Bakının mərkəzində- metronun “Gənclik” stansiyasının yaxınlığında iri, çoxillik ağacların olduğu yaşıllıq ərazidə park salınır. Parkın içərisində 1930-cu illərin ortalarında tikilmiş tarixi binanın bir hissəsi sökülüb.
Bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb. Memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev bildirib ki, “Antena meydançası” deyilən yerdə park salınır. 2024-cü ilin əvvəlindən ərazinin planlaşdırılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb.
Lakin parkın ərazisində, Nəsibbəy Yusifbəyli 121 (keçmiş 7-ci Dağlı) ünvanında 1930-cu illərin ortalarında tikilmiş memarlıq abidəsi – “Radio Mərkəzi”nin binası yerləşir. Bugünə qədər binanın içərisində Sovet İttifaqı dövründə Qərb radiostansiyalarının siqnallarını dəf etmək üçün istifadə olunan unikal avadanlıqlar qalır.
Mütəxəssislərin fikrincə, tarixi bina yaxşı texniki vəziyyətdədir. Binanın fasadında o memarlıq dövrünün çoxsaylı ornamentləri var – Bakıda belə orijinal tikililər çox az qalıb.
Yaşlı sakinlər deyirlər ki, həmin ərazidən istirahət mərkəzi kimi istifadə edilib. Bir neçə ildir metronun yaxınlığındakı əksər yaşıllıq zonasındakı Eldar şamı ağacları kütləvi qurumağa başlayıb. İndi də bu ərazidə tikinti gedir, sözügedən binanın bir hissəsi dağıdılıb.
“Gənclik ərazisində salınan parklarda kafelər, çayxanalar açılır. Bu bina tarixi abidə kimi qorunmalıdır. Əgər səs-küy olmasaydı, yəqin ki, söküntü davam edəcəkdi”, – 67 yaşlı bakılı Nazim Əzizov Meydan TV-yə deyib.
Binanın varlığından çoxu xəbərsizdir. Amma Əzizov hesab edir ki, parkın tikintisinə icazə verənlər binanın varlığından xəbərdardılar.
Başqa bir sakin də deyib ki, sosial şəbəkələrdə və mətbuatda bu barədə yazılandan sonra söküntü işi dayandırılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Report”a bildiriblər ki, bina tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil. Dövlət Xidməti binanın reyestrə daxil edilməsinin nəzərdən keçiriləcəyini elan edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nəsibbəy Yusifbəyli küçəsində 1930-cu illərin ortalarında tikilmiş “Radio Mərkəzi” kimi tanınan binanın yerləşdiyi əraziyə baxış keçirilib və binanın bəzi hissələrində söküntü faktı aşkarlanıb.
Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından və qeyd edilən binanın fasadındakı memarlıq elementlərinin mövcudluğunu nəzərə alaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən işlər dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.