“Azercell”də qiymət baha, xidmət aşağıdır – Ekspert
Bu gün “Azercell”in təklif etdiyi xidmətlər qarşılığında müəyyən etdiyi qiymətlər xidmət səviyyəsinə qətiyyən uyğun deyil. “Azercell” fevral ayında internet paketlərinin qiymətini qaldırdı. Ancaq yaxşıya doğru heç nə dəyişmədi.

Bu sözləri Tribunainfo.az-a mobil rabitə üzrə mütəxəssis İlkin Məmmədkərimov “Azercell”in göstərdiyi xidmətlər barədə son zamanlar artmaqda olan şikayətlər barədə danışarkən deyib. Ekspert bildirib ki, digər provayderlər qiymət artımı zamanı xidmət səviyyəsini də qaldırırlar. “Azercell” isə əksinə, qiyməti qaldırır, danışıq dəqiqələrini isə azaldır:

“Bu absurd və gülünc bir haldır. Məsələn, mən Sərbəst 25 tarifindən istifadə edirdim. 25 manata alırdım və 800 dəqiqə 15 GB internet verirdi. Sonra Sərbəst tariflərini may ayından etibarən “Azercell” ləğv etdi və Sərbəst tarifində olanları müvafiq olaraq keçirdi yeni istifadəyə verilən Supersən tarifinə. Mən 25 manata 850 dəqiqə, 15 GB alırdım, amma yeni tarifdə 29 manata, yəni 4manat əlavə pul ödəməklə 20 GB alıram və bütün istiqamətlərə 600 dəqiqə. Yəni zatən 5 GB-ın pulunu abunəçi ödəyir. Yəni bu tarifin aylıq abunə haqqını olduğu kimi saxlayıb internet qrafikini artırmayıblar. Dəqiqələri azaltmaq müqabilində interneti artırıblar. Yəni internetinizi artırmaqla, danışıq dəqiqələrinizi azaldıblar. Buna görə üstəlik qiyməti də qaldırıblar. Amma biz 4 manat əlavə pul ödəyirik. 5 GB üçün və dəqiqəni də 850 dəqiqədən 600 dəqiqəyə salıblar. 250 dəqiqə azaldıblar. Bu danışıq qiymətlərinin fantastiq dərəcədə bahalaşması deməkdir. “Azercell” bunu abunəçilərin danışıq dəqiqələrinə ehtiyacının olmaması ilə əlaqələndirir. Bu absurd yanaşmadır. Bu cür dəyişikliyi digər heç bir mobil şəbəkə provayderi etməyib. Ümumiyyətlə, “Azercell”in heç bir texnoloji yenilik olmadan, xidmət səviyyəsində önəmli bir dəyişiklik olmadan qiymət artımı gülüncdür”.

İ.Məmmədkərimov bildirib ki, bazara heç bir xarici operator buraxılmadığı üçün də “Azercell” kimi operatorlar istədiyi səviyyədə xidmətə istəduiyi qiyməti qoyacaq:

“Bütün dünyada, keçmiş sovetlər birliyinin ölkələrinin hamısında “Vodafone”, “Orange”, “T-Mobile”, “MTS”, “Beeline” kimi şirkətlər fəaliyyət göstərir. Gücüstan, Ermənistan, Ukrayna, Özbəkistan, Moldova kimi ölkələrin hamısında. Amma Azərbaycanda heç birinin uzun müddətdir fəaliyyət göstərməyinə imkan verilmir. Nə xarici operatorlar, nə də heç Naxçıvanda fəaliyyət göstərən Naxtel-in ümumrespunlika operatoru olmağına imkan vermirlər”.
 

Dünyapress TV

Xəbər lenti