Model Raziyyat Əliyevanı döyməkdə ittiham olunaraq məsuliyyətə cəlb edilən və iyunun 3-də barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilən iş adamı Ziya Hüseynzadə açıqlama yayaraq bütün istintaq prosesinin qərəzli aparıldığını, ittihamları sübut edən heç bir dəlilin mövcud olmadığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Z. Hüseynzadəyə məxsus sosial şəbəkə hesabında məlumat dərc olunub.
O iddia edir ki, müstəntiq istintaqın tələsik yekunlaşdırılmasına cəhd etsə də buna mane ola bilib:
“Prokurorluğa təqdim etdiyim bütün faktları burada (sosial şəbəkə hesabında – red.) paylaşacağam, çünki istintaq bütün faktlarımı ört-basdır edir”.
Z. Hüseynzadə bildirir ki, Raziyyat Əliyeva yaydığı və döyüldüyünü əks etdirən fotoların keçmiş tarixə aid olduğunu etiraf edib:
“Şər-böhtanını bərkitmək üçün o, Türkiyədə olduğu halda, Bakıda tibbi baxışdan keçmədən köhnə tarixli uydurma tibbi rəyi əldə edib və həmin rəy əsasında özünə baxış keçirilmədən tibb ekspertizası barədə yalançı rəy əldə edib.
Müstəntiq qərəzli şəkildə belə ciddi pozuntuya etiraz bildirməyib, bununla bağlı mənim etirazımı və vəsatətimi rədd edib, halbuki fiziki baxış keçirilmədən, fotoşop şəkil əsasında necə rəy almaq olar?!
Üstəlik 2022-ci ilin sentyabrında ona tərəfimdən işgəncə verildiyi barədə şikayət edən Razi, əslində növbəti gün üzündə heç bir xəsarət olmadan şəhərdəki bir neçə restoranda olmuş və gözəllik salonunun işçiləri ilə il dönümünü təmtəraqla klubda keçirmiş, sonda isə məndən onu klubdan evinə aparmağı xahiş etmişdir. Həmin günlərdən Razinin üzündə heç bir xəsarət olmadığını əks etdirən görüntülərimiz var.
Biz bu uydurma tibbi rəy və və fiziki baxışdan keçməməsi ilə bağlı şikayəti qaldıranda, istintaq və istintaqa prosessual nəzarəti həyata keçirən Bakı Şəhər Prokurorluğu heç bir əsas olmadan və izahını vermədən şikayətimizi qərəzli şəkildə rədd etmişdir. Bu isə məndə əsaslı şübhələr doğurur ki, ya Razini himayə edən kimsə var və həmin şəxs vəzifə səlahiyyətindən sui-istifadə edərək istintaqa təzyiq göstərir, ya da kimsə Razini bəhanə edib məndən şəxsi qisas almaq istəyir”.
Z. Hüseynzadə iddia edir ki, o bu barədə heç bir ifadə vermədiyi halda istintaq orqanı onun təqsirini qismən etiraf etdiyini bəyan edib.
Qeyd edək ki, bu ilin may ayında model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlanıb.
İyunun 3-də polis tərəfindən Xətai Rayon Məhkəməsinə Z.Hüseynzadənin istintaq dövründə həbsdə saxlanılması ilə bağlı təqdimat daxil olub. Təqdimat hakim Sülhanə Hacıyeva tərəfindən əsaslı hesab olunaraq təmin edilib. Onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələrilə ittiham olunur.