Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.
Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Göründüyü kimi, 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. 44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 anklav olmayan kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdədir. Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə oldu. Beləliklə, Azərbaycan Prezidenti xalqına verdiyi növbəti sözün üzərində durdu və həyata keçirdi.
Azərbaycanın növbəti uğurunu “Sherg.az” dəyərləndirən millət vəkili Aydın Hüseynov bildirib ki, uzun müddət Ermənistanın işğalı altında olan Azərbaycana məxsus 4 kəndin qaytarılması Cənab Prezident İlham Əliyevin siyasi qələbəsidir: “Eyni zamanda, bu Azərbaycanın diplomatik müvəffəqiyyətidir. Əslində işğal altında olan bütün ərazilərimizi Azərbaycan ordusu geri qaytarmağa qadirdir. Sadəcə olaraq Ali Baş Komandan qan tökülməsinin həmişə əleyhinə olub. Anklav olmayan kəndlərin yaxın müddətdə azad olunması ölkə Prezidentimizin bütün proseslərin sülh yolu ilə həll edilməsi istiqamətindəki mövqeyinin nəticəsidir. Bildiyimiz kimi, Azərbaycan Ermənistanla sülhün əldə olunması üçün şərtlər irəli sürüb. Kəndlərin qaytarılması delimitasiya və demarkasiya prosesinin başlanğıcıdır. Digər tərəfdən Rusiya sülhməramlılarının Qarabağdan çıxması iki ölkə Prezidentləri arasında olan razılaşmanın nəticəsidir. Bunların fonunda isə Cənubi Qafqazda sülh üçün böyük zəmin yaranır. Azərbaycan Cənubi Qafqazda siyasi və iqtisadi baxımdan güc mərkəzidir. Cənubi Qafqazın dünyada əhəmiyyətli rol oynayacaq iqtisadi məkana çevrilməsi İlham Əliyevin böyük layihələrinin tərkib hissəsi olan Orta Dəhlizin verəcəyi bəhrələrdir. Orta Dəhliz layihəsinin uzun illər fəailiyyət göstərməsi üçün stabillik lazımdır. Həmin stabillik isə Cənan Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə əldə olunub. Bütövlükdə qazanılan naliyyətlər Azərbaycanın siyasi, iqtisadi nüfuzunun göstəricisi, ordusunun qüvvətidir. Eyni zamanda, Azərbaycanın dünyada söz sahibi olmasının təzahürləridir”.