Azərbaycanın bank sektorunda hələ 2015-ci il devalvasiyasından sonra necə deyərlər, “kimin kim olduğu” daha qabarıq şəkildə üzə çıxmışdı. O vaxt bu sarsıdıcı zərbədən “üzüağ çıxan” az sayda banklardan biri də “Bank Respublika” olmuşdu. Bu da təsadüfi deyildi, çünki bank sektorundakı mənbələrin mətbuata bildirdiyinə görə, onun arxasında, daha doğrusu başında, Mərkəzi Bankın o vaxtkı sədri Elman Rüstəmov dururdu...
Nəticədə “Bank Respublika” ASC-nin də digər banklar kimi zərərinin artmasına və bu səbəbdən məcmu kapitalının aşağı düşməsinə baxmayaraq, bank öz fəaliyyətində elə də böyük problem yaşamadı. Rüstəmov sahibi olduğu bankı bir çox tanınmış özəl banklar kimi iflas və müflis olmaq təhlükəsindən xilas etməyə nail oldu...
Hələ 1992-ci ildə yaradılan bu bankın rəsmən səhmdarları Quliyevlər ailəsidir. Hələ illər öncə mətbuatın yazdığına görə, əsas səhmdarlar - Natiq Quliyev, onun qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun yaxın adamları (yerli və qohum olduqları deyilir-red.) olmaqla onun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə edirlər. Bura Rüstəmova aid bəzi maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair aid edilir...
Hər necə olsa, rəsmi göstəricilərə inansaq, “Bank Respublika” doğrudan da uğurlu layihə hesab oluna bilər. Məsələn, ötən ilin yekunlarına görə, “Bank Respublika” nın ümumi gəlirləri 230 milyon 602 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 5-ci(!) yeri tutur.
Hesabat dövründə bankın gəlirlərinin164 milyon manatı və ya bütün gəlirlərin 71%-i kredit portfelinin gəlirlərindən formalaşıb.Komissiya haqlarından 30 milyon manat daxil olub. Bu, bankın bütün gəlirlərinin 13%-i deməkdir. Valyuta əməliyyatlarından gəlirləri 11 milyona yaxın, yəni, ümumi gəlirlərin 5%-i həcmində olub. Qiymətli kağızlar bazarına yatırımlardan isə bankın gəlirinin 5 milyon manata yaxın olduğu göstərilir. Başqa banklara və maliyyə təşkilatlarına ayırdığı depozitlərdən bank 12 milyon qazanıb. Bankın digər faiz gəlirləri isə 7 milyondan çox olub.
Bütün bunlar Azərbaycan bank sektoru səviyyəsində kifayət qədər yüksək göstəricilərdir. Bəs bu bankın uğurlarında mətbuatın yazdığı kimi, onun əsl sahibi sayılan Elman Rüstəmovun Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılsa da, Baş nazirin müşaviri təyin olunmasının, yəni, formal da olsa, hakim komandada qalmasının, necə deyərlər, “vurulmaması”nın rolu nə dərəcədə böyükdür?
Görünən odur ki, bunun rolu kifayət qədər əhəmiyyətli, bəlkə də həlledicidir. Çünki bank sektoruna aid bundan əvvəlki nümunələr göstərir ki, bankların vəzifədə olan “şef”lərinin “vurulması”ndan sonra qəsdən, yaxud obyektiv olaraq onların durumları tədricən, yaxud dərhal ağırlaşır. Bir çox hallarda bu banklar ya bağlanır, ya “sürünür”, ya da əl dəyişir. Buna Fazil Məmmədovun “Ata bank”-ı, Heydər Babyevin “Bank Standard”ı başda olmaqla bir çox nümunələr göstərmək olar.
O cümlədən də keçmiş Prezident Aparatı başçısı Ramiz Mehdiyevin ailə bankı olan “Bank BTB” nümunəsi var. Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəəti demək olar, dərhal 16 milyon 653 min manat azalmış və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşmüşdü. Bunun bilərkdən edilib-edilmədiyi əlbəttə başqa söhbətin mövzusudur. Ancaq hər halda, son illəri ziyanla işləyən bankın vəziyyətinin pis olduğu və hətta Mehdiyevin oğlu tərəfindən satışa çıxarıldığı barədə mətbuatda məlumatlar yayılıb...
Təəssüf ki, Azərbaycan iqtisadiyyatı, o cümlədən də bank sektoru üçün bütün bunlar təbii haldır. Bu baxımdan Rüstəmovun olduğu bildirilən bankın, yaxud bu və ya digər məmur-biznesmenlə bağlılığı olan hər hansı başqa bir bankın da nə zamansa eyni aqibəti yaşamayacağına kimsə təminat verə bilməz. Odur ki, böyük ehtimalla iki il əvvəl MB sədrliyindən azad edilən Elman Rüstəmov da (digər “vurulmuş” məmurların aqibətini yaşayarasa) “tam gözdən düşənə” qədər Bank Respublikanın uğurları davam edəcək. Sonrasına isə “Allah kərimdir”...
Rasim Əliyev
“AzPolitika.info”