Ardını oxu...
5-ci ilə qədəm qoyulan gün bircə gün də olsa məhkəmə sistemində işləməyən şəxs Ali Məhkəmənin sədri postuna addımladı
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə- hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019 -cu il tarixli 604 saylı Fərmanının qəbulundan 4 il keçdi. Bəs məcburi icra edilməli olan fərmanın icrası nə yerdədir? Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaş həddi ilə bağlı “nəvələri ilə oynamağa getməsindən” özgə bir önəmli dəyişiklik hiss olunmur. Dünən - Fərmanın qəbul olunduğu 03 apreldə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bircə gün də olsa məhkəmə sistemində çalışmayan şəxsin Ali Məhkəmənin hakimliyinə tövsiyə edilməsi və bugünkü plenar iclasda hakim təyin olunması məhkəmə - hüquq sistemində islahatların necə dərinləşdirilməsini ortaya qoyur. Amma biz nə edə bilərik, böyük Füzuli demiş, “hökm onun hökmüdür, fərman onun fərmanıdır”!
Biz onu deyə bilərik ki, digər normativ hüquqi aktların icra olunmadığı kimi, Prezidentin 4 il qabaq imzaladığı normativ hüquqi akt fərman da kağız üzərində “icra olunub”. “Dərinləşən” qeyri-prosessual münasibətlər, on illərdir məhkəmə qərarlarının icra olunmaması, Prezidentin yanındakıların məhkəmə hakimiyyətini notariat kontoruna çevirmələri “islahatıdır”. Məhkəmə hakimiyyətini ədliyyə, icra, məhkəmə məmurlarının, məhkəmənin texniki işçilərinin könüllü girovluğundan qurtarmaq gerçək islahat olardı. Təsəvvür edin, sıradan bir icra məmuru, məsləhətçi, vəkil bu boyda məhkəmə - hüquq sistemini “barmağına dolayıb”, bu “dolanışıqdan” hakimiyyətin müstəqil qolu elə şad olur ki, prosessual hüquq da yaddan çıxır, maddi hüquq da.
Oxuyanları çox yormadan Prezidentin 03.04.2019 tarixli Fərmanının 6-cı bəndi ilə Ali Məhkəməyə tövsiyə edilən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün görülən tədbirlərə baxaq . Heç bir tədbir görülməyib. Məhkəmə təcrübəsinin vahidliyi prinsipi eyni xarakterli işlərə baxılmasının vahid mexanizmini doğrulayır. Bakı -Şəki İnzibati Məhkəmələri, apellyasiya instansiyaları, hətta Ali Məhkəmənin özü, hətta Konstitusiya Məhkəməsinin özü isə DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun qeyri-prosessual basqısı ilə 4 il qabaq qəbul edilməyən saxta qərardadı (??) hüquqi presedent kimi məhkəmə - hüquq sisteminin normativ hüquqi aktı kimi qüvvəyə mindirib. Bu saxta qərardadın məhkəmə təcrübəsinin vahidliyi prinsipinə zidd olaraq hələ də Konstitusiya aktı kimi yalnız Qarabağ əlillərinə aidliyi sürür. Qarabağ əlil(lər)inin mübahisə predmetinə toxunmayan qərardaddan şikayət hüququna, eyni predmet üzrə yenidən iddia qaldırmaq hüququna qadağa qoyulub. Belə məhkəmə təcrübəsinin vahidliyi prinsipi olar?
Fərmanın 7-ci bəndi ilə Ədliyyə Nazirliyinə tapşırılan məhkəmə qərarlarının icrasının vaxtında təmin edilməsi , “Elektron icra” informasiya sisteminin tətbiqi ,icra məmurlarının süründürməçilik və digər sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması üçün tədbirlər görülməsinə də əməl edilməyib. Təsəvvür edin, Prezidentin, 1-ci vitse-prezidentin tapşırığına icra baş idarəsinin məsləhətçisi cavab verir! (?) Belədə hansı məhkəmə - hüquq islahatından danışmaq olar? Ədliyyə Nazirliyi fərmanın 7.3 bəndinə əməl edərək alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənib, Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyünə dair Prezidentə məlumat veribmi? Bilinmir, onlarla illərdir məhkəmə qərarlarının icrası nəinki gerçəkləşir, əksinə, icraya elə Ədliyyə Nazirliyinin, icra baş idarəsinin məsləhətçilərinin qeyri-prosessual göstərişi ilə qadağa qoyulur. Hətta iş üzrə tələbkara icranı tələb etdiyinə görə saxta cinayət işi sifariş edilməsi, işgəncə verilməsi faktı var. Beynəlxalq təcrübə beynəlxalq məhkəməyə üz tutmağı diqtə edir.
Prezident aktının 8-ci bəndində baş prokurora dövlət ittihamının müdafiəsi və protest verilməsinin keyfiyyətinin artırılması üçün tədbirlər görmək tövsiyə edilib. Yəqin buna əməl edilər.
Vəkillər Kollegiyasına Fərmanın 9-cu bəndi ilə verilən tövsiyəyə - vəkillərin həkimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətə yol vermələrinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi - əməl edilməməsi də göz qabağındadır . Vəkillərin başlıca işi elə pullu müştərilərin göstərişi ilə qeyri-prosessual münasibətə girməkdir. Hazırda “MTN işi”ndə vəkilin yarım milyonluq qeyri-prosessual münasibətdən həbsə düşməsi bunun sübutudur. Vəkillərin dövlət orqanlarına vəkillik etmələri, hətta onların səlahiyyətli nümayəndələri olmaları qeyri-rəsmi və qeyri – prosessual qaydada sürür. Hakimlər isə buna qeyri-prosessual basqı altında susur. Bircə fakt :12.12.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin iclasında hakim Orxan Həsənov DİN-in “vəkili” Əlirza Həbilovun nümayəndəsi Orxan Babayevin etibarnaməsini , DİN başçısı ilə müqaviləsini, tələb edilsə də, göstərmədi. İnzibati hüquq sahəsində ixtisaslaşmayan 3 ilin vəkili ilə DİN başçısının müqavilə bağlaması mümkün deyil. Deməli, DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilov özü DİN -in adından Orxan Babayevi vəkil edib!(?) Vəkillər Kollegiyası Prezidentin tövsiyəsinə niyə əməl etmir? Onu da vurğulayaq ki, Əlirza Həbilov indi də Bakı Apellyasiya Məhkəməsinə qeyri-prosessual sifariş verib ki şikayəti mümkün saymasın ; guya şikayət vaxtında verilməyib.
Nə isə, 4 il qabaqkı islahatların dərinləşdirilməsi fərmanından bir gün də olsa, məhkəmədə işləməyən şəxsin Ali Məhkəmənin sədri postuna gətirilməsi “islahatı” çıxdı. Görək, daha hansı islahatlarla heyrətlənəcəyik? Daha bizdə, eldə deyildiyi kimi, issahat – islahat qalmadı. ..
Məğrur Bədəlsoy
Teref.az
Ardını oxu...
Azərbaycan ordusu son əməliyyatlarla Şuşanın Rusiya sülhməramlılarının nəzarəti altında qalan iki kəndinə Allahqulular və Zamanpəyəsinə nəzarəti bərpa edib.
Şuşanın Böyük və Kiçik Qaladərəsi kəndləri, eləcə də Turşsu kəndində hələ də ermənilər qalır. Müharibədən sonra Laçın dəhlizinin köhnə marşrutu üzərində yerləşən bu kəndlər rusların nəzarət zonasında qaldı və ermənilərin müəyyən hissəsi oradan çıxmadı.
Misal üçün, Turşsu kəndində 25 evdə 73 erməni yaşayır. Xankəndi-Xəlfəli-Turşsu yolunun ordumuz tərəfindən nəzarətə götürülməsindən sonra bu kəndlərin Xankəndindəki separatçılarla əlaqəsi bağlanıb.
Turşsu kəndindəki qondarma icma rəhbəri Qaqik Nəsibyan deyir ki, Xankəndi ilə yolları tam bağlandığı üçün onlara ərzaq Gorusdan gəlir.
Bundan belə nəticə çıxr ki, ya Ermənistanın Qarabağa hansısa gizli yolla keçid imkanı hələ də qalır, ya da ruslar ərzağı Gorusdan gətirirlər.
Hər iki halda proses Azərbaycanın nəzarətindən kənarda baş verir.
Və “ərzaq” adı altında Azərbaycan ərazisinə hansısa hərbi yüklərin daşındığı da istisna deyil və bunun belə olmadığına heç kim zəmanət verə bilməz.
Asif Nərimanlı
Teref.az
Ardını oxu...
İslam pərdəsi altında gizlənən İran bu gün təkcə Azərbaycana deyil, ümumiyyətlə, dünyada yaşayan iki milyarda yaxın müsəlman aləmində ciddi problemlər yaradır.

TEREF.AZ bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

O, təəssüflə bildirib ki, Azərbaycan müstəqillik qazandığı ilk illərdən İranla apardığı iki və çoxtərəfli əməkdaşlıqda qonşu ölkədən qeyri-səmimilik, son illərdə isə riyakarlıq, hətta düşmən mövqeyin şahidi olmuşuq.

“44 günlük Vətən müharibəsi zamanı İran özünün ikiüzlü və ölkəmizə qarşı tam düşmən mövqeyi ilə təcavüzkar Ermənistanın yanında oldu. Bir müsəlman ölkəi olaraq həmrəylik göstərib, Azərbaycanın yanında olmaq əvəzinə, İranın ölkəmizə qarşı sərhədlərimizdə təhdid xarakterli hərbi təlimlərdən tutmuş terror aktları törədilməsinədək hər cürə pislikləri etdi”, - o qeyd edib.

Deputat əlavə edib ki, dəfələrlə törətmək istədikləri əməliyyatları ifşa olunsa da, bu çirkin əməliyyatları davam etdirməkdədirlər: “Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində dəfələrlə fars-molla rejiminə xidmət edən casus şəbəkələri ifşa olunsa da, İran ölkəmizdə və bölgəmizdə sabitliyi pozaraq xaos yaratmaq niyyətindən əl çəkmir ki, çəkmir.

Son aylarda ardıcıl həyata keçirilən əməliyyat nəticəsində İranın xüsusi xidmət orqanlarına casusluq edən agentlər saxlanılaraq ifşa edilib, edilir və bu proses davam etməkdədir. İstintaq zamanı məlum olur ki, həmin şəxslər ölkəmizdə kök salmış İranın casus şəbəkələrinin xüsusi xidmət orqanlarının tapşırığı ilə fəaliyyət göstərirlər. Bu agentlər bir neçə istiqamətdə Azərbaycana qarşı fərqli təxribat törətməyə çalışırlar.

Bu molla rejimi anlamır ki, Azərbaycan müzəffər bir xalqdır. Onun Müzəffər Ali Baş Komandanı və qalib Ordusu var. Azərbaycanla heç bir diktə dili ilə danışa bilməz”.

O əlavə edib ki, aparılan kəşfiyyat araşdırmaları nticəsində rəsmi Tehran rejiminin Azərbaycanda casus şəbəkələrini genişləndirmək üçün külli miqdarda vəsait xərcləyib: “Məqsəd agent şəbəkəsi vasitəsilə öz çirkin və məkrli niyyətlərini həyata keçirmək, ölkədə qarışıqlıq, dini zəmində münaqişələr yaratmaqdır, dövlətçiliymizə zərbə vurub, məhv etməkdir. İranın ölkəmizə qarşı düşmən mövqeyi bununla bitmir. İran narkotik qaçaqmalıçılığı hallarındanda istifadə etməklə vətəndaşlarımızı şantaj edərək öz casusuna çevirirlər.

Bu gün ölkəmizin hüquq-mühafizə orqanları İranın Azərbaycandakı casus şəbəkəsinin tamamilə zərərsizləşdirilməsi üçün çox prinsipial mövqe göstərməklə çox önəmli nəticələr əldə etməkdədir. Hesab edirəm ki, molla rejiminin mahiyyəti elə erməni faşizmi ilə eynidir. Sadəcə, İran bunu islam pərdəsi altında edir. Son olaraq qeyd etmək istərdim ki, Tehran rejiminin məkrli planın ifşa olunmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti, insanlarımız da ayıq-sayıq olmalıdır. Birgə səyimiz nəticəsində İranın çirkin əməllərinə son qoyulacaqdır”.
Ardını oxu...
Rəsmi İrəvanın hərbi-siyasi təxribatlarının mümkün nəticələri Ermənistan cəmiyyətində də müəyyən təxminlərə yol açmağa başlayıb, baş verənlərə siyasi məntiq üzərindən yanaşanlar ölkənin əsas düşməninin kənarda olmadığını tədricən anlayırlar... Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın "11 min hərbçi fərarilik etmişdi" etirafına baxmayaraq, Ermənistan cəmiyyətində reallığa yaxınlaşma prosesi gecikərsə, erməni politoloqun bu ölkənin yox olacağı ilə bağlı son proqnozu doğrula bilər...
Cənubi Qafqaz olduqca təhlükəli tarixi mərhələdən keçir. Bu regionda dünya nəhənglərinin geopolitik maraqları kəskin şəkildə toqquşur. Belə qlobal qarşıdurma isə öz növbəsində regional hərbi-siyasi gərginliyin ən yüksək həddə çatmasına səbəb olub. Və dünya nəhənglərinin regional qarşıdurmasında "geopolitik alət" rolunda çıxış edən Ermənistanın hərbi təxribatları Cənubi Qafqazda yeni savaş təhlükəsini daha da artırır.

Maraqlıdır ki, "Fitch Ratings" agentliyi Cənubi Qafqazda yeni savaş ehtimalını qətiyyən istisna etmir. Agentlik hesab edir ki, Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşmalar tamamilə mümkün variantlardan biri kimi indi daha çox aktualdır. Bu qurumun qənaətinə görə, geopolitik situasiyanın savaşa doğru istiqamətlənməsi ötən ilin əvvəllərindən üzü bəri davam edir. Bununla belə, Fitch Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalana və münasibətlərin normallaşması üzərindən iqtisadi-ticari əməkdaşlığa yönələ biləcəyini də istisna etmir.
Ardını oxu...
Təbii ki, hərbi-siyasi gərginliyin yüksəlməsində regionda maraqları olan beynəlxalq oyunçuların da inkaredilməz rolu olmamış deyil. Hər halda, Avropa Birliyinin mülki missiyasının Ermənistana gəlişindən sonra rəsmi İrəvanın daha çox hərbi təxribatlara əl atdığı və sülh prosesindən uzaqlaşmağa can atdığı da inkaredilməz reallıqdır. Hətta son vaxtlar Avropa Birliyinin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter də təxribatçı açıqlamalarla geopolitik vəziyyəti daha da gərginləşdirir.

Məsələ ondadır ki, Markus Ritter “Azərbaycanın yaz aylarında hücuma hazırlaşdığının Ermənistan tərəfindən iddia edildiyini”, “belə bir hücum olmayacağı təqdirdə, bunun AB missiyasının uğuru olacağını” iddia etmişdi. Bu, avropalı müşahidəçilərin özlərini regionda sülhün qarantı, hətta Ermənistanın xilaskarı kimi təqdim etmək cəhdindən başqa bir şey deyil. Və regionda sülhün möhkəmlənməsinə deyil, əksinə, qarşılıqlı etimadın yoxa çıxmasına xidmət edir.

Avropa Birliyinin missiyası Ermənistanı Azərbaycandan qorumaq deyil. Bu missiya indiki situasiyada sülh prosesinin ön plana çıxmasına dəstək vermək üçün Ermənistana göndərilib. Ancaq müşahidələr göstərir ki, bu missiya daha çox rəsmi İrəvanın təqdim etdiyi yalan məlumatları öz fəaliyyətinin təməlinə yerləşdirib. Və bu baxımdan, sülhə deyil, yeni savaşın başlanmasına səbəb ola biləcək mövqedən çıxış edir.

Ancaq regionda yeni savaşın baş verəcəyi təqdirdə, Avropa Birliyi də daxil olmaqla, rəsmi İrəvanın heç bir xarici himayədarı Ermənistanı qoruya bilməz. Birincisi, rəsmi İrəvanın xarici himayədarlara güvənərək, regionda hərbi-siyasi təxribatlar törətməsinə uzun müddət səbr göstərilməz. Bu, əvvəl-axır müharibə ehtimalını reallığa çevirə bilər. Və Ermənistanı yeni hərbi toqquşmalardan qorumaq o qədər də asan olmayacaq.

Məsələ ondadır ki, Ermənistanı müdafiə etmək üçün onun əvəzindən döyüş meydanında savaşmaq lazımdır. Ermənistan ordusu savaşmaq qabiliyyətində deyil. Çünki bu ölkənin ordusunun hərbçiləri savaş meydanından qaçmağa daha vərdişlidirlər. Rəsmi İrəvan da müttəfiqliyi və tərəfdaşlığı yalnız başqa ölkələrin Ermənistanın əvəzinə savaşmasının vacibliyi ilə paralelləşdirir.

Vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük savaş dövründə Ermənistan ordusundan 10 min nəfərdən çox hərbçinin döyüş meydanından qaçaraq, fərrarilik etdiyini vurğulamışdı. Rəsmi Bakı Ermənistan ordusunda olan vəziyyəti, əhval-ruhiyyəni, onu döyüş qabiliyyətini bu ölkənin hərbi-siyasi rəhbərliyindən daha yaxşı bilir. Son vaxtlar Ermənistan ordusuna qadınların cəlb edilməsi də bu ölkənin yeni hərbi əməliyyatlara duruş gətirmək potensialının hansı səviyyədə olduğunu göstərir.

Nəhayət, Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın açıqlamaları növbəti savaşın nəticələrini əvvəlcədən təxmin etmək imkanları verir: “Biz reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 44 günlük müharibədə 11 min nəfər fərrarimiz vardı. Mən bir qadın olaraq, özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstələr yaradıb, öz vəzifələrini yerinə yetirməyə gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı".

Ermənistan cəmiyyəti erməni baş nazirin həyat yoldaşının dediklərinə diqqətlə yanaşmalıdır. Çünki bu, Azərbaycanın siyasi dairələrindən verilən açıqlama deyil. Ermənistanda ən məlumatlı siyasi persona hesab edilən baş nazir Nikol Paşinyanın xanımıdır. Yəqin ki, o, bu məlumatı öz ərindən eşidib və Ermənistan Anna Akopyanın dediklərinə tamamilə etibar edə bilərlər. Halbuki, bu məlumatlar rəsmi Bakının iddialarını eynilə təsdiq edir.

Ona görə də, rəsmi İrəvanın hazırda hərbi-siyasi təxribatlar törətməsi, regionda dünya nəhənglərinin maraqları arasında geopolitik alətə çevrilməsi əslində, Ermənistana qarşı real təhlükədir. Çünki Ermənistan ordusu ölkəni qorumaq qabiliyyətindən çox-çox uzaqdır. Xarici himayədarlar Ermənistan ordusunun əvəzindən savaşmaq niyyətində deyil. Və belə vəziyyətdə yeni savaşa səbəb vermək Ermənistanın mövcudluğunu riskə atmaq deməkdir.

Bu reallığı Ermənistanda anlayanlar isə az da olsa, mövcuddur. Erməni politoloq Alen Qevondyan hesab edir ki, Ermənistan ərazisi qonşu ölkələr arasında bölüşdürülə bilər. Onun fikrincə, rəsmi İrəvan Ermənistanı region dövlətlərinə qarşı alətə çevirib. Belə vəziyyət isə Ermənistanın gələcək perspektivləri yalnız ən təhlükəli proqnozlara əsas verir. Və belə davam edərsə, Ermənistanın mövcudluğu yaxın gələcəkdə ciddi suallar doğuracaq.

Erməni politoloq hesab edir ki, məhz rəsmi İrəvanın davranışları regiondakı ölkələri Ermənistanın real düşməninə çevirir: "İndi regionda ciddi problemlər yaradan Ermənistanın mövcudluğu qonşu ölkələrin milli təhlükəsizlik maraqlarına ziddir. Ona görə də, böyük ehtimalla Ermənistan siyasi anlamda, hətta ərazi baxımından belə, qonşu ölkələr arasında bölüşdürülə bilər. Qərb və Rusiya isə Ermənistana yardım etməyəcək, vəziyyəti gərginləşdirib, kənara çəkiləcək".

Erməni politoloq Alen Qevondyan rəsmi İrəvan reallıqdan uzaq maksimalizmdən əl çəkməsə, bütün bunlar qaçılmaz olacaq: "Ehtimal edirəm ki, Ermənistanın bəzi bölgələri region dövlətlərinin ortaq idarəçiliyi altına düşəcək. Ermənistan adlı dövlətdən demək olar ki, heç nə qalmayacaq. Bütün bunlar rəsmi İrəvanın yürütdüyü təhlükəli daxili və xarici siyasətin doğurduğu nəticələrdir".

Göründüyü kimi, rəsmi İrəvanın hərbi-siyasi təxribatlarının mümkün nəticələri Ermənistan cəmiyyətində müəyyən təxminlərə yol açmağa başlayıb. Baş verənlərə siyasi məntiq üzərindən yanaşanlar Ermənistanın əsas düşməninin kənarda olmadığını tədricən anlayırlar. Və belə vəziyyətdə Ermənistan cəmiyyətində reallığa yaxınlaşma prosesi gecikərsə, erməni politoloqun proqnozu doğrula bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
 
Ardını oxu...
Bakı-Tehran xəttindəki gərginlik və İranın atdığı addımlar Təbrizdə Baş konsulluğumuzun təhlükədə olduğu məsələsini aktuallaşdırır.
Hələ səfirliyimizə edilən terror aktından sonra İran ekspert cameəsi üzərindən “Təbrizdəki konsulluğun ziyanlı hərəkətlərinin təfərrüatlarını bilirik” iddiasını gündəmə gətirir, bununla Bakının Arazın o tayındakı soydaşlarımıza bu platformada dəstək verdiyinə işarə vururdu.
Azərbaycanın İsraildə səfirlik açmasından sonra konsulluğumuz yenidən hədəfə götürüldü: rəsmi Bakının bu addımına etiraz olaraq, Tehran rejimi Təbirzdəki konsulluğun qarşısında “bağlansın” tələbi ilə aksiya təşkil etdi; ekspertlərinin dili ilə konsulluğu “şeytan yuvası” adlandırdı (Reza Abbasi “Şeytan yuvasını bağlayın...” çağırışı edib).
Aksiyanın məqsədi “Azərbaycanı Təbrizdə də istəmirlər” görüntüsü yaratmaqdır. Lakin burada digər səbəbi də var: konsulluğu Cənubi Azərbaycandakı soydaşlarımızla rəsmi Bakı arasında qeyri-rəsmi “bağ” olaraq görürlər və bunu qoparmaq istəyirlər.
Tehran rejimi konsulluğu bağlamaq məqsədilə hansı addımı ata bilər?
Birincisi, səfirliymizə qarşı törədilən terror ssenarisinin təkrarlana biləcəyi istisna edilməməlidir.
İkincisi, konsulluğumuzu “xarici qüvvələrin İranda iğtişaşlar törətmək planının icrası üçün istifadə edilən mərkəz” kimi təqdim edə bilərlər: ekspertlər üzərindən “şeytan yuvası” adlandırılması da bu ehtimalı ön plana çıxarır və İran bundan Arazın o tayındakı soydaşlarımız arasında “Azərbaycanı düşmən kimi” göstərmək, eləcə də bu addımına legitimlik qazandırmaq üçün istifadə edə bilər.
Asif Nərimanlı
Teref.az
Ardını oxu...
Məhərrəm Zülfüqarlı: “Əslində belə sərsəm açıqlamalar qarşıdurmalara zəmin yaratmağa xidmət edir”
Bu günlərdə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının rəhbəri Markus Ritter səlahiyyətlərini aşacaq bir açıqlama ilə çıxış edib və onun bu fikirləri birmənalı qarşılanmayıb.

M.Ritter iddia edib ki, Azərbaycan yazda Ermənistana hücum etməsə, bu, Aİ-nin monitorinq missiyasının uğur qazanması anlamına gələcək: “Bir çox erməni əmindir ki, yazda Azərbaycan hücuma başlayacaq. Əgər bu baş verməsə, o zaman bizim missiyamız uğurlu olacaq”.

Azərbaycan Xarici İşlər Nazirliyi dərhal buna münasibət bildirərək Aİ təmsilçisinin belə məsulyətsiz açıqlama ilə çıxış etməsini qınadı: “Aİ Missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ Missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim etməsini qətiyyətlə qınayırıq”.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da M.Rittenin bu yanaşmasını sərt tənqid edib: “Missiyanın rəhbəri Markus Ritterin bəyanatları Aİ-nin regiondakı niyyət və hərəkətlərinin dağıdıcılığını təsdiqləyir. Heç vaxt nizamlanmaya vasitəçilik etməyən, heç vaxt əlavə dəyər gətirməyən, praktiki nəticə əldə etməyənləri eşitmək çox da vacib deyil. Üstəlik, Brüsseldə onlar Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasında və mövqelərin yaxınlaşmasında maraqlı deyillər”.

“Bu baxımdan Rusiyanın da bunu pisləməsi müsbət haldır”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, belə məsuliyyətsiz açıqlamalar regionda sabitliyə xidmət etmir: “Əksinə, yeni qarşıdurmalara şərait yaradır. 1988-ci ildə erməni separatizmi baş qaldırandan sonra Cənubi Qafqazda maraqlı oyunçular çoxdur. Xüsusən də xaricdən olan qüvvələrin timsalında bu özünü daha çox göstərir. Əvvəl biz bunu görmürdüksə, amma 44 günlük Vətən müharibəsindən sonra belə oyunlar özünü daha çöx göstərməyə başladı. Əsasən də Fransanın timsalında. Məlum oldu ki, Fransa bilavasitə erməni separatizminə himayədarlıq edirmiş. İndi Avropa İttifaqında aparıcı olan dövlətlər Almaniya və Fransadır. Fransanın canfəşanlığı özünü biruzə verir və Avroittifaqın rəhbər strukturlarında fransızlar güclü təsirə malikdilər. Əfsuslar olsun ki, onların bu oyunlarına Almaniya da ortaq olur. Məlum olduğu kimi, Aİ-nin Ermənistan sərhədindəki missiyasında almanlar da təmsil olunur. M.Ritten də Almaniyanı təmsil edir. Aİ təmsilçiləri hesab edirlər ki, Rusiya Ukraynada zəifləyir və bu da onlara Cənubi Qafqazda təsir imkanlarını genişləndirməyə imkan verir. Ona görə də Aİ-nin Monitorinq Missiyası bu cür sərsəm bəyanatlar verməklə, guya sülhpərvər siyasət yeridir. Əslində belə sərsəm açıqlamalar qarşıdurmalara zəmin yaratmağa xidmət edir. Bu baxımdan Rusiyanın da bunu pisləməsi müsbət haldır. Azərbaycan Ermənistana hücum etmək niyyətində deyil. Azərbaycan regionda sabitliyin yaranmasında maraqlıdır. Ona görə də M.Rittenin səsləndirdiyi sərsəm fikirlərin heç bir əsası yoxdur”.

Vidadi ORDAHALLI
Ardını oxu...
"İsraildə Azərbaycan səfirliyinin açılmasına Iran XİN bu gün münasibət bildirib: Azərbaycan və İsrail xarici işlər nazirlərinin görüşündə səsləndirilən fikirlərlə bağlı Azərbaycandan izahat tələb edirik. İsrail Azərbaycan ərazisini İranın milli təhlükəsizliyinə təhdid halına gətirir. Bunu şiddətlə qınayırıq. Bir çox mərkəzlərin müharibə ehtimallarını qiymətləndirərkən o qədər də ciddi konfrantasiya olması qənaətini bölüşmürük".

TEREF.AZ bildirir ki, bunu "Sherg.az"a Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib. O qeyd edib ki, birbaşa hərbi münaqişə ehtimalı az olsa da, İran-Azərbaycan gərginliyi artmağa hazırdır:

“Çünki Tehran Azərbaycan və Ermənistan arasındakı münaqişədə Rusiyanın buraxdığı boşluğu doldurmağa çalışır və regionda qüvvələr balansını dəyişdirir. İran və Azərbaycan arasında potensial hərbi münaqişə ilə bağlı narahatlıqlar birincinin Ermənistanla davam edən münaqişədə artan iştirakı fonunda çoxalır. Oktyabrın sonunda İran (2020-ci ildə) Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ müharibəsi başa çatdıqda İran-Azərbaycan sərhədində ikinci dəfə hərbi təlimlər keçirməyə başlayıb. Bu təlimlərin keçirilməsi ilə bağlı qərarla da İranın Ermənistanla siyasi və hərbi zəmində artan ittifaqı olub ki, bu da son həftələrdə Tehran və Azərbaycan arasında gərginliyin artmasına səbəb olub. Yanvarın 29-da Azərbaycan səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə silahlı şəxsin hücumu və səfirlikdə üç nəfərin güllələməsindən iki gün sonra İrandan təxliyə edib. Bakı bu hadisənin terror hücumu olduğunu deyir, İranın bu apardığı “anti-Azərbaycan kampaniyası” ilə təşviq edildiyini açqlayır və İranı səfirliyin təhlükəsizliyini lazımi şəkildə təmin etməməkdə günahlandırır. Hətta yanvarın 31-də Azərbaycan daha sonra iki ölkə arasında “qeyri-sabit vəziyyət” adlandırdığı üçün öz vətəndaşlarını İrana səfərdən çəkinməyə çağıran xəbərdarlığı etdi. İran isə təcavüzkarın görüntülərini yayımlayıb və bildirib ki, o, həyat yoldaşının səfirlikdə girov saxlandığına etirazını bildirir. Yəni İran hücumun heç bir siyasi motivi olmadığını və bunun ikitərəfli əlaqələrə xələl gətirməyəcəyini iddia edir.
Azərbaycan prezidenti İlham Əliyev 2022-ci il noyabrın 25-də “millətimizin bir hissəsi” adlandırdığı, əsasən etnik azərbaycanlılardan ibarət olan İranın şimalında İrana görə separatçı hərəkatın baş verəcəyinə işarə vurub və İranın qorxusunu artırıb. Bütün bu proseslər Moskvanın diqqətini və resurslarını Ukraynaya yönəltdiyi bir vaxtda Rusiyanın regional hegemon güc kimi ənənəvi rolundan geri çəkildiyi bir vaxta təsadüf edir.
2020-ci ildə müharibə başa çatdıqdan sonra Ermənistan və Azərbaycanda dislokasiya olunmuş Rusiya sülhməramlıları iki ölkə arasında atışmalara müdaxilə etməkdən imtina ediblər.
Yaxın tarixdə regionun ən diqqətçəkən iki geosiyasi oyunçusu -Türkiyə və Rusiya olub. Türkiyənin Azərbaycanla sıx siyasi əlaqələrlə yanaşı, güclü etnik, mədəni və dil bağları var. Rusiya (Sovet dövründə həm Ermənistan, həm də Azərbaycana nəzarət edən) əvvəllər iki regional rəqib arasında əsas vasitəçi rolunu oynayıb.
Bununla belə, Moskvanın Ermənistanla rəsmi şəkildə Avrasiya İqtisadi İttifaqına (bəzi postsovet ölkələrinin iqtisadi birliyi) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (NATO-nun Rusiya versiyası) ortaq üzvlüyü vasitəsilə daha yaxın əlaqələri var. Lakin Rusiyanın Ukraynada davam edən müharibəsi ilə diqqətinin yayındığı bir vaxtda İranın Türkiyə və Azərbaycana qarşı aktiv rol alması aydın oldu”.
Ekspert qeyd edib ki, Mübahisəli Zəngəzur dəhlizi ətrafında aparılan danışıqların nəticəsi Azərbaycan, Ermənistan və İran arasında gərginliyin azalıb-yatırılmayacağını müəyyən etmək üçün əsas rol oynayacaq:
“Dəhliz İran-Ermənistan sərhədi boyunca Ermənistan ərazisindən keçməklə materik Azərbaycanı muxtar Naxçıvan anklavı ilə (başqa şəkildə ölkənin qalan hissəsindən Cənubi Ermənistan tərəfindən ayrılır) birləşdirəcək. Bakı dəhlizin yaradılmasını qətiyyətlə dəstəkləyir. Çünki o, materik Azərbaycanı Naxçıvanın şimal sərhədi vasitəsilə birbaşa Türkiyə ilə birləşdirəcək. Türkiyə də eyni səbəbdən Zəngəzur dəhlizinin yaradılmasını dəstəkləyir. Ermənistan isə razi suverenliyinə birbaşa zərbə vuracağından ehtiyat etdiyi üçün dəhlizin yaradılmasına qarşı çıxır. Ona görə də Ermənistan yeni yol əlaqələrinin təmin edilməsini, eləcə də əvəzində materik Azərbaycanla Naxçıvan arasında sovet dövründən qalan dəmir yolu xəttinin yenidən açılmasını təklif edib. Lakin Azərbaycan bu alternativləri qəbul etməyib. Ermənistan və Azərbaycan mövqelərini dəyişməsələr, hərbi eskalasiya ehtimalı artacaq. Rəsmi Tehran da həmçinin dəhlizin yaradılmasının qəti əleyhinədir. Ona görə ki, bu, digər ölkələrin Naxçıvandan Azərbaycana, Xəzər dənizi və Mərkəzi Asiyaya yüklərin və insanların daşınmasında İrandan asılılığını azaldar. Bundan əlavə, İran iddia edir ki, dəhliz İranın Avrasiya İqtisadi Birliyi üzvləri və onun ən mühüm iqtisadi tərəfdaşlarından biri olan Rusiyaya quru çıxışını kəsəcək. Cənub qonşumuzun bu məsələdə Azərbaycana qarşı çıxması isə regional gərginliyi daha da artırır.
Ə.Əlibəylinin sözlərinə görə, Bakı və Tehran İranın etnik azərbaycanlı və ya türk icmasının mübahisəli statusu ilə bağlı da fikir ayrılığına malikdir:
“İranın özündə azərbaycanlı separatçı siyasi partiyalar olmasa da, Azərbaycandan fəaliyyət göstərən bəzi qruplar İran azərbaycanlılarını təmsil etdiklərini iddia edərək Şimali İranda müstəqil Azərbaycan dövlətinin yaradılmasını müdafiə edirlər. Əvvəllər Azərbaycan Tehran əleyhinə separatçı hərəkata dəstək verə biləcəyi ilə bağlı bəyanatlar verməkdən çəkinirdi. Lakin 2022-ci ilin sentyabrında İranda kütləvi anti-hökumət etirazları başlayandan bəri Bakı İrandakı azərbaycanlıları “millətimizin bir parçası”, Şimali İranı isə “Güney Azərbaycan” adlandırmaqla ritorikanə zənginləşdirib. Siyasi dilin dəyişməsi göstərir ki, Bakı İran mövqeyini dəyişməzsə, şimalda potensial separatçı hərəkata dəstək verməklə hədələyə bilər. Xüsusən də İran Ermənistanı dəstəkləmək üçün hərbi müdaxilə edəcəyini tez-tez deməyə davam edərsə. 19-cu əsrə qədər Qacar imperiyasının tərkibində olan Azərbaycanın İranla dərin tarixi əlaqələri var. Bundan əlavə, İran və Azərbaycan dünyada şiələrin çoxluq təşkil etdiyi dörd ölkədən ikisidir. Azərbaycanlılar İranda ən böyük etnik azlıqdır (çoxluqdur) və İran Azərbaycanı regionunda etnik çoxluğu təşkil edir. Əslində İranda etnik azərbaycanlı sayı Azərbaycanın özündə olduğundan xeyli çoxdur. Bu, potensial əməkdaşlıq mənbəyi kimi görünsə də, cənub qonşumuzun yartımaz mövqeyi ucbatından münaqişə mənbəyinə çevrilib. İrandakı azərbaycanlılar öz dil və mədəni hüquqlarını daha da genişləndirmək istəsələr də, onlar İran cəmiyyətinə çox yaxşı inteqrasiya ediblər. həqiqətən də İranın ali dini lideri Ayətullah Əli Xamenei özü yarı azərbaycanlıdır”.
Ekspert əlavə edib ki, Azərbaycanın İranın əzəli düşməni olan İsraillə yaxın münasibətləri getdikcə daha açıq şəkildə ortaya çıxır:
“Azərbaycan və İsrail 1992-ci ildə diplomatik münasibətləri rəsmiləşdirəndən bəri sıx əlaqələr saxlayır. Lakin bu yaxınlarda daha çox rəng dəyişməyə başladı. Azərbaycan yanvarın 11-də İsrailə ilk səfirini təyin etdi – yəhudi dövlətində səfirlik açan ilk şiə ölkəsi olmaq planlarını elan etdi. İsrail isə enerji tələbatını ödəmək üçün böyük ölçüdə Azərbaycana güvənir və neft-qazın 48%-ni Azərbaycandan alır.
İran iddia edir ki, neft və qazdan başqa, Azərbaycan İsrailə kəşfiyyat məlumatları da ötürür. Bakı isə guya öz ərazisini İsrailin casus agentliyi Mossad üçün forpost kimi istifadə etməyə icazə verir. Guya enerji tədarükü, verilmiş kəşfiyyat dəstəyi müqabilində İsrail Azərbaycanı silah və hərbi texnologiyalarla təmin edir. Ümumiyyətlə İran İsrail və Azərbaycanın getdikcə daha sıx (və aşkar) siyasi, iqtisadi və hərbi əlaqələrini onun təhlükəsizliyinə və geosiyasi gücünə təhdid kimi görür. Xüsusən də nəzərə alsaq ki, hər iki ölkə İranın genişlənən regional təsirindən çox narahatdır. Noyabrın 26-da Azərbaycan prezidenti Əliyev ölkə parlamentinin İsraildə səfirliyin açılması ilə bağlı tarixi qərarını təsdiqləyib. Yanvarın 14-də İsrailin xarici işlər naziri Eli Koen azərbaycanlı həmkarını səfirlik açıldıqdan sonra ona baş çəkməyə dəvət edib.
2020-ci ildə İsrail ilə Azərbaycan arasında ticarət dövriyyəsi 200 milyon dollar təşkil edib. 2016-2020-ci illər arasında Azərbaycanın əsas silah idxalının 69%-i İsrailin payına düşüb.
2021-ci ilin oktyabrında İranın ali dini lideri Xamenei İsrailin Azərbaycanda “hərbi mövcudluğuna” görə xəbərdarlıq edib. Bu aydın ağırlaşdırıcı amillərə baxmayaraq, Azərbaycan və Ermənistan arasında növbəti silahlı münaqişə başlasa belə, 2023-cü ildə İran və Azərbaycan arasında birbaşa müharibənin baş verməsi ehtimalı azdır. Nə Azərbaycan, nə də İran bir-biri ilə müharibə etmək istəmir ki, bu da hər iki ölkəyə baha başa gələcək (müxtəlif səbəblərdən olsa da).
Azərbaycan isə qabaqcıl silahlara malikdir, ordusu İranın güclü ordusundan xeyli üstündür. Amma İran Ermənistan deyil və iki dövlət arasında faktiki müharibə edəcək balans yoxdur”.
Analitik vurğulayıb ki, İran, öz növbəsində, artıq daxildə və xaricdə üzləşdiyi böhranların üstünə başqa bir təhlükəsizlik böhranı yaratmamaq üçün çalışmalıdı:
“Azərbaycanla genişmiqyaslı hərbi münaqişə Tehranı Aminin ölümü ilə bağlı davam edən hökumət əleyhinə etirazlar fonunda artan daxili narazılığı cilovlamaqdan yayındıracaq. Belə bir müharibə həm də iranlıları (xüsusən də etnik azərbaycanlı olanları) qəzəbləndirə bilər ki, bu da siyasi dəyişiklik üçün artan çağırışları gücləndirməklə İran rejimi üçün daha böyük legitimlik böhranına yol aça bilər. Bundan əlavə, İran hazırda İsraillə gərginləşən “kölgə” münaqişəsinə fokuslanıb, bunu ən son yanvarın 28-də İsrailin İsfahandakı İran hərbi obyektinə şübhəli pilotsuz təyyarə hücumu sübut edir. Körfəz ölkələri ilə Bakının yaxşı münasibəti də Tehranı Azərbaycanla birbaşa hərbi münaqişəyə girməkdən daha da çəkindirir.
Türkiyə isə demək olar ki, İranla münaqişədə Azərbaycanın mövqeyini dəstəkləyəcək. Çünki yüksək səviyyəli Azərbaycan və Türkiyə rəsmiləri öz ölkələrini “bir millət, iki dövlət” kimi xarakterizə ediblər.
Azərbaycanın NATO üzvü olan Türkiyə ilə həmsərhəd olduğunu nəzərə alsaq, istənilən İran-Azərbaycan münaqişəsinin NATO ərazisinə keçmək potensialı olacaq ki, bu da məhdudlaşdırıcı rol oynayır. Bundan əlavə, İranla müharibə vəziyyətində Azərbaycan demək olar ki, mütləq İsrailin silahlarına və kəşfiyyatına arxalanacaq və bu münaqişənin birbaşa İsraillə eskalasiyaya çevrilən proxy müharibəyə çevrilməsi riskini artıracaq. Həmçinin İran və Azərbaycan arasında hipotetik hərbi münaqişə Rusiyanın Ukraynada davam edən müharibəsi nəticəsində Cənubi Qafqaz boyunca neft və qaz axınını pozmaqla qlobal enerji bazarının pozulmasını daha da gücləndirə bilər. Bu, hərtərəfli müharibə ilə nəticələnməsə belə, Azərbaycan və İranın artan rəqabəti, onların hazırkı çəkişmələrində kimin qalib kimi görünməsindən asılı olaraq, əsas geosiyasi təsirlərə malik olacaq.
İran Zəngəzur dəhlizinə qarşı təhdidlərindən geri çəkilərsə, ölkənin şimal sərhədi türk dövlətlərinin nəzarətində olacağından Cənubi Qafqazda daha çox təsir etmək istəkləri çox güman ki, azalacaq.
Bu ssenaridə Tehran iki ölkə arasında mühüm əlaqə nöqtəsi kimi hazırda Türkiyə və Azərbaycan üzərində sahib olduğu təsir rıçaqlarını itirəcək.
Bundan əlavə, İran Avropa İttifaqı ilə bütün quru ticarətində Türkiyə və Azərbaycana güvənmək məcburiyyətində qalacaq. Dəhliz şərtlərindən asılı olaraq, İran həm də Rusiya və Ermənistan kimi əsas yaxın ticarət tərəfdaşlarından düşünür ki, daha çox ayrıla bilər və hər üç ölkənin iqtisadiyyatına potensial zərər verə bilər.
Əvəzində Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı tələblərindən geri çəkilsə, regional gərginlik qısa müddətdə azalacaq, eyni zamanda İranın regionda əsas güc vasitəçisi, xüsusən də Ermənistanın maraqlarının müdafiəçisi kimi rolunu möhkəmləndirəcək.
Bu, öz növbəsində, Ermənistanın getdikcə daha çox İrana (və təkcə Rusiyaya deyil) Azərbaycan və Türkiyəyə qarşı çəkişmə rolunu oynaya biləcəyi daha uzunmüddətli regional təsirlərə malik olacaq”.
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edib türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla “Akkuyu” atom elektrik stansiyasının birinci mərhələsinin açılışında iştirak etmək istəyir.
Putindən əvvəl isə xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə iki ölkə arasındakı əməkdaşlığının inkişafını, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini, həmçinin Ukraynadakı müharibə və Suriyadakı vəziyyəti müzakirə edəcək.
Bu böyük ehtimalla Mövlüd Çavuşoğlunun nazir vəzifəsində Lavrovla son görüşü olacaq. Çünki Ərdoğan elan edib ki, prezident və parlament seçkisindən sonra yeni kabinet formalaşacaq, indiki nazirlər isə millət vəkilliyi yarışına qatılacaqlar.
Mövlüd Çavuşoğlu doğulduğu Antalyadan namizədliyini irəli sürəcək. Ərdoğan prezident seçkisində məğlub olarsa, bu onun da dövlət başçısı kimi Putinlə son görüşü olacaq. Türkiyədə prezident seçkisi “Akkuyu” atom elektrik stansiyasının açılışından 16 gün sonra gerçəkləşəcək. Putin Ərdoğanla yola davam etmək istəyir, onunla 20 ildən uzun müddətdə enişli-yoxuşlu yol qət edib, tərəfdaşının xaraktetinə bələddir. Ancaq seçkidə fərqli nəticə olacağı, yəni Kamal Kılıçdaroğlunun prezident seçiləcəyi halda da Türkiyə-Rusiya tərəfdaşlığında qopma baş verməyəcək, sadəcə Putinin yeni prezidentə və onun siyasətinə alışması vaxt tələb edəcək.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Məlum olduğu kimi, Azərbaycan ordusu Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb.
Bu həmin yollardır ki, Azərbaycan tərəfi təmir işləri aparıb, yeni körpü çəkmişdi. Həmin istiqamət Laçın rayonu ilə Gorus rayonunun şərti sərhədində yerləşir. Məsələ ondadır, Azərbaycan Ermənistan tərəfinə mart ayının sonuna kimi vaxt vermişdi ki, öz tərəflərindən gələcək yolu çəksinlər və ərazidə nəzarət buraxılış məntəqəsi qoyulsun. Ermənistan tərəfi isə bu günə qədər həmin istiqamətdə daşı daş üstünə qoymamışdı. Azərbaycanın verdiyi vaxt yekunlaşdı və Azərbaycan ordusunun həmin istiqamətdəki komando briqadası qüsursuz əməliyyat keçirdi. Əməliyyat haqqında bir qədər sonra.
Məlum yol vasitəsi ilə Ermənistandan və İrandan Qarabağdakı separatçılara silah, sursat daşınması həyata keçirilirdi. Rusiya sülhməramlıları isə həmin yola demək olar ki, nəzarət etmirdi. Bunu həm şəxsi heyətlərinin say tərkibi imkan vermirdi kimi, həm də göz yummaq kimi də şərh etmək olar. Əslində, həmin yol Azərbaycan ordusu üçün təhlükə və təhdid mənbəyi, Qarabağdakı separatçı rejim üçün isə ciddi nəfəslik idi.
Dünən gecə Azərbaycan ordusunun Laçın rayonundakı komando briqadası əməliyyata start verir.
2054 yüksəkliyindəki kimi bu əməliyyatda da dəqiq kəşfiyyat məlumatları, ərazinin kəşfi və coğrafi mövqe dəqiq hesablanıb və beləcə öncə sızmalar həyata keçirilib. Qarşı tərəfin müqavimət göstərmək kimi şansı belə olmayıb. Beləliklə, ərazidəki yüksəkliklər, yollar və sərhədboyu ərazilər tamamilə Azərbaycan ordusunun nəzarəti altına keçib. Keçirilmiş əməliyyat qüsursuz həyata keçirilib. Nəinki şəhid, yaralı belə olmayıb.
Məlum əməliyyat nəticəsində nəzarətsiz qalmış təxminən 5 km məsafədə şərti sərhəd bərpa edilib. Azərbaycan ordusu əldə etdiyi yüksəkliklərdə mühəndis istehkam işləri görməyə start verib. Hətta erməni tərəfi Azərbaycan ordusunun yolda şlaqbaum qurduğunu bildirib. Ehtimal edilir ki, həmin yolda nəzarət buraxılış məntəqəsi də qurulacaq. Bu həm də o anlama gəlir ki, Azərbaycanla Ermənistan arasında ilk nəzarət buraxılış məntəqəsinin yeri məlumdur.
Azərbaycan tərəfi bu əməliyyatla separatçı rejimin silahlılarını demək olar ki, dəstəksiz qoyur. Əgər Azərbaycan ordusu həmin istiqaməti nəzarəti altına götürməsə idi, Qarabağda ola biləcək hansısa əməliyyat zamanı separatçılara həm silah, sursat, həm də döyüşçü dəstəyi gələ bilərdi. Bundan əlavə, Ermənistan ordusu da həmin istiqamətdən asanlıqla hücum həyata keçirərdi. Artıq bu ehtimallar və təhlükə geridə qalmış oldu.
Yeri gəlmişkən, Ermənistan Baş naziri bildirib ki, həmin istiqamətdə Ermənistan sərhəd qoşunları xidmət aparacaq. Son baş verən hadisə sərhəd məsələsi ilə bağlı da ilk işartıdır. Azərbaycan ordusu Ermənistan-Azərbaycan sərhədində demarkasiyanı demək olar ki, yekunlaşdırmaq üzrədir. Bundan sonrakı mərhələ delimitasiyanın, yəni diplomatlarındır.
Hesab edirəm ki, son iki əməliyyat yekun deyil. Həlqə tamamilə daralandan, bütün yollara nəzarət həyata keçiriləndən sonra separatçı rejimin silahlılarının təmizlənməsi yönündə də işlər aparılmalıdır. Qarabağ daxilində aparılacaq əməliyyatlar silahlıların ərazidən çıxarılması, müqavimət göstərənlərin məhv edilməsi və yuristiksiyanın bərpası yönündə olacaq.
Azərbaycan ordusu istər son iki əməliyyatı, istərsə də bundan əvvəlki əməliyyatları ciddi şəkildə analiz etməli, Qarabağda aparılacaq əməliyyatların da qüsursuz olmasına çalışmalıdır. Çünki Qarabağ istiqamətində Azərbaycan ən azı mülkini və rusları digər silahlılardan ayırmalıdır. Bunu həyata keçirmək üçün Azərbaycan tərəfinin əlində texniki vasitələr, dronlar və hədəfi dəqiq vura biləcək raketlər və artileriya qurğuları mövcuddur.
Onu da qeyd etməkdə fayda var ki, Azərbaycanın komando briqadalarına qoyduğu sərmayə hədər getməyib. Artıq Xüsusi Təyinatlı qüvvələrsiz də komando briqadaları əməliyyat həyata keçirə bilir. Komando briqadalarındakı keyfiyyət artışı gələcək əməliyyatlar və regionda ola biləcək müharibələr üçün Azərbaycan tərəfinin əlini gücləndirmiş olur.
Komando briqadalarında neqativlər var mı? Var, həm də çox. Ancaq buna rəğmən uğurlu əməliyyatlar həyata keçirilirsə, demək ki, o neqativlər də aradan qaldırılsa, daha çox işlər görmək mümkündür.
Səxavət Məmməd
Teref.az
Ardını oxu...
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Cənubi Qafqazdakı məsələlər “3+3” platforması vasitəsilə həll edilməlidir.
Bu platformanı İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Cumhurbaşaqanı Rəcəb Tayyib Ərdoğan təklif edib və Azərbaycan prezidenti İlham Əliyev dəstəkləyib.
Ancaq müharibədən sonrakı müddətdə İranın Azərbaycana qarşı artan təxribatları “3+3” platformasına zərbə vurub.
İran Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edirsə, ikitərəfli dialoq sıfra enibsə, bu iki dövlətin ortaq platformada iştirakının da sıfra enməsi deməkdir.
Tehran regional əməkdaşlıqdan danışsa da, “3+3” platformasını dəfn etmək üzrədir. İranlı nazir deyir ki, bölgənin məsələləri “3+3” platforması çərçivəsində həll etməlidir.
Biz Ermənistanla və özümüzə aid Qarabağ məsələlərini niyə İranla birgə həll etməliyik? Tehran xülya ilə məşğuldur.
Elxan Şahinoğlu
Teref.az
 

Dünyapress TV

Xəbər lenti