Xezerxeber.az-ın məlumatına görə, Bərdə rayonunun Məmmədli kəndinin yolu uzun illərdir baxımsızlıqdan bu hala düşüb.
Kənd sakinlərinin sözlərinə görə, Məmmədli kəndinə qədər olan yeddi km-lik məsafə yararsız vəziyyətdədir. Məhz buna görə də, sakinlərin hərəkəti, rayon mərkəzinə gəliş-gedişləri əməlli-başlı problemə çevrilib.
Məmmədli kəndi Bərdə rayonunun ən ucqar yaşayış məntəqələrindən biridir. Kəndlə şəhər mərkəzi arasındakı məsafə 40 km-dən çoxdur. 200 fərdi yaşayış evi olan kənddə 1000 nəfərə yaxın sakin yolsuzluqdan əziyyət çəkir.
Sakinlər şəhər mərkəzinə tək çıxışı olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyü döşənməyib. Yolda olan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan 43 saylı Yol İstismar İdarəsindən bildirib ki, sözü gedən avtomobil yolunun bərpası ilə bağlı aidiyyəti üzrə məlumat verilib.
Dövlət proqramı əsasında yolun bərpası nəzərdə tutulub və vəsait ayrılan kimi avtomobil yoluna asfalt örtüyü çəkiləcək.