Qonşu ölkələrin heç birində belə zorakı “xidmət” haqqı yoxdur...
"Ölkədə sosial durum, xidmət sektoru elə bərbad haldadır ki, sosial müdafiənin də adı var, sosial xidmətin də. Faktiki xidmət yoxdur, yalnız xidmət haqqı var. Fikrimizi faktlarla doğruldaq". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Son günlərin ən çox danışılan və dartışılan qonusu parklanma haqqı ilə bağlıdır. Heç bir xidmət göstərilmədən avtomobil yiyələrindən, sürücülərindən maşını 5-10 dəqiqəlik və yuxarı saxlamağa şəhər parklanma “xidməti” haqq müəyyən edib. Hansısa marketin, istirahət parkının qarşısında, altında , böyür-başında avtomobilini saxlayıb, alış-veriş , istirahət edən şəxslərdən elə ağlasığmayan məbləğlər tələb edilir ki!

Bəs keçmiş post-sovet ölkələrində necədir? Qonşu ölkələrin heç birində belə zorakı “xidmət” haqqı yoxdur. Bu günlərdə Qazaxıstanda, bir neçə il qabaq Belarusda olanda avtomobillərin həyətlərdə və digər yerlərdə parklanması zamanı hansısa “əlidəyənəkli” “nəzarətçi”nin haqq üçün “əlini açmasını” görmədik. Rusiyanın Soçi şəhərində hansısa hipermarketin altında avtomobilin iki-üç saat saxlanılmasına görə haqq alınmır. Yəni müştəriyə sərbəst, pulsuz parklanma xidməti ilə alış-veriş etmək imkanı tanınır. Bu müddət yetməyənlər beş-on dəqiqəlik avtomibillə çıxıb-qayıtmaqla yenidən iki-üç saat pulsuz parklanmadan yararlanırlar. Bizdə aptekdən 20 qəpiklik maska almaq avtomobil sahibinə ən azı 70 qəpiyə, Yol Patrul Xidməti (YPX) “işə qarışdıqda” isə 20-40 manata başa gəlir. YPX-dən söz düşmüşkən, bu xidmətin də adı var, özünün işi göstərilməyən xidmətə görə haqq almaqdan o yana keçmir.

Kommunal xidmətlər də eləcə. Heç bir xidmət göstərilmədən zorakı haqq tutulur. Kimsə barmağını qatlaya bilərmi ki, məsələn, su kranı, kanalizasiya sistemi... xarab olanda Mənzil Kommunal Xidmətindən nəsə xidmət görür. Hamı öz hesabına görmürmü bu işləri, əsaslı təmiri? Bəs onda , elin hələ də “JEK” dediyi bu “xidmət” kontoru”na nə ehtiyac var? Amma sadaladığım qonşu ölkələrdə hətta “planlı-plandan kənar” istilik batareyalarının, qızdırıcıların dövlət hesabına yeniləri ilə əvəzlənməsi gerçəkləşir. Bizdə isə illərdir qaz, işıq, su xidməti pulsuz quraşdırmağa borclu olduğu sayğaclara görə də qanunsuz haqq tələb edib, xidmətdən imtina edir, hər gün yeni xidməthaqqı növləri fikirləşilir. Özbaşınalığa baxın, hansısa vətəndaş, sahibkar öz hesabına yüzlərlə, minlərlə, yüz minlərlə manat xərc çəkib bütün işləri görür, obyektinə, mənzilinə işıq, qaz, su xətti çəkir, sayğac quraşdırır, hələ üstəlik əlavə elə bu qədər də, hətta daha çox qoşulma haqqı tələb olunur!(?) Belə xidmət olar? Aydındır ki, hətta transformatoru da özü alan sahibkara xidmətdən söhbət belə gedə bilməz, yalnız xidmət haqqı “xidməti” qanuniləşdirilib. Rabitə, nəqliyyat xidmətləri də göstərilməyən xidmətə görə haqq yığmaqdan o yana keçmir. Bu sahədə də qonşu ölkələrdən geridə qalmağımız faktdır. Ən aşağı internet sürəti də bizdədir, ən yuxarı haqq da.

Sosial xidmətlərdən heç danışmağa dəyməz. “Xidmət”ə baxın, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) Qarabağ qazilərinə xidmətdən imtina edir ki, ona aid deyil. Bəs kimə aiddir? Onda bu xidmət qurumunun büdcədən saxlanılmasına nə ehtiyac var? SXA-nın Qarabağ qazilərinə, şəhid ailələrinə mənzil xidməti də rüşvət haqqısız gerçəkləşmir. Haqq “xidməti” yerə görə dəyişir. Haqq verməkdən imtina edənlərin mənzil hüquqları onlarla illərdir gerçəkləşmir. Hətta məhkəmə qərarları da məhkəmələrə haqq qarşılığında icra olunmur.

Ədliyyə Nazirliyinin penitensiar xidmətinin də adının “xidmət” olduğu, işinin haqq almaq olduğu hamıya bəllidir. Heç kəsin yolu düşməsin, yolu bu xidmətə düşənlər bir dəqiqə sürməyən telefon danışığına görə 5-20 manat ödəmələrini özləri açıqlayır. “Xidmət preyskurantı” haqqı məhbuslara yaxşı bəllidir. Belə “haqq xidməti” ilə penitensiar xidmət , daha düzü “preyskurant xidməti” həm dövlət büdcəsindən, həm məhbus ciblərindən milyonları yeyir. İcra xidmətindən heç danışmağa dəyməz. Onlarla illərdir borcluların haqqı ilə “xidmət” göstəril(m)ir.

Bank xidməti də yarıtmazdır. Yarıtmazlığa baxın, dövlətin pensiyaçıya pul ödəməyə araçı, əmanət etdiyi bank(lar) əmanətə xəyanət edir, hansısa dələduz icra məmurunun özbaşınalığı ilə pensiyanı müsadirə edirlər. Halbuki istənilən halda, bu müsadirə yalnız pensiyanı ödəyən qurumla razılaşdırmaqla ola bilər.

Tibbi xidmətin icbari sığorta hesabına gerçəkləşməsi də keyfiyyətə yetki göstərməyib. İcbari Sığorta Xidməti , sadəcə, xidmətdən qərəzlə imtina edir. Təsəvvür edin, bütün dünyada əlillər müayinə, PSR testindən pulsuz keçir, Azərbaycanda Qarabağ əlilindən xaricdə müalicəyə getməyə 80 manat “test haqqı” tələb edilib, zorla alınır. Zorakı şantaj xidməti ondan qaynaqlanır ki, haqq ödəməsə, reysə buraxılmayacaq.

Hələ xidmət növlərinin, daha düzü haqq xidmətinin hamısını sadalamadıq. Yer və vaxt çox aparır. Amma bu sadaladıqlarımız da yetər ki, deyə bilək, ölkədə xidmət yoxdur, xidmət haqqı var..."
 

Dünyapress TV

Xəbər lenti