Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov psixiatriya xəstəxanasında qeydiyyatda olub və bir neçə dəfə müalicə alıb. Bütün bunlara baxmayaraq, o, sürücülük vəsiqəsi üçün lazım olan tibbi arayışları necə əldə edib?
Media.Az bununla əlaqədar I kateqoriyalı həkim, psixiatr Abdulla Şıxlinski ilə danışıb.
Ekspertin sözlərinə görə, sürücülük vəsiqəsinin alınması prosesi dövlət tibb müəssisəsinin psixiatr və narkoloqunun məcburi rəyini tələb edir.
“Yəni özəl klinikanın belə sənədləri vermək səlahiyyəti yoxdur. Bu o halda mümkündür ki, tibb müəssisəsinin ekspert rəyi verməyə imkan verən xüsusi lisenziyası mövcuddur, həmçinin bu cür arayışların yoxlanılması və verilməsi üçün ixtisaslaşdırılmış komissiya var”, - deyə o vurğulayıb.
Həkim təəssüflə bildirib ki, bizim dövlət klinikalarında belə müayinə düzgün aparılmır və bu, böyük problemdir.
“Hər şey, bir qayda olaraq, çox formaldır: Həmin şəxsin dispanser müşahidəsində olub-olmadığı yoxlanılır. Cavab mənfi olarsa, ona arayış verilir”, - deyə A.Şıxlinski bildirib.
Ekspert vurğulayıb ki, hazırda bütün məlumatlar elektron sistemdədir və əgər yoxlama zamanı bir şəxsin dispanser müşahidəsində olduğu, ya bir dəfə psixiatriya xəstəxanalarında stasionar müalicə aldığı üzə çıxarsa, ona arayış verilməməli idi.
O, xatırladıb ki, qətldə şübhəli bilinən Əhməd Əhmədov beş dəfə Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olub: “Təbii ki, o qeydiyyatda olduğu yerdə psixiatrın daimi dispanser nəzarətində qalmalı idi. Lakin buna baxmayaraq, həmin şəxsə sürücülük vəsiqəsi almaq üçün rəy verilib”.
A.Şıxlinski bütün bu sənədlər və tibbi arayışların Daxili İşlər Nazirliyi orqanlarında saxlanıldığını deyib:
“Bu sənədlər əsasında Ə.Əhmədova hansı tibb müəssisəsinin rəy verdiyini rahatlıqla yoxlamaq mümkündür”, - deyə o əlavə edib.
Ekspert onu da qeyd edib ki, Ə.Əhmədova arayış verən həkimlər cinayət məsuliyyəti daşımalıdırlar.
“Psixi cəhətdən sağlam olmayan adamın maşın sürməsi ilə yanaşı, onun vəziyyətinə heç kim nəzarət etməyib. Bu onun müalicə alan həkiminin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verir”, - deyə A.Şıxlınski vurğulayıb.
Ölkədə ictimai iaşə obyektlərində xidmət qiymətləri artmaqdadır.
Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2024-cü ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7% artaraq 146,9 milyon manat olub. Məlumatda qeyd edilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5%-i hüquqi şəxslərin, 49,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10% artaraq 73,4 milyon manat olub.
Maraqlıdır, istər hüququ, istərsə də fiziki şəxslər tərəfindən idarə olunan iaşə obyektləri ölkə iqtisadiyyatında təxmini nə qədər paya sahibdir? İaşə obyektlərində qiymətlər niyə sürətlə artır?
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “Cümhuriyyət” qəzetinə şərhində qeyd edib ki, ictimai iaşə obyektləri ölkə iqtisadiyyatda çox az paya malikdir:
“Aparılan müəyyən qiymətləndirmələr görə, bu sektorda əlavə dəyər 60% civarındadır. 2023-ci ildə ictimai iaşə sektorunda dövriyyə 2 milyard dollar civarında olub. Bu, 1,2 milyard manat ətrafında əlavə dəyər yaradıb. Bu da təxminən 1 % - ə bərabərdir”.
İqtisadçı ictimai iaşə obyektlərində qiymətlərin artma səbəblərini belə izah edib:
“Həmin sektorda qiymətləri artıran səbəblər kifayət qədər çoxdur. Birinci səbəb məhsulun maya dəyərinin xərclərinin artması ilə bağlıdır. Bildiyimiz kimi, 2023-cü ildə inflyasiya 8.8 % civarında olub. Yəni ərzaq qiymətləri 12 % bahalaşıb. Sözsüz ki, bu da iaşə obyektlərində xidmət haqlarına təsir edir.
Eyni zamanda, əmək haqlarının artırılması da xidmətdəki qiymət artımına təsir edən əsas faktorlardan biridir. Bütün bunlar bir-birilə əlaqəlidir və hər zaman da belə olacaq. Qiyməti artıran digər faktor isə ölkəyə xarici turistlərin axınıdır. Ötən il ölkəmizə xeyli sayda xarici turist gəlib. Bu ilin yanvarında da onların sayında artım olub. Bu da iaşə obyektlərində qiymətlərin bahalaşması üçün əlverişli imkanlar yaradır”.