“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən verməyib, qəbuluna yazılmaq üçün bir ay qabaqdan Elm və Təhsil Nazirliyinə müraciət etdim. Mənə həm yazılı, həm də şifahi bildirildi ki, müraciətim qeydə alınıb, qəbul üçün növbə siyahısında 40-cı vətəndaşam. Qəbul günü çatdı, nazir gəldi, ancaq baxdım ki, adım siyahıda sürüşüb 82-yə gedib çıxıb. Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi. Saat 10-da qəbul başladı. Adamları bir-bir otaqdan çıxarıb, qəbul otağına yola salırdılar. Günortaya yaxın qapıları açıb necə deyərlər, bizi “azad etdilər”, qəbul otağına yola saldılar, otağa daxil olanda gördük ki, nazir yoxdur, dedilər, biz sektor müdirləriyik, nə sözünüz varsa, bizə deyin”.
Kamil Qasımov qəbula girməkdən imtina edib.
Bəs o, nazirlə niyə görüşmək istəyirdi? Nazirə hansı sözü var idi?
Deyir, illərdir ki, övladlarının təhsil aldığı 32 saylı orta məktəbdə bilgisayar və idman fənləri keçirilmir. Buna görə illərdir ki, valideynlər həm Gəncə Təhsil İdarəsinə, həm də Elm və Təhsil Nazirliyinə müraciət edir. Ancaq hələ də məktəbdə nə idman zalı, nə də bilgisayar otağı qurulub:
“Övladımın biri dördüncü, digəri altıncı sinif şagirdidir. İdman zalı olmadığına görə hər il qış aylarında idman fənnini çöldə keçirlər. 21-ci əsrdə uşaqların kompüterdən anlayışı sıfırın altındadır. Məktəbdə kompüter dərsləri də keçirilmir, çünki kompüter otağı yoxdur. Nazirə bunları deyəcəkdim, bir valideyn olaraq xahiş edəcəkdim ki, heç olmasa növbəti təhsil ilində uşaqlar məktəbə gedəndə orada idman zalı, kompüter otağı olsun”.
Şikayətçinin sözlərinə görə, məktəbdə idman zalının və kompüter otağının yaradılması üçün uzun müddətdir ki, həm Gəncə Şəhər Təhsil İdarəsinə, həm də Elm və Təhsil Nazirliyinə müraciət edib. Vətəndaş hesab edir ki, tədris olunmayan hər iki fənn məktəblilər üçün vacibdir:
“Başqa ölkələrdə fəaliyyət göstərən təhsil müəssisələrində uşaqların sağlamlığı önə çəkilir, ən çox da bu fənnə diqqət yetirilir, hətta ən çox dərs saatı idmana və əmək dərslərinə ayrılır. Bizdə isə idman, əmək, kompüter dərslərinə lazımsız bir şey kimi yanaşılır”.
Kamil Qasımov nazirdən həm də məktəbin ərazisindəki qoca ağacın kəsilməsini xahiş edəcəkdi. Deməsinə görə, valideynlər və məktəb rəhbərliyi məktəblilər üçün həyati təhlükəyə çevrilmiş qoca ağacın kəsilməsi üçün uzun müddətdir ki, aidiyyəti qurumlara müraciət edirlər, ancaq nəticəsiz qalır.
Gəncə – Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, aprelin 19-da Elm və Təhsil naziri Emin Əmrullayev Samux rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və Təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlarla görüşdə nazirliyin başqa vəzifəli şəxsləri də olublar və vətəndaşları dinləyiblər.
Kamil Qasımov deyir, martın 29-da Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov da Gəncədə yerləşən Gəncə Sukanal İdarəsinin inzibati binasında Gəncə, Samux, Kəlbəcər və digər rayonlardan olan vətəndaşların yalnız bir qismini qəbul edib, qapı arxasında gözləyən digər vətəndaşlar bir də xəbər tutublar ki, Zaur Mikayılov məkanı çoxdan tərk edib.
Bir neçə il əvvəl Prezident İlham Əliyev keçirdiyi müşavirədə məmurlara tapşırıq verib ki, daimi olaraq regionlarda vətəndaşları qəbul edib, dinləsinlər. Hər ay müxtəlif qurumların rəhbərləri bölgələrdə vətəndaş qəbulu həyata keçirirlər. Məmurlar bu vətəndaş qəbullarını səmərəli hesab etsələr də, vətəndaşlar məmur qəbullarının formal olduğunu bildirirlər.