Rusiyada “Hörümçək toru” kod adı ilə həyata keçirilən və onlarla strateji əhəmiyyətli hərbi təyyarənin məhv edilməsilə nəticələnən əməliyyatın əsas şübhəlisi axtarılır.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, hücumda istifadə olunan yük maşınlarının sürücüləri dindirilib. Onlar yükün çatdırılması ilə bağlı sifarişlərin 37 yaşlı Ukrayna vətəndaşı tərəfindən verildiyini və bu maşınların da ona məxsus olduğunu bildiriblər.
Məlum olduğu kimi, bu yük maşınları "modul evlər" daşıyıb, lakin əslində həmin evlər mobil buraxılış platformaları imiş.
Hücum üçün Ukraynanın FPV pilotsuz təyyarələrindən istifadə edilib. Onlar Rusiyada lazımi obyektlərin yaxınlığında dayanan yük maşınlarından buraxılıb. Əməliyyatda hər birinin ayrıca operatoru olan 117 pilotsuz təyyarə iştirak edib.
4 yük maşınının sürücülərinin istintaqa eyni ifadələr verdiyi bildirilir. Bütün maşınlar 37 yaşlı Artyoma məxsus olub. İlkin məlumatlara görə, o, Ukrayna vətəndaşıdır. Rusiya mediası artıq onun fotolarını yayımlayıb. Söhbət 37 yaşlı Artyom Timofeyevdən gedir. O, Ukraynanın Jitomir şəhərində anadan olub və bir neçə il əvvəl Çelyabinsk vilayətinə köçüb.
Sürücülərdən biri, Çelyabinskdən olan 55 yaşlı Aleksandr naməlum şəxsdən telefonla harada və nə vaxt dayanması barədə göstəriş aldığını bildirib. Onun marşrutu Murmansk vilayətindəki hərbi aerodrom yaxınlığındakı Rosneft yanacaqdoldurma məntəqəsində başa çatıb. Dronlar da elə buradan qalxmağa başlayıb.
"Modul evləri" İrkutska çatdıran 61 yaşlı Andrey də eyni cür göstəriş alıb. Dronlar onun sürdüyü yük maşını Usolye-Sibirskoyedəki kafenin yanında dayanarkən havaya qalxıb.
Rusiya müstəntiqləri artıq “terror aktı” maddəsi ilə cinayət işi açıblar. Onlar hücumların təşkili ilə birbaşa əlaqəsi ola biləcək hər dörd yük maşınının sahibinin yerini müəyyənləşdirməyə çalışırlar. Lakin xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski əməliyyatı təşkil edən bütün şəxslərin artıq Ukarynada olduğunu deyib.