Xızının Sitalçay kəndinin sakini Novruz Alıyevin 82 yaşı var. Bağçılıq-bostançılıq hələ cavanlıqdan – müəllim kimi işlədiyi vaxtlardan sevimli məşğuliyyəti olub. Təqaüdə çıxandan sonra bağçılığa daha çox bağlanıb. Həyətyanı sahəsində 200 meyvə ağacının, iri bostanın olduğunu deyir. Onun sözlərinə görə, əvvəllər bu ağaclar bol-bol su içirmiş. Ancaq son vaxtlar su qıtlığı o dərəcəyə çatıb ki, illərlə qulluq etdiyi yaşıllığı qoruyub saxlaya bilmir:
“200 ağacın indi bar verən mövsümüdür, ancaq susuzluqdan quruyur. Hər il vəziyyət daha da çətinləşir. Su problemi belə davam etsə, mənim bağımda, bostanımda meyvə-tərəvəz qalmayacaq”.
Ağaclar qurusa, sovqat apara bilməyəcək
Novruz Alıyev Qubadlı köçkünüdür, 30 ildir bu kəndə yerləşib, yurd salıb, ev-eşik düzəldib, bağ əkib. Hər yay həyətindəki ağaclardan topladığı çeşidli meyvələri yığıb rayona – köçkün qəsəbələrində məskunlaşan qohumlarının balalarına sovqat aparır. Bu məşğuliyyət 82 yaşlı Novruz dayıya illər idi ki, mənəvi rahatlıq gətirirmiş. Ancaq indi ağacların quruması onu narahat edir. Deyir, əslində kənddə su var, ancaq ana xətlər çürüyüb sıradan çıxdığı üçün su gəlib evlərə çatmır:
“Dəfələrlə şikayət etmişəm, deyirlər, kanal suyunun kəndə girişi mümkün deyil, guya ortalarda pay torpaqları var, gərək su həmin torpaqlardan keçib gəlsin”.
“Hər evə 700-800 manat borc yazılıb”
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumların kəndin bir tərəfində baş bəlasına çevrilmiş bu su qıtlığını aradan qaldırmaqda maraqlı deyillər. Səbəbindən də danışırlar:
“Xızının kəndlərində su layihələri üzrə işlər görülüb. Başqa kəndlərə getsəniz, su problemi ilə üzləşməzsiniz. Bu problem bircə bizim kənddə qalıb. Heç bir evdə su sayğacı yoxdur. Hər evin üstünə 700-800 manat su borcu yazılıb. Adamlar deyir, nə vaxt su oldu, işlətdik, bu qədər borc yığıldı? Su istəyəndə deyirlər, gedin, əvvəlcə borcu ödəyin. Ümumiyyətlə, bu rəqəmləri kim fikirləşir, nəyə əsasən yazır, bilmirik. Bunun adı dərəbəylikdir”.
Vaxtaşırı sakinlər özləri ana su xəttində bacardıqları səviyyədə təmir işləri də aparır:
“Xətlər çürüyüb, deşik-deşikdir, su çölə axır, halbuki, o su gəlib evlərimizə çatsa, problem həll edilmiş olar. Bunun üçünsə cəmi 3 kilometrlik ana xətti yeniləmək lazımdır. Kəndin yuxarısına su gəlir, orada su problemi yoxdur, ancaq aşağı tərəfə gələn ana xətt qəzalıdır. Özümüz iki dəfə pul yığıb təmir etmişik, ancaq bu işləri görmək necə deyərlər, bizim boyumuza görə deyil. Bura kasıbların kəndidir, adamlarda pul yoxdur ki, hər il toplayıb, xətdəki deşikləri bağlatdırsın”.
İçməli sudan yaranan çirkab gölməçələr
Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır. Nəticədə gölməçələr yaranır, ətrafdakı zibillər həmin gölməçələrdə birləşir. Yay aylarında gölməçələrin yaxınlğından keçmək olmur:
“Ən pisi odur ki, bu gölməçələr evimizin 5-10 metrliyindədir. Üfunətdən beyin çatlayır. Neçə dəfə təmizləmişik, xeyri yoxdur. Biz içməli suya həsrətik, o isə gəlib gözümüzün önündə çirkaba çevrilir, gölməçəyə qarışır”.
Kəndin problemi bununla bitmir. Ödəniş aparatlarının olmaması üzündən sakinlər hər gün Xızıya getməli olurlar. Kənd yolları bərbad, işıq dirəkləri qəzalıdır. Onlar sadaladıqları problemlərin həlli üçün dəfələrlə Xızı Rayon İcra Hakimiyyətinə kütləvi müraciət ediblər.
Xızı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sakinlərin müraciətlərinə Aparatın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baxılıb və sakinlərə cavab verilib. Kəndin su probleminin həlli üçün “Azərsu” ASC-yə məktub göndərilib. Deyilir ki, Xızıda yol infrastrukturunun yenidən qurulması mərhələli qaydada həyata keçirilir.
Xızı Suvarma Sistemləri İdarəsindən sakinlərin Taxtakörpü-Ceyranbatan su kanalından Sitalçaya suyun verilməsiylə bağlı müraciətinə cavab olaraq bildirilib ki, kəndin əkin sahələri həmin kanaldan qurğu vasitəsiylə vurulan su ilə təmin olunur. Kənddaxili suvarma şəbəkəsi olmadığına görə, kənddəki həyətyanı sahələr üçün həmin suvarma suyundan istifadə etmək mümkün deyil. Kənddaxili suvarma kanallarının çəkilməsi və kənddaxili yolların işıqlandırılması yerli bələdiyyənin səlahiyyətinə aiddir. Yerli bələdiyyə isə bu işləri görmək üçün bələdiyyə fondunda pul olmadığını bildirir.