Ardını oxu...
Beyləqanda şöbə müdiri icra başçısından “donoslar” ötürməklə məşğuldur...- İlqar Quliyev həm ərazi orqanlarını, həm də Asif Ağayevi idarə edir
Son vaxtlar mətbuatda Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin barəsində çox ciddi tənqidi məqalələr dərc olunur, kifayət qədər ağır ittihamlar səslənir. Hətta o da bildirilir ki, hazırda rayon üzrə hüquq – mühafizə, cinayət təqibi orqanları tərəfindən araşdırılan korrupsiya faktlarında Asif Ağayevin dərin izləri üzə çıxıb.
Əlbəttə, belə informasiyaların yayılmasının ilk səbəbkarı elə başçının özüdür, öz əməlləri, rəvac verdiyi qanunsuzluqlardır. Amma yetərincə müfəssəl görünən həmin məlumatların hətta ötəri, vizual təhlili belə göstərir ki, onlar kifayət qədər etibarlı mənbədən ötürülür.
Beyləqanın “kiçik padşahı” Asif Ağayevin sarayından sızan məlumata görə, KİV-ə ötürülən, sonradan hüquq-mühafizə orqanlarına araşdırma predmeti kimi çıxış edən “etibarlı mənbə” RİH başçısının müavini - RİH-nin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Quliyevdir. Rayon ictimaiyyətinə yaxşı məlumdur ki, İlqar Quliyev elə Asif Ağayevin özünü də müəyyən mənada idarə edir, onun kabinetinə ən çox girib-çıxan şəxs olaraq xüsusilə də kadr seçimi məsələlərində qərarlarına təsir göstərir. Bildirilir ki, 4 ildir rayona başçılıq edən Asif Ağayev yerli ictimaiyyəti yaxşı tanımadığı üçün ərazi vahidləri üzrə icra nümayəndəliklərinə sədr və digər vəzifələrə qulluqçu təyinatı məsələlərini, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrlə münasibətləri əhaliyə yaxından bələd olan İlqar Quliyevə etibar edib. O, isə eləmə tənbəllik, yaxın-uzaq qohumlarını və başqa cür marağını çəkən şəxsləri həmin vəzifələrə yerləşdirib. İlqar Quliyevin təqdimatı ilə vəzifələrə yerləşdirilən həmin şəxslər sonradan vəzifələrinin öhdəsindən gəlməməklə, yaxud, vəzifələrindən sui-istifadə etməklə, yerlərdə əhalinin Rayon İcra Hakimiyyətinə, şəxsən başçı Asif Ağayevə etimadını sarsıtmış, onun haqqında səslənən tənqidi fikirləri qüvvətə yüksəltmişlər. Məsələn, İlqar Quliyevin “xeyir-duası” ilə az əvvəl RİH-nin Aşıqalılar inzibati ərazi vahidi üzrə nümayəndəliyinə sədr təyin olunmuş şəxs artıq indidən, fəaliyyətə başlar-başlamaz əhalinin narazılığına səbəb olmuşdur. reportyor.tv
Beyləqan ictimaiyyəti yaxşı xatırlayır ki, hələ sabiq icra başçısı Vaqif Abdullayev bu kimi əməllərinə görə İlqar Quliyevi yumşaq ifadə ilə desək, sərt tənbeh edirdi, özü də kabinetdə yox, adam içində, iclaslarda, səyyar görüşlərdə.
Amma İlqar Quliyev həm də uzaqgörən adamdır, zaman-zaman Asif Ağayevin barəsində mətbuata “donoslar” ötürməklə, həm onu təzyiq altında saxlayır, həm də özünün qara günü üçün KİV nümayəndələri arasından dostlar saxlayır. Bir sözlə, “üzdə mələk, arxada kələk” misalında olduğu kimi, İlqar Quliyev özünü icra başçısı Asif Ağayevə sadiq, daşıdığı vəzifəyə layiq məmur kimi göstərsə də, arxada onun ayağının altını qazır.
Reportyor.tv
 
Şikayətçimiz Azərbaycan Tibb Universitetinin dosenti, ixtiraçı alim, tanınmış həkim Zeyqəm Süleymanovdur. Şikayəti isə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, professor Ədalət Həsənovun ədalətsizliyindən və onun əməkdaşlarının məqsədyönlü şəkildə etinasız münasibətindəndir.

Hadisənin tarixçəsi...

Zeyqəm Süleymanovun sözlərinə görə 12 avqust 2020-ci il axşam saat 8-9 radələrində gözləmədikləri halda yaşadıqları evə gəlininin anası, dayısı, dayısı arvadı və anasının dayısı oğlu basqın edərcəsinə gəliblər.

Oğlan uşağına 7-8 aylıq hamilə olan gəlinini və 1 yaş 3 aylıq qız nəvəsini heç bir əsas olmadan, müxtəlif böhtan (qızları daha bu evdə yaşaya bilməzmiş, biz onu ailəlikcə incidirmişik, əri onu döyürmüş, atasını söyürmüş) və digər bəhanələrlə yaşadıqları evdən aparıblar.

Gedərkən gəlin bütün əşya-geyim və sənədləri götürərək həm ərinin, həm də onun ailə üzvlərinin telefonlarını bloklayıb.

Avqustun 12-dən 13-nə keçən gecə gəlində dölyanı suyun axması baş verib və o yalnız gündüz saat 10-12 radələrində Respublika Kliniki Xəstəxanasının doğum və “Şüa-Diaqnostika” şöbələrinə müraciət edib.

Həkimlər tərəfindən özü və bətnindəki uşaq müayinə olunub. Müayinə protokolunda, ana bətnindəki uşağın inkişafının hamiləliyin müddətinə uyğun olaraq görünüb və uşağın həyati təhlükəsi olmayıb.
Ardını oxu...
Ultrasəs müayinəsində uşağın ürək döyüntüləri, beyni, inkişafı, təxmini çəkisinin normal olduğu, yalnız dölyanı suyun azaldığı müşahidə edilib. Amma su şəffaf olub, yəni o dövrdə infeksiyalaşma hələ baş verməyib.

Bununla belə, dölyanı su açıldığına görə anaya yataq şəraitində müalicə olunması tövsiyyə olunub (bunu gəlin müstəntiqə verdiyi izahatında da qeyd edib), stasionar müalicədən imtina edən gəlinə müvafiq müalicə yazılıb.

Müalicə nəticəsində dölyanı suyun axması kəsilməsə də, gəlin bu barədə həkimə məlumat verməyib və suyun axması davam edə-edə dayısı evində həkim nəzarəti olmadan qalıb.

Avqustun 19-da gecə saat 8-9 radələrində gəlində uşaqlıq qanaması baş verib və o səhlənkarlıq edərək yalnız saat 23:37-də müalicəni təyin etmiş həkimə zəng vurub, qanaması olduğunu bildirib (araşdırma sənədləri arasında bunların sübutu var).

Beləliklə avqustun 20-də saat 00:55-də 32 həftəlik oğlan uşağı cərrahi müdaxilə ilə doğulub və doğularkən koma vəziyyətində olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Avqustun 21-də icra olunmuş neyrosonoqrafiya müayinəsi zamanı “Uşaqda beyin şırımı və beyin qırışları aydın görünmür, periventrikulyar ödem və qansızma I dərəcə izlənir. Abdominal müayinə zamanı hər iki böyrəklər normaldır, öd kisəsi möhtəviyyatı qatılaşmış izləndi”- diaqnozu verilib.

Baş verən bütün bu hadisələr uşağın atasından və onun həkimlərdən ibarət olan ailədən 34 saat ərzində gizlədilib. Reanimasiya şöbələrinin həkimlərinin bütün səylərinə baxmayaraq uşaq 9 gün sonra xəstəxanada ölüb.

Acınacaqlı fakt və tərəflər...

Ortada acınacaqlı bir fakt var...Bu məsum bir körpənin ölüm faktıdır. Tərəflər də var. Birinci tərəf hər cür qayğı ilə əhatə olunmuş və bətnində sağlam uşaq daşıyan, lakin mənasız bir kaprizə görə ər evindən getmək istəyən ana, ikinci tərəf hamilə qadını israr və təkidlə ər evindən aparanlar, üçüncü tərəf isə məsum uşağın həyatı uğrunda mübarizə aparan həkimlərdir.

Zeyqəm Süleymanovun iddiasına görə bu acınacaqlı faktın, yəni məsum uşağın ölümünə bilərəkdən və ya bilməyərək səbəbiyyət verənlər bu tərəflərdən biridir:

“Çünki uşaq ata evində ikən sağlam olub. Bunu ertəsi gün həyata keçirilən müayinələr sübut edir. Deməli məsum körpənin ölümünün səbəbkarını qarşı tərəflər arasında axtarmaq lazımdır, burada başqa bir ehtimal yoxdur”.

Səbəbkar axtarışı və müraciət olunmuş qurum...

Zeyqəm Süleymanov nəvəsinin ölümünün səbəbkarı kimdir sualına cavab tapmaq üçün Yasamal Rayon Prokurorluğuna müraciət edib. İlk müraciət 2020-ci ilin sentyabr ayının 3-də, uşaq ölümündən cəmi bir neçə gün sonra olunub. İlk müraciət heç bir nəticə verməyib.

Şikayətçiyə uzun-uzadı izah olunub ki, ölkəmizdə komatoz vəziyyətdə doğulan və sonra ölən uşaq üçün ananı məsuliyyətə cəlb etmək praktikası və uyğun qanun maddəsi yoxdur.

Yasamal Rayon Prokurorluğuna 2021-ci ilin noyabr ayında ikinci müraciət olunub. Bundan sonra hadisə daha ciddi şəkildə araşdırılmağa başlanılıb və iş materialları rəy üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Cavab olaraq 28.03.2022-ci il tarixli KEŞ 130 nömrəli ekspert rəyində göstərilib ki, həkimlər tərəfindən qoyulmuş “Erkən doğulmuş uşaq, Tənəffüs pozulması sindromu, Periventrikulyar ödem, Qansızma və Bətndaxili infeksiya” diaqnozları düzgün qoyulub və yenidoğulmuş uşağa göstərilən tibbi yardımlar onun vəziyyətinə uyğun olub.

Verilmiş bu rəyə əsaslanan müstəntiq 31 mart 2022-ci il tarixli qərarı ilə 36-C-22 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlamasını rədd edib.

Bu sualın cavabı niyə gizlədilir?

Şikayətçi israrla cavab almaq istədiyi sualın cavabının ortada olmadığını vurğulayıb:

“İlk baxışda hər şey məntiqi görünür, lakin gözdən qaçıbmı, əhəmiyyətmi verilməyib, yoxsa bilərəkdənmi toxunulmayıb o suala? Necə olub ki, avqustun 13-də normal vəziyyətdə olan və həyati təhlükəsi olmayan 31 həftəlik döl bir həftə ərzində ana bətnində komatoz vəziyyətə düşüb? Həkim günahı yoxdursa, kimdir günahkar sualının cavabı niyə yoxdur? Həm də bu sualın cavabını tanınmış alim-həkim tələb edirsə, niyə görməzlikdən gəlinir? Bu bir təsadüfdürmü?”

Prokurorluq qarşısında qoyduğu sualların cavabını ala bilməyən Zeyqəm Süleymanov ekspertlərə məsuliyyət daşıdıqlarını yazılı şəkildə xatırladaraq çətinliklə də olsa işin təkrar ekspertizaya göndərilməsinə nail olub və bu dəfə ekspertlər qarşısında qoyulan sualları müstəntiq daha peşəkarcasına 5 qrup şəklində tərtib edib.

“Məhkəmə icraçılarına təsir edən əl var...”

Şikayətçi qeyd edib ki, ekspertlər Cavid Cahangirli, Minurə Kazımova və Aynur Fərzəliyevanın imzası ilə ona 2022-ci il iyulun 4-də gəlinmiş 5 bənddən ibarət nəticə təqdim edilib:

“Bütün məsələlərə aydınlıq gətirilib. Yalnız 13.08.2020-ci il tarixindən sonra dölyanı suyun axmağa davam etməsinə baxmayaraq həkimə getməmək və ona hətta xəbər verməmək, (hüquqi dildə - hərəkətsizlik) həmçinin 19.08.2020-ci il tarixində saat 21 radələrində başlayan qanama ilə həkimə gec müraciət etməklə (23:37) uşağın komatoz vəziyyətdə doğulması arasında səbəbli əlaqə vardırmı?” sualı yenə cavabsız qalıb.

Bu yenə də təsdüfdürmü? Xeyr! Hadisənin davamı göstərir ki, ortada ekspertlərə, Lənkəran Qəyyumluq və himayəçilik komissiyasına, məhkəmələrə (Lənkəran Rayon və Şirvan Apellyasiya), həmçinin Lənkəran Rayon Məhkəmə icraçılarına təsir edən bir əl var, sahibi görünmür, amma bu əlin fəaliyyəti aktiv şəkildə hiss edilir.

“Burada mən, Bağdadda kor xəlifə...”

Həkim Zeyqəm Süleymanov deyir ki, hamiləliyin son dövrlərində ortaya çıxan erkən doğuş əlamətləri bilavasitə Patoloji doğum şöbəsində stasionar müalicəsi üçün bilavasitə göstərişdir.

Bu qaydaya əməl olunmadığı və dölyanı suyun kəsilmədiyi səbəbindən uşaq ananın bətnində köməksiz vəziyyətdə qalıb:

“Uşağın tibbi müalicəyə və tibbi yardıma ehtiyacı olsa da, nə həkimə gediblər, nə də suyun dayanmadığını həkimə xəbər verməyiblər. Bir sözlə uşağı ölümə tərk ediblər. Maddi sıxıntıdanmı, yoxsa acıqlamı etdilər – bilmirəm, ancaq görünən odur ki, ya bilərəkdən, ya da bilməyərəkdən ölümə səbəbiyyət veriblər.

Bu isə cinayətdir. Azərbaycan Respublikasının da tərəfdar olduğu Beynəlxalq konvensiyaya görə “uşaq fiziki və əqli cəhətdən yetkin olmadığına görə istər doğulmamışdan əvvəl, istərsə də doğulduqdan sonra xüsusi qayğı tələb edən bir varlıqdır”. Yəni ana qarnındakı uşağa istədiyi kimi davrana bilməz. Əgər istədiyi kimi yanaşıb, onu kamatoz vəziyyətə salırsa, burada ananın məsuliyyəti var və ana onu dərk etməlidir.

Ekspertiza onu gizlədirsə, o qadın “burada mən, Bağdadda kor xəlifə deyib” istədiyini edəcək. Heç kim onun önünü kəsə bilməz. Nə yazıq ki, belə də oldu...”

“40 illik həkimlə bu cür rəftar edirlərsə, sıravi vətəndaşlar nə gündə olar?”

Heç kimə sirr deyil ki, “Prokurorluqda qəbul edilmiş qərarın ləğv olunmasına nail olmaq və yeni ekspertiza təyin etdirmək heç də asan proses deyil. Bununla belə təkrar ekspertizada ekspertlərin qoyulan sualdan təkrarən yayına bilməsi də asan məsələ deyil və həm də qarşılarında 40 illik təcrübəli və bilikli həkim varsa”, - deyə dosent əlavə edib.

Məsələ ilə bağlı Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbəri Ədalət Həsənovla dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verməyib.

Məlumat üçün bildirək ki, Zeyqəm Süleymanov tanınmış alim-həkim olmaqla yanaşı həm də Azərbaycanın ağır günlərində aktiv siyasi fəaliyyətlə məşğul olmuş şəxsdir.

Ermənilərin Şuşanın, paralel olaraq Sədərək körpüsünün işğalı ərəfəsində Naxçıvana erməniləri caydırıcı qurğuların gətirilməsində və Sədərək körpüsünün işğalı planının pozulmasında Zeyqəm Süleymanovun da əməyi var. Zeyqəm Süleymanov 2000-ci illərdə AMİP-in qeyri-konstruktiv siyasi xəttinə etiraz olaraq partiyanı və onun Siyasi Şurasını tərk edib.

2003-cü il Prezident seçkiləri, 2005-ci il parlament seçkiləri zamanı ölkəmizi xaosa çəkmək istəyənlərin qarşısında cəsarətlə dayanıb.

Bundan əlavə “Lider” televiziyası ilə əməkdaşlıq edib, həm də ciddi siyasi-analitik məzmunlu məqalələrlə mətbuat səhifələrində sözünü deyib. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan dövlətçiliyi üçün nə qədər vacib olduğunu dəfələrlə kəskin məntiqi ilə siyasi oponentlərinə isbat edib.

Qeyd edək ki, problem yalnız bundan ibarət deyil, ortada daha dəhşətli faktlar var və mövzunu diqqətdə saxlayacağıq...
Bizim.Media
 
 
 
Ardını oxu...Mərkəzi Neftçilər Xəstəxanasının Baş Direktoru Musa Abbasov haqqında sosial şəbəkələrdə müxtəlif zamanlarda yazılar dərc olunur.
Belə ki adı çəkilən Baş Direktorun korrupsiya əməlindən tutmuş, əxlaqsız işlərdə, məişət pozğunu kimi iddiaları irəli sürülür.
Bu necə tibb ocağıdır ki, qiymətlər özəl xəstəxanalardan bahadır, hətta əldə etdiyimiz məlumatlara görə əmək haqqı baş direktor Musa Abbasovun istəyinə uyğun verilir, adının çəkilməsini istəməyən tibb işçisi bildirir ki, 5 min manata yaxın rəhbərlik tərəfindən həkimlərə əmək haqqı verilir, bu da qanun pozuntusudur.
Belə olan halda sual yaranır ki, həkimləri hansı gördükləri işlərin qarşılığında bu maliyyə imkanları artırılır və buna əsas olmalıdır.
Amma deyilənlərdən aydın olur ki, Mərkəzi Neftçilər Xəstəxanasının Baş Direktoru Musa Abbasov həkimlərin əmək haqqısından öz payını götürür. Bunun qarşılığında da, belə maliyyə pozğunluğuna yol verir.
Digər məlumatlara görə, MNX direktoru Musa Abbasov, özəl xəstəxanaların birindı işləyən kardioloq Şəfəq Nəzirovaya söz verib ki, onu Gəncə Şəhər Abbas Səhhət adına xəstəxanaya Baş Həkim keçirdəcəkdir.
Deyilənlərə görə, Gəncə Şəhər Abbas Səhhət adına xəstəxananın baş həkiminidə Gəncə Şəhər Səhiyyə İdarəsinə müdir gedir.
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Musa Abbasov, hər yerdə bildirir ki, Təbibin rəhbəri Vüqar Qurbanov mənə yaxıın adamdır, hansı xəstəxanaya baş direktor qoymaq lazımdırsa bu işi mən layiqincə görə bilərəm.
Belə baş direktora yəni ki, Musa Abbasova bir ad vermək olar o da, makler.
Kardioloq Şəfəq Nəzirova haqqında digər məlumatlar əldə etmişik ki, Musa Abbasov onu dəstəkləyir, onun qərb bölgəsində xəstəxanaların birində baş həkim olmağı üçün, yaxın dostu olan Təbibin rəhbəri Vüqar Qurbanova bildiribdir, hələlik təyinat barəsində rəhbər ona real söz deməyibdir.
Yazılanların aidiyyəti üzrə araşdırılması tələb olunur.
Mövzuya yenidən qayıdacayıq....

xeberfakt.az

 
 

Ardını oxu...
 
 


Məlumat üçün qeyd edək ki, uzun illər Azərbaycanda səhiyyə müəssisələri əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olub.

 
Bir neçə il öncə İcbari Tibbi Sığorta Dövlət Agentliyi, sonra onun tabeçiliyində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ( TƏBİB ) yaradıldı. Daha sonra rayonlarda Tibb Mərkəzləri yaradıldı.
El arasında “ikitirəlik” deyilən bir ifadə var, deyərdilər ki, araya ikitirəlik salmayın, nəticəsi pis olar.
Vallah binəva, çarəsiz vətəndaşlar qalıblar Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Dövlət Agentliyi və TƏBİB-in arasında. Ömürlük xəstələr, əlillik almaq istəyənlər, dövlətdən pulsuz dərman almağa hüququ olanlar qalıblar bu qurumların arasında.
Nə isə, əsas mövzudan yayınmayaq.
Bəli, kiminsə təkilfi ilə Bakıda və rayonlarda Tibb Mərkəzləri yaradıldı və TƏBİB-ə tabe edildi.
Cənablar, Əli İnsanov, yaxud sabiq nazir Oqtay Şirəliyev yarıtmaz kadr ola bilər ee, bunun qosqoca nazirliyə nə dəxli var..?
Uşağı vannada yuyub təmizləyəndə uşağı çirkablı su ilə bərabər tullamırlar ee…
Nazirliyi bir neçə yerə parçalamağın, arada paralellik, həm də ikitirəlik yaratmağın nə mənası var..?
Təsəvvür edirsiniz, Bakının Nizami rayonunda N qədər tibbi müəssisə var.
Gəlin siyahıya nəzər salaq:
1 №-li Uşaq xəstəxanası
19 №-li Uşaq poliklinikası
17№-li Uşaq poliklinikası
7 №-li Doğum evi
7№-li Doğum evinin nəzdindəki 8 №-li qadın məsləhətxanası
4 №-li Uşaq stomotoloji poliklinikası
26 №-li Şəhər poliklinikası
18 №-li Birləşmiş Şəhər Xəstəxanası
11 №-li Birləşmiş şəhər xəstəxanası
32 №-li Birləşmiş şəhər xəstəxanası
2 №-li Dəri-zöhrəvi dispanseri
4 № li Vərəm Əleyhinə Dispanser
Azərbaycan Sutikinti xəstəxanası
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 6 saylı Bölməsi
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi
7 saylı Nizami rayon Tibbi Sosial Ekspert Komissiyası
Azərbaycan Dəmiryol idarəsinin sanitar epidemioloji stansiyası
Tibbi-Məhkəmə Ekspertiza şöbəsi
Bakı şəhər tibbi-bədən tərbiyəsi dispanseri
Əsas mövzudan yayınmadan bir məsələyə diqqət ayıraq.
Nizami RİH-nin rəsmi saytından götürdüyümüz bu siyahıda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru kimi Abdullayev İmran Həmid oğlu ( telefon- 012-421-63-41) göstərilib.
Vallahi, bunlar ya fil qulağında yatıblar, ya da başları başqa işlərə qarışıb.
Məsələni aydınlaşdırmaq üçün 012-421-63-41 telefonu ilə əlaqə saxlayırıq. Telefonu qaldıran kişi deyir ki, İmran müəllim çoxdan vəzifəsindən gedib. Bizim “Bəs yeni direktor kimdir?” sualımıza qarşı tərəf cavab vermək istəmir, nəhayət çək-çevirdən sonra “Sara xanımdır” deyir. Və bu səhvə görə, Nizami RİH-ni ittiham edir.
Nə isə…gördüyünüz bu uzun siyahıdakı tibbi müəssilərinin xeylisini birləşdirib Nizami rayon Tibb Mərkəzi yaratdılar və Nurməmməd Yarıyevi Tibbi Mərkəzə direktor təyin etdilər.
Məlumat üçün bildirək ki, Nurməmməd Yarıyev uzun illər Bakı Şəhər Səhiyyə İdarəsində müfəttiş-revizor işləyib və yoxlamalardan yaxşıca qazanıb. Sonra isə Nizami rayonundakı 11 saylı Birləşmiş şəhər xəstəxanasının Baş həkimi olub.
Bəli, bir müddət əvvəl 11 saylı Birləşmiş şəhər xəstəxanasının bazasında Nizami rayon Tibb Mərkəzi yaradıldı.
Amma bir soruşan olmadı ki, keçmiş revizor Nurməmməd doğum evinə necə rəhbərlik edəcək..?
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, bu şəxsin barəsində nə qədər şikayətlər var.
Təsəvvür edirsiniz ağır şəkər xəstəsi deyir ki, neçə ildir əlillik ala bilmirəm, Nurməmməd “şirinlik” istəyir.
Görəsən TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov bilmir ki, Nurməmməd Yarıyev kimisinə belə bir məsuliyyətli vəzifəni tapşırmaq olmaz ?
Bütün bunları bir kənara qoyaq və…
Axı, son illərdə səhiyyənin inkişafı, texniki bazanın müasir tələblərə cavab verməsi üçün cənab Prezident İlham Əliyev böyük məbləğdə dövlət vəsaiti ayırıb.
İndi Nurməmməd Yarıyev kimilərdən soruşmaq lazımdır ki, o pullar hara və necə xərclənib..?
Bunun hesabatını vermək lazımdır.
Sonda onu qeyd edək ki, islahat-filan adı ilə cəmiyyəti aldatmayın.
Tibb Mərkəzlərinin yaradılması pulun bir əldə cəmləşməsidir. Vəssəlam.
 //gundelik-baku.com//

 

XalqXeber.Az
Ardını oxu...
Masallı rayon sakinləri icra hakimiyyətinin yeni başçısı Araz Əhmədovun sələflərinin yolu ilə getməsindən narazıdır. TEREF.AZ-ın məlumatına görə, Masallı şəhərinin bir qrup sakini tərəfindən AzToday.az-a göndərilən şikayətlərdə bildirilir ki, yeni başçı özündən əvvəlki başçılarının korrupsiyaya bulaşmış kadrlarını vəzifələrində saxlayır, bəzilərini isə daha yüksək vəzifələrə təyin etmək niyyətindədir.

Belə ki, sakinlər yeni başçıdan Şahin Məmmədov və Rafil Hüseynovun vaxtında şəhər təsərrüfatına rəhbərlik edən şəxsləri cəzalandıracağını gözlədiyi halda, onlar hələ də iş başındadırlar.

Bu şəxslərdən biri də Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə Nümayəndəliyinə rəhbərlik edən Əbülfəz Nuriyevdir. Şikayətlərdə iddia olunur ki, Əbülfəz Nuriyev Şahin Məmmədovun vaxtında Yaşıllaşdırma İdarəsini faktiki olaraq idarə edib. Və işçilərin əmək haqlarının bir hissəsini müxtəlif bəhanələrlə onlardan alıb.

Ardını oxu...
Əbülfəz Nuriyev

Özünü Masallı şəhərinin meri sayan Əbülfəz Nuriyevin biznesi ilə bağlı da müxtəlif iddialar var. İcra nümayəndəsinin Viləş çayının mühafizə zonasında daş, çınqıl, qum və s. tikinti materiallarının satışıyla məşğul olması baradə çeşidli informasiyalar yayılıb. Həmçinin şəhər ərazisində tikinti normalarına uyğun olmayan obyektlərin tikintisində də Əbülfəz Nuriyevin iştirak etdiyi bildirilir. Məlumatlarda iddia olunur ki, icra nümayəndəsi şəhərdə özünə məxsus sənətsiz qeyri-yaşayış obyektləri də tikib.
Şikayətlərdə deyilir ki, Əbülfəz Nuriyev dövlət tərəfindən əhalinin yoxsul təbəqəsi üçün ayrılmış yardımların ünvanına çatmamasında rolu olub. Və şəhərdə qanunsuz küçə ticarətinə şərait yaradıb. Bütün bunlar isə şəhər sakinlərinin haqlı narazılığına səbəb olub.

Əbülfəz Nuriyevin Masallı şəhər təsərrüfatının satınalmalarında maxinasiyalar etdiyi də yayılan məlumatlar sırasındadır.

Şəhər sakinləri Araz Əhmədovdan xahiş edir ki, Əbülfəz Nuriyevin fəaliyyəti araşdırılsın və yoxlamaların nəticəsində onun barəsində tədbirlər görsün…

Redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 
 

Ardını oxu...
Sumqayıt şəhəri, 9-cu mk/r-n, bina 9 "B", mənzil 58-də kirayədə yaşayan, sabiq Daxili Qoşunların Xüsusi Təyinatlısı olmuş MAXE, müharibə zamanı ağır yaralanmalar almış Məmmədov Elvin Altay oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, 14 oktyabr 1994-cü ildə Ağdaş rayonunda anadan olmuş və yaşamışam. Elə Ağdaş rayon hərbi xidmətə çağrılmışam. Xidmətdən sonra 2020-ci ilin oktyabrın 15-nə qədər MAXE vəzifəsidə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Təyinatlı Qüvvələrdə atıcı kimi çalışmış və Vətən Müharibəsində iştirak etmişəm. Vətən Müharibəsində iştirak etdiyim qızğın döyüşlərdə bədənimin müxtəlif yerlərindən ağır yaralanışam. Mühariədən sonra hal-hazırkı günə qədər ciddi xəstəliklərdən əzyyət çəkr və müalicələr alıram. Lakin son 2 ilə yaxındır ki, müxtəlif xəsətəxanalara etdiyim müraciətlərdən və müalicələr almağıma baxmayaraq DİN-in DQ hərbi həkim Komssiyasının qoyduğu diaqnoz üzrə “ Partlayış travması nəticəsində sağ kürək, hər iki bud, sol ayağın alt səthinin yaralanmadan sonra Sağ kürək, sol pəncə, sol budun yumşaq toxumalarının çxsaylı yad cisimləri ( metal qəlpələr) Sol diz oynağının postravmatik artrozu, açıcı, bükücü, kəskin kontrakturası, oynağın qeyri-stabilliyi, əzələ atrofiyası, daim ağrı sindromu, sol diz oynağının və dayaq hərəkət funksiyasının mühüm dərəcədə pozulması ” diaqnozu əsasında tapdığım xəstəliklərdən çox əziyyət çəkirəm. İş qabiliyyətimi tam itirmişəm. Çünki normal yeriyə bilmirəm, tez tez yıxılıram.
digər tərəfən Səhiyyə Nazirliyinin "Psixi sağlamlıq Mərkəzi" Publik Şəxsin profesoru cənab Fuad İsmayılovun 27 iyul 2022-ci ildə qoyduğu diaqnoza görə: "Üzvü mənşəli ( qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu F 06.3"
Depressiv epizod psixotik əlamətlər ilə pasientə stasionar müalicə tövsiyə olunur."
Nəticədə DİN-nin DQ-ın hərbi həkim komissiyası özlərini də qeyd etdiyi kimi çoxsaylı diaqnozlar qoysalar da nevroloji. vəziyyətimi, hərəkət pozğunluğumu və fatiki sağlamlığımın itirilməsni nəzərə alaraq qəbul etdikləri 391 nömrəli, 25.12.2021-ci il tarixli XƏSTƏLİK HAQQNDA ŞƏHADƏTNAMƏDƏ mənə müharibə dövründə qismən yararlı yazmışlar. Lakin onların mənim xəstəliklərim üzrə verdikləri FORMA -88 göndərişinə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi komissiyası tərəfindən əsassız olaraq imtina verilmiş və mənə "hörmət əlaməti" olaraq təkrar müalicəyə ehtiyacı var yazmışlar. Axı nə qədər müalicələr almaq olar? Hazırda da Maştağa Psixi Xəstəxanasında müalicəni davam etdirirəm.
Bəli, mənə aydın olamayan formada əlilliyimin təyin edilməsinə ƏƏSMN komissiyası qəsdən imkan verməmişlər. Belə ki, komissya mənə qoyulan diaqnozu əlillik meyarına hələlik uyğun hesab etmir. Yəni, bu rəsmi süründürməçilkdən belə nəticə çıxarıram ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiysının maddi maraqları təmin edilmədiyinə görə sonda əlillik təyin edilməsi üçün mənə FORMA 88-i təsdiq etməyiblər.
Hesab edirəm ki,həkim komissiysının mənim ağır xəstəliyimə əlaqədər gəldiyi nəticə və əsassız imtinası bir bəhanədir və ciddi ən azı vicdansızlıqdır. Belə olmasaydı ağır xəstəliyim ola ola əlilliyin təyin edilməsi üçün mənə "forma 88" göndərişi verməzdilər.
Xatırladım ki, mənim iki azyaşlı övladım var. Mən onlara çörək və qida ilə təmin etməyə imkanım olmadığına görə rayonda yaşayn atamgilin himayəsinə vermişəm. Çünki övladlarım aclıqdan çox əziyyət çəkirdilər. Hazırda müalicələrimi davam etdirmək üçün Sumqayıt şəhərində kirayə mənzildə yaşayıram. İşsizəm. İstənilən dövlət məmuru və ya media işçisi gəlib mənim acınacaqlı real vəziyyətimlə tanış ola bilər. Mənə qarşı ƏƏSMN komissiyasının süründürməçiliyindən belə başa düşürəm ki, məni məhz müharibə zamanı çoxsaylı erməni və onların havadarlarını məhv etdiyimə görə mədəni surətdə cəzalandırılar. Ona görə çox peşimanam ki, axı niyə bu süründürməçi tiplərin qapılarında sürünməli idim. Bu mənə lazım idi? İndi mənə aydın olur ki, bizim kimi real əlillərin dərəcəsinin qəsdən təyin olunmaması nəticəsində nazir Sahil Babayevin də dediyi kimi il ərzində dövlət büdcəsinə 210 milyon manat etdikləri qənaətdən bəhrələnərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun şəhid ailələrinin və müharibə əlillərinin mənzil və avtomobillərlə təminatı, eləcə də Agentlik tərəfindən imtiyazlı şəxslərə göstərilən digər sosial xidmətlərlə görə ayrılan dövlət pul vəsaitlərini özünə yaxın adamların adlarına açıdıqları MMC-lərin. firmaların özünün elan etdiyi "tenderlərin qalibi" etməsilə külli-miqdarda gəlir əldə etmişdir. Onun firmalarının tikib istifadəyə verdirdiyi yaşayış komplekslərinin keyfiyyətindən isə danışmağa dəyməz. Yəni, ƏƏSMN məmurları bizim kimi əlillərə veriləsi təqaüdlərin hesabına yığılmış pulları öz firmalarının hesabına köçürməklə mənimsəmələrə yol verirlər. Bu adamların sifətinə baxmaq kifayətdir ki, qərara gələsən ki, belə məmurlara nəinki mühüm dövlət vəzifəsi, heç 3 baş qoyunu da etibar etmək olmaz. Cəmiyyətimizdə baş verən və bizə qarşı qəsdən törədilən belə yaramaz hərəkətlərdən sonra hesab edirəm ki, mən özümü cəmiyyətdə artıq adam hesab edirəm. Və nə özümün , nə də azyaşlı övladlarımın dolanacağını təmin edə bilməyəcəyimə görə çıxış yolunu İNTİHAR etməkdə görürəm. Bunun bütün məsuliyyəti ƏƏSMN-nin süründürməçi komissiyası daşıyır".

Məsələ ilə əlaqədar dia.az olaraü bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Bu günlərdə etibarlı mənbədən aldığımız məlumata görə, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Anar Süleymanovun Füzuli rayonu ərazisinə girişinə məhdudiyyət qoyub. Buldirilir ki, icra başçısı ötən həftə keçirdiyi kabinet iclasında hətta Anar Süleymanovun rayonda gözə dəyəcəyi təqdirdə döyülməsinə də fətva verib.

Maraqlıdır, görən hansı səbəbdən Alıyev nazirlik əməkdaşının rayonda fəaliyyətinə “stop” qoyub? Xatırladaq ki, Anar Süleymanov Füzuli rayon sakini deyil, yerli əhali arasından heç kimlə şəxsi münasibətlər zəminində ixtilafı yoxdur, davranışında cəmiyyətdə qəbul olunmuş etik qaydalara ciddiliklə əməl edən biridir. Belə olan halda ilk ağıla gələn versiya budur ki, Alıyevin Süleymanovu hədəfə almasının yeganə səbəbi yalnız ikincinin peşə fəaliyyəti ilə əlaqədardır. Süleymanovun vəzifəsi isə işlədiyi İdarənin nəzarət dairəsinə aid olan rayonlarda, o cümlədən, Füzulidə təbii sərvətlərin talanmasına, yaşıllqların məhv edilməsinə qarşı mübarizə apatrmaqdır. Görünür, bu iki vəzifəli şəxsin qeyd olunan müstəvidə maraqları toqquşur. Bir daha qeyd edirik ki, Süleymanov dövlətin xalqın maraqlarından çıxış etdiyi halda, Alıyev öz şəxsi mənafeyini güdür. Çünki indiyədək rayon ərazisində inşa olunan bir çox qanunsuz tikililər, başçının izn-rüsxəti ilə satılan torpaq sahələri məhz yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə müşayiət olunub.

Başqa bir məsələ, Alıyevin öz səlahiyyət həddini aşmasıdır ki, bunun da kökü yəqin ki, hələ AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə, Surət Hüseynovun “qılıncının dalının-qabağının kəsdiyi” dönəmdə topladığı talançılıq təcrübəsindən, zərərli vərdişlərdən qidalanır. Məhz həmin anarxiya, özbaşınalıq dövründə zamanın nəbzini tutaraq əldə etdiyi haram qazancın dadı Alıyevin damağından getməyib. Yaxud, ola bilsin, müasir Azərbaycanın siyasi-ictimai həyatında baş verən proseslər Alıyevdə elə təsəvvür yaradıb ki, növbəti xaos elə də uzaqda deyil.

Belə görünür, sabah Ekologiya və Təbii Sərvətlər nazirinin özü də Füzuli rayonuna səfər etmək istəsə, Alıyevin münasibətini öyrənməlidir.

İşğaldan azad olunmuş torpaqlar hesabına Füzuli rayonunun da ərazisi bərpa olunub. Geri qaytarılmış ərazilərdə düşmən tərəfindən basdırılmış minaların partlaması, dinc vətəndaşların, eləcə də dövlət məmurlarının həyatına təhlükə törətmək ehtimalı yüksəkdir. Ancaq bu xəbərdən sonra ehtiyatlanmağa dəyər ki, həmin minaları basdıran erməni olmaya da bilər. //realmedia.az//
 
Ardını oxu...
2020-ci ilin sentyabr ayında Neftçala rayonu 2-ci Mayak kəndi yaxınlığında yerləşən “Kürağzı dövlət fond torpağı”nda 100 hektar torpaq sahəsi almaq üçün rəsmi qaydada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova müraciət etdim. 2020-ci ilin oktyabr ayında mənə həmin ərazidə monitorinq işləri bitdikdən sonra torpaq ayırılacağı ilə bağlı cavab verdilər. TEREF.AZ xəbər verir ki, bu sözləri Axar.az-a Neftçala rayon sakini birinci Vətən müharibəsi iştirakçısı İslam Bayramov İH tərəfindən aldadılmasını iddia edərkən deyib.

O, 2021-ci ilin fevral ayında Dairə torpaq komissiyasının sədri Zaur Kərimovun onu dəvət etdiyini, M.Seyidovun tağşırığına əsasən ona torpaq sahəsi veriləcəyini bildirdiyini qeyd edib:

“Bütün lazımi sənədləri onlara təhvil verməyimi istədilər. Fevral ayından vaxtı uzatdılar və nəhayət sentyabr ayında iqtisadiyyat bölməsinin baş məsləhətçisi Vüsal Ağabəyov və iqtisadiyyat bölməsinin şöbə müdürü Aqil Quliyevin iştirakı ilə sənədlər hazırlandı, mən 5 yerə imza çəkdim. Mənə “torpaq artıq sənindir, narahat olma” deyib yola saldılar.

Kimsə qeyri-qanuni işlədiyimi deməsin deyə, sənədi tələb etdim. Dəfələrlə Mirhəsən Seyidovun qəbuluna gedib şəxsən özü ilə danışdım ki, dəqiq mən o torpaqda iş görə bilərəmmi? İcra başçısı hər görüşdə mənə dedi ki, torpağı mən sizə vermişəm, heç kim o torpağı sizdən ala bilməz, ora sizindir.

Lakin 10 dekabr 2021-ci il tarixində biz cinayət məsuliyyətinə cəlb olunduq. Bizə torpağı verən şəxslərdən biri Aqil Quliyev məhkəmədə şahid qismində iştirak edərək bizə torpağın verilmədiyini dedi”, - İ.Bayramov deyib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən icra başçısının birinci müavini Şaiq Məmmədov hadisədən xəbərsiz olduğunu qeyd etdi. Adı çəkilən A.Quliyev və Z.Kərimovun mövqeyini öyrənmək isə mümkün olmayıb.
Ardını oxu...
Söhbət hazırda Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru vəzifəsində çalışan Sara Həsənovadan gedir.
Sara Həsənova 1-ci dəfə, yəni o zamankı səhiyyə naziri Əli İnsanovun zamanında Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru olub.
Sonradan 2-ci dəfə Oqtay Şirəliyevin zamanında daha böyük vəzifəyə, yəni Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM ) rəisi vəzifəsinə təyin olunub.
Təsəvvür edirsiniz Əli İnsanov dövrünün Sarası bir gecənin içində dönüb oldu Oqtay Şirəliyev dövrünün Sarası.
Qadında fərasətə bax ee…
Yəni Sara Həsənova qısa vaxtda rayon ( Səbail ) səviyyəsindən respublika səviyyəsinə keçə bildi.
Hətta sonra Saranın vəzifəsi daha da böyüdü və Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru vəzifəsinə təyin olundu.
Bu gün Sara Həsənova yeni səhiyyə naziri Teymur Musayevin tabeçiliyi altında çalışır.
Çalışır deyiləndə…gəlin görək Sara xanım işlədiyi yerlərdə necə çalışıb.
Sara Həsənova əvvəlcə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışanda rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edirdi, tabe olmayanları isə...VAHİMƏLİ bir şəxslə hədələyərdi.
Sonradan Sara Həsənova respublikada SKM rəisi olarkən 3 ayda respublika ərazisinə məhsul gətirən sahibkarlara 4006 ədəd gigiyenik sertifikat verib və hərəsindən nə isə alıb.
Təsəvvür edirsiniz hər aya təxminən 1335, hər günə 44 sertifikat...İndi bazar, şənbə və bayram günlərini çıxın və...
Görün Sara Həsənova 1 gündə nə qədər sertifikat paylayıb. Bu, ümumiyyətlə, fiziki cəhətdən mümkün deyil. Çünki hər məhsul laboratoriyada analizdən keçməli, keyfiyyəti bəlli olmalı və s.
Deməli, Sara Həsənova sadəcə sertifikatları verib və sahibkarların gömrükdən keçməsinə yaşıl işıq yandırıb. Və bunun nəticəsidir ki, ölkəmizə keyfiyyətsiz qidalar, vaxtı keçmiş un məhsulları, hətta Saranın sayəsində Çindən sintetik-kimyəvi düyülər gətirilib. Sonra da deyirik ki, ölkədə bu qədər xəstə olar...
Sara Həsənova təkcə sertifikat verməklə məşğul olmayıb.
Sara Həsənova SKM-ə rəis təyin olunan kimi mühasibləri, təsərrüfat müdirini və digər vəzifəli şəxsləri dəyişib. Və 300-400 manat maaş alan işçilərə 3000-4000 manat, hətta katibəsinə 2500 manat mükafat yazıb.
Sonra Sara Həsənova Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru oldu.
Məlumat üçün qeyd edək ki, Sara Həsənova təkcə təmizlik-gigiyena işlərinə baxmır e,
ictimai-iaşə obyektlərinə, ölkəyə gətirilən mineral sulara, hətta tikinti-inşaat sahəsinə də nəzarət edir.
Bəli, tikinti-inşaat…
Yəqin ki, 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən yanğın çoxlarının yadındadır. Həmin faciədən sonra Bakıda tikintidə geniş istifadə edilən poliuretan örtüklər qadağan edildi. Və binaların çoxundan yığışdırıldı.
Həmin poliuretan örtüklərin Azərbaycanda tikintidə istifadəsinə kim icazə vermişdi ?
Əlbəttə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin o zamankı direktoru həmin inşaat materialına keyfiyyət sertifikatı vermişdi. Yəni bu sahə çox geniş sferaları əhatə edir.
Sara Həsənova GEM-in hesabına milyonlar qazanıb, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s.
Sara Həsənovanın ən həssas yeri isə...
Hətta deyilənə görə, yeni nazir əvəzi Teymur Musayev bu barədə ona xəbərdarlıq da edib.
Sara Həsənovaın GEM adı altında keçirdiyi bahalı tenderlərin siyahısını burada dərc etsək oxucunun onu axıradək oxumağa hövsələsi çatmaz.
Təkcə onu qeyd edək ki, Sara Həsənova Dəftərxana və təsərrüfat xərcləri üçün 150 min 347 manat 85 qəpik, avtomobil sürtkü materialları üçün 51 887.55 manat, avtomobil üçün ehtiyyat hissələri almağa 140 min 515 manat 58 qəpik puı xərcləyib.
Ay Sara xanım, sən avtomobil hissələrinə bu qədər pul xərcləmisənsə, niyə GEM-in maşınlarının təkərləri “keçəl”dir ?
Təkərlər “keçəl” olduğu üçün dəfələrlə GEM-in sürücüləri qəza vəziyyətinə düşüb.
Qaraj müdiri Yaşar müəllim buna etiraz etdiyi üçün dəfələrlə Sara xanım onu kabinetinə çağırıb danlayıb, işdən çıxmasını tələb edib. Axırda yazıq Yaşar müəllimin kabinetində ürəyi partlayaraq ölüb.
İndi isə Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın qohumu olan Sara Həsənovanın bir ildə rayonlara ayırdığı pulun məbləğinə nəzər salaq - 7 MİLYON 409 MİN 814 MANAT 98 QƏPİK.
Mərkəzi Aparat üçün isə 2 MİLYON 610 MİN 220 MANAT 94 QƏPİK.
İndi gördünüzmü Sara Həsənova təkcə mərkəzi aparata ildə 2-3 milyon pul xərcləyir. Vallah heç ABŞ-ın Gigiyena Mərkəzi bu qədər pulu israf etmir.

Bəs görəsən, Səhiyyə Nazirliyi, yaxud Hesablama Palatası, Korrupsiyaya qarşı Mübarizə İdarəsi nə üçün Sara Həsənovadan hesabat tələb etmir..? //gundelik-baku.com//
 
Ardını oxu...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilməsi barədə avqustun 2-də dövrü mətbutda məlumat yayıldı. Məlumatda Xəstəxananın direktoru vəzifəsinə Tamara Nurəliyevanın təyin olunduğu qeyd edilir.

Bu məlumat dərhal bizə son bir ayda elektron kütləvi informasiya vasitələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı yayılan silsilə yazıları xatırlatdı. TƏBİB sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun sözügedən xəstəxananın direktoru barədə yazılanlara belə tez reaksiya verməsinə deyil, əvvəlki direktor Məcid Əliyev tezliklə Bakıdakı xəstəxanaların birinə baş həkim gedəcəyi barədə iddialarına təəccübləndik. Yəni. Məcid Əliyev o qədərmi güclü, arxalı bir adamdır, deyə.

Xatırladaq ki, bir müddət əvvəl dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətlərin birində Zaqatala rayon Mərkəzi Xəstəxanasına Məcid Əliyevin baş həkim təyin olunduğu gündən sonra sözügedən səhiyyə ocağında əxlaqsızlığın baş alıb getdiyi, rüşvətxorluğun tüğyan etdiyini bildirirlər. Qeyd edirlər ki, bu gün elə bir tibb işçisi yoxdur ki, baş həkimə rüşvət vermək üçün Kapital Banka müraciət etməsin. Əgər doğrudan da dövlət qurumları və qanunları işləyirsə buyurun yoxlayın Məcid doktor rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi bankdan nə qədər kredit götürüb, miqdar isə onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000 – 5000 azn arasıdır.

Daha bir müraciətdə isə Zaqatala sakinləri xəstəxanada elektrik generatorunun işləmədiyini, bunun üçün direktor Məcid Əliyev cərrahlardan pul yığmağı tələb etdiyini yazmışdılar. Sanitar qovşaqda olan nasazlığı aradan qaldırmaq və tualet kağızı almaq üçün hazırda orta tibb işçiləri pul yığmaqdadır. Yazırlar ki, xəstəxanada bu gün həkimlər tibbi əlcəkləri bellə yaxınlıqdakı aptekdən pulla alırlar. Maraqlıdır, onda dövlətin xəstəxanaya ayırdığı yüz minlərlə vəsait haralara xərclənib? Xəstəxananın keçmiş direktoru Məcid Əliyevin narazı tibb işçilərinə dediyinə görə, ayrılan vəsaiti yuxarıdan silirlər.

Bütün bu yuxarıda göstərilənlər Məcid Əliyevin Zaqatala rayon Mərkəzi Xəstəxanasına rəhbərlik etdiyi dönəmdə dövrü mətbutda işıqlandırılanların cüzi bir hissəsidir. Amma bu talançı idarəetməyə baxmayaraq TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun başqa bir əmri ilə Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Maraqlıdır ki, avqustun 2-də Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilməsi barədə məlumat verilsə də, Şəki rayon Mərkəzi Xəstəxanasına yeni direktorun təyin edilməsi barədə heç bir məlumat verilməmişdir. Niyə?

Çünki, Məcid Əliyev hələ 2012-2018-ci iilərdə Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb və sözügedən rayonda da yaxşı iz qoymayıb. Onun hansı xidmətlərinə görə yenidən Şəki xəstəxanasına baş həkim təyin olunması Vüqar Qurbanovun soruşula bilər axı…
Qeyd edək ki, Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasında çalışdığı müddətdə yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsitini mənimsədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Belə ki, verilən məlumata görə, Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin karyerasına davam edib, etməməsi sual altında qalıb. Lakin bunlara baxmayaraq Məcid Əliyev sabiq nazir Oqtay Şirəliyevə yaxın şəxslərin vasitəsi ilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatala kimi nisbətən kiçik bir xəstəxananın direktoru vəzifəsinə də təyinat alıb. Göründüyü kimi Məcid Əliyev Şəkidəki əməllərinə Zaqatalada da davam etdirib. Əvəzində isə nisbətən daha böyük bir rayonun, daha böyük bir xəstəxanasının baş həkimi vəzifəsinə yüksəldilib.

Aktualinfo.org hələ iyul ayında Zaqatala rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanova arxalanıb bir çox işlər çevirənlər barədə məlumat vermişdi. Göründüyü kimi, deyilənlər əbəs yerə söylənmirmiş. Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərin arxasında Məcid Əliyev, onun arxasında isə TƏBİB sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun durduğu da yalan deyilmiş.

Aktualinfo.org

P.S. Məcid Əliyevin Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsi barədə məlumatlar redaksiyamıza dünəndən verilmişdi. Onun TƏBİB-in İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov əmr ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilməsi barədə rəsmi məlumat isə bir neçə saat öncə yayıldı.
 

Dünyapress TV

Xəbər lenti