Müştərilərdən depozit tələb edən restoranların şəbəkəsi günü-gündən genişlənir. Müştəri masa arxasına əyləşdikdə, nə sifariş verməsindən asılı olmayaraq, restoranın təyin etdiyi minimum məbləği ödəməli olur. Həmin məbləğ, əsasən, 50 manatdan başlayır. Depozitlər həftəsonu günün ikinci yarısında və xüsusi günlərdə tətbiq edilir. Bəs, bu depozit niyə tətbiq edilir? Qanunidirmi?
Bu sualları hüquqşünas Ramil Süleymanov Referans.az-a açıqlamasında danışıb.
“İlk növbədə onu bildirmək istəyirəm ki, qanunvericilikdə depozitlərin qoyulması, restoranlara əvvəlcədən hər hansısa bir ödənişlərin edilməsi xidmət göstərən restoranla, xidmət alan müştəri arasında mümkündür. Hər hansı bir restoran öncədən depozit tələb edirsə, depozitə uyğun olaraq da xidməti və yeməkləri təqdim etməlidir. Təbii ki, bir-iki nəfər gedib depozit tələb edən masada əyləşərlərsə, nəticə etibarı ilə buna uyğun da menyunu tələb etmə haqqları var. Menyuya uyğun, qeyd olunan depoziti əhatə edəcək məhsulların və xidmətlərin təqdim olunmaması halında onu əhatə edəcək ya da həmin qalıq məbləği tamamlaya biləcək yeməkləri müştəri tərəfindən götürülməsi də yolveriləndir”.
Hüquqşünas bildirib ki, bu məsələ birmənalı şəkildə qanunvericilikdə tənzimlənmir. Eyni zamanda müştərilərin özlərinin seçməmək kimi bir haqqları da var.
“Müştərilərin azad seçim etmək hüquqları var. Məsələn, bir restoran eyni salatı 10 manata, digəri isə 50 manata təklif edir. Biz sahibkara deyə bilmərik ki, “nəyə görə baha qiymətə təqdim edirsən?”. Müştəri də öz büdcəsinə uyğun olanı seçməlidir. Bu, müştəri tərəfindən qəbul edilirsə, yolveriləndir”.