İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR -
Azərbaycan Respublikası vətəndaşı Məmmədov Mobil Sərdar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, sığorta şirkəti insanları aldadır:

"Mən, Məmmədov Mobil Sərdar oğlu, bildirirəm ki, 2 il bundan öncə qəza törətmişdim. Özümü günahsız hesab etsəm də, məni günahkar çıxardılar. Nəticədə, icbari sığortam olduğundan, qarşa tərəfə dəyən zərəri sığorta şirkəti ödədi. Mən isə öz zərərimi qarşıladım...

Bu hadisədən sonra, artıq 2 ildir ki, icbari sığortanı illik 60 manatdan 225 manata qaldırıblar. Maraqlıdır, əgər vurduğumuz maşına dəyən zərəri biz ödəyiriksə, o halda niyə sığorta pulu ödəyirik?! Qanun həqiqətən də belədirmi?".

Məsələ ilə bağlı ekspert Elməddin Muradlı ilə həmsöhbət olduq. O, bildirdi ki, bu məsələ "İcbari sığortalarlar haqqında qanun"la tənzimlənir: "Qanunun tələbi onunla bağlıdır ki, “Bonus-Malus” sistemi tətbiq edilsin. Yəni bir adam sığorta ili müddətində hər hansı qəza törətmirsə, o şəxs növbəti il "Bonus" sisteminə düşür. Yəni onun sığortası ümumi məbləğdən aşağı olur.

"Malus" sistemi isə odur ki, əgər sürücü qəza törədibsə, sığorta ödənişi edirsə, o, artıq cəriməyə düşür. Yəni bu da bir növ sığortanın cəriməsidir. Ola bilər ki, sürücülərin çoxu bundan məlumatsızdır. Burada qanunsuz heç bir məsələ yoxdur. Qəza törədən sürücü, sadəcə, öz cəzasını çəkir. Məsələ bundan ibarətdir. Yəni bu, qanunda öz əksini tapan məslədir".

Ekspert deyir ki, şikayətçi "Malus" sisteminə düşdüyü üçün növbəti il sığortanın haqqı bahalaşıb: "Bu sistem bir növ sürücüləri məsuliyyətli olmağa dəvət edir. Qəza törətmədikdə daha az ödəniş edirsən deyib, stimullaşdırırlar ki, çalışın qəza tərətməyin".

Jalə FAMİLQIZI

 

Dünyapress TV

Xəbər lenti