ürdəmir rayon İcra Hakimiyyəti 2023-cü ilin dekabr ayının 4-də "Kürdəmir şəhəri, Aran qəsəbəsi və Gənc Heydərçilər parkında görüləcək abadlıq işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Qlobal.az xəbər veir ki, bu satınalmanın məbləği 615.631 manat təşkil edib.
Satınalmada "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1006542391) qalib elan edilib.
"MALA.az" MMC 2020-ci ilin iyul ayının 2-də dövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Adil Məmmədov küçəsi ev 10, mənzil 16 ünvanı, qanuni təmsilçisi isə Müzəffərov Tural Fərrux oğludur.
"MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti Kürdəmir rayon İcra Hakimiyyətinə heç də yad təşkilat deyil. Belə ki, Kürdəmir İcra Hakimiyyəti ilə "MALA.AZ" MMC arasında daha bir satınalma müqaviləsi 2022-ci ilin dekabr ayının 16-da bağlanıb.
Kürdəmir rayon İcra Hakimiyyətinin "Kürdəmir şəhəri Heydər Əliyev parkında abadlıq işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu bu satınalmanın məbləği 398.991 manat təşkil edib. Bu satınalmada da qeyd etdiyimiz kimi "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
Bu satınalma müqaviləsindən bir ay əvvəl - 2022-ci ilin noyabr ayının 22-də Kürdəmir rayon İcra Hakimiyyətinin tabeli qurumu olan Kürdəmir Şəhər İnzibati Ərazi Üzrə Nümayəndəliyi "Kürdəmir şəhəri, İslam Məmmədov küçəsi, 65 saylı binanın dam örtüyü və fasadının əsaslı təmiri işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
İyirmi səkkiz min manat olan bu satınalmada da "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
Kürdəmir rayon İcra Hakimiyyəti ilə "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan satınalma müqavilələri bununla bitmir.
Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin daha bir tabeli qurumu - Mənzil İstismar Sahəsi müvafiq olaraq 2022-ci ilin sentyabr ayının 26-da və 2022-ci ilin iyul ayının 18-də "Zibil konteynerlərinin satın alınması" lotu üzrə stınalma keçirib. Bu satınalmaların məbləği 56.300 manat təşkil edib.
2020-ci ildə təsis edilən "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti yalnız Kürdəmir rayon İcra Hakimiyyətinin və İcra Hakimiyyətinin tabeli qurumlarının sifarişçi olduğu satınalmalarda iştirak edib.
"MALA.az" MMC-nin maddi-texniki bazası, fəaliyyət profili, mühəndis və əmək müqaviləsi ilə çalışan işçiləri, müvafiq lisenziyaları və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat verilmir.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olmasının vacibliyi vurğulanır.
Elxan İbrahimov
Qeyd edək ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovdur.
Elxan İbrahimov 2022-ci ilin fevral ayında Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
O, əvvəllər "Holiday Inn Baku Airport ” otelində, "Baker Tilly” audit şirkətində, "Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
Mənbə: Qlobal.az Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...