“Veysəloğlu” MMC ölkədən külli miqdarda pul çıxarıb?
“Veysəloğlu” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Sözügedən maddəylə bağll danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu maddəyə əsasən sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlməlidir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması kimi qəbul edilir:

“Bu maddənin qısa mahiyyəti belədir ki, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var. Ölkədən elə-belə pul çıxarmaq olmaz, gərək nə isə alasan. Bunun üçün verilən müddət də iki ildir”.

Xatırladaq ki, “Veysəloğlu” ilə bağlı işə 17 may tarixində Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.
 

Dünyapress TV

Xəbər lenti