Sahibsiz itlər mövzusu bütün müsbət dəyişikliklərə və daha müsbət gözləntilərə baxmayaraq, hələ də aktual olaraq qalır. Bakı və ətraf kəndlərin sakinləri sahibsiz itlərin sayının artmasından, eləcə də heyvanların insanlara hücumlarının çoxalmasından şikayətlənirlər.
Martın 3-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu kəndində doqquz yaşlı uşağa it hücumu ilə bağlı zəng daxil olub. Həkimlər uşağın bədənində çoxsaylı kəsiklər qeydə alıblar. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub. Hazırda reanimasiya şöbəsindədir və vəziyyəti ağır qiymətləndirilir.
Belə hallar kifayət qədər tez-tez təkrarlanır. Məsələn, Masazır qəsəbəsinin sakinləri bu qəsəbənin sahibsiz itlərin nəzarəti altında olmasından şikayətlənirlər. Eyni sözləri Xırdalan şəhəri haqqında da demək olar.
Aşağıdakı videogörüntülərdən də göründüyü kimi, küçə itləri günorta saatlarında şəhərin sıx küçələri ilə sakitcə gəzərək, yoldan keçənlər üçün təhlükə yaradır. Gecələr isə yemək üçün zibil qablarını dolanan bu itlər şəhər sakinlərini dəhşətə gətirir.
Fakt budur ki, sürətlə böyüyən şəhərdə kommunal xidmətlər zibil probleminin öhdəsindən gələ bilmir. Zibil qutularını boşaltdıqdan bir neçə saat sonra yenidən dolur. Sahibsiz itləri cəlb edən məhz budur. Gördüyümüz kimi, bir problem digərinin yaranmasına səbəb olur.
Zibil itləri cəlb edir, onlar sürü halında yığılır və sonda heyvanlar özlərinin ərazisi hesab etdikləri ərazini qorumağa başlayır. Sahibsiz itlər üçün təbii olan bu davranış çox vaxt insanlara hücumların səbəbi olur.
Bundan əlavə, sahibsiz itlər insanlar və heyvanlar üçün ümumi olan patogenlərin mənbəyidir. Çox vaxt infeksiya xəstə heyvanların və ya daşıyıcıların sağlam olanlarla təması nəticəsində baş verir, bu baxımdan itlərin böyük sürüləri ən böyük təhlükə yaradır.
Bununla belə, viruslar təkcə birbaşa təmasda deyil, dolayı yolla da ötürülə bilər: hava, su, qulluq vasitələri, ayaqqabı və insan geyimləri.
İtlərin daşıdığı ən təhlükəli xəstəlik quduzluqdur. Yaşayış məntəqələrində sərbəst hərəkət edən sahibsiz itlər vəhşi heyvanların (quduzluq daşıyıcılarının) hücumlarına daha çox həssasdır və bununla da xəstəliyin daha da yayılması üçün təhlükə yaradırlar.
Oxucular ola bilər ki, qaldırılan problemi heç də təhlükəli saymadıqlarını, yazıq heyvanların günahı olmadığını, onlara yem verilməli olduğunu, o zaman insanlar üçün təhlükəsiz olacaqlarını düşünürlər. Amma eyni zamanda, başqa oxucular da deyə bilər ki, sahibsiz itlər insan həyatı və sağlamlığı üçün real təhlükə yaradır.
Sahibsiz itlərin sürüləri ərazidə gəzərkən, insanlar özləri və yaxınları üçün qorxaraq özlərini təhlükəsizlikdə hiss etməyəcəklər. Hər halda Masazır kəndi və Xırdalan şəhərinin daxil olduğu Abşeron rayonunda Sahibsiz Heyvanlara Qulluq Mərkəzinin açılması nəzərdə tutulur. Amma bu Mərkəz açılana qədər yerli sakinlər təhlükə altındadır və Qobu kəndində baş verən son hadisə də bunu təsdiqləyir.
AYNA.az