Ölkədə hündürmərtəbəli binaların idarə olunması ilə bağlı uzun illərdir ki, problemlər var.
Belə ki, binaların bir çoxunun idarəetməsinə ya nəzarət yoxdur, ya da sakinlər bu idarəetmədən kənar qalırlar. Mənzil Məcəlləsində çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə məxsus olması, saxlanılması nəzərdə tutulsa da, qanunvericiliyin şərtlərinə MTK-lar tərəfindən əməl edilmir. Belə ki, binaların idarəetməsi şikayətlərə rəğmən, Mənzil Tikinti Korperativlərində qalır.
Nazirlər Kabineti “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 1 iyul 2010-cu il tarixli qərarında dəyişiklik edib. Yeni qərara əsasən, bundan sonra çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı, kirayəçilər də iştirak edə biləcəklər.
Hüquqşünas Əkrəm Həsənov yaşadığı binada MTK-nı məhkəməyə verib və qalib gəlib. Lakin binanı tikən MTK məsələdən narazı qalaraq Apellyasiya Məhkəməsinə müraciət edib.
Ə.Həsənov Cebhe.info-ya bildirib ki, növbəti məhkəmə baxışı dekabr ayının 5 -də olacaq:
“Qələbə qazanacağıma tam əminəm. Birinci məhkəmədəki qələbədən sonra mənə müraciət edən bina sakinləri ilə yanaşı, vəkillər bu işdə onlara da kömək göstərməyimi istəyirlər. Əlbəttə, mən hər kəsə bu işdə kömək etməyə hazıram. Gərək hər kəs öz hüquqlarını bilsin və haqqını tələb eləsin”.
O qeyd edib ki, binanı tikən şirkətlər tikdikləri binadan çıxmaq istəmirlər:
“Sakinləri talayıb soyurlar və binaya da baxmırlar. Amma qanuna görə, bina sakinlərin idarəetməsində olmalıdır. Mənzil Məcəlləsinə görə, binanın ali orqanı mülkiyyətçilərinin ümumi yığıncağıdır və hətta idarəedici şərtlər, digər məsələlər də sakinlərin öz aralarında həll edilməlidir. Amma təəssüf ki, əksər binaları tikinti şirkətləri qanunsuz idarə edir.
Saxta yolla Mənzil Müştəri Cəmiyyəti yaradır və təəssüf ki, Ədliyyə Nazirliyində bunu təsdiqləyib qeydiyyatdan keçirirlər. Amma qanunla belə olmamalıdır. Mənzil Müştəri Cəmiyyətinin yaradılması üçün bütün sakinlərin imzası notarial qaydada təsdiq olunmalıdır. Bu, ən böyük problemlərdən biridir”.
Müsahibimiz həmçinin sakinlərin bu məsələyə yanaşmasından narazıdır:
“Sakinlər çox zaman birlik göstərə bilmirlər. Passivlik göstərir, qanunu bilmir, onlara təsir və təziqlər olduğuna görə çox zaman birlik ola bilmirlər. Ona görə yaxşı olardı ki, hansısa dövlət qurumu bu işlə məşğul olsun. Məsələn, İqtisadiyyat Nazirliyinin tabeliyindəki bir qurum bununla məşğul ola bilər”.