Ardını oxu...
İnsanların əksəriyyəti düşünür ki, elektriklə çalışan avtomobillər 21-ci əsrin “möcüzəsidir”, amma elə deyil: dünyada ilk avtomobil də elektriklə çalışıb, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində avtomobillər daha çox elektriklə işləyirdilər. Məsələn, 1910-cu ildə ABŞ-da avtomobillərin 40%-dən çoxu “elektokar” olub.
Neft emalı genişləndikcə daxili yanma mühərriki (DYM) ilə çalışan avtomobillər artıb. 1970-ci illərdə dünyada neft böhranı baş verəndə (neft istehsal edən ölkələr ABŞ və bəzi Qərb ölkələrinə İsrail məsələsinə görə embarqo qoymuşdu), neftin qiyməti kəskin bahalaşanda yenidən “elektrokar” mövzusu gündəmə gəldi və istehsalı artdı. Amma neft qiymətləri aşağı düşən kimi bu sahə yenidən yaddan çıxdı.
Son 15-20 ildə yenidən populyarlaşan “elektrokar” mövzusu öz “renesansını” baha neftə borcludur. İqlim dəyişikliyi mifini yaymaqla isə bu məsələyə “duz, istiot” qatdılar. Yəni, neft 80 dollar və daha baha olmalıdır ki, “eloktrokar” mövzusu populyar olsun, çünki sırf ekoloji məsələyə görə elektriklə çalışan avtomobillərin istehsalı və zamanı bitmiş akkumulyatorların utilizasiyası daha ziyanlıdır.
Avtomobillər üçün batareyanın komponentlərə litium filizi, nikel, kobalt, qrafit, manqan, alüminium, qalay, tantal, vanadium, maqnezium və bir neçə nadir minerallar lazımdır.
Məsələn, bir Tesla avtobolində 5375 dən 7104-ə qədər elektrik batareyası hüceyrələri var. Onların istehsalı üçün (1 avtomobil üçün) 600 m2 yer səthi qazılaraq 11 adda faydalı qazıntılar çıxarılmalıdır – bir daha, bu cəmi 1 “elektrokar” üçün hesablanmış normadır. İndi özünüz təsəvvür edin, cəmi 1 maşın üçün 600 m2 yer səthi qazılmalıdırsa, milyonlarla avtomobil üçün bu nə deməkdir, ekoloji fəsadları nə qədər ola bilər. Hələ mən o çıxarılan metal və mineralların emalı, onların istehsala yaralı hala gətirilməsi üçün nə qədər enerji və su sərfini demirəm – 1 “elektrokar” üçün lazım olan batareyanın istehsalda istifadə olunan mineralları emal etmək üçün 1500 litrdən çox suya ehtiyac var. Hə, onu da deyim ki, 2030-cu ilə qədər bu metal və mineralların çıxarılması 2018-ci illə müqaisədə 40 dəfə (!!!) artmalıdır ki, ehtiyaclar ödənilsin.
Dünyada ciddi ekoloji böhran siqnalları var, insan övladı təbiəti vəhşicəsinə istismar edir, su hövzələrini çirkləndirir, meşələri qırır və s., amma bunun iqlim dəyişikliyi mifi ilə birbaşa əlaqəsi yoxdur, bu mif dünya üzrə sırf biznes layihədir və bir çox hallarda bu mifə görə təbiətə, ekologiyaya daha çox ziyan vururlar.
Ona görə də, dünyada mif və reallıqları bir-birindən ayıra biləcək yeni siyasi “viziona” ehtiyac var, neft maqnatları öz maraqlarını, “yaşıl iqtisadiyyatda” istifadə edilən təbii resurslar maqnatları isə öz maraqlarını diktə etdikcə, dünyada problemlərin normal həlli üçün elmi ortam yaranmayacaq. Belə bir ortamın yaranması üçün isə Dünyada ağıllı, vicdanlı siyasətçilərə, elmi yanaşmaya, ciddi diskursa, başqa fikirdə olanların linç olunmamasına acil ehtiyac var. Belə...
Natig Jafarli
TEREF
 
Ardını oxu...
ABŞ “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstana yardım proqramını dayandırıb. Maraqlıdır ki, bir dönəm Gürcüstan ABŞ-a yaxınlaşma siyasəti həyata keçirirdi. Rusiya isə bunu əngəlləməyə çalışırdı. İndi isə artıq Tbilisi ilə Vaşinqtonun münasibətlərinin pozulduğu görünür.

Ekspertlər hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin axır ki, istəyinə nail oldu və Gürcüstanla ABŞ arasında soyuqluq yaratdı.

Bu iddia nə qədər doğrudur? Putin Gürcüstanla bağlı hədəfinə nail oldu?

Globalinfo.az-a danışan politoloq Teymur Qasımlı deyib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakimiyyətdən dinc yolla ABŞ-ın istəyi ilə getmişdi:

“Bugünkü Gürcüstan iqtidarı da məhz ABŞ dəstəkləyirdi. Əslində bugünkü iqtidar ABŞ ilə praqmatik siyasət aparırdı. Rusiya-Ukrayna müharibəsinin başlaması ilə vəziyyət 180 dərəcə dəyişdi. ABŞ-ın Gürcüstana xəbərdarlıqları və İvanişvilinin pullarının dondurması prosesi başladı.

Bütün bunlara cavab olaraq Gürcüstan hakimiyyəti və İvanaşvili Qərbə qarşı savaş başlatdı. “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi ilə proses pik həddə çatdı.

“Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsinin təbii ki, nəticələri olacaq. Bunu indidən demək çətindir, amma proses özünü daha şiddətli formada sentyabr-oktyabr ayında büruzə verəcək.

Belə ki, həmin vaxt Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu isə faktiki olaraq Qərb-Rusiya gərginliyinin ölüm-dirim mübarizəsinə keçəcəyi anlamına gəlir. Bu seçkilərin nəticəsi kimin qalib gələcəyini, Gürcüstanın kimi seçəcəyini göstərəcək.

İndiki məqamda Gürcüstan hakimiyyətinin Rusiyaya yaxınlaşması da onlara sərf etmir. Çünki Gürcüstanın üzləşdiyi bir çox problemin səbəbi məhz Rusiyadır. Bu mənada Gürcüstanı çox çətin bir proses gözləyir”.

Turan Rzayev
 

Ardını oxu...
Dostluğumuzun 26 illik tarixi var. Son vaxtlar az-az görüşsək də, virtual əlaqələrimiz davam edir. Dünən yenə "WhatsApp"dan mesaj yazdım: "Qardaş, nə vaxt çay içək?"

Dərhal cavab verdi: "Ürəyin nə vaxt istəyir".

Müxbirlərimizin başı qarışıq idi. Amma "dəmiri" isti-isti döymək istədim: "Gənclər, Bakıda harada yaxşı çay verirlər?". dirnaq modelleri

Nazim suala sualla cavab verdi: "Müəllim, açıq havada olsun?"

- Əlbəttə.

Nazim azca düşünüb öz təklifini verdi: "Əgər iş yerimizə yaxın çayxana istəyirsinizsə, "Şəki" restoranının yanına gedin. Orada parkın içində iki çayxana var. Pis deyil. Bəyənəcəksiniz".

Ünvanı dəqiqləşdirməyə macal tapmamış izahat verdi: "Amma sadə çay vermirlər. Yanında mütləq mürəbbə də götürməlisiniz. Bir çaynik çayı mürəbbə ilə 25 manata verirlər".

Qeyri-ixtiyari dilləndim: "Ay daa... 25 manata çay olar?!"

Söhbətə digər əməkdaşımız qoşuldu. Əsmətxanımın səsindəki incikliyi sezməmək mümkün deyildi: "Niyə olmur? Hələ onlar insaflıdır. Elə yerlər var ki, çay dəsgahını 60-70 manata verirlər".

Bəhanə həmişə var: "Artıq çəkidən əziyyət çəkdiyim üçün şirniyyatdan imtina etmişəm. Sadə çay içəcəyik".

Bu dəfə Aytac reaksiya verdi: "Bakıda sadə çay vermirlər".

Birdən "çıxış yolu" tapdım: "Nə vacibdir Nərimanovda oturaq. Gedib Neftçilərdə içərik".

Əsmətxanım qınayıcı nəzərlərlə məni süzdü: "Elə bilirsiniz, Neftçilər ucuzdur? Üç gün əvvəl orada şam edirdik. 54 manat yemək, 25 manat çay üçün hesab gəldi. Yemək yediyimiz üçün çayı ucuz verdilər".

Növbəti mövzu öz ayağı ilə gəlmişdi. Amma bəzi dəqiqləşdirmələrə ehtiyac vardı: "Gənclər, düz deyirsiniz, bir çaynik çaya görə Neftçilərə getməyə dəyməz. Dostum çox hörmətli jurnalistdir. Ona İçərişəhərdə çay qonaqlığı vermək istəyirəm. Oradakı qiymətlərdən xəbəriniz var?"

Göz dəyməsin, bizim müxbirlərin yerin altından da, üstündən də xəbərləri var. Dərhal İçərişəhərdəki qiymətlərdən danışdılar: "Filarmoniya bağı gündüzlər isti olur, amma çayları dadlıdır. Çay dəsgahının qiyməti 55 manatdır. Əliağa Vahidin heykəlinin yanındakı kafe də məsləhətli yerdir. Orada isə çay dəsgahı 70 manatdır".

Bu, sonuncu sualım idi: "Teleqüllədəki qiymətlərdən xəbəriniz var?"

Əsmətxanım zarafatından qalmadı: "Oradakı qiymətləri ancaq Elnur Məmmədli bilər. O da bu gün işə gəlməyib".

Məlum oldu ki, redaksiyada heç kim teleqüllədə çay içməyib. Ancaq oradakı qiyməti də öyrənə bildik. Əsmətxanım internetdə cəmi bir dəqiqə axtarış aparandan sonra "müjdə"ni verdi: "Teleqüllədə 3 nəfərlik çay dəsgahının qiyməti 90 manatdır".

2015-ci ildə "Hansı nazir mənimlə çay içər?.." adlı məqalə yazmışdım. Bunu deyəndə əməkdaşlarımız yenə bir ağızdan dilləndilər: "Yəqin o vaxt imkanınız yaxşı olub..."

Səmimi cavab verdim: "Yox, o vaxt çay ucuz idi".

Biz mehriban kollektivik. Müxbirlər baş redaktorla zarafat edə bilirlər. Bu dəfə də elə oldu: "Müəllim, bir də elə şey yazmayın".

Dedim ki, bu dəfə başqa şey yazacağam.

Gözlədiyim sualı verdilər:

- Nə yazacaqsınız?

- Yazacağam ki, hansı nazir mənə çay alar?

Gülüş, qəhqəhə səsləri redaksiyanı bürüdü.

Həmin vaxt ağlımdan bu fikir keçdi: Bakıda çay içmək üçün gərək nazir olasan...

Seymur VERDİZADƏ - YeniSabah.Az
 
Ardını oxu...
Makron Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərindəki suverenliyini bərpa etdikdə ölkəmizə qarşı diplomatik müharibəyə başladı, təxirbatçı açıqlamalar verdi, BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı sənədin müzakirəsinə çalışdı. Makron Qərbi Sahara ilə bağlı mübahisədə isə Mərakeşin muxtariyyət planına dəstək verdi. Halbuki, qonşu Əlcəzair Qərbi Saharada müstəqilliyə yol açan referendum tələb edirdi. Yəni bizim bölgə ilə paralellər aparsaq Mərakeş Azərbaycandır. Ancaq Makron Azərbaycanda erməni separatizmini dəstəklədi, Mərakeşdə isə separatizmin əleyhinə çıxdı, bu ölkənin ərazi bütövlüyünün vacibliyini vurğuladı. “Qərbi Saharanın bu günü və gələcəyi Mərakeşin suverenliyi çərçivəsindədir” deyən Makron Cənubi Qafqazda bunun əksini həyata keçirməyə çalışdı, alınmadı. Makron bununla Ermənistanın onun üçün Əlcəzairdən daha əziz olduğunu göstərdi. Halbuki, Əlcəzair uzun illər Fransanın koloniyası olub.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
3 gündür ki, dünyanın yuxusu ərşə çəkilib. İran matəm çadırları quraraq, HƏMAS lideri İsmayıl Haniyənin ölümünə yas saxlayır.
Real mənzərə onu deməyə əsas verir ki, bəşəriyyət 3-cü dünya müharibəsinə hazırlıq mərhələsindədir.
Əslində Birinci Dünya müharibəsi də belə başlamışdı.
Serb-boşnak inqilabı təşkilatının üzvü olan Qavrilo Prinsipin Avstriya-Macarıstan imperiyasının vəliəhdi hersoq Frans Ferdinandı öldürməsi müharibəyə səbəb olmuşdu.
HƏMAS liderinin Tehrandakı iqamətgahında öldürülməsi eynilə Frans Ferdinanda edilən sui-qəsdə oxşayır.
Haniyenin öldürülməsi rəsmi Tehranı həm də beynəlxalq aləmlə qarşı qarşıya qoydu.
İyulun 30-da İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində bəzi diqqətçəkən detalları qeyd etmək istəyirəm.
Bakı vaxtilə təxminən saat 3 idi. Dünyanın bir çox ölkələrinin media nümayəndələri İran parlamentinə (İran İslam Şura Məclisi) doğru istiqamət alırdı. Azərbaycan mediası olaraq biz də uzun yoxlamadan sonra İran parlamentinə daxil olduq. Yerlərimizə keçəndən sonra dünya liderlərini gözümüz axtarırdı. Heç şübhəsiz ki, dəvət olunan qonaqların qarşılanma anını da diqqətlə izləyirdik.
Siyasi cameədə dillə ürəyin harmoniyası daha aydın görünür. Elə bu səbəbdən də gözümüz ev sahibinin üzərində idi. İranın əziz qonağı kimdir, dəvət xətrinə dəvət olunan kim? Hər halda, bədən dili çox söz deyir. Məsələn, Pezeşkianin andiçmə mərasimində HƏMAS liderinin ilə sağ əlini yuxarı qaldırması kimə açıq mesaj idi? Hər halda, zalın andiçmə mərasimindən çox yeni müharibə dalğasına hazırlıq törəninə oxşadığını söyləmək olar.
İran parlamentinin tribunasında çıxış edən parlament sədri gərgin və həyəcanlı görünürdü. Bu, səsindəki qəzəbdən də hiss olunurdu. Ümumilikdə çıxışlarda daha çox İsrail dövləti hədəf alınmışdı. Zalda əyləşənlərin ayağa qalxaraq bir ağızdan İsrailə lənət yağdırması həm də hərbi mesaj idi. Əminliklə deyə bilərəm ki, mənim kimi bir çoxları “İsrailə lənət” şüarlarının yaxşı sonluqla bitməyəcəyi qənaətində idi. Bir növ yeni qurulan İran hökuməti üçün saat tərsinə dövr edirdi.
Elə andiçmədən sonra Haniyənin Tehrandakı iqamətgahda öldürülməsi da bunu təsqidlədi. Bu proses birmənalı olaraq İranı qanlı meydana aparır. Həm də rəsmi Tehran üçün Yaxın Şərqin qanlı epoxasında yeni dövr başlayır.
Dünya ölkələrindən olan təmsilçilərin bir araya gəlməsi regional və qlobal məsələlərin həlli baxımından da xüsusi rola malik ola bilərdi. Təxminən bütün ehtimallar və gözləntilər eyni suallar ətrafında fırlanırdı. Görəsən yeni prezidentin İranla bağlı konsepsiyasında hədəf nələrdən ibarət olacaq?! Region dövlətlərilə əməkdaşlığın yeni erasına start veriləcəkmi? Suallar çox idi.
İnaqurasiya mərasimində bütün diqqət Məsud Pezeşkianın nitqinə dikilmişdi. Ələlxüsus, region üçün səsləndirdiyi fikirlərin özündə bir çox mətləbləri ehtiva etdiyini söyləmək olar.
Birinci məsələ ölkə iqtisadiyyatının prioritet olması ilə bağlı idi ki, yeni prezident çıxışında bunu bir neçə dəfə qabartdı. Bu isə milli maraqların qorunması əsas olmaqla, qonşularla əlaqələri gücləndirməyə xidmət edəcəkmiş kimi görünür.
Regional problemlərə gəlincə, Pezeşkian bütün regional oyunçuların iştirakı ilə problemləri həll etməyə çağırış etdi. Bu çağırış bir neçə istiqamətə yozula bilər. Kənar qüvvələrə qarşı region dövlətlərinin birliyindən tutmuş, yeni oyunçuların cəlb edilməsinə qədər. Hər halda, gedişat gizli məqamları bir-bir ortaya çıxaracaq.
Xülasə, andiçmədə problemlərin həlli üçün fikirlər səslənsə də, siyasi depressiyanın içində havasızlıqdan boğulan İranın bir daha təhlükəsizlik məsələsində zəif olduğu ortaya çıxdı. Tehran küçələrində də bunu aydın formada müşahidə etmək mümkündür. Üstəlik İranın beynəlxalq arenada çevrəsi daraldıqca, səbri də tükənir.
Bir sözlə, andiçmə mərasimindən bu yana, regionu yeni müharibə qoxusu bürüyüb. Bu isə heç də xoş olmayacaq.
Namidə Bingöl
Real Tv-nin aparıcı müxbiri
Bakı-Tehran-Bakı
 
 
 
Ardını oxu...
Azercell son günlər Bakcell və NAR-a qarşı qərəzli kampaniya aparır... Maraqlıdır ki, əslinfə Azercell tərəfindən yönləndirildikləri şübhə doğurmayan bəlli bir trol ordusu sözügedən iki mobil operatoru sosial şəbəkələrdə gözdən salmağa çalışır və əslində ümumi olan şəbəkə problemləri ilə bağlı yalnız həmin iki şirkəti ittiham edirlər, Azercell-i təmizə çıxarmağa çalışırlar.
Məsələn, hansısa xidmətin pullu olması və yaxud da qiymətinin bahalaşması... Ümumi olan prosesdə Azercell-in adı çəkilmir və yalnız bu iki şirkət VURULUR... Ki, burada da ölkəmizin ən böyük operatorunun nədən belə canfəşanlıq etdiyini müəyyən etmək o qədər də çətin deyil.
Çünki Azercell-dən son dönəmlər şikayətlər həqiqətən də artıb və bu təbii olaraq baş verir. Yəni hansısa trol rodusu və təşkilatlanmış şikayətçi qrupu tərəfindən deyil. Narazılıqlar sırf olaraq Azercell-in fəaliyyətindən doğan təzahürlərlə əlaqədar olsa da, Azercell əslində rəqib hesab etdiyi və görünür ki, son dönəmlərdə onu aşkar şəkildə üstələyən digər iki mobil operatora qarşı məhz belə bir qara piarın aparılmasına möhtac qalıb.
Ayıb olsun... Adını da ÖLKƏNİN ƏN BÖYÜK MOBİL OPERATORU qoyub...
Belə şər-şəbədəynən məşğul olmaqdansa, fəaliyyətinə çəki-düzən verib, müştəri məmnunluğuna vəsait ayırsaydınız, daha doğru olardı...
Yaxşı ki Azercell ölkədə yeganə mob8il operator deyil...
Yaxşı ki tək Azercell-in ümidinə qalmamışıq...

Məhəmməd ƏRSOY - Dia-az.İnfo
Ardını oxu...
Stanislav Tarasov: “Bu, şübhəsiz ki, bir çağırışdır, lakin bütün əlamətlərə görə genişmiqyaslı regional müharibəyə səbəb olmayacaq”

HƏMAS lideri, hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda qaldığı iqamətgahda qətlə yetirilib. HƏMAS lideri iqamətgaha atılan zərbə puası ilə öldürülüb. Təşkilat hərəkatın Siyasi Büro rəhbərinin ölümünü təsdiq edərək, hücumu “xain” adlandırıb və buna görə “sionist İsraili” günahlandırıb.

HƏMAS-ın Əlcəzairdəki nümayəndəsi Yusif Həmdan vəd edib ki, Fələstin radikal hərəkatının Siyasi Büro rəhbərinin Tehranda öldürülməsi İsrailə qarşı cavab tədbirlərinə səbəb olacaq.

İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş baş komandanı Möhsün Rezai də Haniyənin ölümünə görə İsraildən qisas alınacağını açıqlayıb.

İsrail isə sui-qəsddə iştirakını təkzib edib.

Xarici ekspertlər Haniyənin qətlinin onsuz da gərginlik hökm sürən Yaxın Şərqdə qarşıdurma vəziyyətini artıracağını proqnozlaşdırırlar.

Rusiyalı politoloq, Yaxın Şərq ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov əmindir ki, Haniyənin öldürülməsi Yaxın Şərqdə siyasi vəziyyəti gərginləşdirəcək. Analitik “Lenta.ru” ilə söhbətində mümkün nəticələri təsvir edib və bildirib ki, baş verənlər İran üçün çağırışdır: “Çünki bu ölkənin ərazisində HƏMAS liderlərindən birini öldürməklə İsrail öz kəşfiyyatının imkanlarını nümayiş etdirib. Bundan əlavə, bu, İrana hədəflənmiş zərbədir. Çünki İsrail adətən yaraqlıları və ya HƏMAS, Livanın şiə hərəkatı Hizbullah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrini neytral ölkələrin ərazisində məhv edir”.

“Qətl böyük siyasi rezonansa səbəb olacaq və Yaxın Şərqdə, xüsusən də İsrail-İran münasibətlərində vəziyyətin daha da gərginləşməsinə töhfə verəcək. Şübhəsiz ki, reaksiya mənfi olacaq, tərəflər arasında qarşılıqlı siyasi ittihamların dərəcəsi artacaq”, Tarasov əlavə edib.

Politoloq bu fonda Hizbullahla İsrail arasında silahlı qarşıdurmanın başlayacağını çətin hesab etsə də, hədəfli zərbələrin tezliyinin artacağını istisna etməyib. Onun fikrincə, münaqişənin yeni regional müharibəyə çevrilməsi şübhəlidir: “Çünki bu əməliyyat ABŞ tərəfindən dəstəklənmir və onların dəstəyi olmadan İsrail həm HƏMAS, həm də Hizbullahla eyni anda döyüşə tab gətirə bilməyəcək”.

“İranın özünə gəlincə, bu, ilk növbədə, ruhani lider Ayətullah Seyid Əli Xamenei və yeni Prezident Məsud Pezeşkian tərəfindən səsləndirilən İranın xarici siyasətinin yeni konsepsiyasının mövqeyinə zərbədir. Yeni rəhbərlik Qərbə münasibətləri normallaşdırmağa çağırış etdi və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması ikinci sıraya qoyuldu. Yəni ilk növbədə təkcə coğrafi baxımdan qonşu olan ərəb ölkələri deyil, həm də Çin, Rusiya və s. nəzərdə tutulur. Bu vəziyyətdə Qərb istiqamətində 180 dərəcə dönüş İran üçün indi qeyri-mümkündür. Bu, şübhəsiz ki, bir çağırışdır, lakin bütün əlamətlərə görə genişmiqyaslı regional müharibəyə səbəb olmayacaq. Əksinə, regionda siyasi vəziyyəti gərginləşdirəcək bir faktdır”, - deyə politoloq fikrini yekunlaşdırıb.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Fransa “demokratiya, azadlıq, tolerantlıq” adı altında dünya səhnəsində özünü rüsvay etməkdə davam edir. Və bu halda söhbət təkcə Parisin həm daxili, həm də xarici siyasətdəki tam uğursuzluqlarından getmir. Fransızlar dünya ictimaiyyətinin gözündə gülüş obyektinə çevrildikləri yeni platformalar axtarır və ən əsası tapırlar.

Ötən il Parisdə və ölkənin digər şəhərlərində keçirilən müntəzəm etirazlar Emmanuel Makronun uğursuz daxili siyasi addımlarını açıq şəkildə nümayiş etdirir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, özünü dünya demokratiyasının sütunlarından biri kimi göstərən ölkənin polisi etirazçılarla ən amansız şəkildə rəftar edirdi. Və bir çox fransızların narazılığına səbəb olan pensiya islahatı ilə də Makron “bəlaya düşdü”.

Fransanın xarici siyasətində işlər daha da pis idi. Afrika fiaskosu Makronun onsuz da aşağı olan reytinqinə ağır zərbə vurdu. Niger, Burikna-Faso, Mali kimi ölkələrdə ən güclü Afrika təpiyi Fransanın beşinci nöqtəsinə vuruldu.

Bununla belə, sadəlövh Makron hesab edirdi ki, Afrika yolunda uğursuzluqlar Cənubi Qafqazda, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsi məsələsində “müdrik” siyasətlə kompensasiya edilə bilər. Amma burada da Fransa Prezidenti özünü tamamilə “dəfn etdi”: dünya ictimaiyyəti Makronun nə hörmətə, nə də səlahiyyətə malik olduğunu birbaşa gördü. Azərbaycan Prezidenti İlham Əliyev Parisi sözün əsl mənasında bu prosesdən sıxışdırıb çıxardı. Bu da gözlənilən idi: Fransanın açıq-aşkar ermənipərəst mövqeyi sülhün əldə olunmasına heç bir töhfə vermədi, əksinə, ocağa benzin tökdü.

Təbii ki, burada Qarabağda separatçı hərbi xuntanın süqutu ilə başa çatan sentyabr anti-terror əməliyyatından sonra Fransanın BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycan əleyhinə qətnamə qəbul etməyə necə cəhd etdiyini xatırlamaq lazımdır. Və yenidən uğursuzluq.

Lakin ötən həftənin sonunda Paris yeni bir sahədə: idmanda dünya ictimaiyyətini təəccübləndirməyi bacardı. İstər yerli, istərsə də dünya mediası mahiyyəti və forması ilə iyrənc olan 2024-cü il Olimpiadasının açılışı ilə bağlı çox yazıb.

Təbii ki, açılışın kuliminasiya nöqtəsi medianın, siyasətçilərin, ictimai xadimlərin və kilsənin diqqət mərkəzində olub. Söhbət LGBT icmasının nümayəndələrinin İsanın apostolları kimi çıxış etdiyi Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin reproduksiyasından gedir. Tamaşada həmçinin saqqallı bir qadın və tamamilə mavi rəngə boyanmış, demək olar ki, çılpaq bir kişi iştirak edirdi.

Bu arada Beynəlxalq Olimpiya Komitəsi (BOK) “liberal” Fransanın qalmaqallı hərəkətinə görə izahat verməli oldu. BOK iyrənc Olimpiya açılış mərasiminə görə ictimaiyyətdən üzr istədi.

BOK-un sosial mediadakı X səhifəsində iyulun 28-də dərc edilmiş bəyanatda deyilir: “BOK Paris Təşkilat Komitəsinin açılış mərasimi ilə bağlı verdiyi açıqlamaları qeyd etdi və alqışlayır”.

Eyni zamanda, kommunikasiya üzrə təşkilat komitəsinin direktoru Enn Deşam brifinqdə özünə bəraət qazandırmaq üçün pafoslu cəhd etdi. O, təşkilatçıların "cəmiyyətin müxtəlifliyini vurğulamaq" və sosial qruplara hörmətsizlik göstərmək istəmədiyini söylədi.

Heyrətamiz mövqe. Belə olan halda təşkilatçılar niyə “müxtəliflik” spektrini genişləndirib, cəmiyyətin eyni zamanda elementləri olan təcavüzkarları, qatilləri, narkomanları və sairi açılışa dəvət etmədilər? Amma ən əsası odur ki, saxta tolerantlıq şüarı altında LGBT-nin iyrənc əməllərini təbliğ edən fransızlar İslamı qəbul edən qaradərili fransız idmançı Sounkamba Sillanı Olimpiya Oyunlarının açılış mərasimində iştirak hüququndan məhrum ediblər.

Ancaq əlbəttə ki, bizi ən çox Fransa tərəfinin ən mühüm idman hadisəsini siyasiləşdirmək cəhdi maraqlandırırdı. Artıq xəbər verdiyimiz kimi, Fransanın “France 2” telekanalının canlı efirində aparıcılar Azərbaycan idmançıları ilə bağlı təxribat xarakterli açıqlamalar veriblər.

Erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri simpatiyasını gizlədə bilməyib: “Bizim erməni dostlarımız olan Ermənistan tarixən fransızların qəlbinə yaxın olan ölkədir”.

Aparıcı Qarabağdakı separatçı rejimin tarixdən silinməsi ilə bağlı təxribat xarakterli fikirlər də səsləndirib. Bu sözlər Azərbaycan və Ermənistan idmançılarının keçidi kontekstində deyilib və Azərbaycan ictimaiyyətinin mənfi reaksiyasına səbəb olub. Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” kimi təqdim edib.

Bu açıq-aşkar faktla bağlı Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsi BOK-a rəsmi etiraz məktubu ünvanlayıb. Qeyd edilir ki, dövlət televiziyasının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq şəkildə pozulmasıdır. Bu cür təbliğat təkcə Oyunların ruhuna zidd deyil, həm də Azərbaycan ilə Ermənistan arasında sülh səylərini sarsıtmağa xidmət edir.

Bununla belə, xoşagəlməz hadisənin, görünür, davamı var. Belə ki, olimpiya təxribatı ilə bağlı Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi ilə Azərbaycanın Hollandiyadakı səfiri Rəhman Mustafayev arasında mübahisə yaranıb.

“X” sosial şəbəkəsində buna səbəb “France 2” telekanalının aparıcısının “Dağlıq Qarabağ”ın itirilməsi və onun Azərbaycan ordusu tərəfindən ələ keçirilməsi ilə bağlı sözlərini sitat gətirən fransız diplomatın son paylaşımı olub.

Rəhman Mustafayev bu paylaşımı belə şərh edib: “Ermənilər, təbii ki, sizin dostlarınızdır. Amma söhbət Qarabağın “yıxılmasından” getmir. Onun yeniləşməsi və dirçəlişi başlayır, gözəl perspektivləri açılır. Əgər ermənilər “yaxşı oğlanlar” olsalar, bu perspektivlərdən yararlana biləcəklər”.

Dekotinyi cavab olaraq “Dağlıq Qarabağ ermənilərinin qanuni hüquqları”, o cümlədən evlərinə qayıtmaq haqqında köhnə, kədərli mahnını oxumağa başlayıb.

Gördüyümüz kimi, Fransa tərəfi ənənələrə sadiq qalaraq, yenə də anlayışların dəyişdirilməsi ilə məşğuldur. Heç kim Qarabağ ermənilərinin hüquqlarını pozmağa hazırlaşmır. Və heç kim onların geri qayıtmasına mane olmur. Amma bir şərt var: Azərbaycan vətəndaşlığını qəbul etmək. Hamısı budur. Əks halda, asanlıqla Fransaya köçüb orada erməni pasportu ilə yaşaya bilərlər...

Müəllif: Fed Bakinski - Mənbə: AYNA.az
 
Ardını oxu...
Almaniyanın keçmiş kanslerinin Rusiyanın sabiq Prezidentinə konstitusiyanı pozmağa kömək etməsinin detalları üzə çıxıb

1993-cü ildə Rusiya Prezidenti Boris Yeltsin hakimiyyət uğrunda mübarizədə böyük qələbə qazandı. Hökumət materiallarından belə çıxır ki, Almaniya kansleri Helmut Kol Yeltsini dəstəkləyib. Rusiyadakı Putin rejimi bu razılaşmadan bu günə qədər faydalanmaqda davam edir. “Der Spigel” Almaniya Federal Hökumətinin arxiv sənədlərinə istinadən maraqlı məlumatları üzə çıxarıb.

- 1993-cü ildə Almaniya kansleri Helmut Kol Asiyaya iki həftəlik səfər edir və geri qayıdarkən Moskvada dayanaraq Rusiya Prezidenti Boris Yeltsinlə görüşüb. 1993-cü il martın 3-ü idi. O dövrdə Rusiya dərin borc içində idi, istehsal minimuma enmişdi, inflyasiya sürətlə artırdı. Və heç bir həll yolu görünmürdü: Yeltsin və parlament bir-birinin işinə mane oldular.
Ardını oxu...
-Yeltsin qonağı villasında qəbul edib və orada iki saata yaxın söhbət ediblər. O zaman Kolun reputasiyası pik həddində idi. Yeltsin Helmutu "həmişə böyük insan anlayışı və müdrikliyi göstərdiyinə" görə tərifləyirdi. Alman liderinin siyasi instinktləri onu növbəti dəfə məğlub etmədi və vaxtında Moskvaya gətirdi. Yeltsin “demokratiyanı və bazar iqtisadiyyatını xilas etmək üçün həddindən artıq tədbirlər görməyə” hazırlaşırdı.

- Kol Yeltsinin nəyi nəzərdə tutduğunu soruşduqda cavab verdi ki, Şarl de Qollun 1958-ci ildə Fransada istifadə etdiyi variant haqqında düşünür. General Əlcəzairdə hərbi çevrilişdən sonra hakimiyyətə gəlib və dövlət başçısına geniş hüquqlar verən yeni konstitusiya hazırlayıb.

- Yeltsin analoji yolla getsə, Qərb sponsorlarının, xüsusən də əsas kreditor kimi Almaniyanın necə reaksiya verəcəyini soruşub. Kol indi yayımlanan Almaniya Federal Hökumət sənədlərinin sübut etdiyi kimi, dəstəyini vəd edib.

- Moskvada hakimiyyət uğrunda mübarizə 1993-cü ilin payızına qədər davam etdi. Prezident sonda parlamenti və Konstitusiya Məhkəməsini buraxdı və ona geniş səlahiyyətlər verən yeni konstitusiya hazırladı. Kol söz verdiyi kimi, maliyyə və siyasi dəstək üçün “Böyük yeddilik” (G7) ölkələrinə və Avropa Birliyinə müraciət etdi: “Biz Yeltsinə üstünlük veririk”, dedi.

- Lakin 1958-ci ildəki Fransadan fərqli olaraq Rusiyada həmin hadisələr zamanı itkilər olub. Parlament konstitusiya islahatına cavab olaraq Yeltsini impiçment elan etdi. Oktyabrın 3-də Yeltsinin silahlı əleyhdarları televiziyanın qərargahına və Moskva meriyasına soxulublar. Buna cavab olaraq Yeltsin Kremlə basqın etməyi əmr edib. Rəsmi məlumatlara görə, 187 nəfər həmin hadisələrin qurbanı olub.
- Helmut Kol Yeltsinin malikanədə keçirdiyi görüş zamanı “ifrat tədbirlər” elan etdiyini gizlətmədi. Lakin o, bu qərarın verilməsində rolunu gizlədib. Səbəblər bəllidir - Yeltsin qanunu pozacağını etiraf edib. Kol insanların ölümünə görə heç bir şəxsi məsuliyyət daşımasa da, bu faciəli hadisələr zəncirinin bir halqasına çevrilib.

- Kol hökumətinin məxfi Rusiya sənədləri, o cümlədən 1993-cü ilin martında imzalanmış danışıqlar memorandumu bu il açıqlandı. Bu məlumatlar Almaniyanın Rusiyaya qarşı siyasəti ilə bağlı müzakirələrə əlavə təkan verə bilər.

- Bu günkü yüksəklikdən və Putin rejiminin güclənməsindən Yeltsinin imici əhəmiyyətli dərəcədə dəyişdi. Yeltsinin cəhdlərinə baxmayaraq, Rusiyada demokratiyanın iflasa uğradığı uzun müddətdir hesab olunurdu. Hazırda əksinə, bir çox tarixçilər, eləcə də rus müxalifətçiləri hesab edirlər ki, Yeltsin Putinin şaquli mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verib. Kompromis axtarmaq əvəzinə, sərtliyə arxalandı.

- Putin daha sonra yeni konstitusiyanın ona verdiyi geniş səlahiyyətlərdən istifadə etdi və bu, avtoritarlaşma yolunda “əsas məqam” oldu. Bunu Helsinki Universitetindən rusiyalı politoloq Vladimir Gelman deyir.

- 1991-ci ildə Kol və Yeltsin ilk dəfə görüşdülər və dərhal ortaq dil tapdılar. Yeltsinin SSRİ-nin ilk və sonuncu Prezidenti Mixail Qorbaçova qarşı çevrilişi necə qətiyyətlə darmadağın etməsinə Kol da heyran idi.

- Daha sonra ikisi Sibirdə Baykal gölünə səyahətə çıxıb, orada balıq tutaraq birlikdə hamama gediblər. Yeltsin də, Kol da yaxşı münasibətlər qurmaqda maraqlı idilər. Yeltsin Almaniyanın iqtisadi yardımından asılı idi, Kol isə Rusiyanın nüvə arsenalının potensial təhlükəsindən narahat idi.

- Kolun xahişi ilə Yeltsin Sovet qoşunlarının keçmiş SSRİ respublikalarından çıxarılmasını sürətləndirdi. Bundan əlavə, Qərbin Bosniya münaqişəsində Rusiyanın köməyinə ehtiyacı var idi, çünki belə görünürdü ki, Serbiya rəhbərliyinə yalnız Moskva təsir edə bilər. Kanslerin qeydində deyilir: "Yeltsin olmasaydı, hər şey daha çətin olardı".

- Lakin 1992-ci ildə Moskvada vəziyyət daha da pisləşdi. Yeltsin planlı iqtisadiyyatı islahat etmək üçün şok terapiyasına əl atdı. Bu, iqtisadiyyatı çöküş həddinə çatdırdı və Prezidentlə parlament arasında qarşıdurmaya səbəb oldu. Yeltsinin siyasəti dalana dirəndi.

- Kol Yeltsinin parlamentdəki rəqiblərini ciddi qəbul etmirdi. Bu deputatlar SSRİ mövcud olduğu dövrdə seçiliblər və Almaniya kanslerinin fikrincə, “xalqla ortaq cəhətləri az idi”.

Xalq Deputatları Konqresinin 1068 deputatı arasında əslində millətçilər, kommunistlər və antisemitlər var idi. Lakin müasir ekspertlərin fikrincə, onlar azlıq təşkil edirdi. Yeltsin düşərgəsi və parlamenti hakimiyyət uğrunda deyil, siyasi ideologiya uğrunda mübarizə aparırdı.

Müəllif: Turan Abdulla
ayna.az
Ardını oxu...
Məlum olduğu kimi, bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tələbləri pozduğuna görə "Azərbaycan Dəmir Yolları" QSC-ni 246 241 manat cərimələyib. Cərimələnməyə səbəb kimi qurumun inhisarçı davranışları göstərilib.

Belə ki, ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, kontragentə (qarşı tərəf) sərfəli olmayan müqavilə şərtlərinin məcburi qəbul etdirilməsi, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri ilə bağlı araşdırmalar aparılıb. Nəticədə, "Azərbaycan Dəmir Yolları" QSC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Bakıvaxtı.az-ın araşdırmasına görə, işə baxılma zamanı müvafiq sahədə təbii inhisar subyekti olan “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müvafiq bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin yüklərin daşınması ilə bağlı verdiyi sifarişlərdən əsassız olaraq imtina edildiyi, tabeliyində olan təsərrüfat subyektinə yüklərin daşınması ilə bağlı dempinqin tətbiqi üçün şərait yaradıldığı və infrastrukturdan istifadə ilə bağlı ADY QSC öz törəmə müəssisələrinə xüsusi güzəştləri tətbiq etdiyi aşkarlanıb.

Bu, 11 iyul 2024-cü il tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı - Dövlət büdcəsinə ödəməlidir” sərlövhəli məqalədə qurumun yol verdiyi qanunsuzluqlarla bağlı qərarın detallarında öz əksini tapır. Belə ki, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrıseçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər. Dövlət Xidmətinin hərtərəfli araşdırmasından sonra məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC haqsız rəqabətə yol verərək, “Antiinhisar fəaliyyəti haqqında” qanunu kobud şəkildə pozub.

“Azərbaycan Dəmir Yolları” QSC mediada yayılan informasiyaları və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iddialarını rədd edərək, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC-nin yükdaşıma sifarişlərindən imtinalarının əsassız olmadığını və Dövlət Xidmətinə müraciət etmiş bu şirkətlərin ADY-yə külli miqdarda borc öhdəliklərinin olduğunu açıqlayıb.

Reallıq isə tamamilə başqadır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi qərarına əsasən, “Alliance Logistics” MMC-nin müraciəti, eləcə də həmin müraciət üzrə toplanılmış əlavə məlumatlarda "ADY" QSC-nin konteyner daşımaları bazarında özəl şirkətlərlə yanaşı, özünün törəmə şirkətləri olan "ADY Ekspress" MMC və "ADY Konteyner" MMC ilə fəaliyyət göstərdiyi, həmin törəmə şirkətlərə tətbiq olunan güzəştli və xüsusi tarifləri digər özəl ekspeditorlara tətbiq etməkdən imtina etdiyi, 2023-cü ilin noyabr ayında "Alliance Logistics" MMC-nin sifarişi ilə "Gürcüstan Dəmir Yolları" SC-dən daxil olmuş 40-dan çox "mesplan"ın (tranzit yükdaşımalar zamanı marşrut üzrə daşımada iştirak edən dəmiryol administrasiyalarının öz əraziləri üzrə yükün hərəkətinə icazə verilməsini təmin edən sənəd) razılaşdırılmasından heç bir əsas gətirmədən imtina etdiyi və nəzarətində olan Hövsan stansiyası tərəfindən 2023-cü ilin iyul-avqust ayları üzrə "Alliance Logistics" MMC-yə (o cümlədən törəmə müəssisəsi "Alliance Multimodal" MMC-yə) göstərilmiş xidmətlərə görə artıq yığımlar hesabladığı qeyd olunub.

Əlavə olaraq, "Alliance Multimodal" MMC-nin 2023-cü fraxt ilində Sumqayıt Yük Terminalının xidmətlərindən istifadə etmək məqsədilə "ADY Konteyner" MMC ilə müqavilə bağladığı, həmin müqaviləyə uyğun olaraq "Alliance Multimodal" MMC-nin bir çox sifarişlərin icrası üzrə öhdəliklərinin yarandığı, lakin "ADY Konteyner" MMC tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi və "ADY" QSC-nin törəmə şirkəti tərəfindən yeni müqavilənin bağlanılmasından imtina olunduğu qeyd olunub.

""Təbii inhisarlar haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 14-cü bəndinə əsasən magistral və yerli dəmiryol xəttlərinin,yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti,dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2013-cü il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısına" daxil edilib.

Araşdırmaya görə, təbii inhisar subyekti olan "ADY" QSC-nin əsas öhdəliyi magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı ilə əlaqədar özəl sahibkarlıq subyektlərinin bu obyektlərdən istifadə etməsinə rahat şərait yaratmaq, habelə Orta Dəhliz üzrə daşımaların artırılmasına ehtiyac olduğu zamanda fəaliyyəti beynəlxalq daşımalarla bağlı olan sahibkarlıq subyektlərinə mümkün ola biləcək hər bir dəstək verməkdən ibarət olduğu halda, "ADY" QSC tərəfindən özəl sahibkarlıq subyektlərinə fəaliyyətinə müxtəlif maneələr yaradılır,"ADY" QSC tərəfindən "ADY Konteyner" MMC-yə güzəştli və xüsusi tariflər tətbiq olunur. Nəticədə, "ADY" QSC-nin törəmə müəssisələrinin bazar payı və dövriyyəsi artır.

Nəzərə almaq lazımdır ki, ölkədə dəmir yol infrastrukturu dövlət mülkiyyətindədir və yalnız "ADY" QSC tərəfindən idarə olunur.

Beləliklə, qeyd edilən İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı ilə ADY QSC-nin həm infrastrukturu idarə etməsi, həm də kommersiya fəaliyyəti ilə məşğul olması nəticəsində özəl şirkətlərin fəaliyyətinə və biznes mühitinə mənfi təsirləri öz təsdiqini tapmış olur.

Gülşən Şərif
 
 
 

Dünyapress TV

Xəbər lenti