahibkarlıq subyektini narazı salmaqla?

İndi Nazirlər Kabinetinin qüvvədə olan qərarında boşluq tapdıqlarını iddia edərək 15 mindən yuxarı sahibkarlıq subyektini niyə incitməyə qərar veriblər? Sahibkarlar tərəfindən çoxsaylı şikayətlər daxil olur və onlara qarşı haqsız addımlar atıldığı, rüşvət alındığı iddia olunur.

Səhiyyə Nazirliyi bu qərarda hər hansı narahatlıq görürdüsə nə üçün Nazirlər Kabinetinin hüquq şöbəsi ilə qarşılıqlı informasiya mübadiləsi həyata keçirmirdi? Yaxud da səhiyyə ilə bağlı qərar verilərkən müzakirələr zamanı Nazirlik ümumiyyətlə necə reaksiya verib? Zamanında etiraz etmədiklər bu bənd necə oldu ki, indi qəbulolunmaz hala düşdü? 2011-ci ildə Baş Nazirin imzaladığı və qüvvədə olan qərara etimadsızlığın səbəbi nədir?

Heç bir xəbərdarlıq edilmədən sahibkalara şok effekti yaşatmaqda və narazı kontingent formalaşdırmaqda kim maraqlıdır?

Nazirliyin rəsmi olaraq Nazirlər Kabinetinin qərarında anlaşılmaz bildiyi məqam indimi yada düşüb? Maraqlıdır Nazirlər Kabinetinin qərarında səhv tapan Səhiyyə Nazirliyinin qanunverici bazası necə təkmilləşibmi? Əgər Səhiyyə Nazirliyi Nazirlər Kabinetinin qərarında səhv tapa biləcək qədər peşəkarlığa malikdirsə biz bu Nazirliyin potensialının itib-batmamasını arzu edərək səhiyyədə məlum problemlərin aradan qaldırılacağına inanmaq istərdik.

Amma son dönəmdə plastik cərrahlarla bağlı yaşanan biabırçı vəziyyət Nazirliyin faktiki fəaliyyəti barədə təsəvvür oyatmış oldu. İllərdir lisenziyasız, saxta diplomlarla “qəssab” rolu oynayan “tibb işçiləri” necə rahat çalışa bilirdi? Məhz ictimai qınaqdan sonra Nazirlik “hərəkətə” keçməli oldu.

Dəfələrlə plastik cərrahiyyələr zamanı ölüm hallarının olması mediada işıqlandırılsa da Səhiyyə Nazirliyi tərəfindən reaksiya olmurdu. Plastik cərrahlar sıradan çıxan kimi yeni bir istiqamətdə sahibkarlara “hücum” planı işə düşüb. Şikayətçilərin iddiasına görə bu hal korrupsiyaya yol açıb. “Saxta” diplomlu “cərrah”lara göz yuman Nazirliyin bir anda "Bərbərlik" ixtisas qrupunda olan lazer epilyasiyasiyası üçün xüsusi qaydalar fikirləşib bu sahəni hədəfə alaraq sıxışdırması düşüncüləri qarışdırır.

Bu arada qeyd edim ki, lazer epilyasiyası üçün istifadə olunan avadanlıqlar tibbi avadanlıq sayılmır. Gömrükdən bu adda keçmir.

Suallar çoxdur. Köklü cavablara ehtiyac var Cənab Nazir.

Nazirliyin Analitik Tibbi Ekspertiza Mərkəzinin açıqlamasını tam olaraq təqdim edirik. Bu açıqlamanın ilk abzasında sual meydana çıxır.

Necə olur ki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasında qəbul olunan qərarla Nazirlər Kabinetinin qüvvədə olan qərarına təsir etmək istəyirsiz? Bu nə həyəcanlı geri dönüşdür. Kollegiya 2022-ci ildə olub. 2025-ci ildir axı. 3 il sonra yada düşdü? Yoxsa yeni sahələrdə boşluq tapıb maraqları təmin etmək üçün istinad nöqtəsi lazım idi?

Açıqlamaya keçid etməzdən öncə qeyd edim ki, məlumata görə Səhiyyə Nazirliyinin nəzdində 200-ə yaxın sertifikasiya alan dermotoloq var. 200 dermotoloqla 15 mindən yuxarı sahibkarlıq subyektinin gördüyü işi mənimsəmək və bu sahəni "ələ keçirmək" mümkün olacaq?

Səhiyyə Nazirliyinin Analitik Tibbi Ekspertiza Mərkəzinin açıqlamasının tam mətni belədi:

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxildir. Lisenziya tələb olunan özəl tibb fəaliyyətlərinin Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın 1 nömrəli əlavəsinin 2.13.2-ci yarımbəndinə əsasən kosmetoloji fəaliyyət dermotologiyanın tərkibi kimi təsdiq olunub.

Lazer dermatologiyası və prosedurları “Dermatovenerologiya” ixtisasının rezidentura səviyyəsinin təhsil proqramına daxil olduğundan, müvafiq sertifikata malik həkim mütəxəssis tərəfindən icra olunmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 10 iyun 2022-ci il 2205000022 nömrəli Qərarı ilə təsdiq edilən “Kosmetoloq” kvalifikasiya standartında “lazer epilyasiyası” və digər kosmetoloji prosedurların anlayışları verilib və bu işlərin sertifikatlı tibb mütəxəssisi olan “kosmetoloq” tərəfindən icra edilməsi qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilən “Əhaliyə göstərilən pullu xidmətlərin həcminin tam hesablanması” metodoloji izahatında “kosmetologiya” xidməti səhiyyə xidmətlərinə daxil edilərək tibbi xidmətlərin uçotuna aid edilib.

Qeyd edilənlər onu deməyə əsas verir ki, lazer prosedurları bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən icra edilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na əsasən “Bərbərlik” ixtisas qrupuna aid olan Lazer epilyasiyası və depilyasiya texniki qeyd edilsə də, bu fəaliyyətin izahı və kim tərəfindən həyata keçirilə bilməsi barədə məlumat yoxdur.
Tural Müseyibov

Dünyapress TV

Xəbər lenti