Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və Kənd İnkişafına Dəstək İctimai Birliyinin zərərçəkən qismində tanındığı cinayət işinin ibtidai istintaqı başa çatıb.
"DogruXeber.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, Məmmədov Ramin Rafiq oğlunun təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbinə Məmmədzadənin icraatındadır. Dekabrın 26-na iş üzrə məhkəmə hazrılıq iclası təyin edilib.
Ramin Məmmədova Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Ətraflı
Bu cinayət işinin detalları barədə açıq mənbələrdə məlumat yoxdur. Ramin Məmmədov haqqında da heç bir bilgiyə rast gəlinmir.
Kənd İnkişafına Dəstək İctimai Birliyinin qanuni təmsilçisi Əsgərov Sübhan Çingiz oğludur. Mediada gedən məlumatlardan aydın olur ki, o, "Azərbaycan kənd investisiyaları” (AzRİP) layihəsinin direktoru olub.
Kənd İnkişafına Dəstək İctimai Birliyi kənd təsərrüfatının inkişafı ilə bağlı layihələr həyata keçirib. Birlik cari ildə BP şirkətindən maliyyə dəyəri 495 000 AZN-dən çox olan layihə udub.