Ardını oxu...
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2023-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

EIA-nın aylıq hesabatına görə, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 650 min barel təşkil edəcəyi ehtimal edilir, bu da öncə verilən proqnoz göstəricisinə bərabərdir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 640 min barel təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 10 min barel azdır.

Hesabata əsasən, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.

2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel səviyyəsində olub. (fed.az)
Ardını oxu...
Bazarda köhnə avtomobillərin, yəni yaşı 10 ildən çox olanların ehtiyat hissələri bahalaşıb.

Xezerxeber.az xəbər verir ki, qiymət artımı 10-15 faiz arasında dəyişir.

Satıcılar bildiriblər ki, bu, özünü daha çox zavod buraxılış tarixinə görə, yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinin ehtiyat hissələrində göstərir.

Satıcılar bahalaşmanı həmin avtomobillərin ehtiyat hissələrinin xarici ölkələrdə tükənməsi ilə əlaqələndirirlər:
“Səbəblərdən biri detalların xarici ölkələrdən yüksək qiymətə alınmasıdır”.

Alıcılar isə qiymət dəyişikliyinin son 1 ay ərzində daha çox hiss olunduğunu qeyd ediblər.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Putin sanksiyalardan yayınmaq üçün fərqli ölkələrdən stifadə edir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri Federal Statistika Komitsinə istinadla məlumat yayıb.

Məlumata görə, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən sanksiyalar fonunda Almaniyadan MDB ölkələrinə ixrac olunan bir sıra malların həcmi iki dəfə artıb. Xəbərdə Rusiyanın bir sıra məhsulları bu ölkələr üzərindən əldə etdiyi bildirilir.
Ətraflı

Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2022-ci ildə alman məhsullarının Tacikistana tədarükü əvvəlki illə müqayisədə 150 faiz, Belarusa 77 faiz, Qırğızıstana isə 994 faiz artıb.

Bundan əlavə, kimya məhsullarının Qazaxıstana ixracının 129 faiz, Ermənistana isə 110 faiz artdığı deyilir. Həmçinin, elektrik avadanlıqlarının Ermənistana tədarükü 344% faiz, Özbəkistana isə 105 faiz artdığı bildirilir.

Eyni zamanda, Qazaxıstana metal məmulatlarının ixracında 137 faiz, geyim ixracında isə 88 faizlik artımın olduğu vurğulanır.
Ardını oxu...
“Son 7 ildə kənd təsərrüfatının heyvandarlıq sektorunda ciddi geriləmə müşahidə olunur. Tək bir faktı deyim ki, son 7 ildə heyvanların baş sayı 1 milyon azalıb. Bu çox qorxulu rəqəmdir”.

TEREF.AZ bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O geriləmənin səbəblərini də aydınlıq gətirib:

“Bildiyimiz kimi 2015-ci ildən başlayaraq fermerlərin istifadəsində olan bütün otlaq sahələri alınaraq əkin dövriyyəsinə qatıldı. Bu ərazilərdə pambıq əkilməyə başlanıldı. Beləcə, fermerlərin nəzarətində olan geniş otlaq sahələri əldən çıxdı. Otlaq sahələrinin sıradan çıxarılması da heyvandarlığın inkişafına böyük zərbə oldu. Bundan sonra heyvandarlıqla məşğul olan fermerlər bu sahədən əl çəkib pambıqçılıqla məşğul olmağa başladılar. Nəticədə, ilbəil təkcə ət yox, süd və digər heyvandarlıq məhsullarının istehsalı azaldı.

Ətin qiyməti son 5 ildə 8-10 manatdan 15-18 manata qədər artıb. Süd məhsullarının qiymətində isə qiymət artımı daha çoxdur. Hazırda marketlərdə südün və qatığın litri 2-2.5 manata təklif olunur. Kərə yağı isə artıq 20 manatdan baha satılır. Təbii ki, yerli istehsalın azalması ixracın həcmini artırır. Təsadüfi deyil ki, ət idxalı son vaxtlar 24 faiz çoxalıb. İdxalın artması isə həm əhalinin güzəranını pisləşdirəcək, həm də ölkəmizin ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaradacaq”.

Akif Nəsirli qeyd edib ki, “Pambıqçılığın inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2022-ci ildə pambıq istehsalı 500 min tona çatdırılması nəzərdə tutulub:

“Lakin, ötən il heç bunun yarısı qədər pambıq istehsal olunmadı. Bu da onu göstərir ki, ölkəmizdə pambıqçılığın inkişaf perspektivləri yoxdur. Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi pambıqçılığı inkişaf etdirmək inadından əl çəksin. Bunun əvəzində hər kəsin və dövlətin maraqlarına tam uyğun sahələrin inkişafına diqqət edilsin. Bu sahələrdən biri də təbii ki, heyvandarlıqdır.

Yaxşı olar ki, örüş sahələri yenidən fermerlərin ixtiyarına qaytarılsın. Fermerlərin heyvandarlığa olan marağı yenidən dirçəldilsin. Bir faktı deyim. Kənd təsərrüfatı məhsullarının idxalına hər il 2 milyard dollar xərclənir. Gəlin görək pambıqçılıqdan nə qədər gəlir götürürük? Maksimum 200 milyon. Bu da idxala xərclənən pulun 1/10-i qədərdir.

Əgər heyvandarlıq və digər ərzaq məhsullarının istehsalına diqqət artırılsa, ən azından bu 2 milyard ölkəmizdə qalar.

Üstəlik, ölkəmizin ərzaq təhlükəsizliyi tam təmin edilər. Əks təqdirdə ölkəmiz daha ağır günlərlə üzbəüz qala bilər”.

Ardını oxu...
Türkiyədən Rusiyaya pomidor ixracı üzrə kvota illik 350 min tondan 500 min tona qaldırılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin son görüşündə verilən qərar nəticəsində Rusiyaya pomidor ixracı üçün kvota 150 min ton artırılaraq 500 min tona çatdırılıb.
Bəs maraqlıdır, kvotanın artırılması Azərbaycanın Rusiyaya pomidor ixracına necə təsir göstərəcək?
DİA.AZ-ın məlumatına görə, Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Sputnik Azərbaycan-a bildirib ki, kvotanın 150 min ton artırılması Rusiya bazarı üçün o qədər də böyük göstərici deyil. Kvotanın qaldırılmasına baxmayaraq, Azərbaycandan Rusiyaya pomidor ixracı imkanlarını daha da artırmaq mümkündür. Başqa sözlə, Türkiyədən Rusiyaya pomidor ixracı üzrə kvotanın artırılması Azərbaycanın Rusiyaya pomidor ixracına ciddi təsir etməyəcək.
Nəsirli onu da bildirib ki, artıq 2 ildir ölkəmizdən aqrar məhsulların ixracı üçün sahibkarlar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən sertifikat almalıdırlar. Sertifikat yoxdursa, aqrar məhsulların ixracı mümkün olmur.

"Azərbaycanda pomidorun qiyməti mövsümə uyğun olaraq ucuzlaşacaq"
Ölkəmiz daxilində pomidorun qiymətinin baha olduğunu deyən ekspert bildirib ki, hazırda bazarda satılan pomidorlar istixana məhsullarıdır:
"İstixanalar isə bazarda qiyməti diktə edə bilirlər. Məsələn, 1 həftə bundan öncə daxili bazarda pomidorun 1 kiloqramı 4-5 manat idi. Həmin vaxt Sankt-Peterburqda bazarda satılan pomidorun qiyməti ilə maraqlandım. Mənə dedilər ki, Sankt-Peterburqda bazarda satılan Azərbaycan pomidorunun 1 kiloqramı 2 manatdır. Lakin Azərbaycanda pomidorun qiyməti mövsümə uyğun olaraq ucuzlaşacaq".
Ekspert əlavə edib ki, Türkiyədən Rusiyaya pomidor ixracı üzrə kvotanın artırılması Rusiya bazarında bu məhsulun ucuzlaşmasına səbəb olacaq.

Keçən il pomidor istehsalı artıb
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatlarına görə, 2022-ci ildə Azərbaycanda pomidor istehsalı 2021-ci ilə nisbətən isə 2,4% artaraq 826,5 min ton olub. 2022-ci ildə pomidor istehsalının 47,9%-i açıq, 52,1%-i isə örtülü torpaqların payına düşüb. 2022-ci ildə açıq torpaqlarda pomidorun məhsuldarlığı 2021-ci ilə nisbətən 6,2% artaraq hektara 216,9 sentner olub.
2021-2022-ci illər ərzində daxili bazarda mövsümdən asılı olaraq "Bakı" pomidorunun topdansatış qiyməti 0,38-3,10 manat, "Zirə" pomidorunun topdansatış qiyməti 0,48-3,10 manat, "Çəhrayı" pomidorunun topdansatış qiyməti isə 0,47-3,14 manat arasında dəyişib.
2022-ci ildə Azərbaycandan pomidor ixracı 2021-ci ilə nisbətən 2,6% azalaraq 141,4 min ton olub. Ötən il Azərbaycandan pomidor ixracının 97,3%-i Rusiya bazarının payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il 2021-ci illə müqayisədə istixanalarda pomidor istehsalı 7,6 faiz artıb. Ölkənin digər rayonlarına nisbətən Şəmkir, Abşeron, Xəzər, Salyan, Samux, Sabunçu, Sabirabad, Kürdəmir, Binəqədi və Tovuz rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.
Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. 2022-ci ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
Ardını oxu...
Baş nazirin 29 mart tarixində imzaladığı qərarla zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bu qərar 29 aprel tarixindən qüvvəyə minib.

Hökümətin bu qərarı avtomobil bazarında ajiotaja səbəb olub. Nəticədə köhnə avtomobillər və onların ehtiyat hissələri sürətlə bahalaşmağa başlayıb.

Avtomobil satışı ilə məşğul olan şəxslərin bildirdiyinə görə, yaşı 10 ildən çox olan avtomobillərin qiyməti 5-10% bahalaşıb. Satıcılar növbəti aylarda qiymətin daha da bahalaşacağını bildiriblər.

2004-2005-ci il istehsalı olan Rusiya avtomobilləri hazırda bazarda 6 min manata təklif olunur. Halbuki, onların qiyməti ötən il 4 min manat civarında idi. Deməli, son vaxtlar köhnə avtomobillərin qiyməti ən azı 50 faiz bahalaşıb.

Teref.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da son həftələrdə köhnə avtomobillərin qiymətinin bahalaşdığını bildirib:

“Maraqlıdır ki, köhnə avtomobillərlə yanaşı, onların ehtiyat hissəsinə olan tələbat da çoxalıb. Artan təlabat təbii ki, qiymətlərin də yüksəlməsinə səbəb olub. Məsələn, təkcə mart ayında köhnə avtomobillərin ehtiyat hissələrinin qiyməti 10 faizədək qalxıb. Qiymət artımı təbii ki, aprel ayında da davam edib.

Biz proqnozlaşdırmışdıq ki, köhnə avtomobillər may ayının 15-dən sonra bahalaşacaq. Lakin bahalaşma daha tez baş verdi.

Bu bahalaşmanı sürətləndirən amillər var. Səbəblərdən biri Gürcüstanın Poti limanından ölkəmizə avtomobil daşınmalarını həyata keçirən şirkətlərin qiymətləri təxminən 50% civarında bahalaşdırmasıdır. Bu hal ölkəmizə idxal olunan köhnə avtomobillərin qiymətlərinin artmasına səbəb olub”.
Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondu[1] Azərbaycanda pensiyaların orta aylıq məbləğinin 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatdığını bildirilib. Hazırda Azərbaycanda minimum əmək pensiyası 280 manat təşkil edir. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə rəsmi olaraq 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyənləşdirilsə[2] də bu göstəricilər müstəqil ekspertlər tərəfindən şübhə doğurur. Belə ki, onlar hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlərin normativləri düzgün müəyyənləşdirilmir və hesablamalar gerçək qiymətlər üzərindən aparılmır. Eyni zamanda Nazirlər Kabineti minimum istehlak səbətinin tərkibinə daxil edilən ərzaq, qeyri-ərzaq və xidmət xərclərinin normativlərini[3] hər il yeniləmir, eləcə də yaşayış minimunun dəyəri yalnız respublika üzrə 1 məbləğlə hesablanır, müvafiq hesablamalar iqtisadi rayonlar üzrə ehtiyaclar və qiymətlər nəzərə alınmaqla aparılmır, xüsusilə də yaşayış minimunun dəyəri 0-16 yaşlı uşaqlar üçün eyni əsasda deyil, 0-5, 6-10, 11-15 yaş qrupları üzrə ehtiyaclar nəzərə alınmaqla fərqli qaydada hesablanmalıdır. Məhz yaşayış minimumunun dəyərinin düzgün hesablanmamasının və ödənilən təqaüdlərin məbləğinin aşağı olmasının nətisədidir ki, pensiyaçıların ehtiyaclarını xüsusi vəsaitlərlə qarşılaya bilmir, borc vəsaitlərinə müraciət edirlər. Belə ki, Mərkəzi Bankın 2022-ci ildə Maliyyə Sabitliyi Hesabatına[4] görə, Azərbaycanda ötən il hər pensiyaçının banklara orta hesabla 775 manat borcu yaranıb ki, bu həmin il üçün ödənimiş pensiyaların orta aylıq məbləğinin 2 mislindən çoxdur. 2022-ci ildə pensiyaçılara verilmiş kreditlərin məbləği 863,1 milyon manat təşkil edib ki, bu da özündən əvvəlki illə müqayisədə 185,3 milyon manat və ya 27,3 faiz çoxdur. Beləliklə də 2022-ci ildə 1 pensiyaçıya düşən borc məbləği 774,6 manat təşkil edib ki, bu da özündən əvvəlki ilə müqayisədə hər pensiyaçıya 110 manat və ya 37,2 faiz artım deməkdir. Çünki il ərzində pensiyaçıların sayı azalmaqla yanaşı onların banklara olan borcları da artıb ki, bu da aparılan sosial müdafiə tədbirlərinin səmərəsizliyinin nəticəsidir. Son 4 il üçün təqüdçülərin borclanmasını əks etdirən məlumatlar 1-ci cədvəldə təqdim olunur.

Cədvəl 1. 2018-2022-ci illərdə pensiyaçılara verilmiş kreditlər

İllər Borc, milyon manatla 1 pensiyaçıya düşən borc, manatla
2018 519,6 401,0
2019 693,3 545,6
2020 695,6 547,5
2021 677,8 564,6
2022 863,1 774,6
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə sabitliyi hesabatı -2022, 31-ci səhifə

Azərbaycanda pensiyaçıların digər problemləri pensiya yaşı ilə bağlıdır. 2017-ci ildən başlayaraq pensiya yaşının uzadılması ilə bağlı 10 illik keçid qrafikinə görə 1 iyul 2020-ci ildən kişilər üçün pensiya yaşı 65-ə çatdırılıb, qadınlar üçün isə pensiya yaşının hər il 6 ay artırılmaqla 2026-cı ilin 1 iyulundan 65-ə çatdırılacağı gözlənilir. Hazırda qadınıların pensiya yaşı 63-dür, 1 iyul 2023-cü ildən isə qadınların pensiya yaşı 63 yaş 6 aydan hesablanacaq. Beləliklə də Azərbaycan həm qadınların, həm də kişilərin pensiya yaşının yuxarı olmasına görə keçmiş sovet republikaları arasında 1-ci yerdə qərarlaşacaq. Hazırkı vəziyyət 2- ci cədvəldə digər ölkələrlə müqayisəli şəkildə təqdim olunur.

Cədvəl 2. Post-sovet ölkələrində pensiya yaşı, illə

Qadınlar Kişilər
Azərbaycan 63,5 65
Ermənistan 63 63
Qazaxıstan 60 63
Gürcüstan 60 65
Ukrayna 60 60
Belarus 58 63
Qırğızıstan 58 63
Tacikistan 58 63
Rusiya 57 62
Moldova 57 62
Türkmənistan 57 62
Özbəkistan 55 60
Pensiya yaşının qaldırılması Azərbaycan əhalisi arasında təqüdçülərin sayının azalmasına və eyni zamanda pensiya çıxandan sonra gözlənilən pensiya ödənişi müddətinin azalmasına gətirib çıxarıb. Hər iki tendensiya dövlət sosial müdafiə fondunun pensiya xərclərini azaltsa da pensiya ödənişləri hələ də faktiki təqaüdçülərin əksəriyyətini qane etmir. Digər tərəfdən də pensiya yaşının sürətlə qaldırılması ilə doğulanda gözlənilən ömür uzunluğu arasında uyğunsuzluq yaradıb. Belə ki, Dövlət Statistika Komitəsinin doğulanda gözlənilən ömür uzunluğuna dair hesablamalarına[5] görə bu göstərici 1970-71-ci il doğumlu kişilər üçün 66,8 yaş, qadınlar üçün 74,3 yaş, 1975-76 doğumlu kişilər üçün 65,2 yaş, qadınlar üçün 72,8 yaş, 1980-81 doğumlu kişilər üçün 64,5 yaş, qadınlar üçün 72,2 yaş gözlənilir. Göründüyü kimi Azərbaycanda özlənilən ömür uzunluğu artmır, əksinə azalır.

Deməli bu gedişlə 2035-ci ildə pensiya çıxan 1970 doğumlu kişilər orta hesabla 2,8 il, 2040-cı ildə pensiya çıxan 1975 doğumlu kişilər orta hesabla 0,2 il təqaüd ala biləcək. 1980 doğumlu kişilər üçün gözlənilən ömür uzunluğu orta hesabla 64,5 yaş olduğuna görə, onlar təqaüd yaşına qədər yaşayıb pensiya ala bilməyəcəklər. Odur ki, hökümətin qarşısında duran həlli vacib olan əsas vəzifələrdən biri də təqaüd yaşını qaldırmaq yox, endirmək olmalıdır.

Əhalinin hər 1000 nəfərinə düşən pensiyaçıların sayı
Rusiya 297
Belarus 267
Moldova 262
Ukrayna 258
Ermənistan 158
Qazaxıstan 157
Azərbaycan 127
Qırğızıstan 125
Özbəkistan 115
Tacikistan 77
2023-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1115 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 11 faizini təşkil edib[6]. Bu o deməkdir ki, Azərbaycanda hər 1000 nəfərə 110 nəfər pensiyaçı düşür. Digər MDB ölkələrində mövcud vəziyyət 3-cü cədvəldə təqdim olunur.

Cədvəl 3. MDB ölkələrində pensiyaçıların sayı (2020-ci ilin 1 yanvar tarixinə)

Cədvəl məlumatları pensiyaçıların sayına dair 2020-ci ilin 1 yanvarına olan göstəricini xarakterizə edir. O zamandan ötən 2 il ərzində əhalinin sayının artması və pensiyaçıların sayının azalmasına səbəbindən Azərbaycanda hər 1000 nəfərə düşən pensiyaçıların sayın 110-da da aşağıdır. Belə olan halda isə müqayisəyə cəlb edilən ölkələrdə müvafiq göstəricilər dəyişməz qaldığı halda Azərbaycan hər 1000 nəfərə düşən pensiyaçıların sayına görə, MDB dövlətləri arasında yalnız Tacikistanı qabaqlaya bilər. Son 10 ildə Azərbaycanda pensiyaçıların sayının[7] dinamikasını 4-cü cədvəldən izləmək olar.

Cədvəl 4. Azərbaycanda pensiyaçıların sayı

İllər Pensiyaçıların sayı,min nəfərlə
2012 1277,6
2013 1272,1
2014 1277,1
2015 1290,9
2016 1299,9
2017 1315,2
2018 1318,4
2019 1295,5
2020 1270,6
2021 1228,8
2022 1114,4
Cədvəl məlumatlarından göründüyü kimi, son 5 ildə Azərbaycanda pensiyaçıların sayı 200 min nəfərdən çox azalıb. Bununla yanaşı pensiya alanların da gözlənilən pensiya ödənişi müddəti də azalmaqdadır. Bu vəziyyət digər ölkələrlə müqayisəli şəkildə 5-ci cədvəldə təqdim olunur.

Cədvəl 5. Gözlənilən pensiya ödənişi müddəti, illə

Ölkələr Gözlənilən pensiya ödənişi müddəti, il
Sinqapur 21,75
Böyük Britaniya 17,67
Yunanıstan 16,85
Belarus 13,98
ABŞ 13,49
Türkmənistan 9,34
Qazaxıstan 9,13
Rusiya 8,96
Azərbaycan 7,25
Qırğızıstan 6.63
Tacikistan 5,88
5-ci cədvəl ölkələr üzrə vətəndaşlarının pensiya çıxandan sonra neçə il yaşaması sualını cavablandırır. Pensiya məbləğinin hesablanması zamanı bu müddət 12 il və ya 144 ay götürülür. Belə ki, pensiya hüquqi əldə edən hər kəsin topladığı sığorta kapitalı 144-ə bölünür və alınan məbləğ aylar üzrə təqaüd kimi ödənilir. 144 (12 il x 12 ay = 144) rəqəmi o pensiya yaşı çatan və bu hüququ qazanan ahıl vətəndaşlarımızın orta hesabla gözlənilən pensiya müddətinin 12 il il olmasını xarakterizə edir. Amma, əslində isə rəsmi statistik məlumatlar göstərir ki, faktiki olaraq pensiyaçılar təqaüdə çıxandan sonra 7-8 il ömür sürürlər və onlara 12 il deyil, orta hesabla 8 il pensiya verilir. Belə olan halda da pensiyaya çıxan hər kəsin işlədiyi dövrdə topladığı sığorta kapitalı 144-ə deyil, 96-ya (8 il x 12 =96) bölünməlidir. Bu isə ödənilən pensiya məbləği arasında ciddi fərq yaradır. Belə ki, fərz edək ki, sizin pensiya yaşınız çatıb və sığorta hesabınıza 56 min manat kapitalı yığılıb, bu məbləği 144-ə böləndə hər aya 388 manat (56000/144=388) düşür, amma siz 12 il deyil, orta hesabla 8 il pensiya aldığınıza görə həmin məbləği 96 ya böləndə orta aylıq təqaüd məbləği 388 manat deyil, 583 manat (56000/96=583) edir. Deməli bu sosial ədalətsizliyə görə, 56 min sığorta kapitalı ilə pensiya çıxan şəxsdən hər ay 200 manata qədər vəsait kəsilir. Odur ki, ədaləti bərpa etmək üçün ya pensiya yaşı qadınlar üçün 55, kişilər üçün 60-a endirilməli, ya da pensiyanın hesablanması metodologiyasında dəyişiklik olunmalı, toplanmış sığorta kapitalı 144-ə deyil, 96-ya bölünməlidir.

Azərbaycanda pensiyaların gözlənilən ödəniş müddətinin başqa ölkələrlə müqayisədə kəskin aşağı olmasının əsas səbəbi pensuya yaşının yuxarı olması və son illər pensiya yaşına çatmamış dünyasını dəyişənlərin sayının artmasıdır. DSK-nın məlumatı[8] əsasında hesablanmış demoqrafik göstəricilər 6-cı cədvəldə təqdim olunur.

Cədvəl 6. Azərbaycanda pensiya yaşına çatmamış vəfat edənlər, faizlə

Pensiya yaşına çatmamış vəfat edənləri həmin il üzrə ölənlərin sayında xüsusi çəkisi, faizlə
Kişilər Qadınlar
2019 41 30
2020 52 42
2021 47 32
Mənbə: Dövlət Statistika Komitəsi

Göründüyü kimi, xüsusilə də kişilər üçün pensiya yaşının yüksək olması və onların doğulanda gözlənilən ömür uzunluğunun qadınlara nisbətən aşağı olması pensiya yaşına çatmamış vəfat edən kişilərin həmin il üzrə ölənlərin sayında xüsusi çəkisinin artımını şərtləndirib. Bu artıma xüsusilə də 2020-ci ildə Ermənistanla müharibə zamanı 3000 qədər Azərbaycalı gəncin şəhid olması əhəmiyyətli təsir göstərib.

Qubad İbadoğlu

Mənbə: Turan İA

[1] https://fed.az/az/sosial/yeni-artimdan-sonra-pensiyalarin-orta-ayliq-meblegi-423-manata-catib-154677

[2] https://president.az/az/articles/view/58494

[3] https://e-qanun.az/framework/10061

[4] https://uploads.cbar.az/assets/ca7a4b6c03edafd2d0219a937.pdf

[5] https://stat.gov.az/source/demoqraphy/ap/

[6] https://stat.gov.az/news/macroeconomy.php?lang=az&page=4

[7] https://stat.gov.az/source/healthcare/

[8] https://stat.gov.az/source/demoqraphy/
 
Ardını oxu...
Dünyada kriptovalyutaya yatırım edənlər və bu yolla milyonçu olanlar az deyil. Bəzi ölkələrdə kriptovalyutanı nağdlaşdırmaq olur.
Salvadorda isə “bitcoin” rəsmi ödəniş vasitəsi kimi qəbul edilir. Mağazaya gedərək “bitcoin”lə alış-veriş etmək olar.
Bəs Azərbaycanda necə, vətəndaşlarımız bu sahəyə maraq göstərirmi?
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 
Ardını oxu...
Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) istifadəyə verildiyi dövrdən indiyədək (2022-ci ilin oktyabrından 2023-cü ilin mayına qədər) bu kəmərlə 10,4 milyon MVt-dan çox təbii qaz nəql edilib.

Bu barədə “Report”a ICGB operator şirkətindən məlumat verilib.

“Bu, 892 milyon kubmetr təbii qaza bərabərdir. Aprel ayının sonuna qədər IGB-nin xidmətlərindən ümumilikdə 16 şirkət istifadə edib”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, IGB 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Ardını oxu...
Azərbaycan Respublikasına indiyə qədər 300 milyard dollara yaxın investisiya qoyulub. Bunu mayın 2-də Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təhlilinə görə də, 2003-2021-ci illərdə əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2.7, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4.1 dəfə çoxalıb: “2004-2021-ci illərdə Azərbaycana ümumilikdə 288.9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 2022-ci ilin göstəricilərini də nəzərə alanda Azərbaycana son 19 ildə 300 milyard dollara yaxın sərmayə yatırılıb. Xarici investisiyalar 2.2 dəfə artıb”.

Vurğulanıb ki, 2004-2021-ci illərdə Azərbaycana 142 milyard dollar xarici investisiya qoyulub.

Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalara gəlincə, Mərkəzin məlumatına görə, onlar 7.2 dəfə artıb. Ümumilikdə isə 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179.5 milyard dollar həcmində investisiya yatırıldığı bildirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov “Turan”a bildirib ki, sərmayələr, əsasən, neft-qaz sektoruna qoyulub. Onun sözlərinə görə, bu sərmayələr ölkə iqtisadiyyatında böyük rol oynayıb. Deputatın fikrincə, əldə edilən gəlirlərlə qeyri-neft sektoru çox yüksək tərzdə inkişaf edib.

A.Hüseynov deyib ki, həmin gəlirlərlə birinci növbədə ölkənin müdafiəsi, ordusu gücləndirilib: “Digər tərəfdən, iqtisadiyyatımızın bütün tərəflərini inkişaf etdirə bildik: turizm sektorunu, kənd təsərrüfatını inkişaf etdirdik, böyük sənaye kompleksləri, sənaye parkları, sənaye məhəllələri yarandı. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələri həyata keçirilib. Beynəlxalq Dəniz Ticarət Limanı işə salınıb, Xəzər dənizində böyük bir yükdaşıma potensialına malik gəmilər alınıb”.

Komitə üzvü vurğulayıb ki, investisiyalardan gələn gəlirlərlə ölkədə yollar çəkilib, bütün infrastruktur yenilənib, ölkəni elektrik enerjisi ilə təchiz edən stansiyalar qurulub: “Qarabağda gedən bütün quruculuq işlərinin də hər biri bizim qaz və neft sektoruna yönələn investisiyalardan gələn gəlirlər hesabına həyata keçirilir”.

İqtisadçı Nazim Bəydəmirli də AzadlıqRadiosuna bildirib ki, sözügedən investisiyaların böyük hissəsi xarici sərmayələrdır, neft sektoruna yatırılmışdı: “Eyni zamanda, 2003-cü ildən bu yana hər il dövlət büdcəsinin xərclərinin təxminən 50 faizi investisiya qoyuluşuna yönəlmişdi. Büdcəmiz kiçik olan zamanlar və dollar 0.78 manat olan illərdə bu rəqəm illik 9-10 milyard dollar idi”.

O, yatırılan sərmayələrin effektivliyinə də toxunub: “Əsas investisiyalar yol infrastrukturuna qoyulub. İkinci yerdə isə elektrik energetika sektoruna qoyulan investisiyalardır. Burada daxili investisiyalardan söhbət gedir. Ancaq bizdə yolların vəziyyəti də məlumdur, elektrik kəsintiləri isə bu gün də baş verir”.

N.Bəydəmirli deyir ki, son onilliklərdə Azərbaycanda bir çox zavodlar açılıb, sonra da bağlanıb: “İnvestisiyaların hesabına regionlarda tikilən zavod və fabriklərin açılışında prezident iştirak edirdi, bu, ənənəvi hal almışdı. Onlar bir neçə il sonra xammalın çatışmazlığı, bazar araşdırması aparılmaması, monopoliya səbəbindən səmərəsiz işləyirdi və bağlanırdı”.

İqtisadçının sözlərinə görə, investisiyalar qeyri-neft sektorunun vergi artımında bir elə də hiss olunmadı: “Hazırkı statistikalarda rəqəmləri dəyişərək artım qeyd edirlər, amma bu, aldadıcı artımdır, çünki iqtisadi inkişafın əsas göstəricisi Əlavə Dəyər Vergisinin (ƏDV) artımıdır. İdxaldan olan ƏDV-nin artımı Azərbaycanda daha sürətlə artır. Son illərə qədər daxildə istehsal olunan məhsullardan ƏDV isə azalırdı. Nəticə olaraq biz xarici istehsaldan asılı olan ölkəyə çevrilməyə davam edirik. Hər hansı müəssisələr Azərbaycanda qurulursa belə, onların mütləq əksəriyyətinin xammalı və avadanlıqları xaricdən gəlir”.
 
 
 

Dünyapress TV

Xəbər lenti