"Bu baxımdan mən hələ özüm də tələbəyəm, öyrənirəm"
“37 ildir ki, pedaqoji fəaliyyətlə məşğul oluram. Hər 4 ildən bir, hər sinifdən bir-iki qazancım olur. Müəllim olaraq mənim borcum ondan ibarət olur ki, tələbənin istedadını üzə çıxarım. Bəzi tələbələrin öz istedadlarından xəbərləri belə olmur. Sən çox adi bir işi görürsən. Onları bir az özlərinə tanıdırsan, onlar da sonradan öz işləri ilə məşğul olurlar. Sən əgər müəllimsənsə, bu sənin ilk vəzifəndir, işindir. Bəzən deyirlər ki, “istedad Allah vergisidir, məndə fitri istedad var”. Mən bu cür insanlardan uzaq dururam. Onların heç müəllimlərə belə ehtiyacı yoxdur. İstedad zəhmətdir, təhsildir. İnsan təhsilsiz heç bir iş görə bilməz. Hər şeyin başlanğıcında istedad dayanır. Bu sahədəki insanların çoxu elə bilir ki, onlarda hər istedad var, təhsil lazım deyil. Əgər kimsə bu gün hər şeyi bildiyini düşünürsə, o dünyadan da gedə bilər. Çünki hər şeyi bilir axı. Bu baxımdan mən hələ özüm də tələbəyəm, öyrənirəm”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Vidadi Həsənov deyib.

Xalq artisti bildirib ki, ilk çəkildiyi “Bəyin oğurlanması” filmi olub. Aktyoru 18 il filmə çəkməyiblər.

“4-cü kursda oxuyurduq. 1984-cü il idi. “Bəyin oğurlanması” filminə dəvət aldıq. Filmi ilk Tofiq İsmayılov çəkməli idi. O həm də bizə dərs deyirdi. Məni və Fizuli Hüseynovu dəvət etmişdi, biz bir sinifdə oxuyurduq. Sonralar bizə bəlli olmayan səbəblərdən filmi Ceyhun Mirzəyev və Vaqif Mustafayev çəkdi. Onlar ssenariyə bir az dəyişiklik etdilər, amma bizi də filmdə saxladılar. O dövrdə filmə çəkiləndə heç kinonun nə olduğunu bilmirdim. Adi tələbə idim, ilk dəfə idi ki, çəkiliş meydançasına gəlirdim. Mənim üçün kino onda qaranlıq bir sahə idi. Nə deyirdilər onu da edirdim. Aktyorun ilk növbədə görəcəyi iş rejissorun dediklərinə əməl etməkdir. Bu filmdən sonra elə oldu ki, bir ildə iki filmə çəkildim. 1986-cı ildən kino ilə bağlı yaradıcılığım dayandı. Bir də 18 ildən sonra məni filmə çəkməyə başladılar. Mühit şərtləri dəyişdi, 1990-cı illər başladı. Elə bir zaman idi ki, incəsənət adamları yaxşı bir çıxış yolu tapa bilmirdilər. Yaxşı bir ssenari tapanda da, pul olmurdu. 2000-cı illərə qədər heç bir filmə çəkilmədim. Sonra Ramiz Əzizbəyli məni “Yalan” filminə dəvət etdi. Məni öncə çoban rollarından birinə çağırmışdı. Ssenarini oxuyanda ondan xahiş etdim ki, məni də əsas rollardan birinə çağır. Bunu özüm təkid etdim. Yaxşı ki, təkid etmişəm. Baş rolda çəkildim. O filmlə hər şey dəyişdi, mütəmaddi olaraq filmlərə çəkildim” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, yaxşı film çəkmək üçün öncə yaxşı maddiyat olmalıdır.

“Zəncirin biri qırılanda sonra 20 il lazım olur ki, o zəncir bərpa olunsun. Burada bir az ehtiyyatlı olmaq lazımdır. Bu mənəviyyat məsələsidir, bu incə sənətdir. Son 10 ildə Azərbaycan kinosu bir neçə film istehsal edib. Hollivudda isə bir ildə min film çəkilir. Bizim çəkdiyimiz 5-6 filmdən yarısı festivallarda mükafatlar qazanır. Rüfət Həsənovun “Daxildəki ada” filmində mən də çəkilmişəm. Bu film minimal büdcəyə çəkilib, amma getdi “ən yaxşı rejissor işi” mükafatını aldı. Kino pul tələb edən sahədir. Kino komanda işidir. Tək adamla düzəlmir. Bir çəkiliş meydançasına 40-dan çox adam gəlir. Yaxşı maddiyat olmalıdır ki, sabah bu rejissor da kimdənsə nəsə tələb edə bilsin. Ona 150 manat maaş verib, ondan nə istəyə biləcəksən? Utandığından heç söz də deyə bilməyəcəksən. Çox vaxt özü də gedib ona kömək edir. Elə festivallar var ki, filmin büdcəsinə baxılır” deyə sənətkar bildirib.

Vidadi Həsənov bildirib ki, son illər mənfi rollar oynayır.

“Kinoda müxtəlif rollar oynamışam, təkcə qəddar rollar oynamamışam. Son illərdə seriallarda daha çox mənfi rollarla çıxış edirəm. Aktyorun birinci işi bacarmaqdır. Mənə nə rol təklif olunursa, çalışıram ki, onu bacarım. Çünki hər yeni işi, yenidən başlayırsan. Əvvəlki təcrübələrin, öyrəndiklərin sadəcə əlində əlbəsələrə çevrilir. Amma sən heç nədən yeni bir insanı düzəldirsən” deyə xalq artisti bildirib.

Dünyapress TV

Xəbər lenti