Ardını oxu...
Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır
Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı
əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun
nəticəsidir ki, hazırda bir çox böyük dövlətlə münasibətlər strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya
Federasiyasıdır.
Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş
siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın
bütün dünyada nüfuzunu artırıb. Hazırda ölkəmiz regional və beynəlxalq
miqyasda etibarlı tərəfdaş kimi tanınır.
Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf
etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin
göstəriciləri də birmənalı olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki,
keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında
münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb.
Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ
müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr Bəyanatının
imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada
Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı
fəaliyyəti haqqında" Bəyannamə dövlətlərarası münasibətləri yeni
mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb.
Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
Azərbaycana dövlət səfərinə gəlib. Ertəsi gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib. Həmçinin hər iki dövlət
başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Mərasindən
sonra Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, görüş zamanı
dövlətlərarası münasibətlərin geniş spektri ətraflı müzakirə edilib. Qeyd
edilib ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı
əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il iki dövlət arasında
ticarət dövriyyəsi 4 milyard dollar həddini adlayıb.
Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir.
Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min
şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir.
Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil
aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla
fəaliyyət göstərir.
Görüş zamanı dövlətlərarası münasibətlər üçün mütəsna əhəmiyyətə
malik olan regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub”
layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə edilib.
Ölkə başçısı bildirib ki, “Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin
həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə
reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük
qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi
ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək
yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır.
Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin
digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər”.
Qeyd edilib ki, bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük
qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən
120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub. Rusiya və
Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir.
Vurğulanıb ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər
olmayıb. Eyni zamanda, onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında
bərabər bölünüb.
Rusiya lideri Vladimir Putin isə Moskva və Bakının birgə fəaliyyətinin
istiqamətlərinin çox olduğunu vurğuladı. Onun sözlərinə görə, iqtisadi-ticari
əlaqələr uğurla inkişaf edir. Azərbaycan iqtisadiyyatına qoyulan dörd
milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda
Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu
da son hədd deyil.
Rusiya Prezidenti Bakının son illərdə daha da inkişaf etdiyini
söyləyərək bildirdi ki, Bakı yüksəlişi ilə bir növ regionun oazisinə çevrilir.
Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq inkişaf edərək
daha da dərinləşir. Bu da dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna
uyğundur. Əminliklə demək olar ki, Prezident İlham Əliyevlə Vladimir
Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq
münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcək.
Bir sözlə, Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri,
Prezident İlham Əliyevlə aparılan danışıqlar, əldə olunan yeni razılaşmalar,
imzalanan yeni sənədlər onu deməyə əsas verir ki, Azərbaycan-Rusiya
əlaqələri yeni inkişaf dövrünü yaşayır. Bu səfər isə münasibətlərin daha da
inkişafına müsbət impuls vermiş oldu.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
 

Ardını oxu...
Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi və Rusiya ordusunun bunun qarşısını ala bilməməsi fonunda Kreml sahibi Vladimir Putinin hər açıqlaması diqqətlə izlənilir, rəylər verilir. Bu mənada Rusiya prezidentinin bu gün Bakıda verəcəyi açıqlamalar da diqqətlə öyrəniləcək, onun Bakıda səsləndirəcəyi hər kəlməsi və sətiraltı ifadəsi lupa ilə araşdırılacaq. Qərb ölkələrinin beyin mərkəzləri, mediası artıq indidən Putinin Azərbaycana səfərinin səbəblərini araşdırmağa başlayıblar. Putinin Bakıda müzakirə edəcəyi mövzuları belə sıralamaq olar: 1.Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının artırılması; 2.Rusiya qazının Azərbaycanın imkanlarından istifadə edilərək Avropa dövlətlərinə satılması; 3. Moskvanın Bakı ilə İrəvan arasında moderatorluğu.
Belə fikirlər də səsləndirilir ki, Moskva ilə Kiyev arasında danışıqlara başlamaq üçün Bakı məkan kimi seçilə bilər. Bakının belə bir təcrübəsi var. Putin Ukraynanın Rusiya ərazisinə hücumundan sonra Kiyevlə sülh danışıqlarını istisna etsə də, Kreml sahibi vəziyyətin onun və ölkəsinin zərərinə istiqamətləndiyini anlamamış deyil. Onun real vasitəçiyə və ya danışıqlar üçün tərəfsiz məkana ehtiyacı var. Belarus bu rola yaramır. Kiyev qəbul etməyəcək. Türkiyənin vasitəçiliyinə Kreml ehtiyatla yanaşır. Çünki Moskva Türkiyə-Ukrayna hərbi sahədə əməkdaşlığından narazıdır. Bir ara Çin vasitəçiliyini təklif etmişdi, ancaq Pekinin balansı Rusiyanın xeyrinə pozması Kiyevi və onu dəstəkləyən Qərbin maraqlarına ziddir. Yerdə qalır Qətər və Azərbaycan.

Elxan Şahinoğlu - Dia-az.İnfo

Ardını oxu...
Ukrayna müharibəsi başladıqdan sonra xarici səfər trafikini məhdudlaşdıran Rusiya lideri Putinin məhz Bakıya səfərini Cənubi Qafqazda mövqe savaşı şərtləndirir. Rusiyanın siyasi, iqtisadi və təhlükəsizlik sferasını əhatə edən regional planını bir neçə aspektdə dəyərləndirmək mümkündür.

1. NATO ilə cənub sərhədlərində güc balansının əleyhinə dəyişməsi perspektivini önləmək: Ermənistan Rusiya üçün həm də NATO-nun cənub sərhədlərində təhlükəsizlik buferi rolunu oynayıb, bu ölkədəki 102-ci bazanın missiyyası budur; Qərbin Ermənistanda Rusiya mövqelərini sıxışdırdığı vaxtda Moskvanın təkcə bölgədəki təsir imkanları zəifləmir, eyni zamanda, cənub cəbhəsində Şimal Alyansının önü açılır;

2. Avrasiyanın nəqliyyat şəbəkəsində - Orta dəhlizin ikinci habında payçılardan biri olmaq: Vaşinqtonun Mərkəzi Asiyadan Avropaya uzanan coğrafiyada Çin və Rusiyanın iştirakı olmadan nəqliyyat marşrutunu açmaq cəhdləri Moskvanı hərəkətə keçirən əsas amillərdəndir;

3. Ukrayna müharibəsindən sonra üzləşdiyi iqtisadi blokadadan çıxış yollarının axtarışı:

Birincisi, enerji resurslarını Azərbaycan və Türkiyə üzərindən – Cənub Qaz Dəhlizi – bazara çıxarmaq;

İkincisi, Fars körfəzi və Cənub-Şərqi Asiyaya (xüsusilə Hindistan) çıxış əldə etmək.

Enerji resurslarının bu və ya digər formada çıxışını təmin etmək imkanları mövcuddur. Cənub-Şərqi Asiya bazarına çıxışı təmin edəcək “Şimal-Cənub” nəqliyyat layihəsinin önündə isə müəyyən əngəllər var. Putinin ötən ay Kremldə Modi ilə görüşü, ardınca Şoyqunun Tehrana və Bakıya gəlişi Şimal-Cənub nəqliyyat layihəsinin yaxın perspektivdə işə düşməsi istəklərindən xəbər verir. Layihənin İran hissəsi tamamlanmayıb, hərçənd, hazırda texniki işlərdən daha çox, təhlükəsizlik problemi aktualdır.

- İran-İsrail qarşıdurması və bunun Cənubi Qafqaza təsiri;

- Qərbin bölgəyə müdaxiləsi fonunda yarana biləcək təhdidlər;

- Güc balansının Rusiyanın əleyhinə dəyişəcəyi halda gözlənilən risklər.

Putin bu məsələləri yerində - Bakıda müzakirə etmək və yarana biləcək riskləri aradan qaldırmaq istəyir. Şoyqunun Tehrana, ardınca Bakıya gəlişi də Putinin səfərindən öncə bu məsələləri müzakirə etmək və gündəliyi razılaşdırmaq məqsədi daşıyırdı.

Cənubi Qafqazda yaranan risklər və Rusiyanın bölgə ilə bağlı planlarında Azərbaycana ehtiyacı var. Çünki regionun iki ölkəsi – Ermənistan və Gürcüstan üzərindəki mübarizədə müəyyən qədər “əl dəyişikliyi” olsa belə, Bakının güc balansını dəyişmək, yaxud tarazlamaq rolu daha böyükdür. Putin də Bakının güc balansını saxlaması istəyi ilə münasibətləri yerində yoxlayacaq.

a) Problemlərin regional müstəvidə həll edilməsi;

b) Regiondankənar oyunçuların bölgədəki fəaliyyətinin qəbuledilməzliyi;

c) 3+3 formatının inkişaf etdirilməsi;

c) Azərbaycan-Ermənistan sülh danışıqlarının ikitərəfli formatda aparılması, zərurət yaranarsa, region ölkələrindən platforma kimi istifadə edilməsi.

Səfər çərçivəsində bu istiqamətlərin müzakirəsinə ağırlıq və bu kontekstdə mesajlar verilə bilər.

Asif Nərimanlı - Dia-az.İnfo
 
Ardını oxu...
Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin məlumatlarının təhlili göstərir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin yükdaşımalarda böyük problemləri var. Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə 7,65 milyon ton yük daşınıb ki, bu da ötən ilin 5 ayı ilə müqayisədə cəmi 0,9% çoxdur.

Rusiya-Ukrayna müharibəsi və qaçırılan imkanlar…

“Azərbaycan Dəmir Yolları” QSC özü də dəmir yolu ilə tranzit daşımaların həcminin 10%-dən çox artdığına diqqət yetirməyə üstünlük verir. “Azərbaycan Dəmir Yolları” QSC-nin 2022-ci ildəki yük daşımaları fonunda 2023-cü ilin nəticələri uğursuz il olub.

2022-ci ildəki artımın “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Çünki Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yükgöndərənlər öz yükdaşımaları üçün alternativ axtarırdılar və özləri “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət edirdilər. Bu, çox vacib bir məqamdır.

2023-cü ildə dəmir yolu nəqliyyatı ilə 18,2 milyon ton yük daşınıb və 2022-ci illə müqayisədə onların həcmi 2,6% azalıb (2022-ci ildə – 18,7 milyon ton). Bu isə “Azərbaycan Dəmir Yolları” QSC-nin zəif işləməsinin birbaşa nəticəsidir ki, yükdaşıyanlar marşrutumuzu tərk etməyə başladılar. Bu rəqəmlər onu göstərir ki, dəmir yolu nəqliyyatı durğunlaşır və “Azərbaycan Dəmir Yolları” QSC yeni yükgöndərənləri cəlb etmək üçün heç bir iş görmür.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinə xərclənən pullar nə zaman gəlir gətirəcək?

BTQ-nin yenidən işə salınması isə “Azərbaycan Dəmir Yolları” QSC-yə o qədər də xeyir gətirməyəcək. Başa düşmək lazımdır ki, BTQ-nin Gürcüstan hissəsinin modernləşdirilməsi xərclərini Gürcüstan deyil, Azərbaycan tərəfi ödəyib. Beləliklə, Gürcüstan tərəfi əslində BTQ-nin nə qədər yaxşı işləməsi ilə maraqlanmır.

Bəs “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi hara baxır?

BTQ-nin modernləşdirilməsinə qoyulan investisiyalar gəlir gətirməlidir. Və əgər BTQ ilə ildə 1-2 milyon ton yük daşınırsa, o zaman aydın məsələdir ki, sərmayənin qaytarılmasından, gəlirdən danışmağa ehtiyac yoxdur, bunu tamamilə unuda bilərsiniz.

Türkiyə sözdə deyil, bu marşrutun əməldə başlanılmasını səbirsizliklə gözləyir, prezident Rəcəb Tayyib Ərdoğan son bir ayda, o cümlədən Gürcüstanın baş naziri ilə görüşdə, bu mövzunu bir neçə dəfə gündəmə gətirib.

2006-cı ildə qeydə alınan 30 milyon ton yükdaşıma rekordu artıq xülyadır…

2024-cü ilin ilk 5 ayının məlumatlarına əsasən, bu ilin sonunda yüklərin həcminin 18,2-18,3 milyon ton olacağı proqnozunu vermək olar, yəni, 2023 səviyyəsində, bəlkə də bir az daha yüksəkdir, amma 2022 səviyyəsinə çatmayacağı bəllidir. İndi isə son 10 ildə ən yaxşı göstəriciyə – 23 milyon tona (2013-cü ildə) nail olmağı xəyal etmək belə mümkün deyil.

“Azərbaycan Dəmir Yolları” QSC bu üsullardan istifadə edərək fəaliyyətini davam etdirərsə, 2006-cı ildə qeydə alınan 30 milyon ton yükdaşıma rekordunu qırmaq ümumiyyətlə mümkün deyil. Əlbəttə ki, statistikanı süni şəkildə bir az təkmilləşdirmək olar, lakin bu, problemi həll etmir. İş ondadır ki, “Azərbaycan Dəmir Yolları” QSC yaxşı idarə olunmur. Demək olar hər şey şansa buraxılıb və dəmir yolunda yeni yüklər yoxdur.

Gəlin daha bir neçə rəqəmə baxaq. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin 5 ayı ərzində dəmir yolu nəqliyyatı ilə 1,1 milyon tona yaxın yük ixrac edilib ki, bu da 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 15,4% azdır. İdxal yüklərinə gəlincə, 2024-cü ilin 5 ayı ərzində dəmir yolu nəqliyyatı ilə 1,8 milyon tona yaxın daşınıb ki, bu da bir il əvvəlkindən 5,3% azdır. Hansı rəqəmlərə baxırıqsa, “Azərbaycan Dəmir Yolları” QSC-nin performans göstəriciləri azalır. Bu isə artıq dəmir yolu rəhbərliyinin işində sistemli problemlərin olmasından xəbər verir.

Çindən gələn yüklər belə vəziyyəti düzəldə bilmir, çünki imkanlar əldən verilib…

İndi vəziyyətin də acınacaqlı olduğu son üç ildə konteyner daşınmalarındakı göstəricilərdən bəlli olur. 2021-ci ildə Çindən 5824, 2022-ci ildə 7269, 2023-cü ildə isə cəmi 588 konteyner gəlib.

2022-ci ildə artım heç bir şəkildə “Azərbaycan Dəmir Yolları” QSC-nin səmərəliliyi ilə bağlı olmayıb. Yuxarıda qeyd edildiyi kimi, bu, Rusiya-Ukrayna müharibəsinin başlamasının nəticəsi idi.

2023-cü ildə Çindən gələn konteynerlərin sayı 12,5 dəfə azalması nəticəsində bütün yükgöndərənlərini itirən “Azərbaycan Dəmir Yolları” QSC-nin diqqətsiz işinin bariz nümunəsidir. Rəqiblərin Rusiya-Ukrayna müharibəsi və konteyner daşımalarının artması səbəbindən fürsətdən istifadə etdiyi bir vaxtda “Azərbaycan Dəmir Yolları” QSC, əksinə, nəinki yeni yükgöndərənləri, hətta köhnələrini də itirdi.

İndi “Azərbaycan Dəmir Yolları” QSC vəziyyəti düzəltməyə çalışır, Çindən konteyner bloku qatarları vəd edir. Görək, “Azərbaycan Dəmir Yolları” QSC bizi nə ilə “heyrətləndirmək” istəyir: 2024-cü ildə Çinin Sian limanından Orta Dəhliz boyunca 250-dən çox konteyner bloklu qatar gələcək.

Bəs 250 bloklu qatar nədir?

Bu, təxminən 200 min ton deməkdir. Yəni çox qeyri-ciddi. Müqayisə üçün qeyd edək ki, Çindən Qazaxıstandan ildə orta hesabla 7-8 min konteyner qatarı keçir.

Nəticə…

“Azərbaycan Dəmir Yolları” QSC-nin səmərəsiz fəaliyyəti Azərbaycanın nəqliyyat potensialını və bu potensialın gətirəcəyi dividentləri miniumuma endirir. Hazırda Azərbaycanın Avrasiyanın nəqliyyat dəhlizlərində əsas birləşdirici və ötürücü rolu daha da güclənib, xüsusilə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən qarşıdırmalar Orta dəhliz marşrutunun aktuallığını artırır. Əslində, dövlət rəhbərliyinin həyata keçirdiyi siyasət Azərbaycanın yaranmış bu fürsətdən istifadə edə bilməsi üçün lazım olan bütün şəraiti yaradıb. Lakin işin praktiki “Azərbaycan Dəmir Yolları” QSC-nin üzərinə düşür.

Faktlar isə təsdiq edir ki, QSC faktiki olaraq, dövlət rəhbərliyinin həyata keçirdiyi siyasətə adekvat fəaliyyət göstərə bilmir. İtirən isə Azərbaycandır.

Nə etməli?

Problemin köklü həllininin bir yolu var. “Azərbaycan Dəmir Yolları” QSC-ni idarə edənlər, bu işin məsuliyyətini daşıyanlar adekvat olmadıqları vəzifənin yükünü daşımamalı, bildikləri işlə məşğul olmalıdır. QSC-nin idarəçiliyi işi bilənlərə tapşırılmalıdır. Əks təqdirdə nəticə heç də ürəkaçan olmayacaq.

Vaqif Hüseynli
Demokrat.az
 
Ardını oxu...
Bəzi kəndlərdə ya tibb məntəqəsi yoxdur, ya da adı olsa da heçbir şəraiti yoxdur.
Səhhətində qəfil problem yaranan sakinlər ilkin tibbi yardım almaq üçün ya rayon mərkəzinə, ya da tibb məntəqəsi olan başqa kəndə getməli olurlar. Tibb məntəqəsi olan kəndlərdə də vəziyyət ürəkaçan deyil. Bir çoxunda hələ də normal tibbi yardım üçün şərait yoxdur.
Tovuzun Yuxarı Öysüzlü və Ağdam kəndlərində olan məntəqələrin də təmirə ehtiyacı var.
Bənzər problemlər Qax-Zaqatala bölgəsində olan kəndlərdə də yaşanır. Rayon sakinləri kənddən kilometrlərlə aralıda olan tibb məntəqələrinə müraciət etməli olduqlarını bildirirlər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirildi ki, tibb məntəqələri müraciətlər əsasında aparılan monitorinqlərin nəticəsinə əsasən yaradılır. Səhiyyə Nazirliyinə respublika ərazisində hər hansı bir tibb məntəqəsinin tikintisi və ya əsaslı təmiri ilə bağlı müraciət daxil olduqda, nazirlik prosedurlara uyğun olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə sorğu göndərir. Sonra, həmin qurumun mütəxəssisləri ərazidə monitorinq aparırlar.
Monitorinqin nəticəsinə əsasən, Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisəsinin İnvestisiya Planına salınması üçün aidiyyəti üzrə müraciət edilir. Maliyyə vəsaiti ayrıldıqda isə müəssisənin inşası və ya əsaslı təmiri həyata keçirilir.//Xəzər TV

 
 
 
Ardını oxu...
Demokratların namizdənin üstünlüyü ondan ibarətdir ki, Trampı əvvəlki debatlardan tanıyır və qiymətləndirmək imkanı var

ABŞ-da sentyabrın əvvəlində ilk debat Demokratlar Partiyasının prezidentliyə namizədi, vitse-prezident Kamala Harrislə ABŞ-ın keçmiş Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp arasında baş tuta bilər. Avqustun əvvəlində sonuncu, demokrat rəqibi ilə debatdan imtina edərək, "seçki qutularında lider olduğunu" iddia etdi. Lakin keçən həftə Tramp sentyabrda debat keçirilməsini təklif etdi. Daha sonra “ABC News” sentyabrın 10-da prezidentliyə namizədlərin debatına ev sahibliyi edəcəyini elan etdi. Hər iki namizəd iştirakla bağlı razılığa gəlib.

Debata bir aydan az vaxt qalıb, indi Harrisin çıxışı zamanı ondan nə gözlədiyinin qısa təhlili ilə başlamağa dəyər. Onun üstünlüyü ondan ibarətdir ki, Trampı əvvəlki debatlardan tanıyır və qiymətləndirmək imkanı var. Baxmayaraq ki, Tramp Baydenə qarşı etdiyi kimi ona qarşı eyni sözlərdən istifadə etməyəcək. Amma ritorika və temperament açıq şəkildə eyni olacaq.

Birincisi, daha çox moderasiya. Harris kampaniya reklamlarında sabitliyə açıq şəkildə vurğu edir - bir siyasətçi kimi özünün və potensial olaraq, birləşdirici namizəd kimi gətirəcəyi sosial olan yenilikdən danışır. Necə ki, Trampın dörd xaotik ilindən və Baydenin dörd böhran ilindən sonra amerikalılara gələcəyə inam verən birinə ehtiyac var. Buna görə də Harris rəqibi alt-üst etməyə çalışmaqdansa, daha sakit, daha inamlı tonlar, ümumilikdə daha ağlabatan ton, debat moderatorları ilə daha çox “əməkdaşlıq” edəcək. Hər şey seçicilərə düzgün siqnal vermək üçündür.

İkincisi, daha çox strategiyadır. Povestlərdən (yəni ümumi düşüncə xətləri və müəyyən nəticəyə diqqət yetirməklə, buna nail olmaq üçün dəqiq planı olmayan) istifadə edən Trampdan fərqli olaraq, Harris digər tərəfdə açıq şəkildə oynayacaq. O, artıq dəfələrlə təkrar edib ki, onun komandası və administrasiyasının bir planı var - nə edəcəyini bilir və hər bir halda komandasının dəqiq strategiyası olacaq. Buna görə də, Harrisin vəzifəsi - ilk növbədə, müstəqil seçiciləri cəlb etmək - spontan şüarlar deyil, dəqiq hesablanmış proqnozlaşdırıla bilənliyi nümayiş etdirmək olacaq.

Üçüncüsü, daha çox rəqəmlərdir. Bu, əvvəlki iki məqamın davamıdır - rəqib açıq-aydın özünü təmkinli aparacaq və əsasən şüarlardan istifadə edəcəksə, soyuq, sərt faktların köməyi ilə ona təzyiq göstərəcək. Harrisin əvvəlki bəyanatlarından aydın olur ki, onlar statistika və rəqəmsal proqnozlaşdırma ilə işləməkdən həzz alır, buna görə də debatlarda bunu gözləmək olar.

Müəllif: Aleksandr Kraev - "Ukrayna Prizması" Xarici Siyasət Şurasının eksperti.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
“Yer bərk olanda öküz-öküzdən görər” - deyiblər. İndi İran hakimiyyətinin vəziyyəti belədir. Ölkə çoxsaylı iqtisadi, siyasi, sosial, mədəni, hərbi problemlər məngənəsindədir.

O biri tərəfdən Livanda “Hizbullah”, Yəməndə husilər, Qəzza zolağında HƏMAS , Suriyada Bəşşar Əsəd və daha neçə-neçə proksi qüvvələr yemək, silah istəyir. Açdığı cəbhələrin heç birində uğur əldə edə bilməmək də Tehran üçün ayrı bir məsələdir.

Ölkə daxilində təqaüdlərin vaxtında verilməməsindən tutmuş, əmək haqlarının artırılmasınadək həllini gözləyən çoxsaylı problemlər var.

Cəmiyyətin siyasi azadlıqlar tələb etməsi, məcburi hicab kimi mürtəce qaydalara əməl olunmasına nəzarət, insan hüquqlarının qorunması, milli mədəni haqların təmini, əkin yerlərinin suvarılması, içməli su çatışmazlığı, təbii qaz təchizatında yarana çətinliklər və s. İranın əlində aciz qaldığı, həllini gözləyən, təxirəsalınmaz problemlərdəndir.

İsmayıl Haniyənin öldürülməsi İran hakimiyyətinin problemlərini bir daha üzə çıxarıb. Tehran rejimi özünü monolit göstərməyə çalışır. Ancaq hakimiyyət daxilində parçalanmanın olduğunu sonuncu prezident seçkisi aşkar göstərdi. Mühafizəkar xətt təmsilçilərinin prezidentliyə beş namizədlə qatılması bunu təsdiqləyir. Bundan başqa, Məhəmmədbaqer Qalibaf ikinci dəfə parlament sədri seçiləndən sonra prezidentliyə namizəd olaraq göstərilməsi, habelə ikinci tur seçkilərin keçirilməsinə bir gün qalmış tərəfdarlarını mühafizəkarların namizədi Səidi Cəliliyə səs verməyə çağırması buna örnək ola bilər.

Başqa bir misal, siyasi kampaniyanın iki iştirakçısının birinci turdaca namizədliklərini Səid Cəlilinin xeyrinə geri götürdüklərini elan etməsi də monolitliyin olmadığından xəbər verir. İslahatçı sayılan namizəd Məsud Pezeşkianın mühafizəkar üç namizədə qarşı mübarizə apararaq qalib gəlməsi isə hakimiyyətin bu istiqamətdə fəaliyyətinin ya zəif olduğundan, ya da seçki kampaniyasına laqeyd münasibət göstərməsindən xəbər verir.

Daxili çəkişmələr artmaqdadır. Bu günlərdə İran Prezidenti Məsud Pezeşkian deyib ki, bir sıra qrup və şəxslər böhtan atmaq, qarayaxmalar yolu ilə işlərə mane olurlar: “Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Çünki bu kadrlar işə cəlb olunduqları təqdirdə, o qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.

GünAzTV-nin yaydığı xəbər əsasən, o deyib ki, işə mane olan şəxslər vəzifələri tutmaq üçün bütün mümkün yollara əl atır, problemlərin həll olunmasına əngəl törədirlər.

Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, ölkədə insanların ağır vəziyyətdə yaşadıqlarını vurğulayıb: “Xalq bizim sözlərimizdən uzaqdır, söz vermişik, amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdırlar”.

Pezeşkian HƏMAS-a ayrılan maliyyə vəsaitinin taleyindən də xəbərsiz olduğunu vurğulayıb.

İran prezidentinin strateji məsələlər üzrə müavini, bu günlərdə postundan istefa vermiş Məhəmməd Cavad Zərif də kabinetin formalaşması ilə bağlı problemin olduğunu, dolayısı ilə də olsa, vurğulayıb.

Pezeşkianın narahatlığına səbəb nədir? Onu bu vəzifəyə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei təyin edib, ona xeyir-duanı da o verib. Zahirən Məsud Pezeşkianın işləri normal getməli, çətinliklərlə üzləşməməli idi. Ancaq belə ciddi etiraz, az qala hayqıraraq, “ay, İran əhalisi, ay camaat, məni işləməyə qoymurlar” deyərək, haray çəkməsi hakimiyyət daxilində ciddi problemlərin olduğundan xəbər verir. Adətən yeni seçilən prezidentə 100 gün möhlət verilir. Bu müddətdə ona yardım edilir. Hətta ən qatı müxalif media nümayəndəsi belə onu tənqid etmir. Möhlət bitəndən sonra araşdırmalar başlayır və çatışmazlıqlar yazılır, deyilir.

Ancaq andiçmədən bir həftə sonra prezidenti belə haray çəkməsi vəziyyətin ağırlığından xəbər verə bilər. Bunun əsas səbəblərindən birinin İsrailə zərbə endirilməsi məsələsi olduğunu ehtimal etmək olar. Çünki hakimiyyət daxilində və İran cəmiyyətində heç də hamı birmənalı şəkildə yəhudi dövlətinin vurulmasını istəmir.

İranın monarxist qüvvələrinin mərkəzi Londonda yerləşən “İraninternational” adlı saytının yaydığı məlumata əsasən, İran Prezidenti Məsud Pezeşkian ayətullah Seyid Əli Xamənei ilə söhbətində İsrailə cavab atəşi açmaqdan çəkinməyi təklif edib. Məlumata görə, hökumət başçısı bildirib ki, bu addım İslam Respublikasının dağılması ilə nəticələnər. Onun fikrincə, İsrailin hücumu İran iqtisadiyyatına, energetika sisteminə ciddi zərbə vuracaq. Prezident vurğulayıb ki, bütün bunlar Tehranın marağına uyğun olmayan regional müharibəyə səbəb ola bilər.

Bu barədə İranın rəsmi mənbələri məlumat yaymayıb. Ancaq o da məlumdur ki, İran hakimiyyəti daxilində Fələstin, o cümlədən HƏMAS, eləcə də Qərblə danışıqlara münasibət birmənalı deyil. Bu baxımdan, M.Pezeşkianın Seyid Əli Xaməneiyə bu istiqamətdə öz mövqeyini bildirməsi mümkündür. Çünki Tehran İsrailə zərbə endirməyəcəyi halda, İranın Qərblə danışıqlar aparması üçün yollar açıla bilər.

Bu kimi səbəblərə əsasən, hakimiyyətdaxili islahatçılar, “Fələstin və HƏMAS-ın bizə nə xeyir” var düşüncəsi ilə məsələyə yanaşan cəmiyyət İranın İsraili vurmasına qarşıdır.

Bəs, bunu daha çox hansı qüvvələr tələb edir? İsrailin vurulmasını ən çox istəyənlər İnqilab Keşikçiləri Qvardiyasının, SEPAH-ın komandirləridir. Onlara müharibə bütün baxımlardan sərf edir. Əvvəla, öz güclərini, ölkəyə sahib olduqlarını nümayiş etdirə bilirlər. Pezeşkianın “HƏMAS-a ayrılan maliyyə vəsaitindən xəbərim yoxdur” deməsi də təsadüfi deyil. HƏMAS, Hizbullah, husilər, İraqdakı “Həşdi Şəbi”, Suriyadakı “Zenəbiyyun”, Əfqanıstandakı “Fatimiyyun” və başqaları SEPAH-ın nəzarəti altındadır. Bunların hamısı onun “Qüds” qoşunlarının tabeliyindədir. Bu kimi qüvvələri və “5-ci kolonu” yaratmaq üçün məsuliyyəti də bu qol daşıyıb. Onların xərclədiyi maliyyə vəsaitinin hesabatı isə hökumətə verilmir. Bütün hesabatlar Xaməneiyə təqdim olunur. Məsələn, Əliəkbər Ocaqnejat Azərbaycanda “5-ci kolon” yaratmaqla bağlı maliyyə və başqa bütün hesabatları birmənalı olaraq Xaməneiyə, yaxud onun təyin etdiyi şəxsə verib. Ona görə də Pezeşkian HƏMAS-a ayrılan maliyyə vəsaitindən xəbərsizdir. Hətta ola bilər ki, prezident dövlətin pullarının HƏMAS kimi qruplaşmalara xərcləndiyini də bu yolla ölkə ictimaiyyətinə çatdırıb.

Ümumiyyətlə, İranda “a”-dan “z”-yədək bütün məsələlər SEPAH-ın nəzarəti altındadır. Bu qurum ali rəhbərin tabeliyində fəaliyyət göstərir.

İranda hökumət prezident and içəndən 15 gün sonra elan olunmalıdır. İyulun 30-də Məsud Pezeşkian and içib. Yeni hökumətin avqustun 14-dək elan olunacağı gözlənilirdi. Yeni Nazirlər Kabineti üzvlərinin İran təqvimi ilə ötən həftənin sonunadək, yəni avqustun 9-dək açıqlanacaqdı. Hansısa səbəbdən bu, baş verməyib. Əvəzində isə Pezeşkianın “işləməyə qoymurlar” bəyanatı yayılıb.

Prezident seçkiləri zaman üzləşdiyi problemlər indi daha da böyüyüb. Xaməneiyə etdiyi təkliflər düzdürsə, onda müharibəyə qarşı olması, HƏMAS-a ayrılan pullardan xəbər tutmaq istəməsi, qərblə danışıqlara hazır olması ona problem yaradacaq məsələlərdir.

Müharibə partiyası olan SEPAH, ETTELAAT və cəmiyyətə bəlli olmayan hakimiyyətdaxili bir çox qüvvələr, müharibədən varlanan generallar, mafiya və başqaları Məsud Pezeşkian üçün real əngəllərdir.

Pezeşkianın açıqlaması bir daha isbatlayıb ki, İranda prezident sadəcə olaraq rəsmi təmsilçilik üçün ali rəhbərə və rəhbərliyə lazımdır.

Məlumatlara əsasən, avqustun 11-də hökumətin tərkibi barəsində məlumat parlamentə verilib. Hökumətin formalaşması üzrə Koordinasiya Şurasının üzvü İbrahim Fəyyaz Zahid deyib ki, Məsud Pezeşkian nazirlərin təyin edilməsi ilə bağlı Əli Xamənei, təhlükəsizlik qurumları və yüksək rütbəli dövlət adamları ilə məsləhətləşir.

Yəni hökumət Xaməneini, ETTELAAT-ı, SEPAH-ı, yüksək rütbəli hərbçiləri və s. təmin etməlidir. Əks halda, vəziyyət daha ağır olacaq.

İran hakimiyyəti monolit deyil. Hamı “İsrailə ölüm”, “Amerikaya ölüm!” istəmir. Son illər geniş publikada deyilməsə də, xalq arasında bu şüarları dəyişib “Yaşasın İsrail!”, “ABŞ-yə eşq olsun!” kimi deyənlər də var. Bu isə İran cəmiyyətinin 45 il əvvəlki olmadığını, “Allahu-əkbər, Xomeyni rəhbər”, yaxud “Allahu-əkbər, Xamənei rəhbər” deməyəcəyini təsdiqləyir. Ötən ilki aksiyalarda qaldırılmış “Rəhbərə ölüm!”, “Diktatora ölüm!” şüarları da buna nümunə ola bilər.

Pezeşkianın hay-küyü isə onu şişirtmək üçün bir aksiya olsa da, Tehran rejimi daxilində didişmənin artdığından xəbər verir. İndi İranda “öküzlərin” bir-birini suçladığı dövrdür. Bundan sonra “günah keçisi” gələcək…

Sədrəddin Soltan - Pressklub.Az
 
Ardını oxu...
Dəyərli dostlar, 1 sentyabr Milli Məclis seçkiləri ilə əlaqədar namizədlər öz dairələrdə seçicilərin problemlərini həll edəcəkləri ilə bağlı vəədlər verirlər. Doğrudur, deputat öz seçki ərazisində rəsmi məktib və müraciətlərlə icra hakimiyyəti institutlarına lokal problemlərin həlli ilə bağlı təsir göstərə bilərlər – amma, məmləkətin köklü problemlərinin həlli dairə səviyyəndə deyil, Respublika səviyyəsində həll yolları isə qanun dəyişikliklərindən keçir.
Siyasi partiyalar məhz məmləkət məsələlərinin həlli üçün təkliflər, qanun layihələri hazırlamalı, məsələlərə sistemli yanaşmalıdırlar. REAL Partiyasının elan etdiyi platforma məhz 10 mln. əhalini əhatə edən problemlərin, hər bir ölkə vətəndaşına toxunan məsələlərin həlli yolları haqqındadır.
Artıq bir neçə ildir ki, ölkədə ərazaq və dərman satışı zamanı pərakəndə ticarətdə ƏDV-nin 18%-dən 2%-ə endirilməsini təklif edirik. Təklifin publik əsaslandırılmasını dəfələrlə etmişik – bu gün Azərbaycanda dərman alarkən biz aptekə 18% ƏDV ödəyirik, yəni, məsələn, satış qiyməti 10 manat olan dərman üçün 11 manat 80 qəpik ödəmək məcburiyyətindəyik. Bizim təklif qəbul edilsə 10 manat 20 qəpik ödəmək lazım olacaq.
ƏDV-nin son ödəyicisi bizik – vətəndaşlardır. Dərmanı alan, gətirən, satan ƏDV-i öz aralarında əvəzləşdirirlər, sonda biz aptekə gəlib 18% vergi ödəyirik. 2023-cü ildə pərakənda satışda əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 mlrd. 312 mln. manat ödəyib. Yuvarlaq rəqəmlə ifadə etsək, bunun 250 mln. manatı ƏDV-dir, Dövlət büdcəsi 250 mln. manat az yığsa kasıblamaz, amma kasıb əhalinin, əsasən təqaüdcülərin dərman alarkən 250 mln. manat cibində qalsa başqa dərdlərinə, kommunal və s. sahələrə xərcləyə bilərlər.
Əziz seçicilər, Milli Məclis seçkilərində REAL Partiyasının namizədlərinin qalib gəlməsinə yardımçı olsanız, seçkilərdə aktiv iştirak etsəniz Parlamentdə ilk qaldıracağımız məsələlərdən biri məhz ƏDV-nin azadılması təklifi olacaq. Seçici aktivliyi qələbənin yarısıdır – yarısı sizdən, digər yarısı bizdən!

Natig Jafarli
TEREF
 
 


 
Ardını oxu...
“Hökumət bilmirdi ki, dizelin qiymətini qaldıranda kənd təsərrüfatı məhsullarının qiymətləri qaçılmaz olaraq artacaq?”

İnflyasiya və qiymətlərin monitorinqi üzrə hökumət işçi qrupunun yerli istehlak bazarında mal və xidmətlərin qiymətinin artım tempi ilə bağlı vəziyyəti aydınlaşdırmaq məqsədilə növbəti iclası keçirilib. Rəsmi məlumatlardan sonra Nazirlər Kabineti yanında kollegial qurum qiymət dəyişiklikləri və özünün antiinflyasiya tədbirlərini müzakirə edib.

Tədbirin nəticələrinə əsasən məlum olub ki, bu il inflyasiyanın birrəqəmli səviyyədə cilovlanması istiqamətində ötən ilki tendensiyanı saxlamaq mümkün olub. Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən işçi qrupunun açıqlamasında bildirilir ki, cari ilin iyun ayında 12 aylıq inflyasiya 1,1 faiz, yanvar-iyun aylarında isə orta illik inflyasiya 0,7 faizi ötməyib.

Bəyanatda qiymətlərin saxlanılması üçün sabit valyutanın vacibliyi və tədiyə balansının profisitinin milli valyutanın sabitliyinə təsiri xüsusilə vurğulanır: “Tədiyyə balansının profisiti şəraitində valyuta bazarında tarazlığın saxlanılması xüsusi rol oynayıb, çünki bu vəziyyət inflyasiyanın idxalını məhdudlaşdırıb”.

Bunu dəstəkləmək üçün altı ayda manatın effektiv məzənnəsinin üç faiz artdığı bildirilir. Sadə dillə desək, işçi qrupun qiymətlərin saxlanması lehinə əsas arqumenti tədiyə balansının profisiti səbəbindən milli valyutanın sabitliyidir. Məlumdur ki, hər iki şərt neft gəlirlərinin nəticəsidir. Axı neft respublikanın ümumi ixracının 80 faizini təşkil edir. Beləliklə, hökumət səviyyəsində inflyasiyanın beynəlxalq karbohidrogen bazarlarındakı vəziyyətdən birbaşa asılılığı etiraf edilir və bu, məlum olduğu kimi, yerli hakimiyyət orqanlarının səlahiyyətlərinə aid deyil.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qiymət izləmə tətbiqi təsvir edilir. Yaranmış ənənəyə uyğun olaraq, İstehlak Bazarına Antiinhisar Nəzarəti Dövlət Xidməti və digər dövlət qurumları vasitəsilə görülən müəyyən işlər barədə məlumat verilir. İclas üzvləri daxili bazarda sağlam rəqabət mühitinin yaradılması, qiymətlərin monitorinqi və inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün bundan sonra da səy göstərəcəkləri barədə razılığa gəliblər.

Vəziyyəti AYNA-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bu cür açıqlamaların qəribəliyini son vaxtlar geniş istehlak edilən avtomobil yanacağının dövlət tərəfindən tənzimlənən qiymətlərin artırılması ilə əlaqələndirir: “Bir neçə həftə əvvəl Nazirlər Kabineti yanında Tarif Şurası benzin və dizelin qiymətini artırıb. Hökumətin qərarı ilə milli Aİ-92 markalı benzinin qiyməti 10 faiz, dizel yanacağı isə 25 faiz bahalaşıb. Ona görə də belə bir sual yaranır: doğrudanmı hökumət aqrar sektorda istehsalın maya dəyərində dizel yanacağının payının 35-40 faizə çatdığını bilmir? Bəs dövlət məmurları bilmirlər ki, dizelin qiyməti bu səviyyədə qalxsa, kənd təsərrüfatı məhsullarının qiymətləri qaçılmaz olaraq artacaq? Yoxsa bilmirlər ki, dizel yanacağının qiymətinin qalxmasından sonra logistika və nəqliyyat xərcləri artacaq, ərzaq və qeyri-ərzaq mallarının daşınması xərcləri də artacaq? Yəni bu struktur əvvəlcə qiymət “maxovikini” işə salır, sonra isə öz fəaliyyətinin nəticələri ilə mübarizə aparır”.

Bütün bunların fonunda yerli informasiya məkanında əsas mövzu ərzaq məhsullarının bahalaşması olaraq qalır. Ölkədə meyvə-tərəvəz bahalaşır - məsələn, pomidor və xiyarın qiyməti bu yay yanvar ayının səviyyəsinə çatıb. Digər şeylər arasında, yerli piştaxtalarda ət çeşidinin qiyməti durmadan artır və artan qiymət etiketi qiymətin gizli artımına - keyfiyyətin azalmasına yaxındır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, Azərbaycan ərzaq qiymətlərinə görə regionun üç ölkəsi arasında lider, əmək haqqına görə isə bu reytinqin sonundadır: “Bu vəziyyət iqtisadiyyatın real sektorunun zəif inkişafının və yerli ərzaq istehsalının aşağı səviyyədə olmasının nəticəsidir. Azərbaycanda qiymətlərin nisbətən bahalaşmasının əsas səbəblərindən biri rəqabət mühitinin zəif inkişaf etməsi ilə bağlıdır”.

Müəllif: Emma Rzayeva
 
Ardını oxu...
“Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun əmrlərini yerinə yetirir”, “Ukraynanın Rusiya ərazisinə qəfil müdaxiləsi Pentaqonda hazırlanıb” kimi xəbərlər Rusiyanın dezinformasiya mərkəzlərində hazırlanaraq yayımlanır. Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyü uğrunda savaşır, onun yerində kim olsa Rusiyanın işğalı qarşısında ağ bayraq qaldırmaz. O başqalarının deyil xalqının və dövlətinin sifarişini yerinə yetirir. Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi məxfi şəkildə hazırlanıb, bu plandan çox az adamın xəbəri olub. Çünki, bu plan başqa yerdə və iştirakçıların say çoxluğu ilə hazırlansaydı, Rusiya kəşfiyyatının bundan xəbəri olacaq və Ukrayna ordusunun qəfil hücumunun qarşısı alınacaqdı. Zelenski və onun genaralları “iki nəfərin bildiyi artıq sirr deyil” prinsipi ilə hücum əməliyyatını hazırlayıblar.
Kreml sahibi Vladimir Putin çaşqınlıq içərisindədir, onun və ölkəsinin imicinə böyük zərbə dəyib. Putin Ukrayna ordusunu Rusiya ərazisindən çıxarmaq üçün bütün mümkün imkanlardan istifadə edəcək, minlərlə gəncinin ölümü hesabına nəticə əldə etməyə çalışacaq. Kreml itki ilə hesablaşmır, nə olursa-olsun “böyük Rusiya” ideyasını reallaşdırmağa çalışır. Ancaq bu ideya Ukrayna müharibəsinin üçüncü ilində ruslar arasında artıq əvvəlki kimi populyar deyil. Putinin ətrafı da məyusdur, ancaq hələ ki, fikirlərini açıq bildirməyə çəkinirlər. Putin ikinci Nikolayın səhvini təkrarlayır. Ötən əsrin əvvəllərində Rusiya imperiyası güclü idi, Avropa ölkələrinin əksəriyyəti Rusiyanın kənd təssərrüfatı məhsullarına möhtac idi. İkinci Nikolay ölkəsini Birinci Dünya Müharibəsinə qoşduqdan sonra imperiya üçün sonun başlanğıcı göründü. Rusiyanın müharibədə itkiləri artdıqca cəmiyyətdə narazılıq artmağa başladı, inqilabi əhval-ruhiyyə yetişməyə başladı, o zamana qədər cəmiyyətdə böyük nüfuzları olmayan bolşeviklər çevriliş yolu ilə hakimiyyətə gəldilər, Nikolayı ailəsi ilə birlikdə güllələdilər, 300 illik Romanovlar sülaləsinin sonu faciəylə bitdi. İmperiya dağıldı. Rusiyanı idarə edənlər tarixdən nəticə çıxara bilmirlər. SSRİ-ni idarə edənlər 1979-cu ildə Əfqanıstana soxulmaq qərarını verdilər, 12 il sonra bu imperiya da dağıldı. Putin eyni yolla gedir. Kreml sahibi bu ağır günlərdə özünü ətrafından da qorumaq barədə düşünmək məcburiyyətindədir. Çünki peşəkar kəşfiyyatçısı kimi o bilməmiş deyil ki, belə ağır günlərdə ətrafa inanmaq olmaz. İkinci Nikolaya hakimiyyətdən imtina qərarını generalları imzalatdırmışdı.
Elxan Şahinoğlu
TEREF
 

Dünyapress TV

Xəbər lenti