Almaniyanın cənubunda daşqın: Sakinlər təxliyə olundular - VİDEO
Nəticədə damba və su bəndi dağılıb. Sakinlər ərazidən təxliyə ediliblər. Bu barədə Auqsburq hakimiyyət orqanlarından məlumat verilib.
Yerli administrasiyanın saytında qeyd olunub ki, Burqvalden kəndində damba, Didorf icması ərazisində isə su bəndi sıradan çıxıb. Lakin artıq Bavariyanın beş rayonunda - Ayxax-Fridberq, Auqsburq, Qyunsburq, Noy-Ulm və Pfaffenxofen-an-der-İlmdə fövqəladə vəziyyət elan edilib.
Almaniyanın cənubunda bir çox bölgələrdə çayda suyun səviyyəsinin yaxın saatlarda artmağa davam edəcəyi və rekord səviyyəyə çata biləcəyi gözlənilir. Bavariyanın bir neçə məntəqəsində sakinlərin təxliyəsi elan edilib. Münhen, Breqens və Sürix, Ulm, Auqsburq arasındakı hissələrdə qatarların hərəkəti dayandırılıb.
Qeyd edək ki, "Kvirina" siklonu Almaniyanın cənubuna güclü yağışlar gətirib və bu da öz növbəsində daşqınlara səbəb olub. Bavariyanın və Baden-Vyurtemberqin bəzi ərazilərində bir gündə bir kvadratmetrə 130 litrdən çox yağış düşüb.
Yaxın 48 saat ərzində meteoroloqlar Bavariyada Konstans gölü bölgəsində, Saksoniya və Tyurinqiyanın cənub bölgələrində güclü yağışların yağacağını proqnozlaşdırırlar.