DogruXeber.az: - Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən nöqsanlarına görə işdən çıxarılan kadrları ətrafına toplayır.
Bununla bağlı Demokrat.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat daxil olub.
Məlumatda iddia olunur ki, İlham Süleymanov vaxtilə özünün də çalışdığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmiş və sonradan yol verdiyi nöqsanlara görə vəzifələrindən azad olunan dostlarını Kənd Təsərrüfatı Nazirliyinin ayrı-ayrı qurumlarında yerləşdirməyə başlayıb. Belə ki, İlham Süleymanov keçmiş kənd təsərrüfatı naziri İnam Kərimovun kadrlarını səbəbsiz yerə işdən çıxardaraq, onların yerinə öz adamlarını təyin etdirir. Bunlardan biri də Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin sabiq direktoru Ramil Salman oğlu Salmanovdur. İlham Süleymanovun təqdimatı ilə dostu və işçisi, 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Zəfər Nağıyev yaxın günlərdə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə təyin olunacaq.
İlham Süleymanov
Bundan öncə isə İlham Süleymanov digər bir kadrı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşı, Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinin keçmiş direktoru Dəyanət Orucovu Kənd Təsərrüfatı Nazirliyinin Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri vəzifəsinə təyin etdirib.
İlham Süleymanovun etibarlı kadrlarından biri də Kənd Təsərrüfatı Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin sektor müdiri Elnur Atayevdir.
Zəfər Nağıyev
İddialara görə, əksər Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri İlham Süleymanovun təqdimatı ilə vəzifələrə təyin olunur.
Elnur Atayev
İddialarla bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:
"Yazılanlar boş və mənasız söz yığınından başqa bir şey deyil".//demokrat.az