Deputat Badamovdan “möhtəşəm irəliləyiş” –
Milli Məclisin futbol komandası noyabrın 23-27-də Türkiyənin Antalya şəhərində Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq parlamentlərarası futbol turnirində iştirak edib və 7 komanda arasında 3-cü yeri tutub.

Turnirdə Türkiyə, Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstan parlamentlərinin komandaları iştirak ediblər. Azərbaycan parlamentini həmin turnirdə deputatlar və Milli Məclis Aparatının işçiləri təmsil edib.

Artıq yarışda tarixi nəticə(!) göstərən “bürünc medallı” deputatların az qala hamısı öz sosial şəbəkə səhifələrində əsl qalib görkəmi ilə fotolar paylaşırlar. Onların qürur və sevinc hissləri gözlərinin parıltısından hiss olunur.

Millət vəkillərimizin bu sevincini anlamamaq və paylaşmamaq mümkün deyil. Çünki deputatlarımızın ümumilikdə parlamentdəki fəaliyyətinin effektivlik səviyyəsilə müqayisə etsək, onların futbol komandasının 7 komanda arasında üçüncü yeri tutması olduqca böyük və ciddi(!) nailiyyətdir...

Maraqlıdır ki, komandamızın heyətində Milli Məclisin Qusardan olan üzvü Azər Badamov da var. 2010-cu ildən bu yana dəfələrlə deputat olmuş Badamovu ölkə ictimaiyyəti hələ 2018-ci il futbol üzrə Dünya Çempionatına dair verdiyi “proqnoz”dan tanıyır.

Həmin vaxt deputat “Real Madrid” klubunun dünya çempionu olacağını demişdi: “Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Ancaq bu, artıq sürpriz olar”.

Yəni ki, Meksika və Argentinanın dünya çempionu olması sensasiya olardı, “Real” isə ən real çempionluğa namizəd imiş. Doğrudur, o vaxt Badamovun “proqnozu” özünü doğrultmadı. Çünki nə iş idisə, “Real” ümumiyyətlə, Dünya Çempionatına gəlməmişdi...
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1701109989_2.jpg
İndi isə həmin Badamov Türkiyədə Milli Məclisin futbol komandasında top qovur. Bu ”möhtəşəm irəliləyiş” onu göstərir ki, hörmətli deputatımız öz üzərində xeyli işləyib və indi nəinki “Real”-ın futbol klubu olduğu üçün Dünya Çempionatına qatılmadığını bilir, hətta özü də futbol meydançasında xaruqələr yaradır. Yəqin, bu irəliləyişi Badamovun Qusardakı azarkeşləri, daha doğrusu, seçiciləri də görməmiş, hiss etməmiş deyillər...

Bizə gəlincə, sonda bizə Badamov başda olmaqla, deputatlarımızdan ibarət komandamızı ürəkdən təbrik etmək düşər. Əmin olsunlar ki, bütün seçiciləri onlara ürəkdən azarkeşlik edirlər. O gün olsun dünya çempionu olsunlar!!!

Cəlal Məmmədov

“AzPolitika.info”
 

Dünyapress TV

Xəbər lenti