Marketlərdə bəzi məhsulların üzərində son istifadə tarixi, yararlılıq tarixi yazılır. Bu tarix necə müəyyən edilir, hansı üsullarla hansısa məhsulun keyfiyyətini itirmə müddəti müəyyən edilir? “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir qida məhsulu ya müəyyən standarta ya da texniki şərt müəyyən olunmuş texniki şərtə uyğun istehsal olunur. Həmin sənədlərdə sözügedən qida məhsulunun bütün mikrobioloji göstəriciləri özünün əksini tapır.
“Əksər müəssisələrdə “qocaltma aparatı” deyilən bir aparat var. Məhsulu “qocaltma aparatı”na yerləşdirirlər. Orada müəyyən temperatur rejimi, nəmlik və s. var. Yəni orta nəmlikdə, orta temperaturda o aparat lazımi şəraiti yaradır. Sanki vaxtı irəli çəkir və qısa bir müddətdə - misal, yararlılıq müddəti 3 aylıq olan qidanın bir neçə saat ərzində və yaxud bir sutka ərzində vəziyyətini müəyyən etmək olur. 1 sutkadan sonra qidanı yoxlayırlar, mikrobioloji göstəricilərini araşdırırlar. Laboratoriyada onun vəziyyətinə baxıb, yararlılıq müddətini müəyyən edirlər.
İstehsalçılar çalışırlar ki, malların yararlılıq müddəti sonsuz olsun. Məsələn, tütün və tütün məmulatları haqqında qanun qəbul olunanda mən çox radikal çıxış etdim. Dedim ki, "ey insanlar, yalnız Allahın yaratdığı sonsuz ola bilər. İnsan əli ilə yaradılan hər şey sonludur". Mübarizəmiz nəticə verdi, yalnız bir tarixin yazılmasına nail ola bildik. Siqaretlərin yararlılıq müddəti bir ildən çox deyil.
Ölkə bazarında olan araqların 95 %-nin yararlılıq müddəti sonsuzdur. Bu da səhvdir. Araqların satışa çıxarıldıqdan sonra saxlama müddəti 1 ildən artıq deyil. Satışa çıxarılan hər bir malın müəyyən yararlılıq müddəti mövcuddur”-deyə ekspert bildirib.
Eyyub Hüseynov qeyd edib ki, bununla bağlı çox sayda mübahisələrlə qarşılaşıb. Ekspertin sözlərinə görə, biznes qurumları bəzən bu sahənin alimlərini toplayır, pul verir və deyirlər ki, “bizim malımızın yararlılıq müddəti bu qədər idi, 1 ay keçsə də xarab olmayıb”.
“Bir protokol imzalayırlar, sənədləşdirirlər, yararlılıq müddətini artırırlar. Mən hər zaman belə yığıncaqları boykot etmişəm. İstehlakçı təşkilatı olaraq, biz çalışırıq ki, bütün dünyada malların yararlılıq müddəti minuma ensin. Lakin qeyd etdiyim kimi, biznes qurumları öz mallarını "sonsuz" etmək istəyirlər. Misal, duzun yararlılıq müddəti 1 ildən artıq deyil. Çünki onun tərkibində yod var və o da uçur. Onun yararlılıq müddətini artırmaq üçün biznes qurumları duzun tərkibinə kimyəvi maddələr vururlar və s.”-deyən Eyyub Hüseynov vurğulayıb ki, bütün dünyada bu tendensiya davam edir.
Eyyub Hüseynov bildirib ki, amerikalılar malın son yararlılıq müddətini yazırlar və istehsal tarixini yazmırlar. Bu da absurddur.
“Ən mötəbər yığıncaqlarda mən amerikalıları həmişə tənqid etmişəm. Demişəm ki, Azərbaycanda hətta suyun üzərinə iki tarix yazıb satışa buraxırlar. Yəni Amerika istehlakçıları təzə məhsul almaq şansından məhrumdurlar. Bilmirlər ki, aldıqları məhsul nə vaxt buraxılıb. Nə olsun ki, yararlılıq müddəti yazılıb. Azərbaycan bəzi məsələlərdə Avropa ölkələrinin bir qismini qabaqlayır. Hər iki tarixin yazılması çox mühüm məsələlərdən biridir”-deyə ekspert əlavə edib.