
ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlaması mövcud gərginlik fonunda narahatlıqları artırıb. O, lazım gələcəyi təqdirdə Vaşinqtonun Tehranın nüvə obyektlərini məhv etməklə, İrana qarşı sərt addımlar atmağa hazır olduğunu söyləyib. Ağ Ev rəhbəri deyib ki, bu ölkənin nüvə silahı ola bilməz və onlar ABŞ ilə danışıqlarda tez hərəkət etməlidirlər. Tramp İranın nüvə silahı əldə etməyə çox yaxın olduğunu bildirib və bunu yolverilməz adlandırıb.
Maraqlıdır ki, bu bəyanat ABŞ ilə İran arasında nüvə məsələləri üzrə Omanın Muskat şəhərində keçirilməsi gözlənilən ikinci görüş ərəfəsində verilib.
Danışıqların ilk raundunda Ağ Evi nə kimi detallar narahat edə bilər? Növbəti müzakirənin ehtimal hücumun qarşısını alması mümkündürmü?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov hazırkı situasiyada İsrailin İranı müharibəyə çəkmək istəyə biləcəyini vurğulayıb:
“Amma Təl- Əviv Vaşinqtonun dəstəyindən əmin deyil və bu səbəbdən narahatdır. Ümumiyyətlə, ABŞ İsrailə onun istədiyi səviyyədə dəstək vermir, çünki İranın parçalanması an məsələsidir.
Doğrudur, Tramp Tehrana qarşı sərt mövqeyi ilə seçilir. Çünki o, sələfinə nisbətən İsrailə və yəhudi lobbisinə daha yaxındır. Buna baxmayaraq, ABŞ İranın dağılmasında maraqlı deyil. Çünki Tehran ərəb dünyası ilə əlaqələr üçün Vaşinqtona lazımdır.
Beləliklə, Ağ Ev İranla münasibətlərdə kifayət qədər həssas davranır. ABŞ-ın İsrailin İrana mümkün hücumunda dəstəyini də istisna etsək, deməliyik ki, yaxın gələcəkdə Tehrana nə Təl- Əviv, nə də Vaşinqtondan ciddi hərbi təhdid var.
Buna baxmayaraq, ABŞ xüsusilə iqtisadi baxımdan İrana təzyiqləri davam etdirəcək. Məncə, tərəflər razılaşma əldə biləcəklər”.