Ardını oxu...
Məhkəmə qərarı ilə azərbaycanlı oliqarx, multimilyonçu iş adamının beynəlxalq çirkli pulların yuyulması əməliyyatı ilə əlaqəsi müəyyən edilib.

Xəbəri "Standard” yayıb.

Bildirilir ki, sözügedən şəxs kimliyini sirr saxlamaq üçün mübarizə aparır.

Böyük Britaniyanın Milli Cinayət Agentliyinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin üç ailə üzvünə qarşı qaldırdığı iddiada multimilyonçunun "vacib şəxs” olduğu qərara alınıb.

"Evening Standard” və "BBC” kimi media orqanları onun şəxsiyyətinin açıqlanması üçün fəal mübarizə aparır, çünki onlar hesab edirlər ki, bu, Böyük Britaniyanın açıq ədalət mühakiməsi ənənəsini pozur.

Qeyd olunur ki, London Ali Məhkəməsində gün yarım davam edəcək dinləmə mart ayında keçiriləcək. Ali Məhkəmə iddianı təmin edərsə, milyonçunun adı açıqlanacaq.

2022-ci ilin yanvarında London məhkəməsi Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi barədə qərar verib.
 //ARQUMENT.AZ//
Ardını oxu...
Bakının Binəqədi rayonunda 1979-cu il təvəllüdlü Aydın Babayev sevgi münasibətində olduğu Pərvanənin (adlar şərtidir – red.) evindən oğurluq edib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Aydın evin dəhlizindəki paltar dolabına qoyulmuş əl çantasının içərisində olan pulqabıdan 3400 ABŞ dolları və 1600 manat məbləğində nağd pulu oğurlayıb.

İstintaq orqanı tərəfindən Aydın barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılıb.

Məhkəmədə ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bakı şəhərində yerləşən “SİMPATY” adlanan gecə klubunda bir xanımla tanış olub:

“Həmin xanım özünü mənə Pərvanə kimi təqdim etdi. Mən isə özümü əvvəlcə Ramil kimi təqdim etdim. Bir müddət keçdikdən sonra əsl adımı Pərvanəyə bildirdim. Bir-birimiz ilə münasibət qurmağa başladıq. Münasibətlərimiz qeyri-rəsmi ailə münasibətinə çevrildi. Pərvanənin əvvəllər kirayədə yaşadığı evdə cəmi iki dəfə olmuşam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə Pərvanə evdə yemək süfrəsi açıb:

“Həmin süfrəyə Pərvanə rəfiqəsi Səliməni də dəvət etmişdi. Evdə bir qədər yeyib-içdikdən sonra Pərvanə evdə spirtli içki olan “Viski”nin də olduğunu bildirdi. Ona həmin içkidən dadmaq istədiyimi dedim. Səlimə isə buna etiraz etdi və içkiləri qarışdırmaq istəmədiyini bildirdi. Pərvanə “Viski”ni gətirdi. Həmin içkini onunla içməyə başladım”.

Aydın qeyd edib ki, bundan sonra birlikdə “SİMPATY” gecə klubuna getməyi təklif edib:

“Razılaşdıqdan sonra birlikdə kluba getdik. Klubda yenə də spirtli içki sifariş etdim, Pərvanə ilə araq içməyə başladıq. Bir müddət keçdikdən sonra Səlimə klubda özünü yaxşı hiss etmədiyini və evə getmək istədiyini bildirdi. Bu səbəbdən kluba olan hesabı ödəmək üçün Pərvanə durdu və əl çantasından pulqabını açdıqda içərisində olan pulları gördüm.

Lakin, Pərvanəyə klubda hesabı verməyə qoymadım və 35 manat məbləğində hesabı özüm ödədim. Sonra taksi ilə ilkin olaraq Səliməni yaşadığı ünvana apardıq, sonra isə Pərvanə ilə birlikdə onun həmin dövrdə yaşadığı evə getdik. Evə daxil olduqdan sonra Pərvanənin əl çantasını dəhlizdə olan dolabın içinə qoyduğunu gördüm. Sonra Pərvanə yataq otağında yerinə uzandı, hər ikimiz sərxoş olduğumuzdan dərhal yuxuya getdik”.

Təqsirləndirilən şəxs bildirib ki, səhəri gün, saat 10 radələrində yuxudan oyandıqdan sonra əynini geyinib və yataq otağından dəhlizə keçib:

“Dəhlizdə olan dolabın içərisində gödəkçənin altından Lamiyəyə məxsus əl çantasından 3400 dollar, 1600 manatını götürdüm”.

Aydın deyib ki, oğurladığı pulların bir qismini xərcləyib, qalan 700 dollar və 500 manat məbləğində pulu isə polis əməkdaşlarına saxlanılan zaman könüllü olaraq təhvil verib. O, himayəsində 1 azyaşlı uşağının olmasını, peşman olmasının nəzərə alınmasını istəyib.

Zərərçəkmiş Pərvanənin sözlərinə görə, gecə klubunda tanış olduğu Aydınla gələcəkdə ailə quracağına inanıb, bu səbəbdən onunla qeyri-rəsmi münasibətdə yaşamağa başlayıb. O bildirib ki, evindən oğurluq edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib. Pərvanə qeyd edib ki, sonradan Aydınla barışıb, Aydının ona vurduğu ziyanı tam ödəyib. O, Aydından şikayətçi olmadığını deyib.

Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib. O, məhkəmə zalından həbsdən azad edilib.
 
Ardını oxu...
Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib.

Qərarda deyilir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur.

Qərar təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Cinayət-Prosessual Məcəlləsində prokurorun İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən ona göndərilmiş materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılması qaydasının tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.
 
Ardını oxu...
Gəncədə futzal yarışında ictimai qaydanı pozan 5 şəxsə inzibati həbs tətbiq edilib.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib

Noyabr ayının 18-də Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırılma aparılıb. İctimai qaydanı pozan 5 şəxs barəsində müvafiq protokol tərtib olunaraq Gəncə şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarları ilə 2 nəfər 30, 1 nəfər 15, 2 nəfər 10 sutka müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
 
Ardını oxu...
Bakıda ərini satıcıya qısqanan qadın məşhur marketin şüşəsini sınıdırb.

Hadisə Bilgəh qəsəbəsi, 28 aprel küçəsində yerləşən "Oba Market"də baş verib.

Belə ki, Jalə (şərti) adlı qadın "Oba Market"də olarkən satıcı qızın həyat yoldaşına baxdığını görüb və qısqanclıq keçirib. O, marketin müdriyyətinə qızla bağlı şikayət edib və onu işdən çıxarmasını istəyib. Lakin market müdiri qadının tələbini yerinə yetirməyib. Bundan əsəbiləşən qadın daşla mağazanın şüşəsini sındırıb.

Məhkəmə qadını İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və hadisə nəticəsində vurulmuş ziyanın ödənilməsinə (250 manat) qərar verib.
 
Ardını oxu...
“İndi hamı bu şəkli paylaşır... Və ürək sözlərini yazır. Basabas düşüb...”

Bunu “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Vasif Talıbovun oğlu Seymur Talıbovun fotosunu “Feysbuk” səhifəsinə yerləşdirərək yazıb.

Baş redaktor daha sonra Naxçıvana səfəri ilə bağlı xatirələrini bölüşüb: “Bu şəkildəki adamın içində olduğu bir xatirəmi yazım: 2017-ci il iyunun əvvəlində KİV rəhbərlərindən ibarət bir heyətdə Naxçıvana getmişdim. Naxçıvan Universitetində tələbələrlə görüşdən çıxanda birdən bu şəkildəki adam peyda oldu; maşınından düşüb universitetin giriş qapısına tərəf gəlirdi. Yanımdakından soruşdum: "Bu adam kimdir ki, hamı qabağına qaçır?" Dedi: "Seymur müəllimdi də. Vasif müəllimin oğlu. Burda prorektordur". Dedi və o da qaçdı pişvaza...
Ətraflı

Sonra hamısı toparlandı, bu şəkildəki adamın böyründə basabasla şəkil çəkdirdilər. Mən də durmuşam kənardan baxıram, Vasif Talıbovun oğlunun yanında durmaqdan ötrü yekə-yekə kişilərin bir-biri ilə çiyinləşməsindən, dümsükləşməsindən ləzzət alıram. Bu şəkildəki adam da hərdən təəccüblə, ya da bəlkə qəzəblə mənə tərəf baxır. Heyətdəkilərdən biri utandı, yanıma gəldi. Sevindim ki, tək deyiləm. İndi o şəkildəkilər, görəsən, o şəkilləri nə edəcəklər?!”

“Mən həmin səfərdə tələbələrlə, əsgərlərlə, orta məktəb şagirdləri ilə, fabrikdəki fəhlələrlə, Batabatda bioloq alim Mürsəl kişi ilə çəkdirdiyim şəkillərdən ləzzət alacam. Bəs Seymur Talıbovla şəkil çəkdirənlər nə hisslər keçirirlər?!...”, - baş redaktor fikrini yekunlaşdırıb.

Xatırladaq ki, B.Həzinin yada saldığı səfər KİVDF-nin o zamankı rəhbəri Vüqar Səfərli tərəfindən təşkil olunmuşdu. Bakıdan gedən 20 nəfərlik heyəti Vasif Talıbov qəbul etməkdən imtina etmişdi...
azpolitika
 
Ardını oxu...
Argentina ilə Polşanın oyununa baxanda yadıma Füzulidən olan məşhur söz ustası Poçtalyon Qadirin bir hadisəsi düşdü. Bu adam duz idi başdan-ayağa, yeri behişt olsun. Seyran Səxavətin də yaxın dostudu. Mənlə də münasibəti yaxşı idi. Hərdən xeyirdə, şərdə dərdləşərdik.

Cavan yaşlarında futbolçu olmuşdu. Bir ara Ağdamın “Qarabağ” komandasında da oynamışdı.

Deməli belə. Füzuli komandası başqa bir rayona yarışa gedir. Qadir danışırdı ki, birinci katib futbolçuları yığıb kabinetinə və deyib ki, əgər uduzub gəlsəz, sizin hamınızın var-yoxunu …

Futbolçular dilxor yola düşürlər həmin rayona. Oyun başlayır.

– Müəllim, onnarın bir 9 nömrəsi vardı, Banişevski onun yanında yalanıydı. Köpəyoğlu bizə göz açmağa imkan vermir. Elə bil od-yalodu. Yaxınlaşdım bunun yanına, dedim, ə, bayıssı göyçək, qoy biz də oynayax dana. O da çöndü mənə elə bir yumrux vurdu ki, ürəyim getdi, yıxıldım yerə. Sudya da bilmədi məni niyə vuruf. Ona qırmızı kart çıxartdı. 9 nömrəni meydandan qovdular. Mənim söyüşümü sudya eşitməsə də, azarkeşlər eşitmişdi, nə qədər bağırdılar, xeyri olmadı. Oyunu uddux, katibinki də əlində qaldı. Oyunnan sonra həmin rayonun milisləri məni də, bizim futbolçuları da zorla azarkeşlərin əlindən aldılar, sora da bizim avtobusu Füzuliyə qədər müşayət elədilər. Çünki azarkeşlər arxadan gəlirdi, milis olmasa mənim leşimi atacaydılar.

Argentinalılar da həmin 9 nömrə kimi qoymadılar polşalıların ayağına top dəyə. Polşalıların ayağına top dəysəydi, daha doğrusu, topu tapa bilsəydilər, Argentinanı Səudiyyə Ərəbistanı kimi darmadağın edərdilər.

Ermənilərin Qrant Matovesyan adlı bir maraqlı yazıçısı vardı. Bəri başdan da qeyd edim ki, 1988-ci ildə Qarabağ hadisələrinə qarışmadı, yəni ermənilərin tərəfini saxlamadı. Onun bir əsəri var, deyəsən Natiq Səfərov tərcümə etmişdi.

Erməni tələbə təəssüf ki, adı yadımdan çıxıb, Moskvaya boks yarışına gedib. Çıxıb döyüşə, sevdiyi qız da tamaşaçıların arasında onu izləyir. Bu dünyada kimi dindirsən heç kim heç vaxt döyüldüyünü etiraf eləmir. Hamı deyir ay belə vurdum, ay belə yıxdım. Bir də görürsən ki, biri birini yıxıb yerə mal kimi çırpır, birtəhər aralayırlar, döyülən durur ağzının, burnunun qanını silir və camaat eşitsin deyə döyənə deyir:

– Get, get, sənə altdan iki dənə elə yumruq qoymuşam ki, səhərədək yata bilməyəssən.

İndi erməni tələbə də döyüşü belə təsvir edir:

– Mənim yaxşı solaxayım var. Məşqçi də kənardan elə çığırır ki, “levıy, levıy”. Sevdiyim qız da qıraqdan baxır. Mən də özümü düzəldirəm ki, rəqibə bir “levıy” udar vurum. Ha axtarıram, kanatların arasında yoxdu. Sudya da nə isə sayır. Ə, nə sayırsan, qoy bir onu tapım. Nə qədər axtardım, tapa bilmədim. Sonra sudya onu hardansa tapdı, əlini qaldırdı. Mən tapsaydım, leşin atacaqdım.

İndi polşalılar da ha axtardılar, topu tapa bilmədilər. Hakim fit verib oyunun qurtardığını bildirdi və argentinalıları qalib elədi.

Allah Qadirə rəhmət eləsin. Yeri gəldikcə onun bəzi anektodlarını yazacam. Amma bir az kobud alınır, görüm redaktə edə biləcəmmi?! Anektodu da redaktə edəndə duzu gedir.

Aqil Abbas
 
 
 
Ardını oxu...
Gəncədə tələbələr arasında kütləvi dava baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə kütləvi davaya çevrilib.

Qeyd edilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Ardını oxu...
“Supermarketlərdə vaxtı keçmiş məhsullar var. Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silir, yenisini yazıb “peçat” vururlar”.

Jamaz.info xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.
“Uşaq qidası ilə bağlı da problem var, qısa zamanda qarşısı alınmasa, bundan böyük problemlər yaranacaq”.
Deputat gömrüklə bağlı da təklif irəli sürüb:
“Qaydaya əsasən, 1 təqvim ayı ərzində 300 dollar limiti keçməmək şərti ilə xaricdən mal gətirə bilərsiniz. Orada imkan varmı ki, “yol pulu” deyilən məbləğ həmin 300 dollara daxil edilməsin?”.
 
Ardını oxu...
Qubanın rayon mərkəzindən 70 km aralıda yerləşən dağlıq Xaltan kənd məktəbində sinif otaqlarının qızdırılması hər il problemə çevrilir. Qaz yoxdur, məktəb özü odun tədarük edə bilməz. Yalnız təhsil şöbəsinin verdiyi biokömür-odunla qızınmaq olar. Mədəni səslənsə də bundan “Fatıya tuman olmur”. Məktəb gah qızdırlır, gah da bu mədəni odunla heç nə əmələ gəlmir.

DİA.AZ bildirir ki, Şəhid Teymur Şahbazov adına Xaltan tam orta məktəbin direktoru İlham Seyfəddinov da Bizim.Media-ya təsdiqləyib ki, biokömür-odunla Qubanın ən sərt təbiətli kəndində sinif otağı qızdırmaq mümkün deyil.

“Bu barədə şagirdlər təhsil şöbəsinə də şikayət ediblər, məsələyə yenidən baxılacağı bildirilib. Dərs zamanı Xaltan məktəbində şagirdlərin paltolu və gödəkcəli oturması valideynləri də narahat edir. Buna bir əncam çəkilməlidir. Adı yaxşı səslənə bilər, amma bu odun can isitmir”.

Qusarın dağlıq zonasında yerləşən şəhid Atabala Ağabalayev adına Kuzun kənd tam orta məktəbi isə dizel yanacağı ilə qızdırılır. Məktəbin direktoru Zakir Zərbəliyev hələlik hər hansı problem yaşanmadığını bildirib. Amma dizel yanacağı ilə qızdırılan məktəblərdə də sərt qış aylarında müəyyən problem yaşanır. Çünki dizel yanacağı böyük məktəblər üçün o qədər də effektli deyil.

Quba-Xaçmaz regional təhsil idarəsinin təsərrüfat-istismar qrupunun rəhbəri Tamerlan Nəcəfov Bizim.Media-ya idarəyə daxil olan 5 şimal rayonunda 413 məktəbin dizel yanacağı odun yanacağı (biokömür-odun kömür də bura daxildir), elektrik, kombi sistemi ilə və qazla qızdırıldığı məlumatını verib. Onun sözlərinə görə görə şimal bölgəsinin Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında 175 məktəb odun, 37-si dizel yanacağı və 42 -si elektriklə qızdırılır.

Tamerlan Nəcəfovun sözlərinə görə, odunla qızdırılan məktəblərin yerləşdiyi kəndlərin bəzilərində qaz xətti olsa da texniki şərt olmağından təhsil ocaqlarına təbii qaz xətti çəkilməyib.

Qrup rəhbəri onu da məlumat verdi ki, Quba-Qusar rayonlarının 7 məktəbində odun yanacağı ilə təminatda müəyyən problemlər səbəbindən bir qədər gecikmə qeydə alınıb. Hazırda həmin məktəblərdən ikisinə yanacaq çatdırılıb. Qalan 5 məktəbə də odun yanacağı həftə ərzində tam çatdırılacaq.

Tamerlan Nəcəfov onu da açıqlayıb ki, hansısa ucqar kənddə odun kömürü ilə siniflərin tam qızdırılması nəticə verməzsə, həmin məktəbə odun yanacağı verilə bilər. Bu mənada Xaltan məktəbi məsələ qaldırsa, problem həll ediləcək.

Amma xatırladaq ki. Xaltan məktəbliləri problemi çoxdan qaldırıblar və həllini gözləyirlər.
 

Dünyapress TV

Xəbər lenti