Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında dövlət başçısı İlham Əliyevin 2024-cü il prezident seçkilərinə namizədliyi irəli sürülüb.
Moderator.az-a açıqlamasında partiyanın bu qərarını şərh edən millət vəkili Nəsib Məhəməliyev, İlham Əliyevin prezidentliyinin ölkəmizin gələcək inkişafının təminatı baxımından son dərəcə vacib olduğunu bildirib:
“Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclası gözlənildiyi kimi yüksək səviyyədə keçdi. Gündəliyə 4 məsələ daxil edilmişdi. Birinci məsələ, 2024- ü il fevral ayının 7-ə təyin olunmuş prezident seçkilərində Partiyanın namizədinin irəli sürülməsi ilə bağlı idi. Təbii olaraq, Partiyamızın sədri, dövlət başçımız İlham Əliyevin namizədliyi yekdilliklə dəstəkləndi. Seçki marafonunun demokratik şəraitdə, qanunvericiliyə uyğun şəkildə keçirilməsi üçün fəaliyyət proqramı və namizədin vəkilləri təsdiq olundu.
YAP-n, İlham Əliyevin namizədliyi ilə bağlı qərarını bütövlükdə Azərbaycan xalqı dəstəkləyir. Başqa cür ola da bilməz. İlham Əliyev Azərbaycan tarixinin ən parlaq simalarından biri kimi, heç kəsin edə bilmədiyi torpaqları işğaldan azad etdi. Cənab Prezident, mübaliğəsiz, reytinq baxımdan fəaliyyətinin ən yüksək dövrünü yaşayır. Təsadüfi deyil, son dərəcə mürəkkəb geosiyasi şəraitdə Qarabağ kimi çətin problemin həllinə nail olmaq, ancaq seçilmişlərə nəsib olur. İlham Əliyevin yenidən prezident seçilməsi, hər şeydən əvvəl stabillik, Azərbaycanın inkişafı, dövlətin daha da güclənməsi deməkdir. İlham Əliyev müstəqilliyimizin, suverenliyimizin, ərazi toxunulmazlığımızın qarantı deməkdir. İslahatların davam etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsidir. Əminəm ki, xalqımız fevralın 7-də yekdilliklə, milli birliyimizi ən yüksək səviyyədə nümayiş etdirəcək və növbəti 7 ildə, maraqlarının beynəlxalq müstəvidə təmin olunması üçün, öz sınanmış liderinə mandat verəcəkdir”.