Qalmaqallı sabiq jek müdiri MTK yaradıb, binalar tikir "Günəşli İnşaat” Mənzil Tikinti Kooperativi pay alqı-satqısı və sədrin dəyişməsini elan edib.
TEREF xəbər verir ki, MTK 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi isə Mustafayev Laçın İsmayıl oğludur. L.Mustafayev bu şirkəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri vəzifəsindən çıxarılandan sonra yaradıb.
Bir müddət əvvəl MTK-nın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 7 ünvanında apardığı tikinti işləri sakinlərin narazılığına səbəb olub. Həmin vaxt sakinlər içərisində ağacların da olduğu həmin ərazidən meydança kimi, uşaqların oynadığı məkan kimi istifadə edildiyini əsas gətirərək etirazlarını bildiriblər.
Lakin Suraxanı RİH inşaat işlərinin qanuni şəkildə həyata keçirildiyini və BŞİH tərəfindən 1.24 ha torpaq sahəsinin "Günəşli İnşaat" MTK-ya ayrıldığı barədə açıqlama yayıb.
Xatırladaq ki, L.Mustafayevin adı mətbuatda qalmaqallarla hallanıb.