
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi proqnozlaşdırır ki, 2025-ci ildə Azərbaycanın xarici borcu 6,6 milyard ABŞ dolları təşkil edəcək.
İndex.az agentliyə istinadən xəbər verir ki, uzunmüddətli dövr üçün hesablanan ölkənin xarici borcu 1,8 milyard ABŞ dolları, qısamüddətli borcu isə 4,8 milyard ABŞ dolları təşkil edəcək.
S&P-nin qiymətləndirmələrinə görə, 2025-ci ilin sonuna qlobal kommersiya dövlət borcunun həcmi 77 trilyon ABŞ dollarına çatacaq ki, bu da mütləq ifadədə rekord göstərici olacaq.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5,129 milyard ABŞ dolları (8,77 milyard manat) və ya ÜDM-in 6,9 %-ni, daxili dövlət borcu isə 18,7 milyard manat və ya ÜDM-in 14,8 %-ni təşkil edib. Ödəniş müddətinə görə xarici dövlət borcu belə bölünür: 49 %-i 5 il ərzində, 44,9 %-i 5-10 il ərzində, 6,1 %-i isə 10 ildən çox müddətdə qaytarılmalıdır.
Kreditorlar üzrə xarici borcun 63,3 %-i çoxtərəfli maliyyə institutlarına, 27 %-i xarici bazarlarda yerləşdirilmiş avroistiqrazlara, 9,7 %-i ikitərəfli maliyyə institutlarının kreditlərinə aiddir. Ən böyük kreditor Asiya İnkişaf Bankıdır (35,1 %), sonra avroistiqrazlar (27 %) və Dünya Bankı (15,8 %) gəlir.