Bu yaxınlarda Ankaradan dəyərli bir qonağımız gəlmişdi. Axşamüstü (günün pik vaxtı) qonağımızı “İçərişəhər” metrostansiyasının yaxınlığından götürüb, "Təbriz" küçəsinə aparmalıydım. Elə bir tıxac vardı ki, maşınla gedəcəyimiz yerə ən yaxşı halda 1 saat – saat yarıma çata bilərdik. Taksi sifariş vermək istədim. Təxminən 15 dəfə cəhd etdim, alınmadı. Taksi yox idi.
Orada taksilərin yollarda sıxlığa səbəb olması barədə deyilənləri xatırladım. Elədirsə, taksilərin sayı bu qədər azaldığı təqdirdə, tıxac niyə azalmayıb?
Taksi tapmayacağımıza əmin olduqdan sonra, qərara gəldik ki, metro ilə “Gənclik” stansiyasına gedib, oradan taksiyə minək.
Elə də etdik. Amma etməz olaydıq…
“İçərişəhər” stansiyasında elə bir sıxlıq və havasızlıq vardı ki, nəfəs almaq mümkün deyildi. Bir neçə dəqiqə gözlədik, qatar gəldi, mindik. Burada vəziyyət daha fəlakət!!!
Basa-bas, havalandırma sistemi olmayan qatarla üç dayanacaq getmək işgəncəyə bərabər oldu. Qatarda bizim qonaqdan başqa, xeyli əcnəbi də vardı. Məlum, Bakıya gələnlər İçərişəhəri görmək istəyirlər deyə, turistlərin o istiqamətdə axını olur.
Qatardakı bütün sərnişinlər tər-suyun içindəydi. Mənimki isti ilə yanaşı, həm də xəcalət təriydi.
Əslində havasızlıq problemi təkcə yayda yox, qışda da olur. Üstəlik, qatarların 5-6, bəzən 7-8 dəqiqə intervalla hərəkəti ciddi sərnişin sıxlığı yaradır.
Bir ölkənin paytaxtının, baş şəhərinin yeraltı nəqliyyatı bu vəziyyətdə olmamalıdır!
Böyük Zəfər qazanan, illərdir, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, bölgənin ən güclüsü olan, dünyanın super güclərinin hesablaşdığı bir ölkənin paytaxtının yeraltı nəqliyyatı bu vəziyyətdə ola bilməz!
“Bakı Metropoliteni” QSC-yə sorğu verirsən, cavabında statistik rəqəmləri sadalayıb, sonda deyirlər ki, köhnə nəsil qatarlara havalandırma-kondisioner sisteminin quraşdırılması mümkün deyil.
Yəni, belə gəlib, belə gedəcək. Dözülməz, boğanaq istilərdə sərnişinlər havasız vaqonlarda gedib-gəlməyə məhkumdur.
Köhnə qatarlara havalandırma sisteminin quraşdırılmasının mümkünsüz olduğunu hamı bilir.
Amma siz metroya məsulsunuz axı…
Sizi oraya təyin ediblər ki, mümkünsüzü mümkün edəsiniz, problemin həllini tapasınız ki, paytaxtın sakinləri, qonaqları metrodan rahat istifadə eləsin. Qan-tərin içində yol gedib, halı pisləşməsin, bayılmasın, bəzən də ölməsin.
Sizi oraya ona görə təyin etməyiblər ki, öz rahat, komfortlu avtomobillərinizlə işə gəlib, sərin kabinetlərinizdə oturub, “bu, mümkün deyil” deməklə günləri, ayları, illəri yola verəsiniz…
Gülşən Hacıyeva
TNS